Çingiz Abdullayev:
Milli kreativ brendimiz...
Azərbaycan
ədəbi-mədəni ictimaiyyəti, dünyanın hər
yerində yaşayan yüzminlərlə oxucu 7 aprel tarixini
xalq yazıçısı, "Şöhrət" ordenli
Çingiz Abdullayevin 55 illik yubileyini əlamətdar hadisə kimi
qeyd edir. Tez-tez təkrarlamağı
xoşladığımız - bir neçə
yazımızda xüsusi vurğuladığımız kimi,
dünya şöhrətli məşhur detektiv ustası
özünün çoxsaylı kitablarıla, oxunaqlı əsərlərilə
dünyaya çıxarılası milli kreativ sərvətimizə
çoxdan çevrilib.
Bəli, indiki inteqrasiya dövrünün dəbdə
olan ifadəsilə yazsaq, insan kapitalının,
intellektual-kulturoloji zəhmətin payının get-gedə
artdığı bir vaxtda, geniş oxucu kütləsinə
ünvanlanmış dəyərli əsərlər yaradan
yaradıcı şəxslərimizdən biri - qlobal kreativ sənət
sahəsində öz yerini möhkəmləndirən,
davamlı olaraq ədəbi məhsullarını xaricə
çıxarda bilən Azərbaycan milli kreativ markası,
art-brendidir Çingiz Abdullayev. Onun məhsuldar
yaradıcılığı nəinki respublikamızda, -
boynumuza alaq, son illərə qədər bir neçə rusdilli
romanını çıxmaq şərtilə,
yazıçının əsərləri ölkəmizdə
mütəmadi işıq üzü görmürdü,
yalnız son illər geniş oxucu auditoriyasına malik
istedadlı qələm sahibinin 30-a yaxın irihəcmli
detektiv kitabı müxtəlif nəşriyyatlarımız tərəfindən
təkrar-təkrar nəşr olunub, - eləcə də
ölkəmizin hüdudlarından çox-çox kənarlarda,
daha dəqiq, MDB dövlətlərində, Avropada, Şimali
Amerikada, Şərqdə, qardaş Türkiyədə kifayət
qədər tanınır, qələmindən çıxan ədəbi
nümunələr milyon nüsxə tirajla yayılır,
satılır.
Prezident İlham Əliyevin sərəncamıyla xalq
yazıçısı Azərbaycanımızın yüksək
dövlət mükafatlarından biri ilə - "Şöhrət"
ordenilə təltif olunanda, ədəbi ictimaiyyətimiz bir
daha əmin oldu ki, istedadın sərhədləri
hüdudsuzdu, dünən də, bu gün də olmasa, sabah, gələcəkdə
fitri peşəkarlığa, bacarığa malik şəxslər
tarix qarşısındakı xidmətlərinə görə
əvvəl-axır dəyərini, qiymətini alırlar. Ədəbiyyat,
mədəniyyət, humanitar-estetik sahələr üzrə
aparılan bir çox sosioloji və kulturoloji sorğuların
nəticələri göstərir, Çingiz Abdullayev cəmiyyətdəki
nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə
ictimai-mədəni hadisələrə təsir imkanlarıyla
yanaşı, yaratdığı əsərlərilə də
həmyaşıd yazıçılarımızdan xüsusi
olaraq fərqlənir.
Müxtəlif nəsil Azərbaycan oxucusu nüfuzlu
nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini
maraqla izləyir, kitablarında toxunduğu məsələləri,
cəmiyyəti düşündürən problemləri
zamanında ədəbiyyata gətirdiyini razılıqla
qarşılayır, aktual saydığı hər hansı
bir mühum sosial-siyasi prosesi, hadisəni, hərəkəti
ictimai polemikaya transfer etmək baçarığını
yüksək dəyərləndirir. Söz yox, Çingiz
Abdullayevin çoxşaxəli, çoxhəcmli
yaradıcılığı barədə ümumiləşdirilmələr,
konkret mülahizələrsiz yazmaq qeyri-mümkündür: nəzərə
almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin,
roman və povestlərinin sayı iki yüzü ötür və
əgər onun qələmindən çıxan hər bir ədəbi
nümunə haqqında ayrıca yazsaq, onların məziyyətlərini
oxuculara çatdırmaq istəsək, cild-cild monoqrafiyalara
sığışmayan filoloji araşdırma aparmaq lazım gələcək...
Milyonların sevimli yazıçısının 55
illik yubiley təbriki əvəzinə qələmə
aldığımız bu yazını yazıçıdan, rəsmi
ədəbiyyat məmurundan çox - Çingiz müəllimin
Azərbaycan Yazıçılar Birliyinin katibi, milli Pen-klubun
prezidenti, MDB ölkələri Yazıçılar İttifaqları
Konfederasiyasının İdarə heyətinin üzvü və
bu kimi məsul vəzifələrdə
çalışdığını bilməyən az-az adam
tapılar - XX əsrin ziyalılığı ilə iyirmi
birinci yüzilliyin intellektuallığını özündə
cəmləyən bir milli qürur timsalı olan sadə, lakin
böyük şəxsiyyət kimi obrazını
canlandırmaq istəsək də, deyəsən, “ədəbi
tərifçilik”dən sona qədər qurtula bilmədiyimizdən,
qeydlərimiz ənənəvi “yubileynamə” janrının tələblərindən
kənara çıxmır. Azərbaycan ədəbi
mühitində, həm də cəmiyyətimizin indiki mürəkkəb
dövründə çox az-az adam tapmaq mümkündür
ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi
duruluğunu saxlaya bilsin.
Çingiz Abdullayevin qələm "işlətdiyi"
ədəbiyyatın bədii nəsr qolu, istiqaməti detektiv,
bellestrika məhsulları bir çoxlarının ədəbi
“marağ”ına uyğun gəlməyə bilər. fəqət
bu da sirr deyil ki, nə vaxtlarsa uşaqlıq, eləcə də
yeniyetməlik çağlarımızda bu qəbil bədii
nümunələri böyük maraq və həvəslə
oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar,
ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi
bu maraqlı ədəbiyyat nümunələrini, xüsusən
də sevimli yazıçımızın sayı yüzlərlə
ölçülən kitablarıyla yaxından tanış
oluruq. Ədəbi zövq məsələsində mübahisələrin
məntiqsizliyini yada salıb, bir məsələni də
xüsusi vurğulamaq istəyirəm: real həyatla daha
çox yaxınlığıyla seçilən, bir sıra
hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür,
intellektual hazırlıq, müxtəlif biliklərə eyni səviyyədə
yiyələnmək, cəmiyyətdə baş verənlərlə
yaxından, davamlı tanışlıq tələb edən
detektiv ədəbiyyat, eləcə də onun ən çox
oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə
də polis detektivləri yaratmağın çətinliyi
göz qabağındadır. Çingiz Abdullayev hələ gənc
yaşlarından öz çiyinlərini bu ağır ədəbi
yükün altına verib: Qərb, eləcə də rus
yazıçıları tərəfindən artıq inhisara
alınmış bir estetik-bədii sahədə
özünün məhsuldar yaradıcılıq yolunu sala
bildi, dünya oxucusu tərəfindən maraqla
qarşılanan çoxsaylı detektiv əsərlərini
ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat
meydanında, eyni zamanda qlobal çap-nəşriyyat biznes sahələrinə
çıxış əldə etdi.
Yazıçının dünyanın 40-dan çox ölkəsində
nəşr olunan əsərləri, əksər ölkələrdə
milyon nüsxələrlə satılan kitabları və
oxucular tərəfindən diqqətlə qarşılanan
imzası dünyada Azərbaycanı, milli-mənəvi
varlığımızı piar - təbliğ edən əsl
qlobal art-brendimizə çevrilib.
Azərbaycan - müsəlman yazıçısı
olaraq bütün sadalanan ağrılı problemlərə
sinə gərən bir yazar kimi Çingiz Abdullayev titanik
kreativ əməyi nəticəsində millətimiz, dövlətimiz
üçün bu qədər iş görürsə, onun
kimi milli sərvətimizə - insan kapitalımıza dəyər
verməmək, gənc nəslə nümunə göstərməmək
mümkündürmü!?
Siyasi, eləcə də xəfiyyə detektiv
kitablarındakı silsilə romanlarında yazıçı
çağdaş həyatımızın kriminal nəbzini
tutmağı bacarır: baş verən siyasi-sosial olaylara
müəllifin özünəməxsus baxış
bucağından nəzər salır və geniş mənada
bu mürəkkəb hadisələrin arxasındakı
böyüklü-kiçikli, milli, yaxud qlobal, səbəbləri,
motivləri, problemləri, hətta nəticələri
görür. Çox hallarda isə ustad detektivin romanları
bu proseslərin əsl mahiyyətini, əsas səbəblərini
öyrənmək baxımından oxucuları
üçün əsl kriminal-ədəbi ensiklopediyaya
çevrilir. Yaradıcı insanın dəqiq-intiutiv
proqnozlarının hətta reallıqda da - kriminal proseslərin
əsərdən başqa, həm də
yaşadığımız günlərdə də
inkişafi baxımından (Azərbaycan Respublikası Dövlət
Təhlükəsizlik və Daxili İşlər nazirlikləri
tərəfindən ifşa olunan müxtəlif silahlı dəstələr,
ölkəmizdə və xaricdə baş verən hadisələr
barədə ölkə mətbuatında gedən məlumatları
xatırlayaq) Çingiz Abdullayevin qələmindən
çıxan bu detektiv romanları əsl ədəbi-dövrü
hadisə də saymaq olar. Ən azı ona görə ki, bu
olaylar yaşadığımız mürəkkəb,
qarmaqarışıq, ictimai-sosial proseslərin sürətlə
dəyişdiyi bir dövrün “məhsul”udur, istər-istəməz
biz də onun ya aktiv, ya da kənardan müşahidə edərək
heyrətlənən müşahidəçiləri, bəzi
hallarda isə iştirakçılarına çevrilirik.
Baş qəhrəmanı Dronqo olan, eləcə də
başqa silsilə detektiv romanları klassik siyasi-kriminal
detektiv janrın tələblərinə uyğun yazan
Çingiz Abdullayev, bu əsərlərdə dramatik süjet
xətti, kriminal faktların çoxluğu, şər və
xeyir qüvvələrin qarşılıqlı mübarizəsi,
cəmiyyət ilə ayrı-ayrı fərdlərin, dəstə
və qrupların, klan və beynəlxalq terrorçu şəbəkələrin
münaqişəsi, intriqalar, real həyatdan
götürülmüş hadisələr, bir sözlə,
oxucunu əvvəldən axıra qədər gərginlikdə
saxlayır. Müəllifin öz dəst-xəttilə əsərlərində
yaratmış olduğu müxtəlif dolğun surətlər,
eləcə də çoxsaylı köməkçi obrazlar,
cani dünyasının incəlikləri, mütəşəkkil
cinayətkar dəstələrin iş prinsipləri,
hüquq-mühafizə qurumlarının, digər dövlət
təşkilatlarının apardığı mübarizə
metodları, cinayətkarların psixoloji xarakterik xüsusiyyətləri
kimi, ənənəvi cəhətlərlə bol olan bu
detektiv zəmanənamələrə maraq heç vaxt zəifləmir.
Yazıçı tərəfindən işıqlandırılan
hadisələrdəki real sübutlar, dəlillər, faktlar, həmçinin,
məhkəmə-istintaq materialları ilə zəngin,
üstəlik də ictimai təhlükəli qüvvələrə,
mənfi ünsürlərə qarşı amansız
mübarizəyə başlamış rəsmi
hüquq-mühafizə strukturlarında çalışan
peşəkarların iş üslubu Çingiz Abdullayevin
yaradıcılığına ədəbiyyatsevərlərin
marağını hər zaman təmin edir...
Çingiz müəllim bir neçə vaxt bundan əvvəl
bildirmişdi ki, yaradıcılığının yeni mərhələsində
tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr
əsərləri ilə oxucularını təəccübləndirəck.
İnanırıq ki, bu mərhələ tezliklə
başlayacaq və sevimli yazıçımız
çağdaş ədəbiyyatımızı zənginləşdirən
əsərlərlə oxucularımızın
zövqünü oxşayacaq...
Aydın
Xan
yazıçı-kulturoloq
Ədəbiyyat
qəzeti.- 2014.- 11 aprel.- S.13.