“Vicdan dinin hamısıdır...”

 

İsa Muğannanın son müsahibəsi

      

İsa Muğanna... Göylərin adamı... Bir çoxlarının "Azərbaycanın Dostoyevskisi", "Azərbaycanın Folkneri", "Çingiz Aytmatovu" adlandırdığı Azərbaycanın İsa Muğannası... Şəxsiyyəti ilə yaradıcılığı vəhdətdə olan, böyük olduğu üçün heç bir zaman sadə görünməkdən qorxmayan İsa Muğanna - İsa Hüseynovu - yaratdığı əsərləri ilə milyonların sevimlisini və onun yanında olan şöhrəti bir kənara qoyaraq bəyənməməsi və yenidən yeni yazıçı imici, yaradıcılıq yolu, üslub yaradaraq addımlamağı bacaran iradəli, cəsarətli düha... İsa Muğanna çağdaş dövrümüzün az klassiklərindən biri idi ki, onun haqqında heç bir etiraz, narazılıq yox idi. Həm həmyaşıdları, həm də gənclər onu sevir, zərif bir hörmətlə yanaşırdılar (Bu dahilərə daş atmaqla məşhurlaşmaq arzusunda olan cahillərə aid deyil). Bu, şəxsiyyətlə yaradıcılığın mükəmməl vəhdətindən doğmuşdur. Çünki böyük fikir, istedadlı qələm sahibi olduğu qədər, həssas ürəyə, eqoizmdən uzaq xarakterə malik idi o.

O, daima yüksəldi, yüksəldikcə də oxucusunu da yüksəkliyə, aliliyə dəvət etdi...

İki illik ustad-şagird münasibətlərimiz, dostluğumuz onun yaradıcılığına olan hörmətimi şəxsiyyətə olan məhəbbət zirvəsinə qədər yüksəltdi. Dostum Əli İbrahimbəylinin sayəsində yaranan tanışlıq xəyallarımın yazıçısının 7 əsərini nəşr etdirmək, redaktoru olmaq şansını verdi mənə. 85 illik yubileyini keçirdik. Demək olar ki, ayda bir dəfə evində, onun zəngin süfrəsində qonaq olmaq, gecənin bir yarısı da olsa, onun mənə, mənim ona zəng edib nəyisə dəqiqləşdirməyimiz bir şərəf, bir qürur hissi idi.

Təvazökarlıqdan uzaq görünsə də, deməliyəm ki, İsa Muğannanın sağlığında qədrini bilənlərdən olmağa çox çalışdım. Bacardığım qədər qayğı göstərməyə çalışdım. İsa Muğanna kimi - heç kimdən, heç kəsdən heç nə gözləmədən. Bu, o uca ruhlu insana olan bir oxucu, yazıçı, vətəndaş borcum idi. Bunların qarşılığında isə ustaddan bir cümlə öyrənmək, onun əlini sıxmaq imkanı qazanmaq mənə şərəf idi. Nə qədər yaşayacağımı bilmirəm, amma bir ömür onunla olan söhbətlərimiz və xatirələrimizdən danışmaq həmişə mənim üçün önəmli və gərəkli olacaq.

Yeni kitab evinin açılışında səhər-səhər zəng edib xeyir-dua verməsi və: "Bu gün mənə iki sözün təhrifsiz variantını dedilər, Nizami də (AMEA-nın müxbir üzvü Nizami Cəfərovu nəzərdə tuturdu), sən də yazıb masanızın üstünə qoyun: fikir və təfəkkür - Od və Həqiqət" - deməsi sadəcə fəxarət hissi yaradır.

Bir neçə ay öncə qərara gəlmişdim ki, Muğanna haqqında "Müstəqillik dövrü Azərbaycan romanı İsa Muğanna işığında" və ya "İdeal"dan sonrakı həyat və yaradıcılıq" adlı monoqrafiya hazırlayım. Onun elmi tərcümeyi-halını hazırlamaq və əsərləri haqqında özünün açıqlamalarını da eşitmək üçün razılaşmışdıq ki, mən gəlib onunla söhbət edim və səsini yazım.

Zəngləşdik. Martın 27-də bayramlaşmaq və söhbətləşmək üçün getdim. Bu görüşümüzdə "Cəhənnəm" romanı haqqında danışdıq. Hərdən kənara çıxmalar da olurdu. Mən jurnalist kimi yox, tədqiqatçı kimi getdiyim üçün məhz əsəri müzakirə etdik. Amma söhbətimizdən nə o doyurdu, nə də mən. Düz üç saat. Həmişə təngnəfəs olan ustad bu dəfə heç yorulduğunu hiss etdirmirdi. Heç firuzə xanım da "Ay İsa, bəsdi, indi ürəyin dayanacaq"- demirdi. Söhbətin maraqlı alınmağı məndə gələndəfəki söhbətimizi əsərlərinin üzərində yox, həyatdan, sevgidən, ümumi ədəbiyyatdan qurmaq arzusu yaratdı. 31 mart gecəsi isə səhər İsa müəlimlə görüşmək üçün suallar hazırladım. Yazdığım suallardan ən yaxşısı və özlüyümdə bir tapıntı kimi düşündüyüm sual: "18 yaşlı eşqlə 86 yaşlı eşqin fərqi nədir, eşq qocala bilərmi?" idi.

1 aprel səhəri isə məni yuxudan İsa Muğannanın telefonundan gələn zəng oyatdı. Saata baxdım... 8-ə işləmişdi, təəccübblə telefonu açdım. Həmişəki kimi, firuzə xanım idi. Adətən firuzə xanım zəng edər, kef-əhval soruşduqdan sonra İsa müəllimə verərdi. Bu dəfə isə belə olmadı. O ağlayırdı: "İsa dünyasını dəyişdi..." Bəli, dünyasını dəyişdi. Əminəm ki, Muğanna dünyasını dəyişməmişdən öncə "Ağ" deyə bildi. Və qohumlarının olduğu planetə getdi, saflaşmış ruhlarla qovuşdu.

Artıq Muğanna öz dünyasına uçdu getdi... Amma bizim dünyamızı da Muğannasız qoymadı... Həm yerdən, həm göydən yazdıqları ilə qəlbləri saflaşdırdı, könülləri əbədi fəth etdi, getdi.

P.S. 27 matrda İsa Muğanna ilə olan söhbətimizin bir çoxunun kütləvi oxucu üçün olmadığından sadəcə bir hissəsini hazırladım. Bir jurnalist olmadığımı, bu söhbətimizi bu formada mətbuata vermək üçün etmədiyimi oxucuların nəzərə almasını xahiş edərdim. Sadəcə, apardığım tədqiqat üçün şəxsən mənə lazım olan məqamlara, "Cəhənnəm" əsərinin təhlilinə yönəlik sualları vermişdim.

Buyurun, söhbətimizin əsas hissəsini yazıya alıb sizlərə təqdim edirəm.

- İsa müəllim, "Cəhənnəm" romanından başlayaq. Mən bu əsəri iki dəfə oxudum. Bir xeyli qeydlərim var, əsərdə həm təzadlı fikirlər var, həm də yeni və maraqlı yozumlar...

- Sən de görüm, necə dərk eləmisən? Mən də onun üstündə deyim də...

- "İdeal"ın son nəşrinin ön sözündə bir fikir yazmışdınız.

- Müqəddiməni oxumadan kitab oxunmaz!

- Müqəddiməni oxumuşam... Bəli, təqdim etdiyiniz Saf Ağ elmi, fəlsəfəsi yeni olduğu üçün bəzən izaha ehtiyac olur. Hətta deyərdim ki, müridlərə - OdƏrlərə belə ehtiyac var. Sizin fəlsəfəni duyub, dərk edib, həzm edib, oxucuya daha asan dillə çatdırsın. Necə ki, Nəimi fəlsəfəsini xalqa Nəsimilər aşılayırdı. Əgər bir cümlə ilə ifadə etsəm, "Cəhənnəm" romanı cəhənnəm alovunu alışdıran vasitənin söz olduğu qənaətindədir, elə buna görə də "cəhənnəm əzabı" vicdan əzabı deməkdir.

- Bu roman bir növ bütün dinlərdə olan cəhənnəmin mahiyyətinin təhrif olduğunu, Ərağın-ruhun sözün gücü ilə saflaşmasını təqdim edir.

- Lakin çox maraqlıdır ki, sizin konsepsiyanızda qədim misirlilərin dini dünyagörüşünün də izləri var.

- Bir çox dinlərdən fəqrli olaraq, qədim misirlilər düşünürdülər ki, insan öldükdən sonra onun ruhu Ozirisin rəhbərliyi ilə məhkəməyə çıxarılacaq və günahsız olduğu təqdirdə Aru ilə - cənnətlə mükafatlandırılacaqdır. Beləcə, Tanrı Ranın gəmisinə mindirilib xoşbəxt bir həyat sürər və ya ulduz olarlar.

- Digər tərəfdən də siz, bəlkə də, dünyada yeganə yazıçılardansınız ki, yazdığınız altı əsərin oxuma xronologiyasını təqdim edirsiniz. Elə mən həmin xronologiya ilə oxumuşam. "İdeal", Məhşər” (Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm” və sonrakı əsərlər..

İsa müəllim, "Cəhənnəm" romanını oxuduqda Hüseyn Cavidin "İblis", Hötenin "faust", Bulqakovun "Mister və Marqarita" əsərlərini xatırlamamaq olmur. Hətta "Cəhənnəm"in də sonluğu "İblis" pyesindəki İblisin son monoloqu ilə eyni ideyanın daşıyıcısıdır: İblis nədir, cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir, İblis. "Cəhənnəm"də isə müəllifin dilindən deyilən son cümlələrdən biri belədir: "Cəhənnəm məkanını tap, ey İns... O fantastikasız fantastika sənin özündə deyilmi?"

İnsan və İblis... "Cəhənnəm"də nəyi daha çox qabartmaq istəmisiniz? Daha çox vurğulamaq istədiyiniz nədir? Çünki əsərin əvvəlində deyilir ki, cəhənnəm varmi? Və Allah bu qədər insanları bu dünyada bu qədər əzabla yaşadır və hələ bir də o dünyada cəhənnəmi də hazırlayıb ki, getsin o dünyada da əzab çəksin? Sonrakı abzasda hökmlə deyirsiniz ki, "cəhənnəm var!"

- Bu "Cəhənnəm"i yazanda mən həmişə islam dini haqqında fikirləşirdim. İslam dininin peyğəmbəri hesab olunan Məhəmməd peyğəmbər əslində Saf Ağ elminə isnad edir. İslam dini islama isnad edən təhrif alimlərin təhrif dinidir. Cənnət-cəhənnəm də elə şəklə salınıb ki, uydurma kimi görünür. Nəimidən soruşurlar ki, "cənnət haradadır?" Deyir, ayağının altına bax. Yəni yer, torpaq özü cənnətdir. Cəhənnəmin varlığını insan öz bətnində axtarmalıdır. Özünün xarakterində, əməllərində, gördüyü işlərdə, dünyagörüşündə axtarmalıdır. Bunun bir tərəfini də fantastikaya bağlamaqla deyirəm ki, həyat özü, kainat özü fantastikadır. O Ayın cəhənnəm adlandırılması da doğrudur, bir tərəfdən də yalandır. Doğrudur, ona görə ki, nöqsanlı insan yerdə öləndən sonra bunun işığı gedir Ağa - Ay planetinə. Orda günün müəyyən saatlarında oturur, tərpənə bilmir yerindən. Bütün pis əməlləri, həyatı, insanlara münasibəti lent kimi gəlib gözünün önündən keçir. Bu, saflaşma prosesidir. Cəhənnəmdə yanmaq yalandır. Saflaşma prosesi gedir, sonra gəmiyə minir, o biri planetlərin hansında bunun qohumları var, gedir ora. Əbədiyyətə qovuşur, əbədi yaşayır. Bu cənnət-cəhənnəm məsələsi yerdə insanın həyatında böyük rol oynadığına görə mən bunu Saf Ağ elmi nöqteyi-nəzərindən aydınlaşdırmaq məqsədilə yazmışam. Və orda da mənim babamın iştirakı təsadüfi deyil.

- Musa ağanın?

- Omar ağanın.

- Musa Omar ağanın oğludur?

- Bu Musa Omar ağanın oğludur. Cavankən rəhmətə gedib. O biri Musa ƏsƏlməndi -Süleyman peyğəmbərdi. Babamın babasıdır. Babamın atası Hüseyn ağadır. Hüseyn ağanın atası da Süleyman peyğəmbərdir. Burda cəhənnəm həm Saf Ağ elmini, həm də dini tərəfdən cənnət-cəhənnəmin mahiyyətini açmaq, insanın bətnində cəhənnəm olduğunu sübuta yetirmək məqsədi güdürəm. Ümumiyyətlə, Saf Ağ elminin hər əsərində bir guşə açılır. Bu bir guşə də cənnət-cəhənnəm söhbətinə görə yazılıb.

- Burda belə bir hissə var: Bünyad Səməddən soruşur ki, cəhənnəmi yaratmaqda günahkar kimdir? Səməd deyir ki, indi biləcəksən, ən böyük günahkar insanın taleyini yazan - "Yazan" - "Yazdan" -"EyƏsÜn" EyOdƏr" babamızdır, ay bədbəxt razvetçik. İkinci günahkar Yazanın yazdığını Bağ atamıza çatdıran BağBağÜn Babamızdır. Üçüncü günahkar yazılanların əsasında hökm verən Bağ atamızdır. Dördüncü günahkar hökmləri icra edən EySarımızdır. Bəndədə nə günah var?!" Hətta bütün bunların Bağ atanın törətdiyini də göstərmiş olur. Sizcə, cəhənnəmin yaradılmasında səbəbkar Bağ atadır? Və sonda yazırsız ki, dördüncü günahkar hökmləri icra edən EySardır. Bu sualın bədii həlli oxucuda suallar yaradır. Sualın cavabını müəyyənləşdirmək olmur.

- Səmədin dünyagörüşü aydın olduğuna görə məlumdur ki, bu ancaq Bünyad bəyin daxilini açmaq üçün, suallara cavab almaq üçün deyilib. Səmədin dünyagörüşü özünün dediyi sözlərlə tutuşmur.

- Deməli, bu, kinayədir.

- Səmədin nöqteyi-nəzərindən həqiqət deyil bu. Səmədin dünyagörüşü məlumdur. Səməd EySara inanır, Bağ ataya inanır, o biri peyğəmbərlərə inanır. Odər EyƏsÜn babamıza inanır. Onların boynuna bu boyda günahı yıxmaq Səmədin obrazına zidd olar (86 yaşlı yazıçının yaddaşına heyran olmamaq mümkün deyildi. 10-15 il bundan öncə yazdığı əsərə bu qədər bələd olma hər yazıçıya xas olmur. Bu sualı verəndə açığı narahat idim ki, mənim üçün aydın olan bir sualı niyə soruşuram. Amma öz dilindən eşitmək üçün bu sualı verdim. Əsərin ideyasına zidd olacaq, nəyi isə unudacaq heç bir fikir eşitmədim).

- İsa müəllim, mən sizin ideologiyanıza inanan bir oxucu olsam da, Şah İsmayıla, Cumhuriyyətə olan münasibətinizi heç vaxt qəbul etməmişəm. Amma "İdeal"dan fərqli olaraq, "Cəhənnəm"də sanki Şah İsmayıla olan münasibətinizi korrektə etmisiniz. Əvvəlki fikrinizdən fərqli, bu əsərdə Şah İsmayıl Xətaiyə bir simpatiya duyulur.

- Şəmil, mənim, ümumiyyətlə, Saf Ağ elmində Şah İsmayıla münasibət ikilidir. Bunun babası Şeyx Saf Ağdır. O, Bağdadda böyüyüb, orda Saf Ağ elmi ilə məşğul olub. Sonra başlayıblar bunu izləməyə. Bu təhlükə qarşısında qaçıb Ərdəbilə gəlib. Burda adını dəyişib. Saf Ağ əvəzinə adını qoyub Şeyx Səfi. Şah İsmayıl da şeirlərində, yaradıcılığında elmi gizlədib. Yanında saxladığı aşıqların şeirlərində elmi saxlayıb, gizlədib. Sultan Səlimlə müharibəyə hazırlaşıb. Bu, bir münasibətdir. Səlim islamı qəbul etmişdi. Türkiyədə islam dini çiçəklənirdi. Şah İsmayıl islama qarşı idi, indi heç kəsin açmadığı məsələdi bu. İslamın Türkiyədə kökünü kəsmək üçün Çaldıran müharibəsinə çıxdı. Bu, onun elmi gizləmək üçün müsbət cəhəti idi.

- İslam dininə qarşı döyüşdü deyə bilərik?

- Çaldıran müharibəsi islam dininə qarşı idi. Onu heç kəsə açmayıb. Aça bilməzdi. Çünki islam dininə qarşı idi. İslamın belə mürtəce vaxtında bunu açmaq mümkün deyildi. Nəsimi deyir ki, "ənəlhəq sirrini faş elədim mən". O, ÜnƏlAğ deyib, amma bunu onun divanlarından pozublar. Hamısını ənəlhəq ediblər. Onları da, Saf Ağı tərənnüm edən şeirlərini də dəyişdiriblər. Dəri dilini, OdƏr dilini... Dəri farscadı, OdƏr bizim dildədir. Dərisini soyublar. Həm fiziki cəhətdən, həm də divanlarında dərisini soyublar. Şah İsmayıla gəlincə, Şah İsmayıl deyir ki, ənəlhəqqi gizlədim mən. Onu da indiyə qədər açmayıblar. O şeri gizlədiblər. Çox müqtədir alimlərimiz, dəyərli alimlərimiz Nəsiminin bu cəhətini gizlədiblər. Daha doğrusu, başları çıxmayıb, deyəsən. Quluzadə Mirzəağa "Nəsimi" filminin məsləhətçisi idi. Mənə sual verdi ki, Nəsiminin portretini necə yazarsan? Dedim, "gözlərinin qaranlığında işıq qaynayırdı". Dedi: - Doğrudur. Nəsiminin ənəlhəq sirrini faş eləmək haqda mən ondan soruşdum. Dedi ki, mən heç Nəsiminin Hələbə niyə getdiyini də bilmirəm. Niyə gedib? Sonradan mənə məlum oldu ki, Hələb Əlev şəhəridir. Eysarın evi, Eysarın fikri. Bu cəhətdən Şah İsmayılın elmi gizlətmək məqsədinə də çatıb, gizlədibdir. Özbəkistan, Qırğızıstanda da bu elm yayılmışdı. İslamın süqutu başlamışdı. Bağdadda İxvan Əs Səfa qardaşları var idi və onlar jurnal buraxırdılar. Nizami haqda məqalələr çap edirdilər.

- Neçənci əsrdə?

- Nizaminin vaxtında. XIV əsrdə islam təzədən yayılıb. Xəlifə Ömər təhrif Quranın üzünü köçürtdürüb göndərib Özbəkistana, orada təzədən yayılıb. Türkiyədə XIII əsrdə gəliblər vətənə, XIV əsrdə dini mükəmməl şəkildə qəbul ediblər və camaat arasında yayıblar. Amma bir cəhəti də qeyd etmək lazımdır ki, niyə bizə qılınc müsəlman deyirlər? Çünki ərəblər hücum ediblər bura. Bağdad xəlifəsinin əmri ilə Azərbaycana hücum çəkdilər, dini qəbul etdirdilər. Kəndlərə, şəhərlərə dəstə-dəstə ərəb atlıları girdi. Qılıncı çıxarıb insanların boynuna qoyub deyirdi ki, kəlmeyi şəhadəti de. Onda gərək onlar deyəydi ki, "la ilahə illallah" mənim əqidəmdir. Allahdan başqa Allah yoxdur. Bir Allahdır, nə doğub, nə törəyib, nə oğlu, nə uşağı var. Belə mistik qüvvə kimi Allahı təqdim ediblər. Bağ ata da unudulub. Eysar olub xaçın Allahı.

- Vicdan nədir sizin üçün?

- Nə üçündür bu sual?

- Çünki burda tez-tez vicdan əzabı ifadəsi var. Cəhənnəmdə vicdan əzabı deyəndə İsa müəllim nəyi nəzərdə tutur?

- İnsanın bətnində yaşayan, daimi yaşayan, ölməyən, dünyaya baxışını idarə edən bir məfhumdur.

- "Vicdan dinin yarısıdır" deyə bilərikmi?

- Vicdan dinin hamısıdır.

- Sizin "bəy" sözünə münasibətiniz, deyəsən, o qədər də yaxşı deyil. Yəni niyə Bünyad yox, Bünyad bəy? Çünki əsərdə Bünyad bəy obrazı şər qüvvə kimi təqdim edilir. Hansı ki bu mənfi obraz milli düşməndir, milli ideologiyanın düşmənidir. Stalinin sağ əlidir. Repressiyaları törədənlərdən biridir.

- Müsavat Azərbaycana gələndən sonra bəy yaranıb. Bu da oradan qalıb. 1920-ci ilədək Azərbaycanda bəy də, ağa da olub. 1920-ci ildən sonra Nəriman (Nərimanov) hakimiyyəti alandan sonra ağa, bəy sözü yığışdırılıb.

Hər xalqın dilində müəyyən müraciət forması var. Bizdə də bu, bəydir...

Bəy təhrif olduğuna görə... Nəriman Saf Ağ elmini bilirdi və mənim əmilərimə Nizamidən, Nəsimidən başlayaraq üzübəri dərs deyirdi. Mənim əmim İsa Əfəndi islam tarixi kitabı yazmışdı. O, OdƏr mədəniyyətinin necə təhrif olunduğunu yazmışdı. Onu mənim Xanbaba əmim torpağın altından çıxardı. Vərəqlərini bir, bir gözümün qabağında yandırdı. Onun titr səhifəsini mən yalvardım, aldım. Orada-arxivdədir. Ruscadır. Eto napisana İsa Quseynova (Bu, İsa Hüseynova yazılıb). O, bağ sözünün təhrifidir. Ona görə də Nərimanov "bəy" sözünün əleyhinə idi. "Müəllim" sözünü Nərimandan sonra sırıyıblar millətə sovet dövründə. İndi o qədər yayılıb ki, hətta müəllim olmayanlara da "müəllim" deyilir. Bu, çox təhrif, çox yalan bir ifadədir. Ona görə mən məcburam müsavatın gətirdiyi təhrif - "bəy" sözünü işlədim və deyim ki, bu "Bağ" sözündən azmadır.

- Lenini də siz Saf Ağ elminin bilicilərindən biri kimi vermisiniz bu əsərdə... "Nəriman Nərimanov Moskvaya aparılanda Zeynalabdin Tağıyev Muğannalardan kompanionu - Məmməd xozeyni kabinetinə çağırıb, qapını açarla bağlayıb deyib: "Nərimanov vəzifəyə yox, ölümə getdi... Nərimanın, sənin Muğannalara mənsub olduğunuz açıla bilər. Nərimanın Leninlə gizlin danışıqları Ulyanovların EvƏrEy OdƏrliyi, Tərikliyi də açıla bilər. Ulu Bağın cəmi Yer üzündə vahid ədalət Səltənətinə dair yazdıqları axtarılır. Hətta, bəlkə, hammızı qırarlar."

- Nəriman onunla yaxın dost olub. Lenin Nərimandan dərs alıb. Çünki Saf Ağ elmi dünyəvi elmdir. Eysarla Bağ ata ilə bağlıdır. Bunu unutmaq olmaz. Lenin materializmi yazanda Maxı (Yəhudi əsilli Alman filosofu Max Horkeymer) niyə tənqid edir? Max özü də "Bağ" sözündən azıb. O, özü də təkallahlığı dini cəhətdən izah edir. Lenin onun əleyhinə çıxır. Ancaq buna görə.... Əslində Lenin Nərimandan dərs almışdı.

- Belə çıxır ki, Saf Ağ elmi təkallahlığı qəbul etmir?

- Max birbaşa təkallah demir. Yazısında nə Bağ atanın oğulları var, nə EyƏsün var, nə EyOdər var. Bunların heç birini qəbul etmir Max.

- Mən sizin fikrinizi soruşmaq istəyirəm. Saf Ağ elmi təkallahlığı qəbul edirmi?

- Yox... yox... Təkallahlığı qəbul etmək cinayətdir. Türkiyədə bir təriqət olub. Onlar Türkiyəni tərk edəndə sərhəddə deyiblər ki, biz də "la ilahə illallah" deyirik. Onunla da salamat qalıblar. Amma əslində "la ilahə illallah"dan başqa dünyanı təhrif eləyən ikinci böyük bir kəlmə yoxdur.

- Sizcə, "la ilahə illallah"a bərabər olan söz hansıdır? "La ilahə illallah" əvəzinə nə demək olar?

- Ağ... Saf Ağın qısaldılmış variantı.

Əsərdə maraqlı məqamlardan biri də budur ki, Bünyad bəy axırda bezib deyir: -Əlimdə imkan olsaydı, sizin EysArınızı da öldürərdim, qardaşı EvƏrimi də, Bağ atasını da, BağBağÜnü də, EyOdər babalarını da. Bu qədər kin hara, Saf Ağlılıq hara? Əgər Saf Ağ dediyiniz elmdirsə, mən elə düşünürəm ki, sizin görmək istədiyiniz Tanrı Bünyad bəyin bəyənmədiyi tanrıdır. Dinlərin ədalətli adı altında əzazil kimi mistik, nağılvarı təqdim etdiyi Tanrını İsa Muğanna əsərlərində daim bağışlayan və hətta cəhənnəmin özündə belə insanları tərbiyələndirən, saflaşdıran Tanrıdır. İndi Bünyad bəy də deyir ki, dünyanın gözəlliyini istəyirsə, niyə Bağ atamız bu qədər kinlidir? Niyə bu qədər əzab verir? Əslində bu sual bəşər övladını daima düşündürmüşdür.

Müəllif deyir ki, Bünyad bəyin cəhənnəmi onun bətnindədir. Bünyad bəyin Ay planetinə uçmağı, qızlarla görüşməyi, o söhbət - bunların hamısı bədii əsər priyomlarıdır. Bünyad bəyin daxili aləmini açmaq üçündür. fantastika əslində həyati materialdır. O da Bünyad bəyin daxilini açmaq üçündür. O heç cür qəbul edə bilməz nə Eysarı, nə Bağ atanı. Təhrif insanı suitilərə qulluq edir və axırda su itləri gəlib onun başına oyun açır.

- Öləndən sonra verilən həyatdırmı burda verilənlər? Çünki onu sadəcə cəhənnəmdə görürük.

- Bu torpaqda qalıb Bünyadın meyiti. İşıq çıxmayıb içindən. İşığı kainata uçanda... Quranda da sonuncu surədir. Orada doğrudur. İslam o axırıncı surədə həqiqəti saxlayıb. Ərəb dilində saxlayıb. OdƏr dilində qarışıqdır. Amma ərəbcə oxuyanda görürsən ki, deyir, sən uçub gedəcəksən dərgaha, saflaşandan sonra allahın hüzurunda olacaqsan.

- Bünyad bəy saflaşdımı, yoxsa yox?

- Yox.. İtlər onu o abıra saldılar... (Gülür)

- İsa müəllim, əsərin əvvəlində verilənlərdən belə çıxır ki, dinlərin təqdim etdiyi cənnət və cəhənnəmi siz qəbul etmirsiz. Cəhənnəmi təhrif olunmuş hesab edirsiniz və yeni cəhənnəm modeli və ya əsl cəhənnəmi bu əsərlə oxuculara təqdim edirsiz. Amma islamın təqdim etdiyi cənnət ilə sizin təqdim etdiyiniz cəhənnəm çox oxşardır. Çünki Bünyad bəyin ətrafında gözəl qızlar, hər cür təam və içki var idi. Hətta Bünyad bəy də təəccüblənir ki, bura haradır? Cənnətdir, yoxsa cəhənnəmdir? Ona verilən mənəvi əzablardan başa düşür ki, cəhənnəmdir. Amma ona təqdim olunan islam dininin qəbul etdiyi cənnət idi. "Quran"da da cənnətdə sizləri gözəl hurilər qarşılayacaq deyilir.

- Cənnət... Xristianlar "ray" deyirlər dəəə... Ora bizim ilk vilayətimiz ƏrEyin adıdır və ƏrEydəki həyatın gözəlliyi ilə əlaqədar, orada gözəllik, çaylar, meşəlik, bəzi əsərlərdə südlə bal arxı axır... Oradakı bolluqla, həyatla, insanların münasibəti ilə əlaqədar ƏrEyi Ray adlandırıblar. Elə xristianlar da elə adlandırırlar. Amma cənnət-cəhənnəm ərəbcə "cənn" sözüdür. İkisi də eyni mənadadır. Sözün ilk hissəsi "cənn" eyni mənadadır. Çünki cənnəti də təhrifdir, cəhənnəmi də təhrifdir, uydurmadır.

Ay planetində belədir ki, insan günün müəyyən hissəsini adi həyatdakı kimi gen-bol yaşayır. Amma elə ki, kresloda əyləşdi, artıq tərpənə bilmir, heç cür tərpənə bilməz. Əli-ayağı tutulur, qıc olur və gözünün qabağında hadisələr cərəyan edir. Bəziləri 6 aya, bəziləri bir ilə saflaşır.

Saflaşandan sonra nə olur?

Gəmiyə minir, gedir.

- Onun bir də bu dünyaya qayıtmaq ehtimalı var?

- Yox...

- Bəzi versiyalarda insanın bu dünyaya qayıdışını isbatlamağa çalışırlar.

- Yox... Saf Ağ elmi nə qədər mürəkkəb görünürsə, bir o qədər sadədir, bir o qədər anlaşıqlıdır.

- Səhv etmirəmsə, "İdeal"da Nəsimi fəlsəfəsinin düşüncəsi olan belə bir fikir var: "Quran"ın iki cüzü gizlədilib. Yəni siz dediyiniz kimi, təhrif olunmuş "Quran"ın iki cüzü gizlədilib.

- Cırılıb, yandırılıb. Yoxdur həyatda.. Orada çox şeylər var idi. Onu Vatikandan göndərilən hökmdar edib. Bağdada göndərilib Sergey- Sar Od Ey.. Ser Ki Ey təhrif adı Sergeydi. O, Müaviyənin köməyi ilə həmin OdƏr variantını yandırıb, məhv edib. Yerinə OdƏr dilindən "la ilahə illallah"ı başa çəkib. Vatikanın göstərişi necədirsə, Bibliyanın göstərişi necədirsə, ona uyğun tərtib ediblər. Ün Ax Sar Ün Ağ təyin olunub İbrahim peyğəmbər. Onun Sarlığını, hökmdarlığını Saraya evlənmək kimi qələmə veriblər. Ün Ağı da İnək ediblər ki, bir sarı inək tapıblar. Onun yarısını verdilər yəhudilərə. Guya bununla da yəhudilər adam öldürməkdən əl çəkiblər.

- Cavidin "İblis"i ilə faustun "Demon" əsəri ilə müqayisə etdikdə sizin cəhənnəmdə bir dəfə təsvir etdiyiniz iblis fərqli görünür. Qulaqlı-quyruqlu, vəssalam... Sanki İblisin heç bir fəaliyyəti olmayıb. Və İblisi görən Bünyad bəy özünü itirir.

O İblis Bünyadın təsəvvüründə yaranır. O yuxu yatmağı təsadüfi deyil. Yol ayrıcında yatır.

- İsa müəllim əsərlərində daha çox əfsanələri, rəvayətləri, Saf Ağ elminin nümayəndələrinin yazdığı və söylədiyi fikirləri modernist fikirlə cəmiyyətə izah edir. Yeni üslubda oxuculara təqdim edir. Yəqin ki, siz sufiləri Saf Ağ adlandırırsınız?

- Sufi təhrifdir. Səfi sözü təhrifdir. Kişinin adı Saf Ağdır. Xətainin babası.

Sufilərin təriqətinin əsasında elm və eşq dururdu. "Cəhənnəm" romanında da bu ifadə işlənib. "Dünyanın qurtuluşu elm və eşqin bərqərar olması ilə mümkündür", - deyirsiniz. Nizami Cəfərov deyir ki, Muğanna xalqın taleyini öz taleyi kimi təqdim edir. Sizin əsərlərinizin hamısında çoban anlayışı var və sufi fəlsəfəsində də "çoban" rəmzdir. Bütün əsərlərində sanki Muğanna oz həyatını danışır. Hətta mən belə deyə bilərəm ki, Muğannanın əsərlərində əsas obraz xalq - yəni muğannalar, muğlardır. Çoban ifadəsinə gələk... Bu "Şeyx Sənan"da da var, Nizamidə də var. Siz də Musa ağanı, Omar ağanı hər şeydən gizlənən çoban kimi qələmə vermisiz.

- Bu, həyatdan gələn faktdır. Nizami Cəfərov xaricdə hürufiliyə həsr olunmuş müşavirəyə qatılıb. Orada "Məhşər" əsərinə görə hürufiliyə neohürufizm deyirlər. Burda Nəsimi, Nizami deyir ki, alimin yeri başda olmalıdır. Bir həqiqət də var ki, tam savadsız çobanın həyata münasibətdə öz təfəkkürü formalaşır. Ona görə də bu, klassiklərin diqqətini cəlb edib, onu müsbət obraz kimi təqdim ediblər. Çoban göy haqda elmi bilməsə də, həyatda təsəvvürü elmə yaxındır.

- Ağıllı, təfəkkürlü, savadlı insanlar təkliyi sevirlər. Buna dərvişləri misal çəkə bilərik. Ən ağıllı, müdrik dərvişlər insan və cəmiyyətdən qaçırlar. Sizcə, niyə?

- Burda heç bir ikinci fikir yoxdur. Onlar heç cür bəşəriyyəti, cəmiyyəti qəbul etmirlər. Şəhərbəşəhər, kəndbəkənd gedib ağıllı adamlarla görüşür, həsbi-hal edir. O insanlardan bəhrələnir, lazım olanda özləri onlara elmi fikir verir. Dərvişlik islamın bəhrəsidir. Cəmiyyətdən qaçanlar insanlardan qaçırlar. Dərvişlər baxmayaraq ki, allahı vəsf edirlər, amma bu, etiqaddan gələn şeydir. Burda yanlışlıq var. Təkallahlığı vəsf etdikləri üçün yanlışdır. Yalan etiqad olsa da, yenə də etiqaddır. Etiqad insana kömək edir.

- Odər dili indi varmı?

- Türk dili OdƏr dilidir, amma qarışıqdır. Terminlər, dağ, çay, şəhər adları- hamısı təhrifdir. OdƏr təsəvvürü Saf Ağ elminin təbliğı ilə əlaqədardır. Saf Ağ elmi tədris olunacaq, Bakıda, Rusiyada, Amerikada yayılacaq.

- Saf Ağ elminin ən yüksək dövrü kimi XIII-XIV əsrləri götürmək olar?

- XIV əsrdə islam inkişaf edib. XI, XII, XIII əsrlərdə Bağdadda Saf Ağ elmi hökmran olub. Nəsiminin dövründə çox olub.

- Siz İbrahimin də elmin təbliği ilə məşğul olduğunu göstərmisiz.

- İbrahim qeyri-şüurlu şəkildə idi. Şeyx Əzəmin pis əməl sahibi olmağı bunu islamdan aralayıb. İbrahim müsbət adam olub.

- İsa müəllim, cəmiyyətdə bəzi əsərlərinizdən vaz keçdiyiniz barədə fikirlər gəzir.

- "Bizim qızlar"dan tam imtina etmişəm. Son dərəcə bəsitdir. O biri povestlərdən şərti imtina etmişəm... Yenidən işləmişəm onları.

- Bu yaxınlarda eşitdim "26-lar"dan da imtina etmisiz.

- Yox... "26-lar"... Şaumyanın milliyəti yəhudidir. Mən dövlət arxivinə gedirdim. Orda Şaumyanın 19 metrə çıxışını çəkiblər, göstəriblər mənə. Mən təəccübləndim ki, Şaumyan portretdə erməniyə oxşamır. Arxivin müdiri gəldi, soruşdu ki, nə gördün? Dedim ki, bu, erməni deyil, dedi: "Afərin! Lenin özü də tatar yəhudisidir".

- Yəhudilər Saf Ağ elminin təqdimatına görə düşmənimizdir, ya dostumuz?

- Onlar OdƏr idilər. EvƏrEy OdƏrləri deyiblər onlara. Vatikan OdƏrlərə qarşı çıxdı. Vatikanın yəhudilərə qarşı təbliğ etdiyi şeydir. EvƏrEylərə qarşıdırlar. EvƏrEy bizim birinci vilayətimizdir. Gəmi OdAğÜzdən gələndə ora düşüb ilk dəfə. Xristianların ƏrEyi ray etməyi təsadüfi deyil.

- Əgər gözləriniz sizə imkan versə idi, İsa Hüseynov kimi hansı mövzuda əsər yazardınız?

- Mən İsa Hüseynova nifrət edirəm.Təfəkkürünün bəsitliyinə görə nifrət edirəm.

- Axı İsa Hüseynovun oxucuları çoxdur və onu sevirlər. Bəzən siz deyəndə ki, mən onları qəbul etmirəm, kimlərinsə xətrinə dəyirsiniz...

- Yox. Mən onların işlənmış versiyalarını qəbul edirəm.

Firuzə xanım: - O vaxt İsa yazanda onun haqqında dedilər ki, o, böyük yazıçı olacaq. Ona deyirdilər ki, o, Azərbaycanın Dostoyevskisidir.

İsa m.: Sonra da "Folkner" adlandırırdılar. Amma Nizami məqalə yazıb, çox aydın izah edib: "Muğanna həqiqəti və ya həqiqətin muğannası".

- Bəs İsa Muğanna kimi hansı əsəri yazardınız?

- Hələ çox dumanlıdır. EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir... Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az.

 

Şəmil Sadiq

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini f.ü.f.d.,dos.

27.03.2014

  

Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.1; 8-9.