Ruh sənəti

     

Deyirlər ədəbiyyat söz sənətidir. Kiçik bir əlavə edərdim ki, ədəbiyyat həm də ruh sənətidir. Sözün yaşarılığı onun varlığında çırpınan ruhla bağlıdır. Yaradıcı insan adi sözlərə öz ruhunu verdiyinə görə söz bədii qiyafəyə düşür, poetikləşir.

Çağdaş texnologiya, müasir elmtexnika hər şey yaratmağa qadir olsa da, Tanrının ən balaca canlısı olan qarışqanı belə yaratmağa acizdir. Çünki qarışqanın da o balaca vücudunda ruh vardır. Kibernetik şeirlər yazmaq, müxtəlif ədəbi janrları çevrələyən elektron versiyalar yaratmaq olar - amma buna ədəbi yaradıcılıq demək mümkünmü?! Ruhsuz söz həyati həqiqətləri bədii həqiqətə çevirə bilərmi?!

Məhz bu məqamda demək istəyirəm ki, söz sənəti həm də ruh sənətidir. Müqəddəs kitabımız "Qurani-Kərim"də də dəyərli sözün haqdan gəldiyinə, qələm və kağızın müqəddəsliyinə işarətlər var. Peyğəmbərlərdən sonra gələn şairlər də ilahi vəhyin bir hissəsi olan ilham daşıyıcıları kimi seçilmişlərdən hesab olunur.

Bu dediklərim, şübhəsiz ki, həqiqi istedad sahiblərinə, gerçək yaradıcılara aiddir. Zaman-zaman söz dəryasına ləl-gövhər sevdası ilə baş vurub əliboş çıxanlarımız çox olub. Nizami dövründə neçə Nizami olub, ancaq bir Nizami qalıb. Füzuli dövründə nə qədər Füzuli olub, yalnız bir Füzuli yaşamaqdadır. Belə söz sənətkarları zamanın hücrəsinə qısılmayıblar, zamanı öz ünvanlarına sığışdırıblar. Zaman bu dahilərin adı ilə tanınıb: Nizami dövrü, Nəsimi zamanı, Füzuli vaxtı…

Türkün sultanı da, şahı da şeir yazıb. Buna adi bir əyləncə kimi baxmaq da olmaz. Söz bu hakimi-fərmanların qəzəbinə sığal çəkib, onlarda insana insani münasibət tərbiyə edib.

Məncə, Şah İsmayıl Xətainin qılınc gücünə saxladığı o zamankı səltənətinin ömründən sözlə "qurduğu" poetik səltənətinin ömrü daha uzun olub:

 

Qızılgül, bağü bustanım, nə dersən?

Fəda olsun sənə canım, nə dersən?

Xətai, can ilə çun səni sevdi,

Sevən ölsünmü, sultanım, dersən?

 

Ədəbiyyat həmişə tarixlə qoşa addımlayıb. Tarixi olaylar daş kitabələrdə poetik epitafiyalara, yaxud da kitablarda ədəbi salnamələrə çevrilib. Sözün gücü, enerjisi tarixi diri saxlayıb. "Ədəbiyyat qəzeti" təkcə ədəbiyyatın yox, həm ədəbi tariximizin qəzetidir. Dəyərli yazarlarımız! Bu tarixi məqamlardan kənarda qalmamaq üçün çağdaş oxucuya mənəvi qida verə biləcək yazılarınızı gözləyirik. Söz sizindir!

 

AdilMİL

 

Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.1.