Qarabağ səfəri

  

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Qarabağa səfər edib. Birliyin sədri, xalq yazıçısı Anar, birinci katib, xalq şairi Fikrət Qoca, gənclər üzrə katib Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza öncə Ağcabədi rayonunda olublar. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qonaqları qəbul edib. Görüşdə icra başçısı ağcəbədililərin ədəbiyyata, şerə, sözə olan böyük məhəbbətindən söz açıb. Görüşdə millət vəkilləri Aqil Abbas, Tahir Rza, AYB-nin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd də iştirak edib. Daha sonra AYB rəhbərliyi rayon mərkəzində yerləşən Şahmat məktəbində və Gənclər mərkəzində olub. Müasir dizaynla inşa edilmiş hər iki bina rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulub. Qonaqlara Şahmat məktəbi, bu məktəbin tələbələrinin artıq respublikada birincilik qazandığı ilə bağlı geniş məlumat verilib. Gənclər mərkəzində isə müsair oyun aparatları, boulinq zalı, kafeteriyalar var, bura gənclərin boş zamanlarında üz tutuğu bir məkandır.

 

Rəşad Məcidin ata evi

 

AYB rəhbərliyi tanınmış jurnalist, şair, AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin rayonun mərkəzində yerləşən ata evində olub, Rəşad Məcidin atası Müseyib müəllim, anası Yavər xanımla görüşüblər. Xalq yazıçısı Anarxalq şairi Fikrət Qoca ev sahiblərinə imzalanmış kitablarını hədiyyə ediblər.

 

Ənvər Əhmədin yubileyi

 

Şair, professor Ənvər Əhməd 1943-cü il avqustun 8-də Azərbaycanın Kəbirli mahalının Sarıyer yaylağında doğulmuşdur.

Ənvər Əhmədin Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş yubileyi Mədəniyyət evində keçirilib. Tədbirin aparıçılığı millət vəkili Tahir Rza tərəfindən həyata keçirilib. Möhtəşəm gecədə Mədəniyyət Evinin musiqiçiləri, xanəndələri öz ifaları ilə qonaqları Feyziyab ediblər. Sonra çıxış üçün söz Azərbaycan Yazıçılar Birliyinin sədri Anara verilib. Xalq yazıçısı Anar Ənvər Əhmədin yaradıcılığından, ömür yolundan söz açıb. Daha sonra Yazıçılar Birliyinin təbrik plaketiniyeni üzvlük vəsiqəsini yubilyara təqdim edib.

Tədbirdə xalq şairi Fikrət Qoca, Rəşad Məcid, Aqil Abbas, İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov söz alaraq Ənvər Əhmədi təbrik ediblər. Sonda şair Ənvər Əhmədə söz verilib. Yubilyar hər kəsə, xüsusilə icra başçısı Şahin Məmmədova və AYB rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

AYB-nin konfransı

 

Səfərin səhəri günü Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin konfransı keçirilib. Ağcabədi, Beyləqan, Bərdə, Ağdamdan olan üzvlərin iştirakı ilə keçirilən yığıncaqda AYB sədri üzvlərin suallarını cavablandırıb. Daha sonra səsvermə yolu ilə üzvlərin arasından qurultay nümayəndələri seçilib.

 

İsi Məlikzadəni ziyarət

 

Görkəmli nasir, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İsi Məlikzadənin məzarı Ağcəbədi rayonundadır. Səfər zamanı yazıçının məzarını ziyarət edən AYB rəhbərliyi İsi Məlikzadə ilə bağlı xatirlərini danışıblar. Daha sonra yazıçının məzarına güllər qoyulub, Quran oxunub.

 

Həmidə xanım

Məmmədquluzadənin

ev muzeyində

 

AYB rəhbərliyi yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Həmidə xanım Məmmədquluzadənin Kəhrizli kəndində yerləşən ev muzeyini ziyarət edib. Millət vəkili Aqil Abbas qonaqlara ev muzeyi ilə bağlı geniş məlumat verib. Xalq yazıçısı Anar muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra muzeyə imzalanmış kitablar hədiyyə edilib.

 

Məhəmməd Füzuli

adına kitabxanada

 

Qarabağa səfər zamanı AYB rəhbərliyi Bayat kəndində yerləşən, millət vəkili Aqil Abbasın təşəbbüsü ilə yaradılmış Məhəmməd Füzuli adına kitabxanada olub. Kitabxana ilə bağlı AYB rəsmilərinə geniş məlumat verilib. Bildirilib ki, yarandığı ilk günlərdə Rəşad Məcidin və Aqil Abbasın hədiyyə etdikləri 300-400 ədəd kitabla fəaliyyətə başlayan kitabxananın indi 11000 ədəd kitab fondu var. Kitabxanaya imzalı kitablar hədiyyə edən AYB rəhbərliyi kitabxananın əməkdaşları ilə xatirə şəkili çəkdiriblər.

 

Ağdama doğru

 

Ağdam şəhəri 1993-cü il iyun ayının 23-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Şəhərin bizdə olan kəndlərində quruculuq və abadlıq işləri yüksək səviyyədə həyata keçirilir. Ağdamlıların böyük hissəsi indi Quzanlı qəsəbəsində və ətraf kəndlərdə məskunlaşıblar. AYB rəhbərliyi səfər zamanı bu kəndlərə də gedərək, düşmənlə təmas xəttində olub. Daha sonra Ağdam Şəhidlik memorial kompleksini ziyarət edən AYB rəhbərliyi bununla da Qarabağ səfərini yekunlaşdırmışdır.

 

AYB-nin Mətbuat xidməti

 

Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.2.