Yaxınlara-dostlara ithaflar
Vaqif Səmədoğluna
Otel, yalnızlıq, kədər,
Karniz, tül, sarı pərdə.
Çölün fateh İskəndər,
İçin Nüşabə, Bərdə.
Təqvim, saat və asqı
Bəzəyir boz divarı.
Ya əsnə, ya da asqır,
Çapsın səbrin süvarı.
“Telo-delo qibloe”
Düşün, yerində qurcux.
Dayan üzü qibləyə,
Dinsin içindəki ruh.
Novruz elegiyası
İbrahim Selə
Sözlər lüğətlərdən qocadır,
Xoşbəxtlikdən çox-çox
qədimik biz.
Cavab var sualın
acıdır,
Amma sükutundur son sual, cavab, priz.
Çətində əsilzadədir ümidlər,
Talelər öncəgörən
qaraçıdır.
Bizi nə tülkülər, nə qurdlar aldadıb
diddilər,
Yalnız insanlar ki, bic və
yırtıcıdır.
Doğrudu, elin gözü tərəzidir,
Adamların da əli əyridir: bu da bulmaca.
Bəzən olur ki, daşa da dəymir,
Ümidlər itir, əriyir, havadaca.
Kafedə taybatay açıqdırsa qapılar,
Dünyada hamımız
çıxmazdayıq.
Nə Lələ, nə Kərəm... yalnız
qaraltılar...
Siqaret dumanında boğulasıyıq.
Hələ ki menyüdə hərf səhvləri
dadını qabaqcadan
qaçırır xörəklərin.
Sürüşür ağzıyeməkli səfləri
boşqabın dikindəki böcəklərin.
Yenə müğənni qız oxuyur yanğıyla,
Sən demə, “həyat yaşamağa dəyər”mişi
İnsan ömrə minnət qoymağıyla
yazıqmış,
gülüncmüş, birtəhərmiş.
Hə, biz törəsi qədim şümerlərin,
inklərin, germanların, ulu
türklərin,
Ayılıb gördük ki, şulerlərin
çevrəsindəyik: niyə, nədən,
neçin?
Ömrün dalı qara tiyanında
Dadsız yeməklərə arzular oldu
duz.
Uşaqdıq: ən adi parıltılar da
bizimçün ən parlaq ulduzdu,
ulduz.
İndisə Ədalət, Xoşbəxt, Səxavət
adı qoymaqdayıq biz
uşaqlara.
Bir ömür qədər kiçildirik, bəli, əvət,
Bu əbədi şeyləri dikilib
uzaqlara.
Budur, ömrün qırxıncı su çərşənbəsi
21 fevrala düşdü, beşinci dəfə.
Özgədir hər yeni təkrar, kəsəsi
yaşansaydı çəkilməzdi
ömür birnəfəsə.
Günahlar çeşid-çeşid masasında,
Dünyanın qapısında papaqdı
ömrümüz.
Verdilər, götürdük lax yumurtasın da
iztirab rəngiylə
günahın hər Novruz.
Söz
Anar
müəllimə
Yorğun-yorğun oturasan,
görəsən ki, Yer fırlanır,
yel süpürür, yağış yuyur,
bütün yollar
sıfırlanır;
sirr də sükutun başından
alır, götürür
duvağı,
kağızın dümağ boynuna
salır sətir boyunbağı:
ölənlər sağdır, diridir,
dostların da damağı
çağ -
sözdür, bax, səni kiridir
cümlə-cümlə, varaq-varaq.
Elçin
Əfəndiyevə,
“Aydınlıq
gecələr” hekayəsinin müəllifinə
Yarpaq bitər yaşıl-yaşıl,
Qonar budağa quş kimi.
Kimi baxar naşı-naşı,
Kimi görər sərxoş kimi.
Kimi ömrün manqalına
Xeyirdən çır-çırpı
atar.
Kimi şərin tonqalında
Özünü yandırıb-yaxar.
Nəfsi, qəlbi möhürlüysə
Pislikdən yorulmaz biri.
Kimi alçaq könüllüysə
Anlayar sonsuz Xeyiri.
Su axdıqca dolar səhəng,
Uşaqla uçar çərpələng.
Yaşayar adam, kəpənək
Bütöv bir ömrü hər biri.
Yarpaq qopar sarı-sarı,
Enər torpağa quş kimi.
Naşı görməz gözəl Yarı,
Aşiq sevər bihuş kimi.
Ramiz
Rövşənə
İçimdə bir səs böyüyür,
Böyüyür, o kəs,
böyüyür.
Bəlkə son nəfəs böyüyür,
Sonra o adam gedəcək.
Gedəcək üzü dənizə,
Sükutu, sözü dənizə,
Görəcək yüzü dənizə
Çoxdandır baş vurub üzür.
Üzür adamlar, balıqlar,
Üzür balıqlar, qayıqlar.
Bircə durub qayalıqlar
Şəkilə dönür, şəkilə.
Şəkilə dönməyib hələ,
O ürək donmayıb hələ.
Ləpələr atır sahilə,
Dəli bir həvəs böyüyür.
Həmidə xanıma
İndi sükut tez-tez kəsir mənim
sözümü,
Əvvəlkitək qan qaynamır indi
damarda.
Güzgülərdə qaçırdıram tez-tez
gözümü,
Adımı da heç yazmıram tərli
divarda.
Qırxı çıxdı bu ömrün, canım
sevgilim,
Heç darılma, çarxı hələ,
şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir,
çöp dığırlanır.
Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş
balaları.
Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı
çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni
gözlə,
Bu səfərdən dönər qocan o
axşamçağı.
Gəzinti
Məsihağa
müəllimin 50 yaşına
Biz o gün üzü axşama doğru düz iki saat sərasər
sahilboyu dayanmadan bərabər
addımladıq, gəzdik.
Yollar daha yorğundu, çoxlu
yolçular görmüşdü çünki.
Sənə “abi” dedim - zarafatla, “ustad” dedim ciddi-ciddi,
sən də zarafatla mənə
“bəradər” deyib gülümsədin.
Bilmirəm, dənizin üzərində ayın
gümüşü çevrəsi
hansı pərgarla çəkilmişdi;
və o axşamüstü
qağayıların harayında səsin
sürəti
uçuşun sürətinə qədər
necə düşmüşdü?
Bunları soruşdum. - Bax, - dedin,
- onların
işığa boyanmış
qanadına...
İşığın quş sürətilə
uçduğunu göstərdin,
yəni, asta-asta -
yavaşcadan...
- Görmək bəs etməzmi bu ecazları,
bu təşbehləri və məcazları
neynirsən axı?
Bizim gördüklərimizdə daha çox görə
bildiklərimiz var...
Həyat bir
nəfərlə azalmazsa
da, bir nəfərdə
mütləq az olar.
Acmışdım. Evə tələsirdim. Dedin
ki,
şeirdə, sözdə də vacibdir oruc və
pəhriz.
O axşam iftar süfrəsi açdın,
Məsih.
Şəfqət dolu
sükutla gülümsəyirdilər,
başda əyləşmişdilər: Xaqani,
Hafiz,
Sədi,
Şəhriyar və Sepehri.
Hamı da
sənin səsinlə
danışdı o axşam...
Hava haqqında sonuncu şeir
Fərid Hüseynə
Mən sənə
bu gün havanın necə gözəl olması barədə
danışmaq istədim, dostum, yazmaq istədim.
Nə
deyim? Necə yazım
ki, nə qədər gözəldir?
Anlatmaq üçün
təkrar havaya çıxmalıyam,
qələmi yerə qoyub yazmamalıyam.
Bu şerin ən
yaxşı davamı
nə vaxtsa və kim yazsa belə,
mütləq bu cür olacaq, fərid:
bir nəfər çölə
çıxdı, ciyər
dolusu nəfəs alıb susdu...
Səlim
Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2014.-
18 aprel.- S.3.