Qanlı Otto
Hekayə
Yəqin ki, çoxları 80-ci illərin sonunda bütün dünyaya səs salmış “Qu quşu üzərindən uçuş” filmini xatırlayırlar. Bir neçə nominasiyada “Oskar” mükafatı alan filmin quruluşçu rejissoru dahi Minqoş Forman, baş rolun ifaçısı Cek Nikolson dünya şöhrəti qazansa da, ssenari müəllifi Ken Kizinin adı kölgədə qaldı. Bir çoxlarımız bilmirdik ki, bu film eyni adlı roman əsasında çəkilib və bu əsərin müəllifi Ken Kizi Amerikanın ən məşhur yazıçılarındandır.
Dayan, dayan… Bu
kişinin adı necəydi? Yaddaşımı
büsbütün ələk-vələk elədim ki, bəlkə
o, hafizəmin hansısa küncündə qalıb. Sonra fikirləşdim
ki, axı niyə belə səfeh şeyə vaxt sərf edirəm?
Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim,
o isə heç cür qalxmaq bilmirdi… Yox, Sadom ilə Qomorro
deyil. Heç Romanın yıxılmağı da deyil. Ooo,
dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində
mübahisə edirdik, bu xüsusda sitatlar gətirirdik: “Göy
üzü ilə uçaraq İblisin cərgəsinə
qoşulur, yenə bir qədər uçur və bilmərrə
çəkilib gedir”. Ho-ho-ha-ha… Əxbar, 20: 70,
yaxud buna oxşar bir şey. Deyəsən bir şey xatırlayıram. Amma nə isə,
davam edək.
Onun
adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun
yeganə oğlu idi, dini ayinlərə hörmətlə
yanaşan adam idi, altı rahib, yeddi keşiş ona
ağıl öyrətməklə məşğul idilər.
Özü də onlardan nəsə öyrənirdi. İdeal
resept mənəvi qidadır. Hələ uşaq vaxtından Otto artıq “İncil”i əzbər
bilirdi və yeddi keşiş ona qiyamət günü barəsində
danışanda ləzzətdən bihuş olurdu. Səsi
qalınlaşan zaman isə artıq bütün
“Bibliya”nın kəlamları dişlərinin arasından ətrafa
səpələnirdi. Rahiblər ürəklərini belə
ondan əsirgəmirdilər. Üzünə təzə-təzə
tüklər çıxanda isə o, artıq vəhyqabağı
titrətmələrdə olduğu kimi, bədəni
uçunurdu və axirət mələklərini seyr edirdi. Xəyal!
Heyvanlar, cəng arabası, asiman… keşişlər
düşünürdülər ki, onların yetirməsinin
artıq dövlət işlərinin sükanı arxasında
əyləşib dövlət gəmisini idarə edərək
gələcək yüzilliklərə doğru hərəkət
etmək vaxtı çatıb. Budur, onlar Böyük
Ottoya məktub yollayırlar ki, gənc Otto açıq-aşkar
varisliyi qəbul etməyə və sükan arxasına
keçməyə, yəni Müqəddəs Övliya
taxtına çıxmağa hazırdır. Ancaq qoca Otto bu
işlərə bir az başqa cür baxırdı. O, öz
qvardiyasını yollamışdı ki, onun əleyhinə
olan riyakarları tutub zəncirləyib gətirsinlər.
İşə bax, dövlət gəmisini idarə etmək
istəyir! Atan sənə başa salar necə idarə etmək
lazımdır. Məhkəmə gedənə qədər
Böyük Otto özü bir qədər sükan
arxasında oturmağı qərara aldı. Keşiş ona
bayrağı hara sancmağı öyrədirdi! Şah qəti
hökm verməyə tələsmirdi, hələ öyüd-nəsihət
verirdi ki, görsün onu başa düşürlərmi?
Və o, təzimlər döyən zaman, deyilənə
görə, yeddi qisasçı mələk onun imperator bədənini
didib-dağıtdılar. Bu yeddi tikəni isə
imperatorluğun hər tərəfinə səpələdilər.
Bu tikələrin heç biri bir daha öz bədənlərini
görmədilər.
Beləcə,
Böyük Ottonun oğlu Qanlı Otto adını qazanaraq
taxt-taca sahib oldu - kafirlər, zinakarlar, cadugərlər və
bu qəbil işlərlə məşğul olanlar onun
qamçısı altından sağ
çıxmırdılar. Günahkarları
onun sarayında qamçılayırdılar və bir müddət
sonra vilayətdə ümumiyyətlə, cinayətkar, kafir və
cadugər qalmadı. O, tezliklə belə bir qənaətə
gəldi ki, dünyəvi fikirlər onun axırına
çıxacaq və birdən elan etdilər ki,
dünyanın sonu yetişir. Qiyamət günü Yeni
ilə təyin olunur.
O, öz əyanlarını
imperator pivəxanasına çağırıb elan edir:
“Qiyamət günü yaxınlaşır. Biz gərək
yüksək bir dağ zirvəsinə çıxıb Qiyamət
gününün gəlişini adımıza layiq şəkildə
qeyd edək. Qoy elə bilinsinlər ki, bu Qiyamət
günü bizim tələbimizlə gəlir”. Bu fikirlə məiyyəti
razılaşdı.
Və
yeni min ilin ərəfəsində o, bütün
generallarını, sağlam qocaları, qadınları, yeddi
rahibi, altı rahibəni, öz arvadını, donuz
balasını, Mastiv cinsli itini və şərabla dolu çəlləkləri
at arabalarına yükləyib yaxınlıqdakı təpəyə
yollandı. Keşişlər ibadət etmək
üçün onlar da təpəyə
qalxdılar.
Donuzlardan birini kəsib
sümükdən ayırırlar, sonra tikələrini
doğrayıb şişə keçirirlər. Sümüklər
ancaq günahkarları qamçılamağa yarayar. İndi əylənmək
olar. Atılıb-düşərək oynamağa
başladılar. Qaranlıqda mələkləri seçmək
olmurdu. Sonra səhər özünü yetirdi və qəribə
də olsa, Qiyamətdən əsər-əlamət yox idi.
Otto azca incidi. Arvadını tikanlı sözlərlə
acıladı. Keşişlər yenə ibadət edirdilər.
Hə, dünyanın sonu yetişmədiyindən onlar əvvəlki
ayinləri əldən buraxdıqları üçün
heyifsilənirdilər. O zaman Otto keşişlərdən
birini bişirməyi qərara aldı. O biri keşişlər
üçün bu, problem yaratdı. Allah tamahkar və
acgözləri sevmir. Onlar gecəni yatmayıb təzədən
tonqal qaladılar və öz günahlarıyla baş-başa
qaldılar. Sənin canında kabus dolaşır və
çığırırsan. Zar-zar ağlayırsan və
başına kül tökürsən,
çığırmaqdan boğazın qovuşur.
Gözünün yaşından ocaq sönür. Ancaq səhər…
səhər… torpaq əvvəlki vəziyyətinə
qayıdır və günəş şəfəq
saçır. Otto yenə əsəbiləşir, yenə
axirət görünmür.
Bax, belə. Birinci
minilliyin yanvarı tövşüyə-tövşüyə
özünü yetirir. Üç keşiş tonqalda
bişib bərkiyir və tonqala bir cüt rahibə də
atılır. Minillik dağın zirvəsində - kral
Qanlı Otto xanımı kraliça Otto ilə dayanıb.
Qaranlıq yaxınlaşır. Göy guruldayır. Külək
qalxır. Kraliça dillənir: “Ah, mənim əzizim, məsələ
tək məndə olsaydı, dodağımdan qopan heç
bir söz sənin xətrinə dəyməzdi. Lakin
uşağımız necə olsun?” Otto özü də vəziyyətdən
bir o qədər razı deyildi. Çaxır içilib
qurtardı. Məiyyət qaçıb aradan
çıxdı. Rahiblər ya bişməkdəydi, ya da
şalvarlarını doldurmuşdular. Təpədə üzərində
krallıq etməyə adam qalmamışdı. Yabıdan,
arabaya qoşulmuş atlardan başqa artıq hamının
qarnı açılmışdı. O, qadını arabaya
mindirib özü atın belinə sıçradı.
Yırğalana-yırğalana geriyə döndülər.
Araba cırıldayırdı və çala-çuxura
düşdükcə bu sözlər elə hey qadının
qulağında səslənirdi: “Bəs uşaq necə
olsun?..”
Yanvarın
dördüncü günü hələ günəş
doğmamışdı. Otto hər şeyi
ölçüb-biçməyə başladı, insan ətinin
qaynayıb bişməsi onun düşüncəsini məşğul
edirdi və o, bu məşğuliyyətdən zövq
alırdı. Araba çay daşlarının üstü ilə
irəlilədikcə
adamı atıb-tuturdu. Yamacda araba aşdı və xanım
enişə yuvarlandı. Bu, yabıya ləzzət verdi.
Arabanın yükü ətrafa səpələndi və
çala-çuxur arabada salamat yer qoymadı. Otto arvadına
çatınca kraliça artıq canını
tapşırmışdı. Otto mərhəmət göstərdi:
“Özünü əziyyətdən qurtardı”. Birdən
qadının gilə bulaşmış paltarını
gördükdə özündən çıxdı.
“Körpə. Vaxtından əvvəl doğulmuş oğlan
uşağı! Şahzadə!” Eqoist olsa da, Otto ilk dəfə
hiss elədi ki, ürəyinin ən zərif telləri titrədi.
Uşaq qımıldananda ürəyi əsdi. O, buna heç
şübhə etmədi. Krallığın əsl varisi
doğulmuşdu. Səsi sərçə cikkiltisini
andırırdı. Bu, qeyri-adi bir doğuluş idi. “Ey
ucalardan uca, sən Qadirsən!” - Otto üzünü göylərə
tutdu: “Bütün uşaqlarımı əlimdən
alıbsan. Axı bu nə sirdir? Nə vaxt bu əzablar sona yetəcək?” Göy üzü ona dişini ağartmaqla cavab
verirdi. “Bizim dalğaya qoşulun və
üçüncü akt sona yetən kimi bütün sirlər
açılacaq”. Budur, Tefton ucqarında
bizim gənc şahımız Otto bir əlində körpə,
bir əlində isə ölmüş xanımını
tutaraq dayanmışdı. Körpə
artıq əməlli-başlı
çığırırdı və yemək istəyirdi.
Anasının isə bədəni artıq
soyumuşdu.
Arabanın təkəri hələ də
fırlanırdı. Yabılarsa qaçıb getmişdi… Demək olmazdı ki, dünyanın sonuna verilən
biletlər geri qaytarılıb. Siz
bütün dünyanın hökmdarını heç bu vəziyyətdə
görmüsünüzmü? Onun dişləri
xırçıldayır, saçları yolunur, səsini isə
ancaq özü eşidir. Köməksizdir.
Dağın arxasından sanki kimsə ona
öyüd verir. Başqa heç nə.
Burada, otluqlar içində vaxtsız-vədəsiz
dünyaya təşrif gətirmiş bu körpəni varis
adlandırmaq olarmı? Birdən dərin
quyunun dibində ümid işartısı sezilir.
Oradakı yol göstərən ulduz haranısa nişan
verir, cəzbedici, eyni zamanda dəhşətlidir. Soyuq öz təsirini göstərir. Cansız
qadının əvəzi ödənilmişdi və bu
cansız bədənin döşündən süd
axırdı! Budur, bizim qəhrəmanımız
səssiz-səssiz ağlayır. İnanmaq
olmurdu. Ona desəydilər, qayanı
sıxıb qan çıxarardı, di gəl, cəsədin
döşündən südü necə sağsın? Ancaq bir qədər sonra ananın döşündən
axan süd otların arasıyla qoşa cığır
açaraq axmağa başladı. Keçi
də, dişi eşşək də, inək də süd
qoxusu hiss edib bir yerə yığıldılar. Otto fikirləşdi ki, bunların dördünü
də birdən necə yemləsin? Kəndin
yaxınlığındakı açıqlıqda toyuq hini və
kartof anbarı gözə dəyirdi. Ot
tayası gecələmək üçün əlverişli
idi. Gecənin qaranlığında ot
tayası uzaqdan ağarırdı. Buradan heç kim şübhələnməzdi. Ata oğlu ilə birlikdə yaşaya bilərdi.
Körpənin dərisi atası yıxılarkən
sıyrıldı. Sanki onlar cəzasız
qalan əməllərini davam etdirirdilər. Otto bilmirdi ki, kənd sakinləri bu yöndəmsiz
oğurluğun şahidi olurlar. Kəndin
ucqarlarındakı daxma və komalarda artıq onun söhbəti
gedirdi. “Budur, şahzadənin ailəsi - dəli
Otto çağanı donuz balası kimi qoltuğuna vurub qaçan
adicə oğrudur və əlindəki qənimət onun
varisidir”.
Ottonun bircə dəfə də xəyalına
gəlmədi ki, o, nə vaxtsa hakimi-mütləq olub. Lakin bir gün ətrafı gəzərkən təsadüfən
təpənin üstündən baxanda uzaqda dəbdəbəli
bir saray gördü. “Malikanə” - Otto uşağa dedi.
Dörd ay vaxt lazım oldu ki, Otto oğlu
ilə birgə donuzluqla sarayın arasındakı doqquz mil
yolu qət etsin. Min illik dağın təpəsindən
sarayın qapısınacan dünyanın ən uzun yolu idi.
Orta hesabla aya iki mil düşür. Məsafəni gözəyarı ölçdü.
Otto bərk təəccübləndi ki, niyə qapının
ağzında heç kim durmayıb. Lakin içəri girən kimi hər şeyi
başa düşdü. Bəli, o, donuz damında gecələyirdi!
Baxışları bir yerdə qərar tutmurdu.
Vaxtilə hər yerdə hökmləri
sözsüz icra edilirdi.
İndi artıq şəhərin əvvəlki
görkəmindən əsər-əlamət
qalmamışdı. Adamlar döngələrdə
siçovul kimi qaynaşırdı, satılmayan mallar
piştaxtalarda çürüyürdü. Qoca dilənçilər və yiyəsiz uşaqlar
zibillikdə eşələnirdilər.
Bu aylar ərzində onun doğma vətəni
nə qədər dəyişmişdi?! Şəhər tanınmaz hala
düşmüşdü. O, özü də dəyişmişdi.
Taxt-tacı olan məkana daxil oldu - hər
gün burada günahkarlar cəzalandırılırdı.
Qamçılama mötəbər bir iş
sayılırdı. “Axirətə
hazırlıq fantasmaqoriyası hələ də davam edir!”
İeronim Bosxun mənzərəsi: qamçı vuranın
qamçısı… vıyıldayır… övliyaları satan keşişin arvadı da burada idi. Bəli, hakimiyyət keşişlərin əlinə
keçmişdi.
Lakin qəfildən hər şey dəyişir. “Artıq bəsdir! - Otto qışqırır
- sizin hökmdarınız sizə əmr edir ki,
dayanasınız! Birdəfəlik!” Sədrlik edən rahiblər Ottonu və yanındakı
vəliəhdi görcək şalvarlarını doldursalar da,
yenə də yuxarıdan getməyə cəhd etdilər.
“Necə sübut edəcəksən ki, sən
bizim hökmdarsan? Açıq-aşkar
şaha oxşamırsan. Üzünü
saqqal basıb, özün də cır-cındır
içindəsən. Bizim kralımız
isə şan-şöhrət dağının zirvəsindən
əbədiyyətə qovuşub. Çoxları
buna şahid olub. Burada kim şəhadət
verə bilər?” - tələb edənlərin
səs-küyü güclənirdi. “Bəs
uşaq necə olsun?” Otto əlindəki
uşağı yuxarı qaldırıb göstərdi. Axı o, varisdir. Uşaq isə
ağlayırdı. Yerə uzanmış
kəndlilər də ayağa qalxıb xorla “axı o,
varisdir,” - deməyə başladılar.
Rahiblərlə gözətçilər, inkvizitorlar
birlikdə ölçüb-biçməyə
başladılar: “Hər şey bitdi. Axırda bəxtimiz
gətirmədi. Axmaqlar qiyama qalxdı.
İndi hər kəs özü
üçün müqəddəsdir.”
Yalan həqiqəti tapdayıb keçir və
dolaşıq yalanlarla dolu bu cızma-qaranın mənası nədir
görəsən? Şöhrətin sonu yoxdur, əgər
yüksəklərə qalxmısansa… Amma təəssüf
ki, orada bizi qocalığın gözlədiyini hesaba
almırıq. Burada hiylə keçmir: istəyirsən
götür, istəmirsən tulla, istəyirsən inan, istəmirsən
inanma və bütün günü “tra-lya-lya” oxu. Sən torun içindəsən, hələ ürəyin
bulanmır… Mən? Bəs mən
kiməm? Armagedon burnumuzun ucundadır.
Hi-hi-ho…
Ken Kizi
Çevirdi:
Kənan Hacı
Ədəbiyyat
qəzeti.- 2014.- 18 aprel.- S.15.