Görkəmli rejissor, dəyərli pedaqoq

 

Tofiq İsmayılov-75

 

Tofiq İsmayılov Bakıda qulluqçu ailəsində anadan olub, 190 saylı orta məktəbdə oxuyub. O, müharibədən sonrakı illərin əzab-əziyyətlərinə sinə gərib asudə vaxtını dram dərnəyində keçirib, aktyorluq sənətinin sirlərini öyrənib. Gənc Tamaşaçılar Teatrının səhnəsində epizodik rollar oynayıb.

1962-ci ildə M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Gənc Tamaşaçılar Teatrında əsas rolları bacarıqla yaradıb. 1964-cü ildən təhsilini rejissorluq fakültəsində davam etdirib. Teleradio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor kimi çalışıb.

Ötən əsrin 60-cı illərindən Azərbaycan radiosunun uşaq verilişləri şöbəsinin rejissoru Tofiq İsmayılovun Anarın ssenarisi, istedadlı aktyor Hüseynağa Sadıqovun aparıcılığı ilə efirə çıxan «Xoruz baba» verilişi hətta yaşlılar tərəfindən sevilirdi. Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Danabaş kəndinin məktəbi" pyesləri əsasında "Ölülər", "Dəlilər", "Dirilər" adlı üç hissəli radiotamaşa isə Tofiq İsmayılovun dostu Anarla fundamental işi olub. Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin radioda təqdimatının həyata keçirilməsində müstəsna rol oynayan Tofiq İsmayılov on səkkiz il ərzində AzTV-nin efirində gedən ”Danışan şəkillər şəhərciyi” verilişində müəllif və aparıcı kimi uşaqlara audiovizual sənətin sirlərini öyrədib. “Kino yenilikləri” adlı digər verilişində isə ekran sənətindəki yeniliklərlə tamaşaçıları tanış edib, maarifçilik missiyasını yerinə yetirib.

“Azərbaycanfilm”də dublyaj rejissoru kimi işə başlayan Tofiq İsmayılovun kino yaradıcılığındakı bir neçə məqamın əvvəlində “ilk” kəlməsini işlətmək gərəkdir. Məsələn, Moskvada iki illik ali rejissorluqssenari kursunun «televiziya rejissorluğu» bölməsində oxuyarkən “Aztelefilmin bazasında “Şəhərimin daşları” adlı (1968) ilk kurs işi ilə o uğur qazanıb, ekran rejissoru kimi özünü təsdiqləyib. Ali rejissorluq kursunu bitirərkən diplom işi kimi Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi üzrə çəkdiyi “İntizar” (1969) qısametrajlı filmi o zaman Mərkəzi Televiziyada Ümumittifaq miqyasında göstərilən ilk ekran əsəridir. Mehdi Hüseynin "Abşeron" romanı əsasında çəkdiyi üç seriyalı “Vulkana doğrufilmi seriallarımızın pioneridir. “Azərbaycanfilm” kinostudiyasında çalışdığı illərdə otuza yaxın bədii-oyun və sənədli film çəkən rejissor məhsuldarlıq baxımından da liderdir.

Tofiq İsmayılov "Oxuyur Müslüm Maqomayev" (1971) filmində ilk dəfə bu möhtəşəm sənətkarı müğənni, pianoçu, bəstəkar və hətta heykəltəraş kimi göstərə bildi. Maraqlıdır ki, məhz bu filmin materialları müxtəlif ölkələrdə bu sənətkar haqqında sonradan ərsəyə gələn ekran əsərlərində kinoxronika kimi istifadə olunmaqdadır. Görkəmli ədib İlyas Əfəndiyevin "Körpüsalanlar" povesti əsasında çəkdiyi "Çarvadarların izi ilə" (1974) bədii televiziya filmində ulu babalarının açdıqları cığırlarla yolların, körpülərin salınmasını, keçmişə, köklərə bağlılığı insan taleyində verə bilir. Mərkəzi Televiziyanın sifarişi ilə yaradılan "Gilas ağacı", "Bizim məhəllənin oğlanları", "Mən mahnı bəstələyirəm", "Musiqi müəllimi", "Yaz günlərinin xəzan yarpaqları", "Sürəyya", "Babalarımızın torpağı" və s. kimi ekran əsərlərində Tofiq İsmayılov sənətdə yaxın döyüşün ustası olduğunu sübuta yetirdi. Onun filmlərində uşaqların, gənclərin müşküllərinin çözülməsi rejissorun əsas qayəsinə çevrildi. Uşaq, yeniyetmə auditoriyasına ünvanlanan bu filmlər əslində ekran sənətinin gənc nəslin mənəvi zənginliyinə ünvanlanmasının təzahürüdür.

Sənədli və elmi-kütləvi filmlər sahəsində də, daim öz peşəkar üslubunu cilalayan Tofiq İsmayılovun ölməz rəqqasə Əminə Dilbazi barədəki "Prima" filminin çəkilməsinin şahidiyəm. Əminə xanımın və ətrafındakı qızların çevik rəqsinin kameranın hərəkəti ilə daha da artırılması ekranda tamaşaçını şoka salan ekspressianizm yaratdı. Böyük bəstəkarımız Tofiq Quliyev barədə Tofiq İsmayılovun Eldar Quliyevlə birgə çəkdiyi "Nəğməli ömür" (Özümzaman haqqında) adlı tammetrajlı film sənətkarın psixolojimusiqi dünyasını müxtəlif rakurslardan açır. O, "Sənətkarlarımızın portreti" silsiləsindən Gülxar Həsənova, Xəyyam Mirzəzadə barədə də maraqlı sənədli filmlər ərsəyə gətirdi. Mövlanə Cəlaləddin Ruminin 800 illiyi şərəfinə YUNESKO-nun keçirdiyi yubiley ərəfəsində Tofiq İsmayılovun çəkdiyi "Gəl, Rumi" elmi-kütləvi (ssenari müəllifi Rafael Hüseynov) filmində şairin həyatı və yaradıcılığı türk xalqının etnoqrafik xüsusiyyətləri kontekstində təzahürünü tapdı.

On beş il ərzində Türkiyədə Memar Sinan Universitetində pedaqoji fəaliyyət göstərən, TRT kanalında işləyən, İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət bölməsində sədrin müşaviri vəzifəsində çalışan Tofiq İsmayılov qardaş ölkədə türk dünyasının kino festivallarının, ədəbiyyat, opera sənətinə dair konsertlərin təşkilində yaxından iştirak etdi. Türkiyənin qəzet və jurnallarında 50-yə yaxın elmi-publisistik məqalə dərc etdirdi, 18 seriyalı "Əfv et məni, xocam" telefilmində çəkildi, qırğız yazıçısı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı əsasında "Manqurt" və qazax şairi Muxtar Şahanovun "Çingiz xanın sirri" mənzum romanı əsasında eyniadlı tamaşanı İstanbul bələdiyyə teatrnın sifarişi ilə səhnələşdirildi. Tədqiqatçı-pedaqoq kimi Tofiq İsmayılovun həyatının İstanbul mərhələsinin ən böyük uğuru üçcildlik "Türk cümhuriyyətlərinin sinema tarixi" əsəri oldu.

1962-ci ildə " dəsmal" adlı ilk uşaq hekayəsini, "Göyərçin" jurnalında çap etdirən Tofiq İsmayılov "Qonşular", "Şəkil-teatr", "Şəkil-kino", "Sevincin yuxusu" və "Diş ağrısı" kitablarının müəllifidir. Tofiq İsmayılovun “Bağ satılır”, “Mənim qızım oxuyacaq”, “Dostların sevgisi”, “Ad günü”, “Olar və olmazın nağılı”, “Sehrli sandıq”, “Könlü balıq istəyənin quyruğu suda gərək”, “Cırtdan mollaxanada”, “Sehrli qazankimi kiçik pyeslərindən, “Diş ağrısı”, “Əlvida gəlinciklər”, “Kirpinin köməyi”, “Özgəyə quyu qazan”, “Sarıdimdik”, “Əsl kişi”, “Qırxayağın rəqsi”, “Sehrli çubuq”, “Qırmızı çiyələklər”, “Ən əsas fəsil”, “Balaca dovşaniki ac canavar”, “Qar çiçəyi”, “Ağıllı tısbağa”, “Gombul” və sair kimi hekayələrindən ibarət “Kinoya gedən pişik” (2011) toplusu təkcə uşaqlar üçün maraqlı deyil. Professor Nizami Cəfərovun bu topluya yazdığı ön sözdəki: “Əsərlərinə, kino fəaliyyətinə nəzər yetirərkən Tofiq İsmayılov sadəcə dəyərli filmlər çəkmiş görkəmli bir rejissor olaraq görünmür. Çünki o, həm də bir hekayəçi, nağılçı, yazıçı olaraq istedadlıdır. Eyni zamanda o, səhnədə oynanılmaq üçün xeyli sayda pyeslərə, filmlərə ssenarilər yazmış bir dramaturq kimi də tanınmışdır. Onun fəaliyyətinin digər vacib bir qolu da odur ki, uzun illər bir pedaqoq olaraq çalışmış, bir-birindən istedadlı sənətkarlar yetişdirmişdir. Bu mənada, bütövlükdə Tofiq İsmayılovun bir sənətkar olaraq fəaliyyəti geniş və təqdirəlayiqdir. Müəllifin müraciət etdiyi mövzular cəlbedici olmaqla, bədii cəhətdən çox maraqlı və tərbiyəvidir” qənaəti rejissorun çoxşaxəli yaradıcılığını uğurla səciyyələndirir.

1971-ci ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi çalışan, 1990-cı ildə yarananKinoteleviziya” kafedrasının ilk müdiri, "Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyasını ərsəyə gətirən, hal-hazırda pedaqoji fəaliyyətini uğurla davam etdirən əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın xalq artisti Tofiq Hüseyn oğlu İsmayılov neçə-neçə tələbə nəslinin də dərin rəğbətini qazanmaqdadır.

Qırx ildir tanıdığım Tofiq İsmayılov həyatı boyu dəyişməyən nadir insanlardandır. “Azərbaycanfilm” kinostudiyasında çalışan çoxsaylı sənətkarlar arasında sözünün kəsəri, bütövlüyü, dar günün dostu imicini daim qoruyan Tofiq İsmayılovun əsas göstəricisi də elə onun əyilməz qüruru ilə bağlıdır.

Tanınmış rejissorun bir neçə filminə təhlili baxışımı diqqətinizə çatdırıram.

***

Tofiq İsmayılovun quruluş verdiyi «Bizim küçənin oğlanları» filmi (ssenari müəllifi Oqtay Orucov. 1973) gənclərin peşə yönümündən bəhs edir. Filmin bəstəkarı Nazim Əliverdibəyovun «Yollar» mahnısının uşaq xorunun ifasında səslənməsi ilə yeni tikilən binalardan köhnə məhəllələrə keçidlə çöldə qoyulmuş televizorda göstərilən «Nu poqodi»ni izləyən camaatın uşaqlı qadınla evinə qayıdan mühəndis İbrahimə (Şahmar Ələkbərov) heyrətlənmələri mühiti açır. Səhər açıldıqda orta məktəbi yenicə bitirmiş Arif (Ənvər Həsənov), Tofiq (Salam İsmayılov) və Rasimin (Ömür Nağıyev) özünə toyxana quran İbrahimin yanından keçərək şəhərə üz tutmaları, futbol oynayan uşaqların birinin yay gözlüyünün müzakirəsi və Səriyyə xalanın (Nəsibə Zeynalova) qeybət qıran qadınları durdurması, şəhərdən qayıdan yeniyetmələrin «Ay məhəllə uşaqları, əl çalın oynayaq» kimi meyxana ritmi altında rəqsləri, Arifin aldığı medala mahnı qoşulması, zurna, nağara sədası altında hamının toya yığılması karnaval estetikası yaradır.

İbrahimin dul, yanıuşaqlı qadına evlənməsinə etiraz edən Mehdi kişi (Əliağa Ağayev) ilə Rüstəm kişinin (Ağasadıq Gəraybəyli) yarı xoş, yarı zorla məclisə gəlməsi, yeniyetmələrin qol götürüb oynamaları təsviri zənginləşdirir. Kəndin kənarındakı çayda balıq tutmağa hazırlaşan Arifin şəhərli qız Elmira (Sədaqət Dadaşova) ilə ünsiyyəti məkan əlaqəsini reallaşdıran sevginin simvoluna çevrilir.

Qızının patefonda, yeniyetmələrin arasındakı Əliş ((Tariyel Qasımov) üçün səsləndirdiyi «Ay ana, dostum evlənir» mahnısını evə qayıdan Rüstəm kişinin yarımçıq kəsməsi digər sevgi epizodunu da mexaniki olaraq ortaya atır. Və nəhayət, Mehdi kişinin tibbə dair aldığı kitabları evinə gətirərək oğlu Rasimi həkim görmək istəməsi mövzuya dair ilkin ziddiyyəti yaxınlaşdırır. Hərbi məktəbə daxil olmaq istəyən Tofiqin atası Əbdülün (Məlik Dadaşov) oğluna: «Hansı peşəni seçirsənsə-seç, peşəkar olmalısan» - deməsindən sonra onu meşədəki taxta zavodunda çalışdırmaq istəməsi, çayda balıq tutub oradaca ocaqda bişirib təbiətin qoynunda açdıqları süfrədə yeyən Ariflə Elmiranın peşə barədə söhbətləri problemi yeni kontekstdə təkrarlayır. Ariflə söhbətində bioloq olmaq istəyib, ötən il imtahanda dodağına sürtdüyü boyanın tərkibini bilmədiyinə görə kimyadan kəsildiyini deyən Elmiranın mətni orta məktəb proqramından kənar olsa da, mövzu istiqamətini nizamlaya bilir. Yağışın yağması ilə süfrəni yığışdıran gənclərin qol-budaqlı ağacın altında gizlənmələri və qızın göy qurşağının altından keçməsinin təsviri həlli quruluşçu operator Rafiq Qəmbərovun peşəkarlığını təsdiqləyir.

Beləliklə, bu filmdə quruluşçu rejissorun peşəkarlarla yanaşı, yeniyetmə aktyorlarla da işləmək bacarığı maraqlı bir filmi ərsəyə gətirdi.

***

Şifahi xalq ədəbiyyatımızda fantasmoqorik obrazlı mühiti və kəskin ziddiyyətlərin təqdimatı ilə seçilən, mükəmməl dramaturji modelə malik «Məlikməmməd» nağılı əsasında Oqtay Altunbayın yazdığı «Gecə yarıdan keçəndə» ssenarisində səksən yaşlı padşahın böyük oğlu Böyükxan çovkan oynayan igid, ortancıl oğul Xanməmməd isə yeyib-yatan qarınqulu, kiçik oğul Xanəhməd isə tora düşmüş ceyran balasını xilas edən xeyirxah personaj kimi xarakterizə edilir. Padşaha alma tingi bağışlayan qocanın nağıllara xas olan rebus-tapmacaları əsasında Xanəhmədin ağıllılığı sübut olunur.

Şahın əmrilə ting bağda əkildikdən sonra qapısında üçbaşlı əjdaha keşik çəkən mağara - şər qüvvələrin mühiti təsvir olunur.

İlk kadrlarda quru otların, ağacın yanması lokal şərtilik yaratmaqla hadisələrin mühitinin tam açılışına təminat verə bilməsə də, alovların əhatəsində, qaranlıq zirzəmidə divlər sarayının, filmin bəstəkarı Tofiq Quliyevin gərgin musiqisi altında təsvirindən sonra Hökmdarın (H.Məmmədov) quşların cəh-cəh vurduğu güllü-çiçəkli sarayına gələn qocaya üç oğlunun bir-biri ilə yola getmədiyini, xalqın dərdini heç birinin çəkə bilməyəcəyini, torpağın yağıdan qorunmayacağını söyləməsi problemi səciyyələndirir. Nağılçı qocanın (M.Şeyxzamanov) əlinin işarəsilə görünən təsvirdə tənbəl qardaşları Şahməmmədlə (Elşad Qazıyev) Xanməmməddən (Viktor Demirtaş) fərqli olaraq Məlikməmmədin (Ötkəm İsgəndərov) qartal yemləməsi Qarayelə qarşı durmağın mümkünlüyünü səciyyələndirir. Növbəti kadrda Qocanın əlinin gücü ilə açılan mücrüdə divin bağından yığılan almaların olması çaşqınlıq yaratsa da, dünyanı viran qoyan Qarayelin (Haşım Qadoyev) divlərini (Eldəniz Zeynalov, Siyavuş Aslan, Yaşar Nuriyev) sir-sifətdən adama çevirməsi yarımmifik personajları təqdim edir. Həmin rəqqasələrə çevrilən divlərin ovsunu ilə qardaşların yatırılması, Məlikməmmədin isə barmağını kəsərək müqavimət göstərməsi nağıl motivini yeni kontekstdə canlandırır. Div mücrüdəki almanı götürüb apardıqdan sonra Məlikməmmədin qardaşlarını çağırması «güc birlikdədir» zərb-məsəlini struktura qoşur.

 

Aydın Dadaşov

professor

 

Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.5.