Qarabağı və onun
folklorunu unutmayaq
Müasir dövrümüzdə Qərb ölkələrinin ali təhsil müəssisələrində oxuyan gənclərimizin sayı ilbəil artır. Avropaya inteqrasiya kimi mühüm bir ərəfədə yeniyetmələrin xalqımızın qəhrəmanlıq salnaməsini, möhtəşəm tarixi keçmişini, dilini, adət-ənənələrini özündə yaşadan folklor örnəklərini daim xatırlayaraq “qloballaşma” adı altında aparılan beyinlərin təmizlənməsi, eyni zamanda yad dəyərlərlə “zənginləşdirilməsi əməliyyatı”nın qurbanı olmamaları, milli kimliklərini unutmamaları olduqca vacib amildir. Eyni zamanda, Qarabağ kimi dərdi, ağrı-acısı olan bir xalqın gəncliyi qəhrəmanlıq tariximizi, keçmişimizi, Qarabağı, onun zəngin folklorunu bir an belə unutmamalıdır.
Folklorçular İctimai Birliyi yeniyetmələr arasında milli vətənpərvərlik hisslərinin
gücləndirilməsi məqsədi ilə Azərbaycanın
qəhrəmanlıq obrazlarından bəhs edən folklor nümunələrinin təbliğinin
artırılması, gənc nəslin öz
folklor nümunələri ilə daha yaxından tanış olması və
onların təbliği yollarının öyrənilməsi
ilə bağlı “Yeniyetmələr arasında vətənpərvərlik
ruhunun yüksəlməsində folklorun rolu” mövzusunda layihə həyata keçirməyə
başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı
ilə həyata keçirilir.
Folklorçular İctimai Birliyi və AMEA Folklor İnstitutunun “Gənc
alim və mütəxəssislər
şurası” ilk tədbirini 8 aprel 2014-cü ildə Xocavənd rayonunun Salatın kənd orta
məktəbində keçirmişdir. Tədbirdə Xocavənd rayon İcra Hakimiyyəti
başçısının müavini, ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri
Əfsanə Quliyeva, Salatın kənd orta məktəbinin direktoru
Rəmziyyə Aslanova, “Xocavənd” ictimai-siyasi qəzetinin baş
redaktoru Gültəkin Ağayeva,
məktəbin müəllim və şagird
kollektivi iştirak
etmişdir.
Tədbir zamanı təşkilatın
təmsilçisi Vəfa Saleh
iştirakçılara tədbir haqqında, Azərbaycan folkloru, onun xüsusiyyətləri
haqqında geniş məlumat vermişdir. AMEA Folklor İnstitutunun “Gənc
alim və mütəxəssislər
şurası”nın üzvü, fil.ü.f.d. Ləman Süleymanova çıxış edərək
iştirakçılara müasir zamanda bütün
xalqların, eyni zamanda
Azərbaycan xalqının öz milli-mənəvi
mədəniyyətlərinə sahib
çıxmasının, onu qoruyub, təbliğ edib gələcək
nəsillərə ötürməsi işinin
nə qədər vacib olduğunu bildirmişdir. Sonra isə şagirdlərə inşa müsabiqəsinin mövzusu
təqdim edilmişdir. Növbəti
gündə inşalar yazılmış
və onlar məktəbin müəllim kollektivi ilə birgə yoxlanılmağa
başlanmışdır. 3-cü gün inşa müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar. Qeyd edək ki,
müsabiqənin şərtlərinə görə 1-ci yerdə
olan qalibə 100 manat,
2-ci yerdə olan qalibə 70 manat, 3-cü yerdə olan
qalibə 50 manat pul
mükafatı verilmişdir. İnşa müsabiqəsində Xocavənd rayonunun Salatın kənd orta
məktəbinin şagirdləri Qədimli Çinarə 1-ci,
Günay Aslanova 2-ci,
Leyla Mustafayeva 3-cü
yerə çıxmışdır. Aygün
Abdullayeva, Əfsanə Rüstəmova, Səmayə
Vəlizadə isə həvəsləndirici mükafatlar
almışlar. Bundan başqa, müsabiqədə iştirak edən digər şagirdləri həvəsləndirmək
məqsədi ilə daha 3 yaxşı inşa müəlliflərinə də həvəsləndirici
mükafat kimi AMEA Folklor
İnstitutunun nəşr etdiyi
“Qarabağ: folklor da bir tarixdir”
kitabları təqdim olunmuşdur.
Tədbirin sonunda çıxış edən Xocavənd
rayonu Salatın kənd orta
məktəbin direktoru Rəmziyyə Aslanova təşkilat nümayəndələrinə
öz minnətdarlığını
bildirərək, gələcəkdə də belə tədbirlərin
keçirilməsi vacibliyini bildirmişdir.
A.Savalan
Ədəbiyyat
qəzeti.- 2014.- 18 aprel.- S.16.