Sufizmə dair ədəbi
traktat
Bəşəriyyət
yarandığı gündən insanın ən böyük
arzusu Allah dərgahına yetişmək, ona qovuşmaq olub. Nə ism, nə də cism olan o ilahi nura qərq olmaq
cənnət adlanan səadət dünyasına düşmək,
xüsusilə səma kitabları - Tövrat, Zabur, İncil,
Quran dünyaya gəlib dinlər formalaşdırdıqdan
sonra insanlığın ali məramına çevrilib. Şərqdə
IX əsrdə dində meydana gəlmiş və təməl
tapmış sufizmdə - təsəvvüfdə bu ali məramın
yolçuları tarixdə, fəlsəfədə, poeziyada
qüdrətli mütəfəkkirlər olmuşlar.
Xüsusilə
indiki qloballaşma, bundan dolayısı elmin, mədəniyyətin
inteqrasiyası dövründə sufizmlə bağlı tədqiqatın
meydana çıxması böyük milli təfəkkür
hadisəsidir. Füzulişünas
alim, filologiya elmləri doktoru, professor Gülşən
Əliyeva- Kəngərlinin bu il Azərbaycan və ingilis dillərində
çap olunmuş «Sufizm» kitabı bu mürəkkəb və
maraqlı elmin öyrənilməsi sahəsində uğurlu
addımdır. G.Əliyeva - Kəngərli ənənəvi
monoqrafik standartlardan imtina edərək sufizmə XVIII əsr
maarifçi filosofları tərzində bütöv - munist
baxışla nəzər salır və onu traktat kimi işləyir.
Olduqca dolğun və
müxtəsər «Ön söz»də müəllif bu çətin
mövzuda kitab yazmaqda məramını belə ifadə edir:
«İnsan daima öz kimliyini sübut üçün yollar
axtarıb. Belə böyük yollardan biri də sufizmdir (təsəvvüfdür)…
Sufizmdən yazmaq əbədi bəlaya düçar olmaq deməkdir.
Allah necədir və haradadır?..
Bunu heç kim bilmir. Onun
qüdrəti gözəgörünməzliyindədir. Fəqət
insan ömrü boyu Allah dərgahına can atıb. Sufizmin gücü də bundadır ki, onun bir
başında Məxluq- İnsan, o biri başında - Xaliq-
Allah dayanır. Dünya deyilən
anlayış bu iki sonucun hüdudundadır. Dünya insandan Allaha gedən yoldur. Sufizm bu yolu gedən insanın keçirdiyi mənəvi
həzz və iztirablardan, bu yolda yaşadığı
düşüncələrdən ibarətdir».
Sufizmi «ilahi nur fədaisi» adlandıran
müəllif böyük bir elmi cəsarət edərək
ona sadə, aydın və dəqiq tərif verir. «Sufizm məxluqun (insanın) Xaliqə (Allaha) mistik
(ilahi) məhəbbəti (ona qovuşması, onda əriyib itməsi)
haqqında fəlsəfi təlimdir».
Müəllif sufizmə çox ciddi nəzəri
hazırlıqla yanaşır: İslam dinini, türk təsəvvüf
fəlsəfəsini, orta əsrlər ədəbi-tarixi
mühitini, XIII-XVI əsrlərdə oğuz-səlcuq mədəniyyətinin
formalaşmasını diqqətlə izləyir. Onun bu çətin,
mürəkkəb və ziddiyyətli problemə yanaşma tərzi
də maraqlı və məsuliyyətlidir: «Sufizm qumluqda
qazılan quyuya bənzəyir, qazdıqca və getdikcə
müəmmaya çevrilir. Nəsilbənəsil
ömrünü sufizmin dərkinə və şərhinə
həsr etmiş övliyalar , şeyxlər,
mürşidlər, müridlər, üləmalar olub. Sufizm bu gün də dərkolunmaz olaraq qalır».
Sufizmə bütöv fəlsəfi sistem
kimi yanaşan müəllif həm onun mənşəyi, həm
də bu terminin mənası üzərində dayanır. Alim «Sufi»
termininin suf- yəni yun, səf- mürşidin ardınca
düzülmüş çərəkə, səfa - təmizlik,
saf, safos- müdrik kimi mənaları üzərində
dayanır. Müəllif terminləri mənalarını dəqiqləşdirməyin
elm üçün vacib olduğunu, lakin onlara ali
dəqiqliyin perspektivsizliyini qeyd edərək sufizmin mənşəyi
problemini ön plana çəkir. «İslamda bir təriqət
kimi sufiliyin islam mənşəyinə şübhə yoxdur»
fikrini qəbul edən müəllif yazır: «Sufizm nəzəriyyəsinin
banilərindən biri bu sahədə mərhələ
yaratmış İmam Qəzali belə bir fikir söyləyib:
«Ərəblər Rəsulillahın peyğəmbərlikdən
əvvəl Hira dağına çəkilib ibadət etdiyini
gördükləri zaman «Məhəmməd Rəbbinə aşiq
olmuşdur!» - deyiblər».
Beləliklə, sufizmin əsasında Peyğəmbərin
Allaha eşqi, sevgisi dayanır». Gülşən
xanım sufizmin dinlə genetik bağlılığı və
ziddiyyətləri haqqında aydın təsəvvürlərə
malikdir. O, «Azərbaycan
füzulişünaslığı» monoqrafiyasında, «Bədii
düşüncə: tarixi gerçəklik və estetik
ideal» adlı fundamental kitabında füzulinin «Rindü-Zahid» əsərindən
bəhs edərkən zahidliyin süfizmin ilkin mərhələsi
olduğunu söyləyir. «Sufizm» traktatında isə müəllif
yazır: «Zahidlikdən sufizmə keçid IX əsrin önlərində
baş verdi. Bu, təkcə
sufizmin tarixində yox, islam sivilizasiyasında diqqətəlayiq
hadisə idi».
Gülşənin iki dildə çap
olunmuş «Sufizm» kitabı təkcə milli filoloji fikrin deyil,
tarixi-fəlsəfi düşüncəmizin dəyərli
nümunəsidir. Sakit və təmkinli bir
üslubda, mütəfəkkir ədası və yüksək
intellektlə yazılmış bu traktatda dünyanı
düşündürən sufizm təliminə bir
aydınlıq gətirir. Bu kitabda sufizm tarixində mərhələ
yaratmış üç böyük mütəfəkkirin -
təsəvvüfü islam teologiyası ilə birləşdirərək
sufizmin əsas ziddiyyətini həll etmiş Əbu Həmid
Əl Qəzalinin (1058-1111), vəhdəti -vücudun əsasını
qoymuş Məhəmməd İbn əl- Ərəbinin
(1165-1240) və «Sufizmin açarı» sayılan «Gülşəni-Raz»ı
yazmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320)
fəlsəfi görüşləri - sufizm təlimləri
konseptual şəkildə açılıb şərh
olunur. Qloballaşma dövrünün ziddiyyətləri
qarşısında çaş-baş qalmış
çağdaş Azərbaycan oxucusuna təkcə bu
üç sufi mütəfəkkiri təqdim
etməsi kitabın böyük elmi tarixi dəyərini əks
etdirir.
Müəllif mənbələrə istinadən
yazır ki, həm İmam Qəzali, həm də İbn
Ərəbi hər ikisi sufi ailəsindən
çıxmışdır. Birinci əvvəlcə sxolastik
elmlərlə məşğul olmuş, sonra sufizmə gəlmiş , ikinci isə əvvəlcədən
mistik məhəbbət poeziyası yaratmış, dərin həyəcanlar
səbəbindən hətta psixi gərginlik
yaşamışdır. Müəllif yazır: «Sufizmin
poeziyaya gəlişi eyni mənbədən - ilahi varlıqdan
gün və enerji alır. İlham da, mistik həyəcan
da Allahdan gəlir və Allaha qayıtmağın vasitələridir».
Kitaba mistik həyəcan doğuran əsas vasitələr
eşq, poeziya, ibadət, musiqi, rəqs və s.
salınmış, şəriət, təriqət, mədəniyyət,
həqiqət mərhələlərindəki
yaşantılar təhlil və təqdim olunur. Şübhəsiz ki, sufizmi bədii-fəlsəfi təlim
kimi araşdırmaya cəlb edən müəllif poeziyaya daha
geniş önəm verir. Burada Şərqin
klassik sufiləri Sənan Qəznəvi, Fəriəddin
Ətdar, Əbdürrəhman Cami nəzərə
çatdırılsa da, Gülşən xanım əsas diqqəti
türk sufizminə yönəldir. Türk
sufizmi dərin köklərə malikdir. Onun
məişətində dayanan ilkin təşəkkülünə
rəvac verən şəxs «Divani-Hikmət» müəllifi
Xoca Əhməd Şeyx İbrahim oğlu Yəsəvi
olmuşdur. «Sufizm» kitabında Yəsəviliyin
bir elm kimi formalaşması, bu əfsanəvi şəxsiyyətin
Azərbaycanda öyrənilməsi məsələləri
müəyyən yer alır. Müəllif mənbələrə
istinadən belə qənaətə gəlir ki, pak türk sufi təriqəti olan Yəsəvilik Mövlanə
Cəlaləddin Rumidən tutmuş XIX əsr Azərbaycan
şairləri Nəbati, Vazehə qədər ədəbiyyata
güclü təsir etmişdir.
«Sufizm» kitabında «Ümumtürk ədəbiyyatında
sufizmin ilk korifeylərindən biri» olaraq Mövlanə Cəlaləddin
Rumi tədqiqata alınır. Ruminin həm həyatı
və taleyini, həm misilsiz «mənəviyyat-məsnəviləri»ni, həm də böyük Sufi Şəms Təbrizi
ilə münasibətlərini geniş təhlil edən
G.Əliyeva-Kəngərli «Mövlanənin poeziyası
türk sivilizasiyasında sufizmə bəraət
qazandırdı, bədii-fəlsəfi cərəyan kimi onun
təşəkkülünü təmin etdi» - yazır. Bir
çox müəlliflərin bəzən ikibaşlı,
müəmmalı qənaətlərindən fərqli olaraq
Gülşən Rumi ilə Şəms Təbrizi
arasındakı münasibətlərə aydınlıq gətirir:
«Əminliklə qeyd etməliyik ki, Mövlanə Cəlaləddin
Rumi ilə Şəmsəddin Təbrizi arasındakı
münasibət cinsiyyət yox, ülviyyət mənasında
qurulmuşdur. Bu ilahi sevgi və mütləq bir
eşq idi. Tarixdə onların obrazı əl-ələ
tutub Allaha doğru gedən müqəddəslər kimi
qalacaq».
Əhməd Yəsəvi Füzuli ilə
yanaşı müəllif Yunis İmrəni «Türk sufizminin
parlaq təmsilçisi» kimi qiymətləndirir. Yunis İmrənin
dörd ünsür təliminə böyük sufi
İmam Qəzalinin «həm can, həm də ünsürlərdən
hər biri öz əslinə dönəcəkdir» sözləri
ilə izah verir.
«Sufizm» kitabının müəllifi, dahi Füzulinin
«Rindü- Zahid» əsərində elmin qüdrəti
haqqında fikirləri misal gətirir: «Elm ruhani ləzzətlərin
zəncirini hərəkətə gətirəndir və
Allahı tanımaq sirlərinə vasitədir. Bu
ata zahidin mövqeyidir. Oğul Rind isə deyir: «İrfan
istedadı xətdən (elmdən) asılı deyildir».
Müəllif Rindin mövqeyində durur və fikrimizcə,
bu məsələyə mükəmməl bir izah verir: «Allah
insanın qəlbində olmalıdır. Mən
bu fikirdəyəm ki, Allah sevən ürəklərdə gecələyir.
Vaxtı yetmişkən bir fikri də ərz edim: bir var
müdrik elmlər, insanlar kitabları oxuyub filosof olur. Bu yer adamının ağlının imkanları
çevrəsində olan elmlərdir. Bir də
var mistik-səmavi, ilahi elmlər. Müdrikin
yüz kitab oxuyub gəldiyi nəticəni mistik insanın
üzünə bir baxışla hasil edir». Alim bu fikrinə
sübut, illüstrasiya olaraq Yunis İmrənin yeddi əsr əvvəl
söylədiyi bir beyti misal verir:
Elm ilə, hikmət ilə kimsə
girməz bu sirrə,
Bu bir əcayib sirdir; elmə,
kitabə sığmaz.
Müəllif bu beytdən sonra - «Biz də
qoca sufi Yunisi elmə, kitabə sığışdıra bilmərik…»
- deyir. Şübhəsiz ki, kitabın
Azərbaycan ədəbiyyatında sufizm probleminə həsr
olunmuş hissəsi daha çox maraq doğurur. Sufizmin poeziyada XIII əsrdən - XVI əsrə
Ş.M.Şəbüstəridən dahi füzuliyə qədər
keçdiyi təkamül yolu izlənilir. Bu,
əsasən «Poetik fəlsəfədən fəlsəfi
poeziyaya» (S.Xavəri) inkişaf yolu kimi izah olunur. Burada sufizmin üç böyük nəzəriyyəçisindən
biri (Əl-Qəzali, İbn Ərəbidən sonra) olaraq
Ş.M.Şəbüstəri və onun «sufizmin
açarı» adlandırılan «Gülşəni-raz» əsəri
yada salınır. İbn Ərəbi
ideyalarının davamçısı olmuş Ş.M.Şəbüstəri
«Gülşəni-raz»i məşhur Xorasan sufisi Yəsəvinin
ona göndərdiyi 15 suala mənzum cavab olaraq yazıb.
G.Əliyeva - Kəngərli geniş fəlsəfi intellektual təhlil
nəticəsi olaraq bunu belə dəyərləndirir: bir sufi nəzəriyyəçi və şair
kimi Ş.M.Şəbüstəriyə dünya şöhrəti
gətirmiş «Gülşəni-raz» əsərini sufizmin
qamus kitabı, ensiklopediyası kimi qiymətləndirmək
olar. Müəllif «Gülşəni-raz» poemasını sufi fəlsəfə ilə poeziyanı kamil vəhdət
kimi təhlil edir. Ona görə orta
çağlarda, xüsusilə oğuz-səlcuq mədəniyyətinin
təməl tapıb vüsətli inkişaf etdiyi XIII-XVI əsrlərdə
sufizmin də güclü təkamülü baş
vermişdir. Məhz bu dövrdə də
N.Tusinin Marağa rəsədxanasında mükəmməl təhsil
almış Marağalı Əvhədinin məşhur «Cami-cəm»
(1333) didaktik-əxlaqi poeması yaranır. Dahi şair Hafiz Şirazinin özünün piri-təriqəti
saydığı M.Əhvədinin bu əsərini
Gülşən xanım sufizm kontekstində təhlil edir.
Onun Y.İmrə ilə səsləşən
aşağıdakı misralarına diqqəti cəlb edir.
Alim nə öyrənib bilsə dəftərdən,
Mömin onu üzdən oxuyur həmən.
«Sufizm» kitabı yüksək intellektual təfəkkürlə,
Şərq, türk-islam elmi-ədəbi mühitinə dərindən
bələdliklə, olduqca dolğun elmi üslubda
yazılıb. Əsərdə çox çətin
problemlər haqqında dürüst fikir
aydınlığı var. Hiss olunur ki, müəllif Orta əsrlərin
həm ədəbiyyatını, həm fəlsəfi cərəyanlarını,
həm də müəmmalarla, alleqorik fiqurlarla zəngin
poetikasını dərindən mənimsəyib. İlk
baxışdan çox mürəkkəb görünən
cümlələrdə qəribə bir fikir
aydınlığı var. Müəllif Şərqin
bütün fəlsəfi təlimlərini, o cümlədən
sufizmin zəminində dayanan Allah, Cahan və İnsan
münasibətlərində Allaha gedən yolun bütün təkamül
mərhələlərini şəriət, təriqət, mərifət
və həqiqət keçidlərini Azərbaycan bədii-fəlsəfi
sözü kontekstində izləyərkən dahi Füzulidə
zirvəyə ucalır və bir daha oradan enmək istəmir:
«Məhəmməd füzulidən o yana keçə bilmədik,
bu ilahi zirvədə ilişib qaldıq…» Füzulişünas
alim Gülşən Əliyeva-Kəngərlinin «Sufizm» fəlsəfi
traktatı bu qənaətlə bitir. Əslində, bu
sözlərlə də Gülşən özünün
çatdığı Füzuli zirvəsindəki əbədi səadətin
ünvanını nişan verir.
Əlyar
SƏFƏRLİ
AMEA-nın
müxbir üzvü
Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.14.