Qəfil getmək…
Hekayə
Qəfil çıxıb getmək elə qəfil də ağlına gəldi. Yataq xəstəsi deyildi, tam heydən də düşməmişdi, amma bilirdi ki, bir əvvəlin bir sonu da var. Düzdü, heç yeri ağrımırdı, amma hərdən-birdən, harasısa sızıldayırdı. Ya da özünə arxayın olanda, sağlamlığını Tanrıya tapşıranda soyuqlayırdı və arvad-uşağı bir neçə gün öz zarıltılaryıla cırnadırdı. Qorxduğu bircə şey vardısa, o da soyuq idi. Sümükləri üşüyürdü. Azarlayanda, insafən, ona yaxşı qulluq edirdilər, amma hərdən gəlinin dərindən ah çəkməyi, oğlunun giley-güzarı, arvadının onun qarasınca deyinməyi qulağından və nəzərindən yayınmırdı.
Evdə oturub
darıxırdı. Kəndləri çoxdan düşmən
tapdağı altındaydı. «Düşmən
tapdağı» sözü onun ovqatıyla həmahəng
olduğundan bu sözü xoşlayırdı. Nifrət edə-edə
onu sevirdi.
Saatlarla evdə oturub
bir nöqtəyə baxırdı, keçmişi
düşünürdü. Uşaqlığını asfalt
yolların və daş binaların arasında
axtarırdı. Gecənin çilçırağı da
ovqatını açmırdı. Əksinə, onu
cırnadırdı. Sanki kasıb daxmada toy-bayram idi.
Evi, ailəni çox
sevirdi. Onlara bağlıydı. Gecə yatanda da yuxuda
onları görürdü, ayıq olanda da başından
çıxmırdı. Hərdən fikirləşirdi ki, bir
gün yatağa yıxılsa, qalxa bilməsə, sevdiyi
adamların üzünə necə baxacaq? Onların
üzündəki kədəri, hüznü necə
qarşılayacaq? Bu əzaba necə qatlaşacaq? Bəs onun
yaxınları? Onlar yataq xəstəsinin, son
günlərini yaşayan doğmalarının axır
anlarına necə yanaşacaqlar? Əlbəttə, əzab
çəkəcəklər, onu ölümün pəncəsindən
xilas edə bilmədiklərinə görə xəcalətləri
üz-gözlərindən töküləcək. «Xilas
edə bilmədiklərinə görə…» Sonuncu cümləni
öz-özuünə təkrar-təkrar
pıçıldadı. Elə bil, dənizdə batan adamdan
danışırdı.
Elə də
varlı-hallı deyildi ki, xarici ölkələrdən birinə
getsin və qayıtmasın. Pulu qurtarana qədər orada
yaşasın. Tükünün üstündə dolanan adam
idi. Nəyi vardı, balalarının qarnında, əynindəydi.
Pəncərənin
qarşısına gəldi. Gecənin bu vədəsində hələ
də yatmayan taksi sürücülərini, ala-bəzək
maşınları gördü, qulaqları deşən
siqnalları eşitdi. Mağazaların rəngbərəng
lövhələri xarici filmləri xatırladırdı.
Aşağı
baxdı. Onaltıncı mərtəbənin çəkisizliyini
hiss elədi. Bəlkə qəfil intihar eləsin!? Onda aylarla
onu incidən, yatmağa qoymayan, fikirlərini çuğlayan əzabdan
qurtulardı. «Çuğlayan e…»
Aşağıda dəmir
dirək ucalırdı. Özünü atsaydı, onun
üstünə düşərdi. Sanki orta əsrlər
şahı günahı ucbatından onu darvaza ucluqlarına
keçirib. Əti çimçəşdi. Bir az kənara
sürüşdü. Ora tamam asfalt idi. Hə, bax, bu
yaxşı oldu. Amma özünü atsa, qonum-qonşu nə
deyər? Deməzlərmi ki, yəqin, ailədə bir narazılıq
olub ki, bu qoca kişi intihar edib. Hələ polislər...
Doğmalarını o tərəf-bu tərəfə o qədər
çəkəcəklər ki, onun ölümü də
yaddan çıxacaqdı, hələ bəlkə
söyüş, nifrət yiyəsi olacaqdı. Yox, bu çox
axmaq ideyaydı. Elə olsa, ailə də gərək burdan
köçüb gedəydi. Qan izi nə gedir, nə də
yuyulur. Onu hər gün görmək dəhşətdən də
betərdi… Özü də asfalt, yəqin sopsoyuqdur.
Üşüdü.
Birdən
düşündü ki, ən yaxşısı itməkdir. Qəfil
getmək. Evdən çıxıb qayıtmamaq…
Qayıdıb yerində
oturdu. Gödəkcəsini çiyninə atdı. Soyuqlamasa
yaxşıdı.
Arvadı
qonşu otaqda nəvələrilə yatmışdı. Nənələri
hər gecə onlara nağıl danışmasaydı, köpək
uşaqlarının gözlərinə yuxu getməzdi… Nəvələr
yatandan sonra da qarısının geri dönmək fikri yoxuydu.
Son zamanlar arxivinə yaman
dadanmışdı. Arxivi də nə arxiv!..
Müxtəlif vaxtlarda çəkdirdiyi şəkillər,
köhnənin məktubları, əsgərlik albomu, bir də
qəzet-jurnallardan, təqvimlərdən kəsdiyi maraqlı
məqalələr və karikaturalar.
Təqvim məqalələrini əlləşdirdi. Onlardan biri fillər haqqındaydı. Yazmışdılar ki, fillər ölümlərini
hiss edəndə fil qəbiristanlığına gedirlər.
Hə, bax bu onun ovqatıyla tam üst-üstə
düşürdü. Başqa bir məqalə
göy balinalar haqdaydı. İşə
bax, göy balinanın təzə doğulan körpəsi, nə
az-nə çox, 3 ton olur. Sonrakı qeydlər
maraqlı təqvim günlərilə bağlıydı.
Hansı millət hansı günü müqəddəs hesab
edir və s. Arılar barədə məqalə diqqətini
çəkdi. Ona görə ki, bəzi cümlələrin
altından xətt çəkmişdi. Öz
əlilə. Dərhal tanıdı. Pis xətti vardı. Sən demə,
dişi arı erkəkdən beçə tutduqdan sonra missiyasını
başa vurur. Ana arılar və cavanlar onu
yuvadan atırlar bayıra. Ağıllı
erkək arılar isə başqa arı ailəsinə
qoşulurlar. Hə, bu da ona
oxşayırdı. Amma onun başqa ailəyə
qoşulmağa imkanları yoxuydu. Beçə
tutuzduran vaxtı çoxdan ötmüşdü. Deməli,
ən yaxşısı sakitcə itmək idi…
Karikaturlarla əyləndi. Xüsusən də hamam vannasında oturub balıq
tutan papaqlı kişiyə gülməyi tutdu. Arvadı
qapının ağzında durub deyirdi: «Yaxşı, gələn
dəfə balığa getməyə icazə verəcəm…»
Elə bu ovqatla da yerinə uzandı. Səhər açılan kimi nə edəcəyini
fikirləşdi. Yerinin içində o tərəf-
bu tərəfə çevrilə-çevrilə,
qıvrıla-qıvrıla yuxulamaq istədi, amma faydası
olmadı. Şeytanlar yuxusunu oğurlayıb
aparmışdılar…
Maşınların cır siqnalları
başlayan kimi yerindən durdu, əynini geyinib, ehmalca mənzildən
çıxdı. Şəhərdə
xoruzları maşınlar əvəz edirdi.
Xırda parkda oturdu. Parkın ətrafı zeytunluq idi. Nə əcəb burada şadlıq evindən-zaddan
tikməyiblər? Sözü havaya
atdı. Təəccübləndi. Ağlına gəldi ki, uzaq rayonlardan birinə getsin
və özünü versin meşəliyə. Ac-susuz oraları dolansın. Ya
öz əcəlilə ölər, ya da qurd-quşa yem olar.
Meşələr, yəqin qarla
örtülüb, özü də soyuqdur. Titrətdi… Amma indi meşədə meşəlik qalıb ki,
ağacların hamısını qırıblar. Dağlara da qalxa bilməz. Birdən
kimsə onu gördü, bəs onda necə olsun? Deməzmi ki, bu qoca kişinin buralarda nə iti
azıb? Onda nə cavab versin? Çətin məsələydi. Onu
qurd-quşa yem olmağa da imkan verməzdilər…
Ətrafa göz gəzdirdi. Zeytunluğun arasında həmişəyaşıl
ağac gördü. Kənd klubunun həyətində
onlardan vardı. Vaxtı ilə birini dibindən
çıxarıb evlərinə gətirmişdi və bunun
üstündə məktəbdə danlanmış, evdə
döyülmüşdü…
Metroya düşdü. Əlini cibinə atanda yadına düşdü ki,
metro kartı evdə qalıb. İncəvardan
cibində xırda pulları vardı. 20 qəpikliyi
çıxarıb əlində tutdu, amma bir kimsəyə
yaxınlaşmağa ürək eləmədi. Ona elə gəldi ki, hamı onun niyyətindən xəbərdardı.
Bir müddət dəmir aparatların yanında
dayandı. Axırda ürəyi yumşaq
cavan bir oğlan onu öz kartına qonaq elədi, pul da
almadı. Bu dünyada yaxşı
adamların olması onu kövrəltdi. Qəlbi
və vücudu eyni anda qızındı.
Qatar təzəcə getmişdi. Növbəti qatarın gəlməyini gözlədi.
Fikirləşdi ki, bəlkə özünü qatarın
altına atsın. Elə biləcəklər
ki, ehtiyatsızlıqdan təkərlərin altına
düşüb. Hə, bax bu ağıllı iş
olardı. Başını azca irəli
uzadıb tunelə tərəf baxdı. Qatar
gecikirdi. Hövsələsi daraldı.
Belə getsə, qatardan da kar aşmayacaq. Birdən qatarın işığı
göründü. O, işığa tərəf
uzun-uzadı baxdı. Çox-çox illər əvvəl
gün batandan sonra örüşdən gələn
heyvanları dəmiryolun qırağına otarmağa
aparardı, uşaqlar öz aralarında mərc gələrdilər
ki, görək kim qatarın
işığına daha çox baxacaq. Gur
işığa baxmaq elə də asan deyildi. Sanki indi də uşaqlarla mərcləşmişdi
və özünü qatarın altına atmaq yadından
çıxdı. Qatar gəlib dayandı,
amma o, istəyinə çata bilmədi. Niyyətinin
baş tutmamasına görə şeytanı ürəyində
xeyli söydü. Məcbur olub qatara mindi…
«İçərişəhər»
stansiyasında çıxdı, yolunu köhnə şəhərdən
saldı. Qız qalasının
yanından keçəndə başını qaldırıb
qalaya baxdı. Yadına düşdü
ki, bir zamanlar kimsə özünü onun başından
atıb. Ancaq ora çıxan kim idi?
Bulvara tərəf getdi. Ən
yaxşısı özünü dənizə atmaqdı.
Amma adamların gəzişdiyi bir vaxtda,
günün-günorta çağı özünü dənizə
atmaq ağılsızlığıydı. Onu dərhal çıxaracaqdılar və o, olsa-olsa
soyuqlayacaqdı, amma yataqdan qalxa biləcəkdimi? Onu ən çox qorxudan da elə bu idi. Özünün və doğmalarının
yazıq görkəmi, əlacsızlıqdan öləzimiş
gözləri, sallanmış qulaqları kino lenti kimi nəzərində
canlandı. Deməli, axşamı gözləmək
lazımıydı. Sahilin lap qırağında yekə
bir daş da varıydı. Onu belinə
bağlayıb özünü dənizə atsa, bir də
çıxa bilməzdi. Həm də
çoxları onun intihar elədiyini yox, kimlərsə tərəfindən
öldürüldüyünü güman eliyərdi. Ən ağlabatan variant bu idi. Evdəkilərin
də canı sorğu-sualdan qurtulardı. Polis
cinayət işi açsa da, nəticəsi olmayacaqdı.
Deməli, onun ölümü bir sirr kimi
qalacaqdı. Pəh, nə gözəl sonluq, nə
gözəl ideya! Bu tapıntıdan vəcdə
gəldi. Cibində qələm olsaydı,
bəlkə şeir də yazardı. Qoy,
ölümündən sonra onun cibindən gözəl sətirlər
çıxsın və həmin sətirlər baş
daşına əbədi həkk olunsun…
Bu barədə bir xeyli fikirləşdi. Şerin sətirlərini
zümzümə elədi, amma fərli bir şey ortaya
çıxmadı…
Hiss elədi ki, üşüyür. Soyuq,
deyəsən, onu qarabaqara izləyirdi. Dəniz
isti olar, yəqin. Deməli, orda - dənizin
altında üşüməzdi.
Sahildə özü üçün
yavaş-yavaş gəzişdi. Aranı
dağa, dağı arana daşıdı. İncəvardan qaranlıq o gözlədiyindən də
tez düşdü. İndi öz istəyini
yerinə yetirə bilərdi. Amma dənizin
qırağına necə düşsün? O, hasarı
adlaya blməzdi, adlasa da, daşı yerindən
qaldırmağa gücü çatmazdı, qaldırsa da,
belinə bağlaya bilməzdi, çünki kəndir yoxuydu. Kəndir götürmək necə də
ağlına gəlməyib. Lənət
şeytana, gül kimi ideya tapmışdı, tədbir
tökmüşdü. Axırı da belə…
Kor-peşman geri qayıtdı. Evə getməyə ürəyi gəlmirdi. Axı o, birdəfəlik evdən
çıxmışdı. Yəqin evdə də bunu
hiss eləmişdilər. Demişdi axı, qəfil
gedəcək. Ancaq bu sözləri hirslənəndə
demişdi. Heç kim də, yəqin
ona inanmamışdı. Hərdən belə
sayıqlamaları olurdu. Həmişə
ağıllı və müdrik olmaq olmaz axı. Eybi yox, gələn dəfə əməlli-başlı
hazırlaşıb evdən çıxar və qayıtmaz.
Küçələri xeyli dolandı. Bir-iki dəfə polisə də rast gəldi. Daha doğrusu, polislər tısbağa yerişli
qocaya ilişdilər. Sərgərdan adam
hesab elədilər. Ağıllı-başlı adam olduğunu biləndən sonra əl çəkdilər…
Dolaşıq fikirləri uzun çəkdi. Bir də gözünü açanda gördü ki,
qapılarının ağzındadı. Geri
qayıtmaq istədi, bacarmadı. Yəqin
evdə ondan ötrü narahat idilər. Gecənin
yarısıydı.
Ehmalca, çəkinə-çəkinə
qapını döydü. Evə gec
qayıtmış uşaqlara bənzəyirdi. Utancaq və
günahkar çocuqlar kimi paltosunun qollarını
dartışdırdı…
Kimsə asta addımlarla qapıya gəldi. Yerişindən qarısına oxşatdı.
Arvadı gözlükdən çölə
baxdı. O biriləri də gəldilər və
növbəylə gözlükdən baxdılar.
-Kimdir?-deyə arvadı handan-hana, az
qala, pıçıltıyla soruşdu.
Sualdan diksindi. Canından
üşütmə keçdi. Səsini
içinə çəkib dayandı. Sonra
geriyə döndü və ehmal addımlarla liftə tərəf
getdi.
Erkək arılar haqqında səhərki yazını
xatırladı və acı-acı gülümsündü…
Yanvar -
2014
(Elçin
Hüseynbəyli)
Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.13.