Bir daha M.F.Axundzadənin
doğum və ölüm
tarixləri barədə
Son illərin nəşrlərində - monoqrafiya, dərslik və dərs vəsaitlərində Mirzə Fətəli Axundzadənin doğum tarixi 1812-ci il 30 iyun (köhnə stil), vəfatı isə 1878-ci il 28 fevral (köhnə stil) kimi göstərilir. M.F. Axundzadənin 1878-ci ildə vəfat etdiyi heç bir mübahisə doğurmur. Mübahisə doğuran və bizim yanlış hesab etdiyimiz doğum ili kimi götürülən 1812-ci il və ölüm günü kimi qəbul edilən 28 fevral tarixidir. Digər tərəfdən, təəccüblüdür ki, heç bir əsas olmadan M.F. Axundzadənin təvəllüdü ilə bağlı bir-birini təkzib edən iki sənədin birindən onun doğum ili, digərindən isə doğum günü götürülərək qoşalaşdırılmış və «1812-ci il 30 iyun» kimi elmi dövriyyəyə buraxılmışdır. Biz əlimizdə olan arxiv materiallarına istinadən bunun yanlış olduğunu söyləyirik. Həmin sənədlərdən isə irəlidə bəhs edəcəyik.
Öncə böyük ədibin doğum
tarixi ilə bağlı Azərbaycan ədəbi-mədəni
fikrinin bəzi görkəmli nümayəndələrinin
versiyalarına nəzər salaq. M.Tərbiyət,
Ə.Haqverdiyev, F.Qasımzadə, N. Məmmədov M.F.Axundzadənin 1812-ci ildə anadan olduğunu
yazmışlar. Onların heç biri böyük ədibin doğum gününü
göstərməmişlər.
M.F.Axundzadənin həyatı və
yaradıcılığı ilə bağlı ilk ciddi elmi-tədqiqat işi yazmış görkəmli Azərbaycan
ədibi F.Köçərli
1903-cü ildə Tiflisdə rus dilində
nəşr etdirdiyi «Azərbaycan ədəbiyyatı»
adlı əsərində onun 1812-ci ildə
anadan olduğunu qeyd etmişdir. F.Köçərli M.F.Axundzadənin anadan
olmasının 100 illiyi münasibətilə
yazdığı və 1911-ci ildə Tiflisdə nəşr etdirdiyi “Mirzə Fətəli Axundzadə həzrətlərinin
təvəllüdündən yüz il mürur etmək
münasibətilə yazılmış risaleyi-yadigaranə”
kitabında isə böyük ədibin
1811-ci ildə anadan olduğunu
göstərmiş, “…vəli təvəllüd günü və ayı məlum deyil” - deyə qeyd etmişdir. O, 1811-ci il tarixinin daha dəqiq olduğuna şübhə etmədiyini də xüsusi vurğulamışdır: “Mirzə Fətəlinin tərcümeyi-halına dair məlumatı onun oğlu mərhum Rəşid bəy lütf üzü ilə
cəm edib bizə vermişdi.
Onun dürüst
olmağına şübhə yeri
qalmır. Əlimərdan bəy Topçubaşov
cənablarının verdiyi məlumat ilə
biz yazdığımız müvafiq gəlir”.
Görkəmli
ədəbiyyatşünas Ə. Şərif
də Tiflisdə nəşr olunan “Dan yıldızı” (1926-1931) jurnalında
(1927, ¹12) dərc etdirdiyi “Mirzə Fətəli Axundzadə” məqaləsində
böyük ədibin 1811-ci ildə anadan olduğunu göstərmişdir.
Şübhəsiz ki, Ə.Şərifin bu qənaətdə olması F. Köçərlinin
məlum kitabı və həmin kitab əsasında
müəllifin M.F. Axundzadənin 100 illik
yubileyində çıxışı ilə
bağlıdır. Bunu Ə.Şərifin
çox-çox sonralar
- 2 may 1971-ci ildə qələmə
aldığı memuarında F.Köçərli ilə məhz həmin
yubiley gecəsində ilk
dəfə görüşdüyünü
qeyd etməsi, eyni zamanda, görkəmli ədibin M.F. Axundzadənin
məlum kitabı ilə tanışlığı barədə
yazması da təsdiqləyir: “Atamın arxivində Firidun bəyin 1911-ci ildə
Tiflisdə çap edilmiş
«Mirzə Fətəli
Axundzadə həzrətlərinin təvəllüdündən
yüz il mürur etmək münasibətilə
yazılmış risaleyi yadigaranə»si
qiymətli bir yadigar olaraq qalır…” Onu da qeyd edək ki, Ə.Şərif həmin memuarında M.F.Axundzadənin 1811-ci ildə
doğulması ilə bağlı 1927-ci ildə “Dan yıldızı” jurnalında
yazdığına bir düzəliş
etməyi də lazım bilmişdir: “Bu kitabça (F. Köçərlinin
kitabı nəzərdə tutulur -
Ş.Ş.) Mirzə Fətəlinin
yubileyi ərəfəsində
buraxılmışdı. O zaman böyük yazıçının anadan olduğu il, səhv olaraq, 1811-ci il hesab edilirdi,
buna görə də onun
yüz illik yubileyi 1911-ci ildə qeyd edilirdi”.
Beləliklə, Ə.Şərif də M.F.Axundzadənin 1812-ci ildə anadan olması barədə XX əsrin
altmış-yetmişinci illərində artıq elmi dövriyyədə qətiləşdirilən
fikirlə razılaşdığını göstərmişdir.
M.F. Axundzadənin doğum
gününün məhz 30 iyun olduğunu yazan müəlliflərdən biri
A.N.Lermandır. O, “M.F.Axundov rus mətbuatında
1837-1962-ci illər. Biblioqrafiya” adlı
kitabında (rus dilində) böyük
ədibin 1812-ci il iyunun
30-da (yeni stillə iyulun
12-də) doğulduğunu
yazmışdır. M.F. Axundzadənin təvəllüdü
ilə bağlı həmin il və gün dərsliklərdə, Təhsil Nazirliyi və Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən təsdiq
edilmiş «Ədəbiyyat» (qəbul
imtahanlarına hazırlaşanlar, yuxarı sinif
şagirdləri və müəllimlər üçün
vəsait) kitabında da öz əksini
tapmışdır. Yuxarıda qeyd
etdiyimiz kimi, sonralar işıq üzü
görmüş müvafiq
elmi ədəbiyyatlarda M.F.Axundzadənin məhz 1812-ci
il 30 iyunda (köhnə
stillə) anadan olduğu
yazılmış və həmin tarix
artıq mübahisəsiz bir fakt kimi götürülməkdədir.
Bəs M.F.Axundzadənin artıq «mübahisəsiz
fakt» kimi
götürülən doğum tarixi, yəni «1812-ci il 30 iyun» öz mənbəyini
haradan almışdır? Biz
əvvəldə bunun «bir-birinə zidd iki sənəddən»
qaynaqlandığını qeyd etmişik. Yenə vurğulayaq
ki, sənədlərdən birindən onun doğum ili (1812), digərindən doğum
günü (30 iyun) götürülmüşdür. Hesab edirik ki,
bu, yolverilməzdir və heç
bir tarixi sənədə
əsaslanılmamışdır. Bu
anlaşılmazlığı aydınlaşdırmaq üçün məhz “1812-ci il”i və “30 iyun”u özündə əks
etdirən bir-birinə zidd iki
sənədə nəzər salmağımız vacibdir.
Öncə M.F.Axundzadənin doğum
ili kimi
götürülən “1812-ci il”i əks etdirən tarixi sənəd
barədə. Bu sənədin müəllifi
elə böyük ədibin özüdür. Bu, M.F. Axundzadənin
1874-cü ildə yazıldığı güman
edilən və ilk dəfə 1887-ci ildə
“Kəşkül” qəzetinin 43-45-ci nömrələrində
çap edilən “Bioqrafiyayi,
yəni sərgüzəşti-kolonel Mirzə Fətəli Axundzadə” adlı tərcümeyi-halıdır.
Qeyd edək ki, böyük ədibin qələmə
aldığı bioqrafiya onun
AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutundakı arxivində
mühafizə olunur. Burada
böyük ədibin özü
də doğum günü
ilə bağlı heç bir tarixi, o
cümlədən 30 iyunu qeyd
etməmişdir. Həmin sənəd sonralar
M.F.Axundzadənin
işıq üzü görən bəzi
külliyyatlarında öz əksini
tapmışdır. Böyük ədibin
1988-ci ildə çap olunan
üçcildliyinin 3-cü cildində
özünə yer alan
həmin avtobioqrafiyada M.F. Axundzadə
əsil-nəcabəti ilə bağlı qısa məlumatdan
sonra (həmin sənəddə ədibin əsil-nəcabəti
ilə bağlı qeydi şübhə və
təəccüb doğurur. Müvafiq sənədlər
onun yazdığını təkzib edir. Bu barədə ayrı bir
yazımızda bəhs edəcəyik - Ş.Ş.) miladi 1812-ci ildə doğulduğunu
yazmışdır. M.F.Axundzadənin
məhz bu qeydi sonralar onun
bioqraflarını böyük ədibin doğum tarixi kimi 1812-ci ili göstərmələrini
şərtləndirmişdir. M.F.Axundzadənin ən sanballı tədqiqatçılarından
biri F. Qasımzadənin müxtəlif
versiyalar içərisindən məhz
1812-ci ili götürməsi və bunu «həqiqətə daha
yaxın və inandırıcı» sayması təsadüfi deyildir; o, böyük
ədibin özünün qeydlərini daha mötəbər hesab
etmişdir. Sonrakı ədəbiyyatşünaslar nəsli də F. Qasımzadənin
mövqeyi ilə
razılaşmışlar…
M.F.Axundzadənin məhz 30 iyunda
doğulmasını göstərən tarixi
sənəd barədə. Bu, cəmayüdil
- əvvəlin 25-ci günündə, 1252-ci ildə (miladi 1836) Şəkinin tanınmış 12 nəfər
din xadiminin özlərinin
möhürləri və imzaları ilə təsdiq etdikləri
azərbaycanca yazılmış
şəhadətnamədir. Böyük ədibin arxivində saxlanılan həmin şəhadətnamədə
M.F.Axundzadənin
“… rəcəb ayının 12 yovmində səneyi-1229-da” doğulduğu və “şəvval
ayının 24-cü yovmində səneyi-1230-da xətana olunduğu” (xətəna - sünnət -
Ş.Ş.) qeyd edilmişdir.
Bu da böyük
ədibin doğum tarixinin
miladi 1814-cü il iyun ayının 30-na müvafiq
olduğunu göstərir. Qeyd edək ki,
şəhadətnaməni Şəki vilayətinin
qazısı Ağa Şeyx
Məhəmməd, Axund Molla
Ağa ibn Axund Molla Əhməd xan, Şəki vilayətinin imamı Əziz
Əfəndi və başqaları olmaqla,
12 nəfər nüfuzlu din
xadimi imza etmişdir.
Beləliklə, M.F.Axundzadənin doğum
ili böyük ədibin
özünün qeydləri əsasında
1812-ci il, doğum günü isə Şəki ruhanilərinin
şəhadətinə əsasən 30 iyun
kimi götürülmüşdür.
Bizim də
razılaşmadığımız və yanlış
saydığımız məqam budur.
İndi isə hər iki sənətdə
öz əksini tapan
tarixlərin səhih olub-olmaması məsələsinə
diqqət yetirək. M.F.Axundzadə məhz hansı
real sənədə əsaslanaraq özünün 1812-ci ildə doğulduğunu
yazdığı məlum deyil. Əgər
o, real bir
sənədə istinad etmək istəsəydi,
şübhəsiz ki, Şəki ruhanilərinin
1836-cı ildə imzaladığı şəhadətnamə
onun yardımına gələrdi. Amma böyük ədib həmin
şəhadətnamədəki doğum ili (1814) və doğum gününü (30 iyun) öz əli ilə qələmə
aldığı tərcümeyi-halına gətirməmişdi.
Görünür, həmin tarixlər elə
M.F. Axundzadənin özünə də
inandırıcı görünməmişdir. Zənnimizcə,
həmin şəhadətnamə M.F.Axundzadəyə 1836-cı
ildə Tiflis qəza məktəbində
müəllim vəzifəsinə işə
götürülərkən lazım olmuşdur.
Şəhadətnamənin də məhz 1836-cı ildə (hicri 1252) yazılması bu
ehtimalı xeyli qüvvətləndirir.
Lakin həmin şəhadətnamədə
M.F.Axundzadənin doğum ili və doğum günü kimi qeyd edilən
1814-cü il 30 iyun tarixinin mötəbərliyinə şübhə
ilə yanaşırıq. Bunun üçün məntiqi (eləcə də
faktiki) əsaslarımız vardır. Yenə 1836-cı ildə Şəki ruhaniləri tərəfindən
yazılan və onların şəxsi möhürləri ilə
təsdiqlənən başqa bir şəhadətnamədə Axund Hacı Ələsgər «mərhum» deyə
yad edilir. Əgər
şəhadətnamə yazılan zaman Axund Hacı Ələsgər sağ
olsaydı, Fətəlinin
doğum ili və
günü ilə bağlı həmin sənəddə
öz əksini tapan tarixin onun tərəfindən
göstərildiyinə inanmaq olardı…
Beləliklə, M.F. Axundzadənin
1812-ci il iyunun 30-da
doğulması ilə bağlı mülahizələri qəbul
etmirik. Böyük ədibin arxivində mühafizə olunan
və rəsmi dövlət möhürü
ilə təsdiqlənən, məsul şəxslər tərəfindən
imzalanan bir sənəd
M.F.Axundzadənin
həyatını və fəaliyyətini əks etdirmək
baxımından olduqca qiymətlidir.
Bu, M.F.Axundzadənin
ölümündən sonra - 8 mart 1878-ci ildə hazırlanmış “Tam xidməti siyahı”nın surətidir. Qeyd edək ki, həmin sənədin
arxivdə 2 surəti mühafizə olunur
və sənədin əsli 8 mart 1878-ci
ildə hazırlanmışdır. Surətlərdən
biri M.F.Axundzadənin həyat yoldaşı Tubu xanımın 3 mart
1878-ci il tarixli xahişi əsasında ərinin ölümü ilə bağlı pul vəsaiti almaq üçün topladığı sənədlərə
əlavə etmək məqsədilə
hazırlanmışdır. Sənədi Qafqaz Hərbi Dairəsi Ştabının baş adyutantı vəzifəsini icra edən (podpolkovnik) və
baş adyutantın köməkçisi (kapitan) imzalamışlar. F.Qasımzadə həmin sənədin M.F.Axundzadənin vəfatından on gün sonra
oğlu Rəşid bəyin xahişi ilə verildiyini
yazmışdır. Görkəmli tədqiqatçı
yanılır. Rəşid bəyə qeyd
etdiyimiz sənədin ikinci
surəti verilmişdir. Surətə
əlavə olunan kiçik
arayışda sənədin Rəşid bəyə 23 oktyabr 1895-ci ildə verildiyi
göstərilir. 17471 nömrəli arayışı Qafqaz Hərbi Dairəsi Ştabının rəis
köməkçisi (general-mayor) və baş adyutant (polkovnik) imzalamışlar. 8 mart
1878-ci il tarixində hazırlanmış
sənədin əsli ilə doğru
olduğunu isə baş
adyutant (polkovnik) və
onun köməkçisi (kapitan)
öz imzaları ilə təsdiq
etmişlər. Nüsxələrlə bağlı təfərrüata
varmağımız onun mötəbərliyini
bir daha diqqətə
gətirməkdir. Həmin sənəddə M.F.Axundzadənin məhz 1811-ci ildə anadan olduğu
yazılmışdır. Məlumdur ki, M.F.Axundzadəni
Tiflisə Axund Hacı Ələsgərin
özü aparmışdır və Qafqaz Canişinliyində 1834-cü ildən
xidməti vəzifəsini icra etməyə
başlayan Mirzə Fətəlinin 1811-ci ildə
anadan olduğuna şəhadətlik
edə bilərdi və bunun əsasında
da böyük ədibin
əmək fəaliyyəti ilə bağlı
başlanılmış işdə onun doğum tarixinin 1811-ci il göstərilməsi tamamilə təbii
görünməlidir. Beləliklə, biz
M.F.Axundzadənin 1811-ci ildə
anadan olduğu qənaətindəyik.
İstinad etdiyimiz sənəddə
isə onun doğum günü göstərilmədiyindən bu barədə heç nə
söyləməməyi üstün tuturuq.
İndi isə M.F. Axundzadənin
məhz hansı gündə öldüyü
barədə. Yuxarıda böyük ədibin
doğum tarixi ilə
bağlı əsərlərinə istinad
etdiyimiz görkəmli tədqiqatçılar
M.F. Axundzadənin 1878-ci ilin
məhz hansı günündə vəfat etməsi məsələsinə
də toxunmuşlar. Burada
da müxtəlif versiyalar
irəli sürülür. F. Köçərli
və Ə.Haqverdiyev böyük
ədibin fevralın 28-də vəfat etdiyini
yazmışlar. Ə.Şərif ölüm
tarixi kimi 12 martı götürmüşdür ki,
bu da köhnə stillə
fevralın 28-nə uyğun gəlir. Bugünkü monoqrafiya və
dərsliklərdə də böyük ədibin
köhnə stillə fevralın 28-də vəfat etdiyi birmənalı şəkildə qeyd edilməkdədir.
Bir sıra nüfuzlu tədqiqatçılar
isə M.F.Axundzadənin
fevralın 27-də vəfat etdiyini
yazmışlar. Bu sıraya M.Tərbiyəti,
A.Lermanı, N.Məmmədovu daxil etmək
olar. Həmin tarix isə
yeni stillə martın 11-nə uyğun gəlir.
Tanınmış tədqiqatçılar
Ə.Səidzadə və F.Qasımzadə
isə böyük ədibin məhz
köhnə stillə fevralın 26-da, yeni
stillə martın 10-da vəfat etdiyini
yazmışlar.
Ə. Səidzadə “Literaturnıy Azerbaydjan” jurnalında (1938, ¹10-11) dərc etdirdiyi «M.F. Axundov nə vaxt vəfat etmişdir» adlı çox
dəyərli məqaləsində Moskvadakı Hərbi-Tarixi
Arxivdə M.F.Axundzadənin
adı keçən sənədlərə, eləcə də
A.Berjenin qeydlərinə əsaslanaraq onun fevralın 26-da vəfat etdiyini
yazmışdır. Onun
yazdığına görə, A.Berje özünün qeydlərində tamamilə başqa bir məsələdən
bəhs edərkən M.F.Axundzadənin
ölüm tarixi məsələsinə
də toxunmuşdur. A.Berjenin
qeydlərindən bəlli olur ki, M.F.Axundzadəninin
ölümündən iki gün
sonra onun oğlu Rəşid bəy bu
barədə atasının qulluq etdiyi idarəyə məlumat vermişdir;
idarə isə elə həmin gün Rəşid
bəylə hesablaşmış, lakin
“ödəniş yalnız 26 fevrala - M.F. Axundzadənin ölüm gününə qədər
aparılmışdır”.
Biz də Ə. Səidzadə
və F. Qasımzadəninin qənaətlərini
tamamilə bölüşdürürük
və M.F. Axundzadənin 1878-ci il
fevralın 26-da vəfat etdiyini təsdiqləyirik.
Bunun üçün
əlimizdə tarixi sənəd
vardır. Bu, əvvəldə bəhs etdiyimiz “Tam xidməti
siyahı”dır. Həmin sənəddə M.F. Axundzadənin
məhz 1878-ci il vevralın 26-da vəfat etdiyi yazılmışdır.
Beləliklə, M.F.Axundzadə 1811-ci ildə anadan olmuş, 1878-ci il fevralın 26-da (yeni
stillə martın 10-da) vəfat etmişdir.
Şahbaz Şamıoğlu
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun
aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2014.- 18 aprel.- S.4.