Teatr çağdaş yanaşma kontekstində
Ötən
il Azərbaycan Muzey Mərkəzində
Azərbaycan teatrının 140 illiyi
münasibətilə AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Teatr Xadimləri İttifaqı və Teatr Muzeyinin birgə keçirdiyi elmi-praktiki konfransda “Qeyri-səlis məntiq nəzəriyyəsinin
teatr sənətindəki inikası”
adlı elmi məruzə ilə çıxış etdim.
Çıxışımda
XX əsrdən XXI əsrə qədərki dövrdə Azərbaycan
rejissor sənətinin Ədil İsgəndərovdan
Mehdi Məmmədova, Tofiq
Kazımovdan Vaqif İbrahimoğluna
açılan qapılardan birindən digərinə hansı
işıq zərrələri ilə keçid
olunduğu, həmin keçidlər
zamanı səhnə sənətindəki idraki dəyişikliklərin
necə baş verdiyi-aktyor
oyununun ekspromt ziqzaqlar dinamikasında cərəyan edən,
yetkinləşən orqanik çevikliyi qüdrəti ilə
yıpranmış ölçülər hüdudunda
boyadlaşmış pafosçuluq sindromunun necə darmadağın edildiyi, səhnə tərtibatı, musiqi müşayiəti və işıq
effektləri amillərinin binar
nəzəriyyəsinə söykənən mahiyyətindən
uzaqlaşaraq tamaşanın
ifaçılarına çevrilə bilən novatorluğu,
dramaturgiyanın realizmdən romantizmə, modernizmdən post - postmodernizmə şütüyən bədii
işıq selində birinin digərini necə
formalaşdırdığı və nəhayət, tam qeyri-səlis məntiq nəzəriyyəsinin
bədii ekvivalentini yaradan
Kamal Abdulla
dramaturgiyasındakı rənglər çoxluğunun
palitrası ön plana
çəkilirdi.
Məruzəmin
mahiyyətinə gerçək bir
aydınlıq gətirmək, müasir təfəkkürün
tələbini ödəyə bilən yeni
ədəbi cərəyanın zühur etdiyini isbata yetirmək üçün səhnə sənətinin ana südü hesab olunan dramaturgiya
sahəsində, çağdaş təfəkkür tələbləri
kontekstində qeyri-səlismi yaradan,
mükəmməl yaradıcılığı ilə Azərbaycanın
görkəmli ədibləri sırasında özünə yer tutan Kamal
Abdullanın idrak
qığılcımlarından yola
çıxmaqda bir fayda
olduğuna inam hissilə,
ədibin Akademik Milli Dram Teatrının səhnəsində
baxdığım “Şah və Şair və ya hamı səni sevənlər burdadı...”
tamaşası ilə üz-üzə dayanaraq,
“Şah və Şair”
tamaşasından süzülən işıq
zolağının səmtinə istiqamət almaqla
“dolğun bir qənaətə
gəlmək olur” fikrini
aşağıdakı mülahizələrimlə əsaslandırmaq
istəyirəm.
Rejissor Mikayıl Mikayılov bütün
tamaşa boyu özünü bu əsərin
sanki bir növ bədii qiraətçisi qismində
ifadə edir. Onun qiraətində
tamaşaçı hadisələri su kimi içir, həm də
rejissor hadisələri iti
dinamika ilə zamandan-zamana
elə səlis keçirə bilir ki, burada hər şeyin səlis olduğunu
hiss etdiyin andaca fikirlərin darmadağın olduğu aləmə elə düşürsən
ki, nəyin səlis, nəyin qeyri-səlis
olduğunu aydınlaşdırmaq üçün bütün
düşüncəni zorlamaq məcburiyyətində
qalırsan. Lakin düşüncənin bu cür zorlanması ilə rəngarəng
melodiyalardakı rəngarəng ahəng oynaqlığı kimi bəmdən zilə, zildən bəmə
elə keçidlərlə qarşılaşırsan ki, sanki kordioloji
ritmin enən və yüksələn
dinamikasının döyüntülər ahəgindəsən.
İlk baxışdanca
tamaşaçını irreal aləmin sehri ilə tilsimləyən, reallıqla
irreallıq arasındakı körpüdə
düşüncələr aləminin fəlsəfi dərinliklərinə
daxil edən, zənginləşdirən
yönətmən əsərin bənzərsiz bədii üslubunu, dərin fəlsəfi
qatlarını əsərə xas
xüsusiyyətlərlə özünəməxsus formada, yüksək peşəkarlıqla və
yüksək bədii zövqlə cilalayır.
Tamaşa boyu
tamaşaçını öz ağuşuna alan rənglər
çoxluğu ilə biz
müxtəlif məkanlara daxil oluruq. Vardığımız həmin
məkanlarda önümüzə fikrən çıraq tutan bir işıq
zolağının sonsuzluğuna doğru irəliləməli oluruq.
İrəlilədikcə istər ədəbi materialın,
istər rejissor yozumunun,
istər səhnə və musiqi tərtibatının,
istərsə də aktyor oyunu
performansının, yeniliyinin rənglər
çoxluğuna düşürük.
Bu vakuumda bütün ixtiyarımızı öz əlində cəmləşdirən tamaşa hər anın öz
hökmü ilə bizi
dolanbaclara salır. Bir
an içində gah
XVI əsr hadisələrinə varırıq, gah
müasir dövrün
reallıqları ilə qarşı-qarşıya dururuq, gah da
özümüzü irreal
vəziyyətlər kəhkəşanında hiss
edirik. Bu dəyişikliklər
həm də elə aydın emosionallıqla yoğrulur
ki, heç ruhun belə incimədən düşdüyün
dolanbacları rahatlıqla keçə bilirsən. Bu dolanbaclarda bədii aləmin
mənəvi zənginliyi bütün yükü ilə ruhumuza hopur.
Hər bir tamaşa ədəbi məhsula
can verən ruhdur desək,
hər bir ədəbi məhsul da tamaşanı doğan
canlıdır hikməti ilə ədəbi məhsulu tamaşaya çevirən rejissor
konsepsiyasının və yaxud da tərsinə, tamaşanın yaranması üçün idrak
qığılcımları səpən müəllif qayəsinin
kökündə əsas amillərindən biri
kimi klassizmlə modernizm
arasındakı məsafədə ilk
baxışdan ölçülü
görünən, lakin
düşündükcə labirintdən keçən ölçüsüz bir
sonsuzluq olduğunu sübut edən mahiyyət və eyni zamanda həmin məsafədə
ruhla vücud vəhdətinin
ayrılmazlığı qədər orqanik
bir harmoniyanın dərin fəlsəfi yükü olan təqdimatı
dayanır. Bu dərin fəlsəfi yükün
cövhərində ədiblə rejissorun
düşüncə, təfəkkür meydanında sonsuzluğa qədər boy
verən, labirintlərdən keçsə də,
qırılmaz tellərlə bağlılıq təşkil
edən bir işıq zolağı da görünür ki, bu işıq
zolağı həm rejissor
konsepsiyasının, həm də müəllif qayəsinin idrak qığılcımlarını birləşdirən
parlaq bir körpü olduğunu
anladır.
Bu fikirlər fonunda “teatr sənətində və dramatgiyada
qeyri-səlislik nə ilə izah olunur?” sualına diqqət yetirmək amili birinci məsələ
kimi qarşımıza çıxır.
Düşüncəmizə görə əsasən
dramaturgiyanın və rejissor
konsepsiyasının istənilən şəkil ala bilmək elastikliyi ilə;
təxəyyülün klassizmlə modernizm
arasındakı məsafədə ölçülərə
yerləşməyən sonsuzluğa doğru labirintləri şütüyərək
keçə bilmək zənginliyi ilə; hadisələrin zaman və məkan
ölçülərini işıq sürətinin zərrəcikləri
çoxluğunda əridə bilmək
xüsusiyyəti ilə; əsərin və tamaşanın üslub və forma cəhətdən,
inkarolunmaz klassizmdə yeni
rənglər çoxluğu
palitrasına bürünmüş əlvan
modernizmi ilə; sənətdə
klassizmin modern təqdimatı
anlayışı kontekstində modernizmin
klassizmə heyranlığı və klassizmin
modernizmə sirayət edən orqanik bütövlüyü ilə; ədəbi
materialın bədii polifoniyası güclü
olan orijinal dil imkanları ilə; ölçüləri
aşan geniş
fantaziyalı rejissor təxəyyülü
ilə; ədibin və rejissorun ana xəttə birbaşa
və çarpaz qoşulan
xətlər çoxluğunun
harmoniyasını orqanik ilmələrlə
zəncirvari toxuya bilmək
bacarığı ilə və s.
Sadalanan xüsusiyyətlərlə zəngin olan,
tamaşa boyu dəyişkən
istiqamətlərə fırlanan heroqliflərin sürəti
ilə bizi istənilən anda
zamanın və tarixin istənilən səhifəsinə
daxil olmaq üçün öz
orbitinə salan bu tamaşada xüsusən diqqət cəkən
cəhətlərdən
biri kino elementlərinin
teatr estetikası ilə həmahəng vəhdətinin
ustalıqla təqdimatıdır. Əsasən də döyüş səhnələrinin belə modern təsviri sadəcə kino
effektlərindən ustalıqla yararlanma təəssüratını
təcəssüm etdirmir, həm də kinonun teatrla nə qədər
üzvi doğmalığının həqiqətini
sübuta yetirir.
Doğrudur, başqa
yazılarımda da qeyd
etdiyim kimi, çağdaş tamaşalarda
kino effektlərindən istifadə etmək
artıq köhnə metoddur, lakin bu tamaşada
rejissorun yanaşması son
dərəcə fərqli orijinallıqla ozünü
ifadə edir. Bu yanaşmaya belə bir
münasibətlə fikrimizi bir qədər də aydınlaşdıraq.
Bəllidir ki, bəşəri bir mövzunu çox böyük qüdrətlə qələmə
alan ustad müəlliflərlə
yanaşı, bəsit yanaşma ilə oxucunu məyus edən
cızmaqaraçılar olur. Hər iki halda mövzuya
diqqət yetirərkən onun bəşəriliyini
sezirik, lakin
yanaşmaların fərqli cəhətləri dərhal özünü büruzə verir.
Tutaq ki, eşq mövzusu
- bu mövzuya Nizami Gəncəvi öz
qüdrəti ilə yanaşmış, Nəsimi, Füzuli
öz fenomenilə mövzuya
hökm vermiş, Şekspir, Puşkin, Bayron və bu qəbildən
olan nəhəng ədiblər öz məharətləri ilə möhür qoymuşlar.
Mövzunun eyniliyinə baxmayaraq,
biz belə müəlliflərin hər birini ayrıca həzzlə oxuyuruq.
Lakin bu da bir həqiqətdir ki, eyni mövzunu
saqqız kimi çeynəyən müəlliflər
də ədəbiyyatın səhifələrində öz ləpirləri ilə görünməkdədirlər.
Çoxlu sayda tamaşalar
vardır ki, (bu tamaşalar sırasında respublikamıza dəvət
olunmuş əcnəbi rejissorların məhsulu
da yer tutur!)
həmin tamaşalarda istifadə olunan kino effektləri
çarəsizlikdən yararlanma kimi təsir bağışlayır. Lakin bu tamaşada
kino elementlərindən istifadəyə böyük həzzlə
heyranlığımızdan məmnun qalırıq. Bu tamaşada məhz kino effektlərindən istifadə olunmasına
bir növ “Şah və Şair”in genetik xüsusiyyətlərinin
həqiqətini üzə çıxarmaq üçün
rejissorun cərrahi
ustalığının qüdrəti kimi
baxmaq lazımdır.
Odur ki, həm quruluşçu
rəssam Mustafa Mustafayevin,
neon effektləri üzrə rəssam Fərid Ələkbərovun səhnə
tərtibatının ənənəyə adekvat
olmayan müasir estetika ilə yoğrulmuş
rəngarəng dəyişkənliyi, həm musiqi
seçimində tamaşanın obrazına çevrilmə
hikmətini ifadə edən rejissorun son
dərəcə zövqlü duyumu, həm də aktyor
ifasının olduqca zəngin və çevik dinamika ilə
cilalı təqdimatı tamaşaçını öz arxasınca apararaq, keçdiyi dolanbaclarda heyrətləndirmək
qüdrəti baxımından göy
qurşağı gözəlliyinə bənzəyən
qeyri-səlis məntiqin çoxrəngli xüsusiyyətindən
qaynaqlandığı aşkar şəkildə
göz önündədir.
XVI əsrin
həqiqətlərini bu günə
daşımaqla və bu günün
baxış bucağında diqqət mərkəzinə
qaldırmaqla oxucu və
tamaşaçı qarşısında dərin fəlsəfi
idraketmə və idraketdirmə fenomeni ilə
bulunan ədib dövründən və məkanından
asılı olmayaraq, insan
mexanizmində bərqərar
olan bir-birinə qarşı qütblərdən
boylanan, eyni zamanda doğmalıq təşkil edən amillərlə,
bir vücudda cəm olan insan gerçəkliyini
dərketmə fəlsəfəsi ilə bizi
dərin düşüncələrə qərq etdirir. Bu düşüncələrlə
beynimizi istismar edərkən,
insanın Tanrıdan aldığı qüdrətində saymaqla tükənməyən və bir-birindən
ciddi şəkildə fərqlənən
xüsusiyyətlər çoxluğunu
anlamış oluruq. Və görürük
ki, bu xüsusiyyətlər
çoxluğunun insan
fenomeninin istər pozitiv,
istərsə də neqativ rənglər zənginliyi
ilə mükəmməl bir varlıq olduğu bədii dilin rəngarəng
palifoniyası ilə aşkarlanır.
Tamaşadakı şahmat oyunu səhnəsinin
həlli qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində inikasının tam səkildə təcəssümüdür.
Bu epizodda səhnənin
iki məkanında şahmat
stollarını görürük. Hər
ikisində oyun təqdim olunur.
Bir varlıqda cəm olan
iki idraketmə - Şah
və Şairin fəlsəfi aləmləri
ziddiyyətli toqquşmalarla şahmat stolundakı mübarizə
meydanında özünü ifadə edir. Bu epizodda idrak
mübarizəsinin iki cəhətdən,
həm real aktyor oyunu, həm də həmin oyunun
kino irreallığı ilə səhnədə
eyni zamanda təqdim
olunması, tamaşanın bənzərsiz bədii-estetik qayəsinin
geniş orbitə açılan fikir, düşüncə yükünün
fəlsəfi dərinliyinin qeyri-səlis məntiqə xas xüsusiyyətini tam
şəkildə ifadə edir.
Şah və Şair - biri təkəbbür, digəri isə təkamül.
Təkəbbür təkamülün boynunu bir andaca
vura bilmək qüdrətində olduğu halda, təkamülün
mənəvi zənginliyi təkəbbürü öz təşnəsindəcə zərərsizləşdirə
bilir. Şah öz taxt-tacı üçün
Şairi qurban verməyə
qalxsa belə, Tanrının
balanslaşdırma tərəzisi zəkanın tərəfində
dayanır və beləliklə, dünyanı qurtara
biləcək humanizm zəfər
bayrağını idrak etmə göylərində
məğrurluqla dalğalandırır.
İki möhtəşəm fenomeninin
ziddiyyətli mübarizəsi kontekstində bizə idrak qığılcımlarının parlaq şölələrinə doğru səmt almaqda
yardımçı olan ədib teatr ifadə vasitəsinin orijinal
təqdimatı üçün rejissora aydın bir yol göstərir.
Əlbəttə
ki, bu aydın yol barədə fikir
söyləyərkən ilk növbədə
Kamal Abdulla
dramaturgiyasının həm fəlsəfi hikmətini, həm
də çağdaş teatr
poetikası üçün zamanı qabaqlaya bilən işıqlı və zəngin
çalarlı estetikasını dərindən anlayan mərhum qeyri-səlis məntiqçi rejissor
Vaqif İbrahimoğlu
fenomenini də unutmamalı olduğumuzu söyləməliyik. Vaqif İbrahimoğlunun
yaratdığı müasir və yeni teatr məktəbi məhz
Kamal Abdulla
dramaturgiyasında özünü daha rahat və üzvi şəkildə ifadə edə bilirdi. Bu gün Azərbaycan
teatrlarının səhnələrində aktiv
fəalyyət göstərən, mükəmməl sənət
nümunələri yaratmaqla seçilən
bu məktəbin yetişdirmələri olan gənc istedadlı rejissorlar
məhz qeyri-səlis məntiqə söykənən üslubu teatr məkanında
realizə etməyə çalışırlar. Əlbəttə
ki, bunların içərisində uğursuzluğa düçar
olanlar da vardır, lakin uğur qazananların
təsir qüvvəsi uğursuzluqla
üzləşən həmkarlarını xilas
edə bilir.
Remarkasında
“işıq saçağı” ifadəsi ilə zəngin bədii
rənglər selini yaradan
müəllifin “Bir... iki...
bizimki...” pyesindəki Oğlanın dilindən
işlətdiyi “Tut səsimdən,
yıxılma. Gəl səsimin dalınca...” və yaxud da “Ağlama.
Gəl dalımca. Səsimdən yapış...” kəlmələri
ilə qeyri-səlis məntiq nəzəriyyəsinin ədəbiyyatda
və teatr sənətində
inikasını parlaq şəkildə təcəssüm
etdirir desək, zənnimcə, bu faktı sübut etmiş olarıq.
Dramaturgiyası
ilə ədəbiyyatımızı və teatr
sənətimizi XXI əsr düşüncə tələbləri
miqyasına qaldıra biləcək Kamal Abdullaya məxsus qələmin mürəkkəbi
ağ vərəq üzərinə
düzülən qeyri-səlis məntiq nəzəriyyəsinin
zərrəciklər çoxluğunun mirvarisidir.
İftixar
əməkdar mədəniyyət işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Ədəbiyyat
qəzeti.- 2014.- 25 aprel.- S.12.