“Bu sualın
cavabını verə bilsəydim...”
Müsahibimiz xalq şairi Sabir Rüstəmxanlıdır
Bu ikilik təbii qəbul
olunmalıdır. Ona görə ki, insan yerin övladı
olduğu kimi, göyün də övladıdır. Qədim
türklər özlərini göydən gəlmiş
sayırdılar. İsa Muğanna - kökünü qədim
sivilizasiyanın son daşıyıcılarında, maraqlarda
axtarmaq və bu yolla insanla Tanrı arasındakı vəhdəti
yazmaq istəyirdisə, kim buna qarşı çıxa bilər?
İsa göydən
ün eşitdiyini və bu ünlərlə
yazdığını deyirdi. Bunun həqiqət
olub-olmadığını dəqiqləşdirmək
imkanımız yoxdur, lakin içimizdə peyğəmbərin
meracına, yaxud ona göydən vəhy gəlməsinə
şübhə yoxdursa, bir istedadlı
yazıçının vəhylə yazmasına niyə dodaq
büzməliyik? Vəhy də ilhamdır! Peyğəmbərin
özü də Allahın qulu idi, insan idi, amma seçilmiş
insan idi. Bir böyük insana vəhy gələ bilirsə,
başqasına da ün gələ bilər. İsa
Muğannanın yaradıcılığı ədəbiyyat
tariximizdə əbədiyyət ömrü qazanmaqdır.
- Türk dünyasının böyük şairlərindən biri olan Mehmet Akif dədəmizdən bir dəfə soruşublar ki, ustad, "İstiqlal marşı"nı yenidən, ikinci dəfə yazmalı olsanız, nələrdən bəhs edərdiniz? Cavabında deyib: "Allah ikinci dəfə bizə o günü göstərməsin". Yəni biz artıq müstəqilik, müstəqilliyimizin marşı əbədiyyətə hesablanıb və onun bir daha yenidən yazılmasına ehtiyac yoxdu.
Bu mənada, əgər siz xalqımızın milli-azadlıq mücadiləsində, necə deyərlər bir ordunun işini görmüş "Ömür kitabı"nıza yenidən qayıtmış olsanız, o kitaba nələri əlavə edərdiniz, nələri yazmaq istərdiniz?
- Mən “Ömür kitabı”nın birincisini yazdım.
İkincisi Güney Azərbaycanı haqqında olacaqdı;
İrana gedə və bütün güneyi gəzə bilsəm
tamamlanardı. İndi onu yazmaq imkanım yoxdur. Ancaq, əslində
sonra yazdığım bəzi kitablar da “Ömür
kitabı”nın davamıdır. “Xətai yurdu” - 1988-1991 -
Milli azadlıq hərəkatı və onun nəticələri;
ötən ilin sonunda nəşr olunan “Dərdə əyilmə”
isə son iyirmi beş ildə keçdiyimiz yollar, faciələrimiz,
itirilmiş imkanlar və sarsılan ümidlər
haqqındadır. Burda romantikadan acı realizmə doğru bir
yol var. İmkanım olsa, bu hərəkatı geriyə
çevirərdim, ümidlərimi qıran səhvlərimizdən
- qanadlarıma güc verən, keçmişə və gələcəyə
bağlı ümidlərin romantikasına doğru.
İsa Muğanna xoşbəxt adam idi. Bütün əvvəlki
əsərlərinə yenidən əl gəzdirmək
imkanı var idi. Mənim o imkanım yoxdur, hətta şeirlərimi
də yenidən redaktə eləmirəm. Bu günümü
keçmişimə niyə calaq eləyim, o vaxt necə
düşünüb yazmışamsa, qoy elə də
qalsın. O vaxtkı şəraitlə, nəşr və
senzor şərtləri ilə bağlı ixtisarlarım
varsa, başqa məsələ, onları bərpa etmək
olar...
- Böyük Əli bəy Hüseynzadə "Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəlim, nə kəsdilər dilimi" ağrısıyla yaşayırdı. Düşünürəm ki, bir vətəndaş və sənətkar olaraq bu ağrını siz öz ömürlüyünüzdə sistemli şəkildə dəf edə bilibsiniz, yəni həqiqətin böyüyünü nə qədər ağır olsa da, demək cəsarəti həmişə halal haqqınız olub. Təbii ki, buna gərgin dirəniş, toparlanma, qəlbə düşən çatlar, saça ələnən dən hesabına nail olubsunuz. Belə deyək ki, mən sizə həm də tariximizin önəmli bir parçası kimi baxıram. Eyni zamanda, baxışlarınızın dibində dalğın bir təəssüfün, nisgilin ömür etdiyi də gözdən yayınmır… Bu təəssüfün, nisgilin dillə ifadə edilə biləcək gerçək adı nə?
- Maraqlı
sualdır. Mən bu sualın cavabını heç bir maneəsiz,
nəticələrini nəzərə almadan verə bilsəydim,
gözümə çökmüş o kədər silinərdi.
“Qaragilə” adlı şerimdə belə bir misra var:
“Döyüş mahnımız da gözləri yaşlı”…
Kədər xalqımızın alın yazısı olmaqla
yanaşı, geniş düşünəndə,
insanlığın əsas ruh halıdır. fəlsəfi
baxımından insan bütün ömrünü suallar
içində keçirir və heç vaxt da bu sualların
hamısını cavablandıra və ya cavablarını dilə
gətirə bilmir. Kainatın özü əbədi və
cavabsız bir sualdır. Ömür elədir ki, ən
böyük sevinclər də kədərlə bitir.
Çoxlu suallar doğur burdan və gündəlik həyatından,
cəmiyyətlə münasibətlərindən,
xalqının taleyindən asılı olduğundan onları
dilə gətirə bilmirsən. Bunu deyəndə təkcə
siyasi senzoranı və şəraiti nəzərdə
tutmuram. İnsanın öz daxili senzorları da var. Adət-ənənə,
əxlaq, din və xürafat senzorları, Allah xofu,
düzgün anlaşılmamaq, yaxınlarını zərbə
altında qoymaq qorxusu və s. Əslində
yazıçılıq, şairlik əvvəldən-axıra
müsaidə edilməyən sözün deyilməsi, sirrini
hamıyla paylaşmaq, görünən və görünməyən
qadağaları yıxmaq sənətidir. Qəzetlərin
birində çıxan ilk silsiləmdə “Gözəl”
adlı bir şeir də vardı. Qonşu kənddən bir
ağsaqqalla atam rastlaşanda “oğlunun şeirlərini
gördüm qəzetdə, ciddi oğlandır, de ki, qoy
şit şeylər yazmasın, gözəl-mözəl kimi!”
Bizim mühitdə öz eşqinin, vurğunluğunun sözlə
aşkara çıxarılmasına qeyri-ciddi bir iş kimi
baxanlar da vardı. Halbuki o şeirdə qızların yox, ellərin,
təbiətin gözəlliyindən söhbət gedirdi. Cəmiyyətə,
içində yaşadığın topluma məhkumsan.
Avropada normal qəbul edilən və açıq etiraf edilən
münasibətlər bizdə başqa cürdür. Kəndlərimizdə
bu günün özündə belə bir-birini sevən iki gəncin
bağda-bağatda üz-üzə dayanıb söhbət eləməsi
söz-söhbətə səbəb olar. Təsadüfi
görüş və mərasimləri nəzərə
almasaq, kəndlərimizin mədəni həyatı çox zəifdir.
Yasaq, sərhəd -
bütün xalqlarda və cəmiyyətlərdə var. Ancaq
bizdə vəziyyət daha ağırdır.
Özümüz öz həyatımızı zindana
çeviririk. Mənasız qadağalar, dedi-qodu,
dargözlük, paxıllıq, məsələlərə
feodal qafası ilə qiymət vermək -
insanımızın gününü qara edən cəhətlərdəndir.
Bu, bizim rəsmi qurumlara da aiddir. İdarələr
arasında insanların ömrü çürüyür. Məmur
nə qədər savadsız, cahil, təsadüfən irəli
çəkilmiş birisidirsə, o qədər də kobud,
süründürməçi, qanunlara etinasız,
insanlıqdan kənar olur. Ona görə də
aşağı səviyyəli idarələr millətimizin
stress mənbəyinə, dövlətə etimadsızlıq
yaradan mühitə çevrilmişdir.
Milli taleyimizlə bağlı çoxlu məsələlər
var ki, məhz cahillik nəticəsində yaranıb və
cahillik üzündən həll olunmur.
Niyə beləyik? Anlamaq çətindir və həyatımızın
buna bənzər sualları bizi həmişə
düşündürür. Sanki sevgimiz, səmimiyyətimiz zəifləyib.
Bütün bunlar milli birliyə və müqavimət
gücümüzə də təsir göstərir. Sanki
bütövlükdə immunitet
çatışmazlığı xəstəliyinə
tutulmuşuq. faciələri görə-görə durumu dəyişə,
onu aradan qaldıra bilmirik. Ağrının bir kökü budur
və görünür dərman hələ uzun müddət
tapılmayacaq.
Sualın ikinci tərəfi hələ siyasi
xarakterlidir. Qarabağ savaşında dünyanın ədalətsizliyi
və tarixi gücümüzü itirməyimiz. Azərbaycanın
param-parça edilməsi və əlli milyonluq xalqın əlli
min dərdi! Kimlərsə bu problemə özünə aid
olmayan iş kimi baxa bilər, ancaq normal vətəndaş bu
ağrıları hər gün yaşamalıdır.
Sözümlə, əməlimlə, bütün
ömrüm boyu Azərbaycanın müstəqilliyi,
bütövlüyü, mənəvi yüksəlişi
uğrunda mübarizə apardım. Lakin müstəqillik beləmi
olmalıydı? Ciddi suallardır! Demək və məsələnin
kökünə enmək asan deyil.
Mənim həyatım ziddiyyətlərin
qovşağıdır, ömrüm bir-birindən uzaq
görünən qütblər arasında keçib. Yolun əvvəlində
dağlar arasında unudulmuş bir kənd... Bugünkü
sivilizasiyanın əlamətləri tənbəl-tənbəl,
gözümüzün qabağında gəlib o kəndə,
radio, traktor, maşın, poçt, telefon, xeyli sonra
işıq, televiziya... hərəsi kənd üçün
bir inqilab idi. Amma məhrumiyyətlər, kasıblıq məni
sındıra bilməyib, mənən özümü
güclü, dövlətli saymışam və kənardan da
çox vaxt belə görünmüşdür. İndi də
yolumun bir başında o kənddir, digər başında isə
dünyanın bütün qitələri, bütün
böyük şəhərləri, zəngin sarayları və
hər yerdə dilimin ucunda millətimizin taleyi... Heç nədə
güzəşt, yardım görməmişəm. fəhləlikdən
başlayıb nazirliyə qədər, kimsənin
tanımadığı kənd uşağından - kifayət
qədər tanınan bir şöhrət sahibi olmağa qədər
- nə qazanmışamsa alnımın təri, əlimin zəhməti,
üzümün ağıyla qazanmışam. Taleyimiz iş
deyib işə, savaş deyib savaşa getmişəm. Riskli,
qılıncın tiyəsində yeridiyim günlər olub.
Amma həmin günləri toy-bayram kimi yaşamışam.
Bütün bunların bəhrəsini də görmüşəm.
Şükür! İndi daha Moskvanın Ədəbiyyat fondu
yoxdur, planlı şəkildə hər respublikanın
Yazıçılar İttifaqının təqdim etdiyi
kitabları xarici dillərə tərcümə etdirsin, arada
vasitəçi olsun.
Amma yenə kitablarımız özü yol
açır özünə. 20-dən çox kitabım
çıxıb xarici dillərdə. Hələ onlarla qəzet-jurnal
yazılarını, saysız konfrans materiallarını demirəm.
Bunlar da işdir. Havaya sovrulmur ki?
Hərdən fikirləşirəm, insan bundan artıq
neyləməlidir ki, öz yurdunda rahat, sürprizlər, ədalətsizliklər
gözləmədən yaşaya bilsin! Deyə bilmədiyimiz
və deyəndə də cavabını ala bilmədiyimiz
suallardan biri budur!
- Sizi
tez-tez ədəbi gəncliyin arasında görürük.
Tövsiyələrinizi dinləmək xoşdu. Belə məqamlarda
böyük yazıçımız Mirzə Cəlilin Tiflisdə
Əli bəy Hüseynzadə ilə son görüşləri
yadıma düşür. Cəlil Məmmədquluzadə o
görüşü belə xatırlayır ki, möhtərəm
ədibimiz mənə belə dedi: "Yaxşı
yazırsınız". Mən Əli bəyə ərz
etdim ki, onun tək bir şəxsdən eşidilən bu
sözü mən havayı danışılan sözlərin
cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy
Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan
yazıçıya yazı barəsində dediyi sözü mən
ciddi bir söz hesab edəm gərək".
Necə
bilirsiniz, ədəbi mühitimizdə gənc ədəbi
qüvvələrin ustada qarşı Mirzə Cəlil
sayğısı yetərlidimi?
- Bizi qırx yaşımıza qədər gənc
sayırdılar. Bundan gözəl nə ola bilər? Gənc
sayıla-sayıla elə gənc də qaldıq. Ruhumuz gəncdir
və bu mənada ədəbi gəncliklə arada maneə
görmürəm.
21 yaşımdan indi sənin işlədiyin qəzetdə
işə götürdülər məni. Düşdüm
qocamanların arasına. Heç gənclərlə
oturub-durmaq imkanım olmadı. Tez böyüdüm. Onun əvəzini
indi çıxıram.
“Ədəbiyyat və incəsənət” qəzetində
ədəbi-tənqid şöbəsinin müdiri,
“Yazıçı” nəşriyyatında baş redaktor olanda
zəif yazılara, kitablara yolları qapatmışam. Bunun əzablarını
da çəkmişəm, iki dəfə işdən
çıxarılmış, sonra haqlı olduğumu
sübut edib bərpa olunmuşam. İstedadlı gənclərə
qapım həmişə açıq olub. Təkcə gənclərə
yox, yaşlı yazıçıların da mübahisəli
kitablarının plana salınmasında, nəşrində
çox zəhmətim olub. 1985-ci ildən yazıçı
dostlarıma elan elədim ki, arxivinizdə nə var, gətirin
nəşr edək. çağdaş
yazıçıların arxivindən bir şey
çıxmadı. Amma Ordubadinin sovet dövründə nəşr
edilməmiş "Qanlı sənələr" əsərini
buraxdıq. Xəlil Rza Ulutürk bu təklifimə
inanmadı. Mən bir şerinə də toxunulmayacaq, necə
istəyirsən düz gətir, dedim və sözümə də
əməl elədim. O kitab çıxanda Xəlil xoşbəxt
idi və Türkanda dostlarına böyük bir qonaqlıq
verdi. İsa Muğannanın “İdeal” romanı da belə nəşr
edilmişdir. Asif Atanın bir kitabını ləğv edib,
korrekturasını arxivə atmışdılar. Ordan
tapıb bərpa etmişəm. Onun da bu barədə mənə
minnətdarlıq məktubları var. Gənc şair, nasir və
tənqidçilər üçün ilk kitab serialı mənim
layihəm idi və bu gün söz sahibi olan bir çox
müəllifin ilk kitablarını, neçəsini şəxsən
tanımadan, görmədən yalnız əsərləri
layiq olduğuna görə nəşr eləmişdik. Bu məsələdə
baş redaktor olaraq sərbəst idim. Nəşriyyatın
direktoru, rəhmətlik Əjdər Xanbabayevlə dost idik,
bir-birimizi yaxşı başa düşürdük və
yaradıcılıq işini mənim öhdəmə
buraxmışdı.
İndi istedadlı qələm sahiblərinə
qayğı ənənəsini qardaşım Şahbaz
Xuduoğlu davam etdirir və bu baxımdan ondan razıyam.
Hamını oxumaq, tanımaq imkanı yoxdur, amma nəşriyyatda
bütün qovluqları oxuyurdum.
Bir dəfə qapım ehtiyatla döyüldü, gənc
müəllif ikiqat əyilə-əyilə “gəlmək
olar?” - deyə soruşdu. “Olmaz, - dedim, - çıx,
qapını şax, əyilmədən aç gəl!
Yazıların yaxşıdırsa, nəşr ediləcək,
pisdirsə, yüz dəfə də əyilsən xeyri yoxdur!
Qələminə, sözünə güvənən adam əyilməz!”
Bu, mənim prinsipimdir. Gənclərə münasibətim o
vaxt da beləydi, indi də belədir. Özünə güvənən,
qürurlu, qapıları istedadıyla açan gəncləri
sevirəm.
Mən çoxuşaqlı ailədə, gur mühitdə,
böyük-kiçiyin yerinin bilindiyi möhkəm əxlaq,
ancaq fərqli düşüncələr mühitində, belə
demək mümkünsə, əsl demokratiya şəraitində
böyümüşəm. Millətimizə də
böyük bir ailə və gənclərimizə o ailənin
övladları kimi baxıram. Sevgi olan yerdə ittiham olmaz; tənqid
olar, səhvlərə görə təəssüf olar, amma
inkar olmaz! Hətta səhvlər olsa da, məsuliyyətini biz
daşımalıyıq. Çünki bizim ardımızca gəlirlər
və bizim mühitdə yetişiblər.
Gənclərin bizə qarşı sayğısı
yetərlidir-yetərsizdir; bu ayrı məsələdir. Bir
milyon qaçqınımız var. O ailələrdə
doğulan, böyüyən uşaqların aqressiv və qəzəbli
olmasını başa düşmək lazımdır; məğlubiyyətlərimizin
və faciələrimizin bir səbəbini də yaşlı
nəsildə görürlər və müəyyən qədər
də haqları var. Onların digər yaşıdları da
gözlərini açanda Azərbaycan bir gərginlik
içində idi. Bütün bunlar xarakterə də,
yazıya da təsirsiz qalmır. Bir vaxtlar biz özümüz
də psixoloji burulğandan keçmişik. Buna görə gənclərimizə
savaş açmaq yox, qucaq açmaq lazımdır. Mən
bunu həmişə demişəm və yazmışam. Səmimi
dialoq olsa, gənclərimiz də bizim durumumuzu anlarlar,
hansı işin məsuliyyəti bizim boynumuzdadır, hansı
sorunlar bizdən asılı deyil, bunu daha yaxşı başa
düşərlər. Zatən vaxt gələcək, özləri
də övladları qarşısında cavab verməli
olacaqlar.
Düzünə qalsa, ədəbi gəncliklə təmasım
qəzet və dərgilərdə, Yazıçılar
Birliyində, yaxud ali məktəblərdə olduğu qədər
geniş deyil. Əlimə düşən və ya
bağışlanan kitabları oxuyur və bəzi saytlara
baxıram. Elektron şəbəkədə gənclər fəaldır
və hadisələri düzgün qiymətləndirir.
İstedadlı gənclər daha çox bitərəf və
müxalifət mətbuata can atırlar, çətinliklərlə
üzləşəcəklərini bilsələr də. Səbəbi
bəllidir! Gənc yazarların son oxuduğum kitablarından
biri Zümrüd Yağmurun “Yağış qadın”
romanıdır; üç dəfə soyqırıma məruz
qalmış, qırılmış, köçüb
getmiş, yenidən geri dönmüş xocalılar
haqqında təsirli bir əsərdir. Bir ailənin bir
neçə nəsil qadınlarının
yaşadığı dəhşətli faciələri qələmə
almaq qadın müəllif üçün çətin
işdir. Amansılığı ilə qələmi donduran
hadisələrdir; hər adam girişə bilməz bu
mövzuya, ancaq həmin faciələrin içindən
çıxmış nəsil yazmasa, kim yazacaq
Qarabağın romanlarını?
Tanıdığım gənclərin çoxu 30-u
adlayıblar. Məncə, ədəbi xarakter və yol 30-a qədər
müəyyənləşməlidir. Buna görə
özünü gənc sayanlarla yox, əsl gənclərə
qayğı göstərmək lazımdır.
Bir şeyə əminəm ki, Azərbaycan ədəbiyyatı
qısır və ya varissiz qalmayacaq. İstedadlı gənclərimiz
var və həmişə olacaq. Sadəcə onların
peşəkarlıq məktəbi olmalıdır. Slavyan
universitetində olan kimi, bu məktəbi nə qədər gənc
yaşlarında keçsələr, o qədər
yaxşı olar. Bəzi gənc yazarların,
ağına-bozuna baxmadan, onların özlərini yox, dədələrinin
də müəllimi olmuş yaşlı
yazıçılarımıza tərbiyəsiz
yanaşmalarını da qəbul etmirəm. Sonra öz
qarşılarına çıxar.
- Sabir bəy,
sizin örnək ola biləsi ömür yolunuzdan və
yaradıcılığınızdan bəhs edən
kitabım "Vaxtla zaman arasında" adlanır. O
kitabın yazıldığı vaxtdan xeyli zaman keçib. Bu
müddət ərzində "Göy Tanrı",
"Ölüm zirvəsi", "Difahi fədailəri"
kimi çox maraqlı romanlarınız, şeir
kitablarınız işıq üzü görüb.
İctimai-siyasi həyatımızda yetərli fəaliyyətinizi
izləmişəm. Və hər dəfə mənə qəribə
gəlib ki, vaxtla zamanı gündəlik həyatınızın
bu qədər geniş əhatəli fəaliyyət
proqramı arasında necə uzlaşdıra, bölüşə
bilirsiniz?
- Bu fürsətdən istifadə edərək
sənə o kitaba görə bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Böyük sevgi və ədəbi
səriştə ilə yazılmış kitab idi.
Sualınıza cavab olaraq bildirim ki, mənim, sənin dediyin
kimi, “geniş fəaliyyətimdə” bir neçə zəif
nöqtə var. Onlardan biri yazdıqlarımın təbliğidir.
Bu işlə heç vaxt məşğul olmamışam,
buna vaxtım çatmır. Kitablarım çap olunandan sonra
yığılıb qalır, onları, hətta dostlara, ədəbiyyat
adamlarına belə çatdıra bilmirəm, kim yanıma gəlirsə,
ona bağışlayıram. Amma nə yaxşı ki, sənin
kimi dostlar məndən xəbərsiz belə araşdırma
aparır, haqqımda kitablar yazırlar: İsa Həbibbəyli,
Hüseyn Adıgözəl (Türkiyə), Elşad Səfərli,
İbrahim Quliyev, Nəsimi Şərəfxanlı, Sərvaz
Hüseynoğlu, Cavanşir Yusifli, Sabir Bəşirov, Qənirə
Bəyzadə (2 cildli) üstəgəl Azərbaycanda və
Türkiyədə bir neçə dissertasiya işi. Az-az
yazıçı haqqında bu qədər yazılıb.
Dostlar sağ olsunlar. Yazdıqları kitablar onların
istəyindən doğulub, demək olar ki, hamısı məndən
xəbərsiz.
Yəni bu sahədəki tənbəlliyimin yerini dostlar
doldurur.
Ancaq mən dərsliklərdə, ədəbiyyat tarixlərində,
bir sıra ədəbi icmallarda ədalətsizliklər də
görürəm. Mümkün qədər unutdurmaq, görməzliyə
vurmaq!..
“Ömür kitabı”nın o vaxtkı gəncliyimizə
təsirini sən də bilirsən! Onda dərsliklərə
bu qədər vecsiz yazı salındığı halda, gənclərin
yurdsevərlik duyğusunu gücləndirən, qan
yaddaşını dirildən o kitabın əlavə oxu
siyahısından da çıxarılması
anlaşılmaz münasibətdir. Uşaqlarımıza
öyrədilənin bir qismi yenə də sosialist
dövrünün ədəbiyyatıdır.
Milli özünüdərkə xidmət edən əsərlər
əvəzinə məqsədi bəlli olmayan ədəbiyyat
yer tutur bəzi dərsliklərimizdə.
Amma bu soyuq münasibətlər əlimizi işdən
soyuda bilməz.
- Ənənəvi
sual: "Hansı yaradıcılıq planlarınız
var"? Yaradıcılığın plana
hesablanmadığını bilsəm də belə,
soruşuram…
- Partiya, Milli Məclis, Dünya Azərbaycanlıları
Konqresi, səfərlər, görüşlər, millət vəkili
qayğıları... Amma hamısının başı
üstündə bir yazı masası var.
Son illərdə yollarda əlim kağıza
çatmayanda telefonuma onlarla şeir yazmışam. Bu da
yaradıcılığın yeni bir imkanıdır.
Texniki işlərimizə əl yetirən olsa, əlimdə
bu qədər yarımçıq yazı qalmazdı. Mən
narahat adamam və hər işi özüm görməyi
xoşlayıram. İndi hiss edirəm ki, bütün bunlar kənddən
gətirdiyimiz sağlamlığın hesabınadır. Onun
da axırına çıxırıq...
Sənin yuxarıda dediyin siyahını tamamlamaq istəyirəm.
Son illərdə “Sunami” adlı fantastik romanım, “Əbədi
sevda” şeirlər və “Dərdə əyilmə” adlı
publisistika kitablarım nəşr olunub. “Ömür
kitabı” İngiltərədə ingiliscə, “Göy
Tanrı”nın birinci hissəsi Almaniyada almanca, “Göy
Tanrı” İranda, Özbəkistanda, 3 dəfə Türkiyədə
nəşr edilmişdir. Bu yaxınlarda İstanbulun
Kültür Sənət yayın evində “Difai fədailəri”
romanı çıxdı və iki universitetdə təqdimatı
keçirildi. “Ölüm zirvəsi” rusca nəşr edildi.
Yəni boş qalmırıq. Yazmaq birinə
zülümdür, birinə ləzzət - qanad açmaq,
yüksəliş. Mən dünyanın dərdlərindən
yazı masasında xilas olur, burda dincəlirəm.
Yaradıcılıq planları Koroğlunun
Qıratı kimidir, adətən gün işığı
görən kimi qanadları qırılır. Ancaq mən nə
yazdığımı gizlətmirəm. Qələm
dostlarım haqqında yazdığım ədəbi portret
tipli yazılarımı və ədəbiyyatşünaslıq
silsiləsindən olan məqalələrimi
topladığım kitabları çapa hazırlayıram.
Çətin yazılan bir roman üstündə işləyirəm.
Başqa yarımçıq yazılarım da var.
-
Hansısa bir möcüzəylə gənclik illərinizə
qayıtmaq mümkün olsaydı hansı dostlarla, kimlərlə
bir arada olmaq istərdiniz?
- Dostlar da tale qismətidir. Ömrüm boyu çox
adamla oturub-durmuşam. Daha nə dəyişmək, nə
artırmaq, nə də azaltmaq olar. Arası kəsilməyən
iş, məşğulluq üzündən dostlarımın
sayı o qədər də çox deyil. Zamanı geri
qaytarmaq olsaydı, uşaqlarıma, ata-anama daha çox vaxt
ayırardım; yayda dağlardan enməzdim.
- Bu an,
bax elə bu dəqiqənin özündə hansı şeri
oxumaq keçir könlünüzdən?
- Bəzi TV-lərdə hələ də
Sovet dövründəki al bayrağa yazılmış
şeirlər səsləndirilir. Sizə milli
bayrağımız haqqında şerimi təqdim edirəm:
Bayrağım
Başımızın üstündə dalğalan, dev
bayrağım,
Yarı torpaq, yarı göy, yarı alov
bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın,
dostların ürəklənsin!
Bu məğrur ucalıqda tarixin əsintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər,
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əkizləyənlər
Dərindən nəfəs alıb, dincəlsinlər
süsündən!
Sənə əyri baxanlar dağlansınlar
gözündən!
Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq saçsın yurdun hər
bulağına!
Mavi - türklük şərəfim,
varlığımız əbədi!
Yaşıl - dinim, imanım! Sevgimizin məbədi!
Qırmızı da al qanım - axdı Vətən
yolunda
Əsarət zəncirini qırmaq üçün
qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!
Dünən səni cıraraq ayaqlara atanlar,
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən
coşqunluq,
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
Sən günəşə qalxsan da bu torpaqdı
beşiyin,
Daha sənə əl çatmaz, dursalar da qəsdində!
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!
Söhbətləşdi:
Sərvaz HÜSEYNOĞLU
12.04.2014
Ədəbiyyat
qəzeti.- 2014.- 25 aprel.- S.1; 8-9.