Pünhan

 

Nə yazdın, İlahi, ələ düşməsin,

Mələkdi, mələyin dilə düşməsin.

Saxla ürəyimdə, hələ düşməsin,

Aparım məzara adını pünhan

 

Sevgindən yaranıb bəşər dediyin,

Bəlkə də halaldı bu şər dediyin.

İlahi, budurmu məhşər dediyin,

Sinəmə çəkirəm odunu pünhan.

 

Bir azca su çilə, bir azca dən ver,

İstəsən sevinc ver, istəsən qəm ver.

İki divanəyə iznini sən ver,

Saxlarıq bu eşqin dadını pünhan.

 

Üzünü solduran çəkdiyi qəmmi,

Tərsinə getdiyim yoluDönəmmi

Aşikar ömürdə, Yarəb, mənəmmi,

Ya da göndərdiyin odumu pünhan.

 

Tərəfimdə

 

Günəşmi nur salır dörd bir yanıma,

Yox... YoxÜzün gülür hər tərəfimdə.

Gendən boylanıram Tanrı payına,

olsun dayanıb yer tərəfimdə

 

Birimiz divanə, birimiz dəli,

İndi bizim üçün hər şey təsəlli.

Aşikar olanım ellərə bəlli,

Pünhan nağılımsan sirr tərəfimdə.

 

Səssiz harayımı indi kim duya,

Budurmu dediyin əlçatmaz röya

Görürsən, bir yanda bu boyda dünya,

Təkcə sən durubsan bir tərəfimdə.

 

Könüllü gedirəm

 

Sinəmə çəkdiyim şirin dağıydı,

Divanə könlümdə bir qonağıydı.

Dünyayla aramda olan bağıydı,

Könüllü gedirəm viran olmağa.

 

İndi dəyərlidir yoxu varından,

Bir ömür çəkdiyim intizarından.

Usandım dünyanın yaxşılarından,

Könüllü gedirəm viran olmağa.

 

Dəli həsrətiydi, öldüm nazından,

Bəlkə bir yazıydı mənə azından.

İzni necə alım iki qızımdan?..

Könüllü gedirəm viran olmağa.

 

Ömrün qürubuna vaxtsız çökdü qar,

Burdan o tərəfə işıqlı nə var…

Məni ovudammaz daha adamlar,

Könüllü gedirəm viran olmağa.

 

Qədər

 

Hər şey gözəliydi, nə varıydısa,

Köksümə vurduğu yaraya qədər.

Bu ömrün əzəldən bəllidi rəngi,

Qaradan başlayıb qaraya qədər.

 

Tanrım, bu sevgidir, rəhm eylə bir az,

Bir addım ataqmı, olmaz ki, olmaz.

Vermisən dərdini, dərmanını yaz,

Qalmarıq tapılan çaraya qədər.

 

İnsanlar, olanı danımmı, - sordum,

O qədər çəkdim ki, həsrəti yordum.

Ürək deyilənin qəsdinə durdun,

Qalmadı bütövdən-paraya qədər.

 

Bir dəli sevgiyə bu dünya darsa…

Haqqı var, köksümü-könlümü yarsa,

Allah ümidinə qalsın nə varsa,

Qoy getsin, gedəcək haraya qədər…

 

Axtarıram

 

Çən tutub ömrümün üstünü, ya da,

Dağların döşündə çən axtarıram.

Bütöv tapammıram səni dünyada,

Hərədə bir azca «sən» axtarıram.

 

Nə vardı canımda eşqin adına,

Nə var, halalındır, sənindir, apar.

Bəsimdir, arada düşüm yadına,

Axı kim deyibdir, - axtaran tapar.

 

Tanrı yaratmışdı yaratdığını,

Bir də yaratmağa bəhanə ola.

Yüz yol səcdəsinə dayanmağım var,

Kimdəsə balaca nişanən ola.

 

Hər yanı zülmətdir, irəli, geri,

Axı nə gəzirəm qaranlıq boyu?..

Ağrıma-acıma yaşanan ömrü

Çəkib aparıram viranlıq boyu.

 

Onda nə göydəydim, nə də ki yerdə,

Səni itirəndə sənə yetirdim.

Elə bilirdim ki, tapacam bir də,

Səni axtarırdım, ömrü itirdim.

 

Çən tutub ömrümün üstünü, ya da,

Dağların döşündə çən axtarıram.

Bütöv tapammıram səni dünyada,

Hərədə bir azca «sən» axtarıram.

 

Bir gör neyniyirsən

 

Zülümmü əlini üstünə çəkmiş,

Bu nə dərd yüküdü?..

...Gözlərin aydın.

Tanrı bu çiçəyə ömür verməmiş,

Əvvəl taleyini düzüb-qoşaydın.

 

Qorxur ki, yerisə, yer çökə birdən,

Bu yandan göylər də uça üstünə.

Tərpədə bilməyir ömrü yerindən,

Açılan qollar yox, qaça üstünə.

 

Görən, tezmi düşər güzarın bəri,

Bir gör neyniyirsən?..

Bir düşün, Allah!

Tez götür üstündən bəd nəzərləri,

Əlinə keçməsin qurd-quşun, Allah!

 

Yandırır dağları, daşları ahı,

Yarəb, bundan betər pərişanmı var?..

Bizə sən yazırsan bəxti, İlahi,

Sənin də işinə qarışanmı var?..

 

Bir gör, neyniyirsən, sıxılır hava,

Sənin ki, fərmanın, əmrin əlində.

Getməyə yeri yox, qalmağa yuva,

Bu çiçək karıxıb ömrün əlində.

 

Vasif SÜLEYMAN

 

Ədəbiyyat qəzeti.- 2014.- 25 aprel.- S.3.