Ədəbiyyat
sehrbazı Markes
ədəbi-əbədi
tənhalığa qovuşdu
Ötən həftə ədəbiyyat
üzrə Beynəlxalq Nobel mükafatı laureatı,
dünyaşöhrətli Kolumbiya yazıçısı
Qabriel Qarsiya Markes 87 yaşında gözlərini əbədi
yumdu. Uzun müddət pnevmaniyadan müalicə olunan, XX əsrin
ən tanınmış imza sahiblərindən sayılan, ədəbi-estetik
düşüncəyə “magik realizm”i gətirən, əsərləri
ilə dünya oxucularının rəğbətini qazanan bu
ustad ədib aprel ayının əvvəlində xəstəxanaya
yerləşdirilmiş, qısa müddət sonra isə evə
buraxılmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə də əsərləri sevilə-sevilə oxunan, dəfələrlə romanları, povest və hekayələri nəşr olunan Q.Q.Markesin vəfatı ilə əlaqədar Kolumbiya prezidenti Xuan Manuel Santosa başsağlığı verib. Dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab prezident, böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Həyatın Markes çığırı
1927-ci il martın 6-da
Cənubi Amerikada - Kolumbiyanın Arakatak şəhərində
dünyaya göz açıb. 1927-ci ildə valideynləri
başqa şəhərə getdiyindən baba və nənəsi
tərəfindən böyüdülüb.
1936-cı ildə
valideynlərinin yaşadığı Sukra şəhərinə
gedir.
1946-cı ildə
Boqote şəhərindəki Milli Universitetin hüquq
fakültəsinə daxil olur.
1947-ci ildə tələbəykən
ilk hekayəsi işıq üzü görür, bədii ədəbiyyatla,
şerə həvəs göstərir.
1950-ci ildə ali təhsilini
yarımçıq buraxıb peşəkar jurnalistika və ədəbiyyatla
məşğul olmağa qərar verir.
1951-ci ildə əsas
mövzusu tənhalıq olan "Xəzələ dönən
yarpaq" adlı ilk povestini yazır.
1955-ci ildə
Kolumbiyanın o dövrkü nüfuzlu mətbuat orqanı sayılan
"El Espektador" qəzetinin xüsusi müxbiri olaraq
Avropaya gəlir. Avropada yaşadığı illərdə
peşəkar ədəbiyyatçı kimi ciddi ədəbi-estetik
dünyagörüşə sahib olur.
1958-ci ildə
uşaqlıqdan tanıdığı və aşiq olduğu
Mersedes Barçla evlənir.
1961-ci ildə jurnalistikaya
əlvida deyərək Mexiko şəhərinə
köçür və məşhur “Polkovnikə heç kim
yazmır” povestini ayrıca kitab şəklində nəşr
etdirir.
1967-ci ildə ona
dünya şöhrəti gətirən, ən böyük
romanı sayılan, 16 il sonra "Yüz ilin tənhalığı"
adlanacaq "Ev"i yazmağa başlayır və tezliklə
bu möhtəşəm əsər Avropanın əksər
böyük dillərinə tərcümə edilir.
1967-ci ildə
İspaniyaya - Barselonaya gedir, eləcə də Nyu-Yorkdakı
Kolumbiya Universitetinin fəxri elmi dərəcəsinə layiq
görülür.
1982-ci ildə zəngin
yaradıcılıq uğurlarına, magik realizmi inkişaf
etdirərək dünya səviyyəsində ədəbiyyat-düşüncə
texnologiyasına çevirdiyinə görə ədəbiyyat
sahəsində Beynəlxalq Nobel mükafatına layiq
görülür: ona qədər Kolumbiyada heç kim bu
ödülə sahib olmamışdı.
1989-cu ildə həkimlər
bu böyük sənətkarda xərçəng şişi
tapırlar.
1992-ci ildə “On iki qəribə
hekayə" adlı nəsr toplusu çap olunur.
2002-ci ildə isə
"Həyat haqqında danışmaq üçün
yaşamalı" adlı bioqrafik trilogiyanın ilk hissəsini
çap etdirir.
2004-cü ildə
“Küskün gözəlçələrimin xatirələri”
adlı sonuncu irihəcmli bədii nəsr əsəri
işıq üzü görür və bütün
dünyada əsl ədəbi qalmaqala səbəb olur.
17 aprel 2014-cü ildə,
Meksikanın paytaxtı Mexiko şəhərində
dünyasını dəyişir.
Dünyanın Markesi...
Verilən xəbərlərə
görə, yazıçının nəşi krematoriyaya
aparılaraq yaxınlarının iştirakı ilə
yandırılıb. Markesin külünün harada
basdırılacağı ilə bağlı yaxınları
arasında anlaşılmazlıq yaranıb və mübahisələr
başlanıb. Kolumbiyada anadan olan Markes son 50 ili Meksikanın
paytaxtı Mexikoda yaşayıb. Ən son xəbərə
görə, məşhur yazıçının külləri
doğulduğu ölkə Kolumbiyaya və ana vətəni
kimi gördüyü Meksikaya səpələnəcək.
Azərbaycana
doğma Markes...
Q.Q.Markes nəşrlərindən sonra əsl ədəbiyyat
hadisələrinə çevrilən “Arzu edilməz saat”
(1959), “Yüz ilin tənhalığı” (1967), “Patriarxın
payızı” (1975), “Gözlənilən bir qətlin
tarixçəsi” (1981), “Taun xəstəliyi zamanı sevgi”
(1985), “Öz labirintində olan general” (1989), “Küskün
gözəlçələrimin xatirələri” (2004) roman, eləcə
də 40 povest və hekayə, 10 kinossenari, saysız esse, məqalənin
müəllifidir.
Azərbaycan dilində yazıçının
"Yüz ilin tənhalığı", "Patriarxın
payızı" romanları, “Polkovnikə heç kim
yazmır”, "Gözlənilməz bir qətlin tarixçəsi"
povestləri, eləcə də çoxsaylı hekayələri,
esseləri və müsahibələri tərcümə
olunaraq ayrıca kitablar şəklində dəfələrlə
nəşr edilib.
Prezident İlham Əliyevin sərəncamıyla Qabriel
Qarsia Markesin “Seçilmiş əsərləri” dövlət
hesabına nəşr edilib. “Yazıçının inqilabi
borcu - yaxşı yazmaqdır,” - söyləyən
yazıçının bu kitabında Q.Q.Markesin Nobel nitqi,
müsahibələri, romanları (“Gözlənilən bir qətlin
tarixçəsi”, “Küskün gözəlçələrimin
xatirələri”, “Patriarxın payızı”), povestləri
(“Bizlərdə oğru yoxdur”, “Polkovnikə heç kim
yazmır”) və 8 hekayəsi Azərbaycan oxucusuna təqdim
olunur.
Milli tərcümə sənətimizin zənginləşməsində
xüsusi təsiri olmuş yazıçının azərbaycancaya
çevrilən iri nəsr əsərləri bunlardır:
“Gözlənilən bir qətlin tarixçəsi” (tərcümə
edən: Ə.Əylisli), “Patriarxın payızı” (tərcümə
edən: A.Məsud), “Sənin qar üzərindəki izinlə”
(tərcümə edən: N.Əbdülrəhmanlı),
“Polkovnikə heç kim yazmır” (tərcümə edən:
İ.İbrahimov), “Yüz ilin tənhalığı” (tərcümə
edən: G.Mövlud), “Bizlərdə oğru yoxdur” (tərcümə
edən: M.Qarayev) və b.
Markesin
fikirlərindən seçmələr
Bəzən elə danışmalısan ki,
qarşındakı cavab verə bilməsin. Bəzən də
elə susmalısan ki, qarşındakı danışmağa
cəsarət etməsin.
Hər adam atasına oxşamağa
başladığı anda yaşlandığını
anlayar.
Birindən uzaqlaşmanın ən pis forması,
yanında oturub ona heç bir zaman "çata bilməyəcəyini"
bilməkdir.
Bitdi deyə kədərlənmə,
"yaşandı" düşünüb sevin.
Bütün dünya üçün yalnız bir adam
ola bilərsən, lakin bəziləri üçün sən
bir dünyasan.
Çox gözləyən, daha az olanı ümid etməyi
də bilər.
Danışaraq izahedilməz hər şey, bəzən
susmaq yetər əslində. Unutma; danışmaq bir ehtiyac ola
bilər, amma susmaq anlayana cavabdır.
Əgər bir az ağlın varsa, xöşbəxtlik
üçün istədiyin şərtləri tapa bilməyəndə,
tapdığın şərtlərdə xöşbəxt
olmağı bacarmalısan.
Kiməsə növbəti bir şans verirsənsə,
özünü bir daha aldatdığını gözə
alırsan demək.
Əhəmiyyətli olan, həyatda başına nə
gəldiyi deyil, nəyi necə
xatırladığındır.
Əsl dost o kəsdir ki, əlindən tutanda sənin qəlbini
hiss edir.
Əslində həyatın heç bir mərhələsində
pis insan yoxdur, hər insan hüzur verər: kimi gəldiyində,
kimi getdiyində.
Gerçək dost, əlini tutan, ürəyinə
toxunandır.
Getmə zamanı gəlmişsə, "Dayan!";
vaxt keçmişsə, "Dön!"; eşq bitmişsə,
"Yenidən!" demənin heç bir mənası yoxdur.
Heç kim göz yaşlarına layiq olmaz, onlara layiq
olanı adam isə onsuz da səni ağlatmaz.
Hər vaxt səni üzəcək bəziləri var
etməyin lazım olan isə budur: insanlara güvənmək,
kimə iki dəfə güvənəcəyinə daha
çox diqqət yetirmək.
Xoşbəxtlik qapısını
bağladığında, başqası açılar, amma
biz bağlı qapıya o qədər baxırıq ki,
açılmış olan yenisini görmürük.
"Kaş ki tanımasaydım…" - dediyim heç
kimim olmadı mənim. "Kaş ki məni tanımasına
icazə verməsəydim" dediklərim çoxdur.
Kimi nə qədər düşünursən-düşün.
Düşüncələrin ən dərini,
başını yastığa qoyduğun an başlar.
Olmursa, məcbur etmə, ya xəyalların
qırılar, ya ürəyin. Unutmuş kimi et. Çünki
gözəl şeylər, onları heç gözləmədiyində
reallaşar.
Səni sən
olduğun üçün deyil, səninlə birlikdə
olduğumda mən olduğum üçün sevirəm.
Heç vaxt
unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli
şey xoşbəxtlik deyil, davamlılıqdır.
Zamanı onu səninlə
birlikdə keçirməyə hazır olmayan biriylə
keçirmə.
“Yüz ilin tənhalığı”
romanından
İnsanın
doğma adamını basdırmadığı torpağa bağlılığı
ola bilməz.
Ölülər qəbirlərindən
çıxmır, biz vicdan əzabı çəkirik, məsələ
budur.
Ömür boyu
dalınca ölü gəzdirməkdənsə, salamat
adamı bir-iki dəqiqə ora-bura sürümək
yaxşıdı.
Vacib məsələlərdə
bir-biri ilə razılaşa bilən iki rəqibin mübarizə
aparmağının mənası yoxdur.
Ən yaxşı
dost, ölüb getmiş dostdur.
Arxayın
qocalığın sirri tənhalıqla bağlanan vicdanlı
müqavilədə imiş.
...Kinoya baxmaqdan imtina
elədi: özlərinin yetərincə dərdi-səri varkən,
uydurma adamların uydurma faciələrinə göz
yaşı tökmək ağılsızlıq idi.
Adam ölməli
olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
Vicdanı rahat olan
insan çeynəməkdən ağzı yorulana qədər
yemək yeyə bilər.
Sevginin bir növü
onun başqa növünü sıradan çıxarır,
çünki insanın təbiətində elə bir şey
var ki, o doyandan sonra yeməyə marağını itirir.
Bəzi kişilər
vaxtlarını öz murdar qarınlarına tamaşa edə-edə
keçirir, süfrəyə oturanda isə torağay ciyəri
tələb eləyirlər.
Siz kişilər qəribə
məxluqlarsız, ömür boyu dindarlarla vuruşursuz, hədiyyəniz
də dua kitabı olur.
Adamların özləri
birinci dərəcəli vaqonlarda səfər eləyib,
kitabları yük vaqonlarında daşımağa
başladıqları gün dünyanın axırı olacaq.
Bu nəslin birinci
kişisini ağaca sarıyacaqlar,
axırıncısını isə qarışqalar yeyəcək.
Markesin həyat barədə fikirləri
Mən səni kim
olduğuna görə sevmirəm; mən sənin yanında
kim olduğuma görə səni sevirəm.
Heç kəs sənin
bir damla göz yaşına layiq deyil. Layiq olanlar səni
ağlatmır.
Kimsə səni sənin
istədiyin kimi sevmirsə, bu o demək deyil ki, o səni
cani-könüldən sevmir.
Əsl dost sənin əlindən
tutan və ürəyini hiss edəndir.
Darıxmağın ən
pisi odur ki, insanla olasan və anlayasan ki, bu adam heç vaxt sənin
olmayacaq.
Həmişə
gülümsə, kədərli anlarında da gülümsə,
çünki kimsə sənin təbəssümünə
aşiq ola bilər.
Ola bilər ki, sən
bu dünyada sadəcə bir insansan, amma kimin
üçünsə sən - bütöv bir dünyasan.
Səninlə
görüşməyə çalışmayan insana
vaxtını sərf etmə.
Ola bilər - Tanrı
istəyir ki, biz həyatımızın yeganə
insanını tapana qədər cox yanılaq, aldanaq ki, qismətimizi
tapanda, minnətdar olaq.
Ağlama ki, hər şey bitdi. Gülümsə ki, bitənlər
nə vaxtsa vardı.
Sənə əzab verəcək insanlar həmişə
olacaq. Amma yenə də insanlara inanmaq lazımdır, sadəcə
bir az ehtiyatlı ol.
Əvvəl özünü anla, sonra
rastlaşdığın insandan səni anlamağı istə.
Hər şeyin yaxşı olması üçün
çox çalışma. Həyatda ən yaxşı
şeylər qəfildən baş verir.
Əsas məqsədim odur ki, məni sevsinlər. Mən
buna görə yazıram.
Ədəbiyyat
haqqında fikirlərindən
Sözsüz, yazıçı olmasaydım, barda
pianoçu işləmək istəyərdim: Orada
cütlüklərin bir-birlərini daha da çox sevməsinə
çalışardım.
Kubada bir ədəbiyyat professoru ilə söhbət
edirdim. O mənə dedi ki, “Yüz ilin tənhalığı”
qeyri-adi əsərdir, amma o problemin həlli yolunu göstərmir.
Mən dedim ki, mənim əsərlərim situasiyanı təsvir
edir, həlli yolunu göstərmir.
Gənc olarkən yüngüləxlaqlı qadınlar
mənim dostlarım idi. Tənhalıqdan xilas olmaq
üçün onlarla ünsiyyət qururdum. Deyəndə
ki, mən səhər yeməyini tək yeməmək
üçün evlənmişəm, Mersedes alçaq
olduğumu söyləyir.
Nağıllar yazmağa cəhd elədim, heç nə
alınmadı. Onlardan birini övladlarıma göstərdim.
Onlar oxuduqdan sonra mənə dedilər ki, uşaqları bu qədər
axmaq sayırsan?
Yazmağı davam etdirmək istəyən məşhur
bir yazıçı şöhrətə qarşı
özünü davamlı qorumalıdır.
Ədəbiyyat
sehrbazının son
“sirri” -
yeni romanı
Markes dünən vəfat etsə də,
yaradıcılığı yenə də davam edir: xarici mətbuatın
verdiyi məlumata görə Bueones-Ayresin ədəbiyyat kulislərində
Markesin son romanı haqqında söz-söhbətlər
dolaşmaqdadır. Gəzən şayiələrə görə,
yazıçı ömrünün son günlərində
“Avqustda görüşərik” adlı romanını tamamlaya
bilib. Nəşri nəzərdə tutulan bu romanın bu ilin
avqust ayında satışa buraxılacağı deyilir. Roman
hər il 16 avqustda anasının qəbrini ziyarət edən
53 yaşındakı Anna Maqdalenadan bəhs edir. 28 il ərzində
ərinə sadiq qalan qadın ziyarətə gəldiyi gün
qaldığı oteldə tanış olan adamla ərinə
xəyanət edir. Kişi isə stolun üstünə bilet
qoyaraq otaqdan çıxır...
Markes 1999-cu ildə iştirak etdiyi bir konfransda bu romandan
parçalar səsləndirib. Oxucuların maraqla gözlədiyi
əsər haqda məlumat geniş olmasa da, romanın beş fəsildən
ibarət olacağı deyilir.
Hazırladı:
Aydın Xan(Əbilov)
yazıçı-kulturoloq
Ədəbiyyat
qəzeti.- 2014.- 25 aprel.- S.5.