«Altmış
yaşlı yetmişincilər» silsiləsindən
Ağacəfər Həsənli - 60
Azərbaycan Yazıçılar Birliyi tanınmış şair, publisist, tərcüməçi Ağacəfər Həsənlini 60 illik yubileyi münasibətilə təbrik edir.
A.Həsənli Lerikdə anadan olub. 70-ci illərdən
dövri mətbuatda şeir və məqalələri ilə
imzasını tanıdan müəllifin bu vaxta kimi 20-dən
artıq müxtəlif janrlı kitabları işıq
üzü görüb. «Arxamca atılan su», «Ürəyim
döyünür, qapım döyülür», «Yağmur əlifbası»,
«Tanrı pıçıltıları», «Ümidimin adına
küçə» və s. şeir kitablarının, «Heykəl
ömrü», «Mavi alovun işığı», «Müqəddəs
məslək adamı» və s. publisistik əsərlərin
müəllifi, «Qızıl kəlmə»
mükafatçısıdır. Əsərləri
müxtəlif xalqların dillərinə tərcümə
olunub.
Bu dünyanın işləri çox qəribədir:
Yaşın oxşarlığı, taleyin
oxşarlığı, ruhun oxşarlığı, nəhayət,
yurdun oxşarlığı…
Lerikdə, təbiətin insana heç nəyi
əsirgəmədiyi dilbər bir guşədə - dağlar
qoynunda dünyaya gəlmiş Ağacəfərlə məni
illərin dostuna çevirən ilkin səbəb bəlkə
də onun o saf iqlimdə boya-başa çatması olub. Bəlkə
də bu, dağ adamlarının genetikasında yer alan ayrıca bir qançəkərliyin təzahürüdür.
Hər halda, bizi birləşdirən ruh olduqca
oxşar, dedikcə yaxındır.
Ağacəfərlə mənim
yaxınlığımın,
tanışlığımın tarixi isə nə az, nə çox - qırx ili çevrələyir.
Bizim tələbəlik illərimizin (söbət
yetmişinci illərdən gedir - A.C.) romantikası tam
başqa olub. İlk qələm təcrübələrini
çap etdirmək istəyən tələbə-gənclər
Bakının mərkəzi kitabxanalarındakı ədəbiyyat
dərnəklərindən keçməli idi. Bu dərnəklərə Nəriman Həsənzadə,
Söhrab Tahir, Ağacavad Əlizadə kimi təcrübəli
yazarlar, həm də xeyirxah insanlar rəhbərlik edirdi.
Ağacəfərlə
tanışlığım elə bu dərnəklərdən
başlayıb. Bizim nəsildaşlarımızdan indi məmləkətimizin
adlı-sanlı yazarları kimi tanınan Vaqif Bəhmənli,
Mahirə Abdulla, Maarif Soltan, Akif Əhmədgil Sultan Mərzili
(Moskva) və digərləri ilə dostluq və
yaradıcılıq ünsiyyətimiz üçün bu ədəbi
məclislərin çox böyük rolu vardı. Bir sözlə, ədəbi əhvalla yaşayan,
yazıb-yaratmaq ehtirası ilə alovlanan istedadlı gəncliyə
yetərli şərait yaradılırdı ki, yetkin qələm
adamına çevrilə bilsin.
1976-cı ildə isə gəncliyə bu
qayğı daha yuxarı səviyyədə - Sov.İKP-nin qərarı
ilə təmizlənən qaydada gündəmə gəldi. Mövcud qərarın icrası naminə Azərbaycan
Yazıçılar İttifaqı da istedadlı gənclərin
seçimi üçün bir yaradıcılıq müsabiqəsi
elan etdi. Həmin müsabiqədən
keçən gənc yazarlar dövlətin maddi və mənəvi
dəstəyi ilə bir aylıq Şüvəlan
yaradıcılıq evində keçirilən seminarlara cəlb
olundu. Afaq Məsud, Mahirə Abdulla, Vaqif Bəhmənli,
Taleh Həmid, Akif Əhmədgil, Maarif Soltan, Sultan Mərzili,
Tofiq Nurəli və bu sətirlərin müəllifi Adil Cəmil
ilə bir arada Ağacəfər Həsənli də
istedadlı gənc şair kimi öz halal yerini tutmuşdu…
Biz Şüvəlan toplantısına gələnə
kimi o dövrün mətbuat orqanlarında - «Ulduz», «Azərbaycan»
jurnallarında, «Ədəbiyyat və incəsənət», «Azərbaycan
gəncləri», «Bakı» qəzetlərində ilk
yazılarımızdan bir qismini çap etdirməklə
imzamızı az-çox tanıtmışdıq. Necə deyərlər, artıq dərnək səviyyəsindən
çıxmışdıq. Bir ay
Şüvəlanda olduğumuz müddətdə
qızğın seminarlar keçirilir - ədəbi
mübahisə, mülahizə və polemikaya geniş meydan
verilirdi. Seminar rəhbərləri - Fikrət Qoca,
Çingiz Əlioğlu həmçinin, Rusiyadan gəlmiş
tanınmış ədiblər bizə diqqətlə qulaq
asıb şeir və nəsr nümunələrimizi sağlam
təhlilə çəkirdilər. Seminarın
bir günü bir yazarın yaradıcılığına həsr
olunurdu. Yadımdadır ki, Ağacəfərin
şeirləri o zaman görkəmli şairlərimizin məxsusi
marağına səbəb olmuşdu. Sonra
onun və digər gənclərin bəyənilən şeirləri
«Ədəbiyyat və incəsənət» (indiki «Ədəbiyyat
qəzeti») qəzetində dərc edilmişdi.
80-ci illərin əvvəlində A.Həsənlinin
ilk kitabı nəşr olunmaq üçün mənim
redaktor işlədiyim «Yazıçı» nəşriyyatının
tematik planına daxil edilmişdi. Məmnuniyyətlə
həmin kitabın redaktorluğunu öz üzərimə
götürdüm. Tezliklə Ağacəfərin
«Arxamca atılan su» adlı ilk şeirlər kitabı
işıq üzü gördü. Kitab
çıxan kimi dövri mətbuatda gənc şairin
özünəməxsus dünyaduyumu və
yaradıcılıq axtarışları ilə bağlı
təhlili və təqdiri yazılar - məqalə, rəy və
resenziyalar dərc olunmağa başladı. Bu kitab böyük ədəbiyyatın yoluna
çıxan gənc şairin «arxasınca atılan suya»
döndü. Artıq öz imzasını
təsdiq etdirmiş gənc şair ardıcıl çap
olunmaqla yeni-yeni ədəbi uğurlar qazandı.
Məxsusi vurğulamaq istəyirəm ki,
Ağacəfər Həsənlinin həyatdakı və sənətdəki
«boy artımı» mənim gözlərimin önündə
baş verib. Sadə, bəzən də sadəlövh
bir kənd uşağının bu qarmaqarışıq
şəhərdə özünü tapması,
sözünü tapması ayların, illərin zəhmətindən,
yuxusuz gecələrindən keçib.
Hər bir yazar üçün mütaliə
vacib şərtdir. Ancaq baxır kimi oxuyursan… Yaşıdları
arasında Ağacəfəri fərqləndirən cəhətlərdən
biri də Məhəmməd Füzulini dərindən bilməsidir.
Hələ orta məktəb illərindən Füzuli
poeziyasına dəlicəsinə vurulan və onun qəzəllərini
əzbərləməyə başlayan, əzbərlədikcə
məna-məzmun tutumunu, bu tutumun semantikasındakı nüvəni
görməyə, dərk etməyə böyük ehtirasla cəhd
göstərən qələm dostum indi dahi şairin barmaqla
sayılacaq bilicilərindən biridir. Saatlarla
Füzuli qəzəllərindən nümunələri əzbər
deyə bilən və dedikcə də hər kəlmənin
«sirrini» açan şair dostumun poetik
yaradıcılığı mən deyərdim ki, elə bu zəmində
formalaşıb. A.Həsənli klassik ənənə
ilə çağdaş dünyaduyumunu ustalıqla birləşdirərək
intellektual və modern şerimizin yaradıcılarından
birinə çevrilib.
Şairin mövzuları göydəndüşmə
deyil - içindən gələn yaşantılarıdır:
Söz atdım gizlicə mamırlı daşa,
Daşdan səs çıxmadı,
qıldı tamaşa.
Subaykən bir dəfə toy çaldırmışam
Zəmanə həmişə mənə
toy tutur.
Bu misralarda zahirən xəfif bir yumor olsa
da, ciddiyyət həmin yumorun altında gizlənir. Ümumiyyətlə, A.Həsənli ən ciddi və
kəskin sözünü də zarafat müstəvisində
anlatmaqla oxucunu nikbin əhvaldan məhrum etmir. Onun
yaradıcılığında izlədiyimiz yeni cinaslar,
gözlənilməz qafiyə sistemi, alleterasiya və
metaforalar istedadlı və yetkin bir şairin dəyərli ədəbi
irsindən xəbər verir:
Çatan kimi al günəşin ziya dəmi,
İlxısını buraxırdı
Ziyad əmi.
Daraşırdı yamaclara qaşqa atlar,
Qorxub, hürküb nal tökürdü
başqa atlar.
«Ziya dəmi» və «Ziyad əmi» söz
birləşmələrinin cinas qafiyə yaratması
göründüyü kimi, şerin öz məzmunundan
doğulur - zahiri effekt, formal uyarlıqdan irəli gəlmir. Az öncə vurğuladığım kimi, A.Həsənlinin
poetik üslubunda diqqəti çəkən cəhətlərdən
biri onun gözlənilməz qafiyə sistemi yaratması ilə
bağlıdır. Əslində şablon, milyon dəfə
işlənmiş sürtük qafiyələrdən
qaçaraq yeni ifadələrin uyarlığını ortaya
qoymağın özü də gərgin
axtarışların uğurlu nəticəsidir:
Ayın hüzünlü sifəti
üzüntülü,
üzüntülü.
Sallayıb qaşqabağını,
sürüşüb
üzünün tülü.
Başqa bir şerində oxuyuruq: «Bulud nədir? - Ərzin-göyün hönkürtüsü.
Yağış nədir? -
Şimşəyin tör-töküntüsü». Göründüyü kimi, şair sözün
elastikasından məharətlə istifadə etməyi
bacarır ki, bu da onun dili mükəmməl bilməyindən
və sözə yaradıcı yanaşma qabiliyyətindən
xəbər verir. «Üzüntülü» və
«üzünün tülü», «hönkürtüsü» və
«tör-töküntüsü» kimi təzə səsləşmələr
Ağacəfərin bütün
yaradıcılığına məxsus fərdi bir
xüsusiyyətdir.
Əlbəttə, Ağacəfər Həsənlinin
yaradıcılığı ilə bağlı əhatəli
söz demək belə yığcam bir yazının boyuna biçilə
bilməz. Mən sadəcə nəsildaşım bir
şairin bioqrafik cizgilərini qabartmağa, onun keçib gəldiyi
həyat və ədəbiyyat yoluna bir işıq tutmağa
çalışdım…
Doğru deyiblər ki, şairi
yaxşı tanımaq istəyirsənsə, onun
doğulduğu məkanda ol. 2012-ci
ilin payız günlərində şair dostum Ağacəfərin
Lerikdə - doğulduğu məkanda yaradıcılıq gecəsini
keçirmək nəzərdə tutulmuşdu. O, həmişətəzə
köhnə dostları - professor Nizaməddin Şəmsizadəni,
xalq artisti Arif Quliyevi və məni də həmin
görüşə dəvət etmişdi. Düzünü
deyim ki, onsuz da havası gözəl olan Lerik bölgəsində
Ağacəfərlə həmin görüş başqa bir
hava gətirdi… Mədəniyyət evində
rayon İcra Hakimiyyətinin düzənlədiyi bu tədbirə
şairin yurddaşları necə sevgi və sayğılarla
gəlmişdi. Onun orta məktəb müəllimləri,
sinif yoldaşları, bölgənin adlı-sanlı
ziyalıları Lerik dağlarından ədəbi
üfüqlərə pərvazlanan dəyərli bir söz sənətkarı
haqqında ürəkdolusu söz dedilər. Dəfələrlə A.Həsənliyə məqalələr
həsr etmiş professor Nizaməddin Şəmsizadə
şairin poeziyasına xüsusi dəyər verən təhlili
münasibətini bildirdi. Xalq artisti Arif
Quliyev özünün baməzə
çıxışları ilə həmin gecəyə
başqa bir ovqat gətirdi. Mən isə yığcam
çıxışımdan sonra A.Həsənliyə həsr
etdiyim aşağıdakı şerimi oxudum:
Sevincimin ortağı ol həmişə,
Dərdlərimə şərik olma, qardaşım.
Kim deyər ki, bu torpaqdan güc alıb
Özün boyda Lerik olma, qardaşım?!
Söz kül olur insan eşqi sönəndə,
Millət ölür şair bəxti
dönəndə.
Alov yanır, od püskürür
sinəndə,
Boş misraya körük olma,
qardaşım.
Söndürdülər ocağımı, sobamı,
Qəhr etdilər o bəxtiyar obamı.
İtirmişəm dağlar boyda yuvamı -
Mənim kimi perik olma, qardaşım.
Öz yeri var baharın da, qışın da,
Tarix yatır torpağında,
daşında.
Ağacəfər, lap elə yüz yaşında
Əllərində çəlik olma,
qardaşım.
Çox sevirsən bu dağları, düzləri -
Hər qarışda
uşaqlığın izləri.
Söz düşəndə sən unutma bizləri,
Adil deyər: dönük olma, qardaşım.
Əslində, Ağacəfərə
«dönük olma» deməyim bir zarafatdır. Dağ
adamları adətən dönük olmurlar - o ki, qaldı
Ağacəfər ola… Mən gözəl
ailə başçısı, səmimi və etibarlı
dost, dəyərli söz sənətkarı Ağacəfər
Həsənlini ömrün altmışıncı pilləsinə
qədəm qoyması münasibətilə ürəkdən
təbrik edir, ona yeni-yeni həyati və ədəbi
uğurlar diləyirəm.
Adil CƏMİL
Ədəbiyyat
qəzeti.- 2014.- 25 aprel.- S.10.