Tofiq Mütəllibov:
bu adı unutmayaq...
Elə bil dünən
idi. Ədəbiyyatda ilk addımlarını atan cavan şairlər
«Azərbaycan gəncləri» qəzeti redaksiyasına gəlir,
böyük bir ümidlə bir qapı önündə
dayanıb onun «içəri gəl» işarəsini gözləyirdilər.
O qəzetdə ədəbiyyat, incəsənət və mədəniyyət
şöbəsinin müdiri tanınmış şair Tofiq
Mütəllibov idi və o, ürəyi sözlə dolu bu
cavanları hörmətlə qarşılayır, onların
şeirlərini diqqətlə dinləyir, məsləhətlər
verir, sonra da gülərüzlə yola salırdı.Şeirlərinin
dərc ediləcəyinə sevinən də. «oğlum, get
oxu, mütaliəni artır, sənin şeirlərin hələ
zəifdir» - sözlərini eşidənlər də Tofiq
müəllimin rəftarından razı qalırdılar. O, 22
il (1971-1992) həftədə üç dəfə
işıq üzü görən bu qəzetdə
çalışmışdı. Bu, onun son iş yeri idi.
İlk mətbu
şeri («Zəfər») 1946-cı ildə, «Azərbaycan pioneri»
qəzetində dərc edilmişdi. İlk kitabı - «Bəxtəvər
uşaqlar» 1953-cü ildə işıq üzü
gördü.
Bəxtəvər
uşaqlar- Tofiq Mütəllibov yaradıcılığı
həm də uşaqlar dünyasından şeirlər yazmaqla
başlamışdı. O, Azərbaycan musiqisinin incilərindən
olan «Cücələrim» mahnısının sözlərini
yazmışdı (mahnı Qənbər Hüseynli tərəfindən
bəstələnmişdi). Bu mahnı dünyanın az qala
bütün ölkələrini, şəhərlərini fəth
etmişdi.
Cip-cip cücələrim,
Cip-cip, cip-cip, cücələrim!
Gözləyirəm, tez gəliniz,
Göy çəməndə dincəliniz.
Ay qəşəng cücələrim,
Tükü ipək cücələrim!
Arzum budur boy atasız,
Ananıza tez çatasız.
Neçə nəsil bu mahnını eşidib, onun
xoş, qəlbə yatan musiqisindən feyz alıb.
Tofiq Mütəllibovun həyatında da bu mahnı mətni
az rol oynamayıb.
Cavan idi, şeirlər yazırdı, bu şeirlər
ara-sıra dövri mətbuatda dərc edilirdi, ədəbiyyat
aləmində ilk addımlarını atırdı... Ürəyindən
belə bir arzu keçirdi ki, o da Azərbaycan
Yazıçılar İttifaqının üzvü olsun. O
zaman İttifaqın üzvü olmaq çox çətin
idi. Gərək şeirlər kitabın çıxaydı,
bu kitab haqqında mətbuatda kimsə müsbət bir resenziya
çap edəydi, üç tanınmış
yazıçı sənə zəmanət verəydi, sonra
İttifaqa üzv keçmək məsələn
Yazıçılar İttifaqının Rəyasət heyətinin
iclasında müzakirə olunaydı.
Gənc Tofiq Mütəllibov bütün bu mərhələlərin
hamısından keçdi, qaldı iclasda bunun müzakirəsi..
İclas gedir. Gündəlikdə qəbul məsələsi
də var. İclası aparan görkəmli bir
yazıçıdır və o, gənc şair Tofiq Mütəllibovun
ərizə yazıb İttifaqın üzvü
olmasını iclasdakılara bildirir və səsində də
ironiya var. Fikrini də açıq bildirir ki, ağzından
süd iyi gələn bir uşağın indidən
Yazıçılar İttifaqı kimi mötəbər bir təşkilata
üzv qəbul edilməsi müsbət hadisə deyil. Onun bu
fikrini dəstəkləyənlər oldu və məsələ
az qala sona çatırdı ki, birdən qapı
açıldı, Səməd Vurğun zala daxil oldu,
hamıdan üzrxahlıq eləyib qabağa keçdi,
iclasın sədrindən müzakirə edilən məsələlər
barədə soruşdu. Sədr bircə-bircə müzakirə
olunan məsələlərdən söz açdı və
axırda da dedi ki, Səməd müəllim, bir xırda məsələ
də var. «Nədir o xırda məsələ?» - deyə Səməd
Vurğun soruşdu. Sədr dedi ki, bir uşaq
Yazıçılar İttifaqının üzvü olmaq istəyir.
Səməd Vurğun «Kimdir o uşaq?»-dedi. «Tofiq Mütəllibovdur».
«Cücələrim»i yazanmı? «Hə, onun özü». Səməd
Vurğun - bütün ömrü boyu gənc yazarlara
qayğısını əsirgəməyən o gözəl
insan üzünü iclasdakılara tutub dedi ki, «Xahiş edirəm,
təklifimi səsə qoyasınız. Tofiq Mütəllibov
bir illik zəmanət - sınaq müddəti olmadan birbaşa
Yazıçılar İttifaqının üzvlüyünə
qəbul edilsin». Kimin nə həddi var idi Səməd
Vurğunun bu təklifini geri çevirə. Və Tofiq Mütəllibov
«Cücələrim» mahnısının qanadlarında Azərbaycan
Yazıçılar İttifaqının o müqəddəs
məkanına daxil olur (bu faktı jurnalist Şakir Yaqubovun bir
yazısından əxz etmişəm)...
İllər keçib Tofiq Mütəllibov
üçün «tarixi hadisə» olan o iclasdan. ADU-nun filologiya
fakültəsini bitirdikdən sonra Tofiq Mütəllibov bir
müddət «Pioner» jurnalında işlədi, sonra Azərbaycan
komsomolunun MK-da təlimatçısı, sonra isə Radio və
Televiziya Komitəsində çalışdı. Son iş
yeri də «Azərbaycan gəncləri» qəzeti oldu. Ədəbiyyat
qarşısında xidmətlərinə görə «Əməkdar
incəsənət xadimi» fəxri adına layiq
görüldü.
Budur, qardaşı, tanınmış ədəbiyyatşünas,
professor Təhsin Mütəllimovun tərtibi və ön
sözü Tofiq Mütəllibovun «Əbədi mahnı»
adlı seçilmiş əsərləri işıq
üzü gördü. Bu il Tofiq Mütəllibovun anadan
olmasının 85 illiyidir və belə bir kitabın çap
olunması mərhum şairin xatirəsinə ən gözəl
hədiyyədir.
Tofiq Mütəllibov bir şair kimi əllinci illərdə
tanınsa da, onun şeriyyət aləmində etirafı, «dəstədə
yer alması» altmışıncı illərdən
başlayır. Onun yaradıcılığında 60-80-ci illərin
Azərbaycan gerçəkliyi əks olunur və istər
müraciət etdiyi mövzulara, istərsə də bir
şair kimi necə formalaşmasına, fərdi üslubunun,
poetik dəst-xəttinin özünəməxsusluq kəsb etməsinə
diqqət yetirsək, təsəvvürümüz genişlənər
və gözlərimiz qarşısında bir şairin
obrazı canlanar. O da başqa şairlərin üz tutduğu
mövzulardan yazırdı (Vətənin tərənnümü,
Azərbaycan təbiətinin vəsfi, sevgi-məhəbbət
təranələri, insan və onun mənəvi
dünyası, xalqımızın keçdiyi tarixi yollar,
böyük sənətkarların, söz ustalarının,
tarixi qəhrəmanların, əmək cəbhəsində
hünər göstərənlərin şeir-portretləri...)
amma şeirlərində heç kimə bənzəmirdi. Onun
şeirləri haqqında tərifli resenziyalar, məqalələr
yazılırdı, onu tənqid də edirdilər, amma Tofiq
Mütəllibov yolundan dönmürdü. Şeirlərində
o dövrün poeziyasına məxsus vəsf də vardı, tərənnüm
də, amma səmimiyyətdən, təbiilikdən uzaq deyildi
o şeirlər. Hiss edirdin ki, bu şeirlər həyatı sevən,
Azərbaycanı sevən bir ürəkdən
süzülüb gəlir.
Azərbaycan! Yer üzündə
Öz qüdrəti, öz səsi var.
Qoy Everest inciməsin,
Bu dünyanın Azərbaycan
Zirvəsi var.
Ürək -yolumuzu bəzədi nurla,
Zamanla bağladı hər anımızı.
Bütün yer üzünə böyük qürurla
«Azərbaycan» dedik ünvanımızı.
Təbii ki, Tofiq Mütəllibovun şair səciyyəsini
açıqlayarkən o zaman dəbdə olan mövzulara
müraciətindən yan keçmək olmaz.
Tofiq Mütəllibovun şeirlərinin say etibarilə
çox hissəsi Azərbaycanın, onun gözəlliklərinin
tərənnümünə həsr edilib və bunu təkcə
dəbdə olan mövzular kimi anlamaq doğru olmazdı. O,
Abşeron bağlarından, orada bitən qızıl güllərdən,
Xəzərin coşqun sularından, onun qumlu sahillərindən,
Dağüstü parkdan, Qobustanın daş qayalarından («Elə
bil ki yapıncıdır qayalar, Koroğlunun
qılıncıdır qayalar»), Hacıkəndin yollarından
(«Qarlı qış da yaz kimidir, Qərənfillər qız
kimidir... Hacıkəndin yollarında»), Nizaminin, Məhsətinin
yaşıdı Gəncənin çinarlarından,
Qarabağın gözəl təbiətindən, Cıdır
düzündən («Günəş boz dağların
başının üstə Baxır Qarabağa vurulmuş
kimi»),Gəncənin çinarlarından yazanda da
vurğunluğunu, heyrətini gizlədə bilmirdi. Amma
özünəməxsusluğu ilə seçilən bir
şair istənilən mövzuda təzə söz deyə
bilər.
Tofiq Mütəllibovun şeirlərinin əsas qəhrəmanı
(«lirik mən») duyan, düşünən və həyatı
sevən bir insan idi. Odur ki, biz onun «rəsmi» mövzulara
müraciət etdiyi nümunələrdən deyil, şairin
öz könül dünyasından gələn şeirlərdən
söz açmaq istərdik.
Baxıram alboma... Baharıq, qışıq,
Çəkirik dostların dərdi-sərini.
Bəzən özlərini qorumamışıq,
İndi qoruyuruq şəkillərini.
Bax, fikrimizcə, şair Tofiq Mütəllibov elə bu
idi - həssas, kövrək bir insan.
Səpilir hər yana əlvan lələklər,
Göylər bir bəzəkli kəlağayıdır.
Uçur dəstə-dəstə qazlar, leyləklər,
Qürbətdən Vətənə quşlar
qayıdır.
Yenə qaranquşlar dəstəbədəstə,
Deyir ki, hər bahar görüş ayıdır.
Qanadlar çırpınır buludlar üstdə,
Qürbətdən Vətənə quşlar
qayıdır.
Bu da Vətən və Qürbət haqqında fikrini
yığcam, həm də poetik şəkildə ifadə edən
şair Tofiq Mütəllibovdur. Onun 20 yanvar faciəsi ilə
bağlı «Qərənfil məşəlləri» şerindən
də yan keçmək olmaz. Deyir ki, bir vaxtlar qərənfillər
küsənləri barışdırarmış, indi isə
onlar bir məşəl kimi şəhidlərin qəbirləri
üstündə yanırlar, məzarlar üstündə
müqəddəsləşirlər, onlar şəhidlərə
dönürlər.
Tofiq Mütəllibov təbiəti çox sevirdi, bu
sevgini o, onlarla şerə çevirib. Elə torpaq, bahar fəsli,
dəniz haqqında nə qədər şeir yazıb və
bu şeirlərin hər birində çalışıb ki,
o sevgini poeziya dililə ifadə edə bilsin. Baxın: «Qızıl
Günəş medalyondur. Bu torpağın sinəsində».
«Bahar gözəlləşir qızları görcək,
Qızlar gözəlləşir bahar gələndə». Bu
tipli misalların sayı hədsizdir. İndi Göygölə
həsr olunan gözəl bir şerə diqqət yetirin:
Sahilləri ağ rəngdə
Naxışlayıb qarlı qış.
Elə bil ki, Göygölün
Boynunun mavi rəngi
Mirvarisi qırılmış.
Yox-yox, qoy deməsinlər
Onun rəngi solubdur.
Göygöl gözəlləşibdir-
Buzlardandır örpəyi
Göygöl - ağ göl olubdur.
Təbiət səxavətli
Səpir, səpir qarını.
Göygölün sahilləri
Elə bil qu quşudur,
Açıb qanadlarını.
Dayanıbdır önündə
Tufanın da, qarın da.
Qar yağır noğul kimi,
Təzə gəlinə bənzər
Göygöl ağ paltarında.
Bu şerə diqqət yetirəndə həm dilinin səlisliyi,
həm də təşbihlərin və metaforaların zənginliyi
ilə qarşılaşırıq. Ən
başlıcası isə, bu şeir ritm üzərində
qurulub, bir nəğmə təsiri bağışlayır. Tofiq
Mütəllibovun yaradıcılığında nəğmə
janrı da mühüm yer tutur və onu qeydsiz-şərtsiz nəğməkar
şair də adlandırmaq olar. «Cücələrim»dən
başqa onun indi də sevilə-sevilə oxunan mahnıları
var: «Dənizdə ay çiməndə», «Sən olaydın»,
«Sən nişanlım olaydın», «Sənin eşqin», «Sənin
xətrinə», «Bura məskənidir gözəlliklərin»,
«Çinarlar», «Mənim əzizlərim», «Meyli var», «Tələsin
ay subaylar» və s.
Tofiq Mütəllibov həm də bədii tərcümə
ilə məşğul olurdu və indi bu tərcümələrə
(S. Marşakdan, S. Slavinadan, H. Sadasadan, M. Dudindən, Zülfiyyədən,
M. Tankdan, Gülruxsordan, X. Berulavadan, N. Dorizodan və s.) diqqət
yetirəndə onun öz şeirlərindəki təbiiliyi,
sadəliyi və ən başlıcası dilimizin incəliyini
hiss edirsən.
Elə bilirəm ki,
XX əsr Azərbaycan poeziyasında Tofiq Mütəllibovun da
müəyyən xidməti var və biz digər dünyadan
köç edən şairlərimizlə yanaşı onu da
unutmamalıyıq.
Vaqif
Yusifli
Ədəbiyyat
qəzeti.- 2014.- 25 aprel.- S.13.