Hər günün öz təklifi

     

Ali təhsilimi başa vurub doğma kənd məktəbində çalışmağa başladım. Məktəb direktoru sözünün hər başında "Ədəbi-bədii tədbir hazırlayın, məktəb həyatını canlandırmaq lazımdı" - deyibdururdu.

Təbii ki, gənc ədəbiyyat müəllimi kimi həvəslə işə başlar, ədəbi-bədii kompozisiya hazırlardım. Ancaq günlər keçirdi və ən qəribəsi o idi ki, direktor o hazır bədii gecələrin keçirilməsini müxtəlif bəhanələrlə gecikdirir, sabahdan-sabaha saxlayır, bu söhbət unudulandan sonra yenə də əvvəlki kimi "tədbir hazırlayın" - deyib dururdu.

O söhbət 13 il beləcə davam etdi…

Sonra "Ədəbiyyat qəzeti"nə işə gəldim. Demək olar ki, hər həftə rəhbərlik işdə dönüş yaratmaq üçün təkliflər istəyirdi.

Təbii ki, sadiq bir əməkdaş kimi mən öz yeni təkliflərimi gecikdirmirdim.

Bu söhbət düz 12 il beləcə davam etdi. Hər gün təkliflər olduArdınca da eyni sükut

Dərk etdim ki, rəhbərlər tapşırıqları əməli işə çevirmək üçün yox, sadəcə "baş üstə" cavabı almaq üçün verirlər.

Bu da insanı işlədə-işlədə sındırmağın bir yoludu.

Üçüncü həftədi ki, yeni rəhbərliyin - hörmətli Elçin Hüseynbəylinin tapşırıqlarını qeyd dəftərimə səliqəylə köçürürəm. Eyni zamanda da hər şeyin əvvəlki kimi davam etməyəcəyini qəribə bir əminliklə düşünürəm.

Ötən həftə gəncliyimin şairi Seyran Səxavət otağımın qapısını açdı. Söhbəti nuh-nəbidən başlayıb günümüzdə bitirdik. İnandım ki, hər şey yaxşı olacaq.

Xalq şairi Sabir Rüstəmxanlı suallarımızın cavabını ləngitmədi - inandım ki, hər şey yaxşı olacaq.

Xalq yazıçısı Elçin, xalq şairi Zəlimxan Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı Odər müsahibə arzumuzu müsbət cavablandırdı - inandım ki, hər şey yaxşı olacaq.

Xalq yazıçısı Mövlud Süleymanlı, Məmməd Oruc, Vəli Xramçaylı, Ramiz Qusarçaylı, Əlabbas, Dəyanət Osmanlı, Gülayə, İsmayıl İmanzadə, Qərib Mehdi, Sahib İbrahimli, Bahadur Fərman, Barat Vüsal yeni yazılarını göndərəcəklərini söylədilər, sevindim. Fəxrəddin Əsədin, Günel Şamilqızının şeirlərini məmnunluqla oxudum.

Bir sevincim oldu ki, teleaparıcı İlham bəy daha mavi ekranda xanım şairələrimizə göz yaşı tökdürməyəcək, tellər cığalanmayacaq.

Ancaq bu məqamın özündə belə "ədəbiyyatı" şouya qatan bir para tele-şoumenlərin gec-tez ciddi ədəbiyyat haqqını tanıyacaqlarına inamsız deyilik.

Ən böyük senzorun ədəbi vicdan olduğu hər kəsə məlum!..

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2014.- 25 aprel.- S.1.