Rəşid Faxralı - 60

  

Hörmətli Rəşid müəllim!

Sizi - istedadlı şair və publisisti 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz 1970-ci ildə Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirmisiniz.

1975-ci ilin sentyabr ayından 1982-ci ilin avqust ayına kimi Gürcüstan Respublikası Bolnisi rayonu Faxralı orta məktəbində riyaziyyat müəllimi, 1982-1989-cu illərdə Gürcüstan Respublikası Bolnisi rayonunda çıxan «Qələbə bayrağı» qəzetində müxbir, redaktor müavini - Azərbaycan bölməsinin redaktoru işləmisiniz.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ikinci ali təhsil almısınız.

1990-1992-ci illərdə «İnşaatçı» qəzetində müxbir, «Ədalət» qəzetində məsul katib işləmisiniz.

1992-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmusunuz. «Xalq ordusu» (indiki «Azərbaycan» ordusu) qəzetinin məsul katibi, «Hərbi bilik» jurnalının redaktoru, Müdafiə Nazirliyi Sənədli filmlər kino-telestudiyasının redaktoru, Hərbi Nəşriyyatda şöbə rəisi vəzifələrində xidmət etmisiniz. 2005-ci ildə mayor hərbi rütbəsi ilə tərxis olunmusunuz. Qarabağ müharibəsi veteranısınız.

«Sözümdə hönkürür bir dəli sevda», «Könlüm cənnət qapısıdır», «Min illərin duası», «Ərgünəşə qar yağırdı», «Qürbət ağrısı», «Müharibə vaxt qurtaracaq?», «Seçilmiş əsərlər» (3 cilddə) kitablarının (ümumiyyətlə, 30 kitabın), 4 sənədli filmin ssenari müəllifisiniz. 2013-cü ildə Tbilisidə gürcü dilində «Hexvedra» («Görüş») şeirlər kitabınız nəşr olunub.Klassik gürcü şairi Vaca Pşavelanın «Qoqoturi Apşina» poemasını, Cansuq Çarkvianinin David Şemokmedelinin şeirlərini tərcümə etmisiniz. «H.B.Zərdabi», «Rəsul Rza» mükafatları laureatısınız. Gürcüstanın «Gürcü mədəniyyəti səfiri» medalına layiq görülmüsünüz.

Hörmətli Rəşid müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.8.