Qocalmağa tələsməyin

 

Bu zalım qocalıq ah, yamanmış,

Ağarıb saç-saqqal, qırışıb üz .

Dağ başına qonmuş qatı dumanmış,

Can düşüb taqətdən, tor görür göz .

 

Hey göynəyir sinə, töyşüyür ürək,

Qılçalar ərinir addım atmağa.

Küt-küt ağrılardan qovuşur kürək,

Böyrək sancıları qoymur yatmağa.

 

Tapır azar səni bilmirsən hardan,

Ödü, dalağı da salıb kəməndə.

Qulaqlar bezardı ufultulardan,

Yoxdur bir sağlam yer yazıq bədəndə.

 

Ömür güvəsidi əsib-coşmalar,

Qocaldıb insanı tez salır əldən.

Xəcalət gətirir həddi aşmalar,

Hanı xeyir görən zəhərli dildən?!

 

Eşidin, cavanlar, əzmli olun,

Qovun özünüzdən hirsi, acığı.

İradəli olun, dözümlü olun,

Dostu düşmən edir qəzəb qıcığı.

 

Vaxtsız qocalmağa tələsməyin siz -

O dopdolu dərd-qəm dağarcığıdı.

Sizə ünvanlanmış bu ərzim, şəksiz

Açıq etirafın ən açığıdı.

 

Nigaranlıq

 

Anadan tamarzı doğulur, insan,

Arzular yuvası olur ürəyi.

Can atır xoş günə ta uşaqlıqdan

Tanrı gec yetirir ona gərəyi.

 

Bol zəhmət çəkirik ömrümüz boyu,

Bəzəmir süfrəni bar-bəhərimiz.

Çaldırırıq qəşəng oğul-qız toyu

Soyumur yenə alın tərimiz.

 

Hələ əl tuturuq nəvələrə ,

Halaldı onlara baba köməyi.

Yüyürüb-yorturuq xeyir-şərə ,

Əməli-salehin itmir əməyi.

 

Ciddi nigaranlıq başqadı tamam, -

Kimlər dolanacaq yeddi arxadan?

Qalacaqmı kökə hörmət, ehtiram?

Bax, bu suallardı məni qorxudan.

 

Gənclər üz tuturlar qərib ellərə,

Qohum da olurlar qeyri millətlə.

Qalır qayıdışlar uzun illərə,

O da ki, yalvarış, xahiş-minnətlə.

 

Amandı, bu "vərdiş" həddi aşmasın,

Gur yansın xalqımın toy-bayram şamı.

Nəticə, kötücə uzaqlaşmasın,

Bir ocaq başına yığışsın hamı.

 

Köçgünlük artarsa, çox uduzarıq,

Ögeyləşər bizə öz övladımız.

Ulu adətlərə qəbir qazarıq,

"Qırmızı kitab"a düşər adımız.

 

Qürbətdə bol olur dərdin hər cürü,

Vətənsiz heç nədi dövlət , var da.

Qırılıb itməsin nəsil zənciri,

Yadlaşmasın kökə yadıcalar da.

 

Dilək

 

Bir gün rahatca ötdü ömürdən,

Keçmişə qovuşub dünənim oldu.

Kiminsə gözləri qapandı birdən,

Hardasa bəxtəvər körpə doğuldu.

 

Beləcə ötəydi kaş bütün günlər,

İnsanlar daha da xoşhal olaydı.

Ağrısız yataydı yaşı ötgünlər,

Bəxtəvər körpələr çox doğulaydı.

 

Doymuram

 

Deyirlər ki, doyumsuzdu bu həyat,

Doğru sözdü, mən heç ondan doymuram.

Qoçaqlıqdı ləyaqətlə qocalmaq,

Dillər gəzən pak ad-sandan doymuram.

 

Haqq almışam, su içmişəm düz əldən,

Yarımasın yalan, böhtan düzəldən.

Var-dövlətə meylim azdı əzəldən,

Baş ucaldan şərəf-şandan doymuram.

 

Nədən bilək həqiqətdi o dünya?

Bir saf ruha dönəcəyik biz guya.

Rəhmətliklər təki rahat uyuya,

Göz açdığım bu cahandan doymuram.

 

Xalq bəyənən Babanlıyam, fayda?

Saç ağartdım əbəs hayda-harayda.

Ar eləmək olub eldə bir qayda,

Qınamayın, şirin candan doymuram.

 

Deməyin

 

Əziz dostlar, unutmayın insafı,

Şübhənizi ehtimaldan deməyin.

Əgər biri faş edirsə nöqsanı,

Azıb ağlı qalmaqaldan deməyin.

 

Qüsurları siz deyin haqqənnəs,

Nahaq sözdən inciməsin bircə kəs.

Anlayana işarət edir bəs,

Düz iradı gedib daldan deməyin.

 

Halal qazanc qazanılmır heç asan,

Ac qalarsan qazan dibi yalasan.

Xoş güzaran arzulayır hər insan,

Umsunmuşuq cah-cəlaldan deməyin.

 

Köhnə qəmlər daha bizdən gendədi,

Dərd görməyən ən bəxtəvər bəndədi.

Gözəl günlər, şadman çağlar öndədi,

Usanmışıq xam xəyaldan, deməyin.

 

Qocalsam da, canım suludu hələ,

Qəlbim diləklərlə doludu hələ.

İnşallah ki, çatar heyim yüz ilə,

Şux Babanlı düşüb haldan deməyin!

 

Bahar həsrəti

 

Gəlib yenə qış ayları,

Bağ-bağçanı miskin gördüm.

Çəkilib çöldən ayaqlar,

Küçələri küskün gördüm.

 

Dərələri örtüb duman,

Göydə bulud vermir aman.

Al günəşə azdı güman,

Yal-yamacı çiskin gördüm.

 

Buz bağlayıb işlək yollar,

Çöpə dönüb çılpaq kollar.

Burum-burum ələnir qar,

Sazağını kəskin gördüm.

 

Tükənib el nəşidəsi,

Bir kəs aramır bir kəsi.

Quşların da batıb səsi,

Təbiəti susqun gördüm.

 

Sərtdi bu il şaxtalar da,

Kasıb bəndə qalıb darda.

Əyni bir nimdaş paltarda

Qaçqın gördüm, köçkün gördüm.

 

Bəyənmirəm qış sözünü,

Sevməmişəm heç özünü.

Qayğıların dərd izini

Çöhrələrdə məskun gördüm.

 

Yağış-yağmur çoxdu hələ,

Qabaqdadı kiçik çilə,

Cavanları kəmhövsələ,

Qocaları düşkün gördüm.

 

Çap atını, gəl, ey bahar,

Səndə sevinc ovqatı var!

Babanlını qəmdən qurtar,

Daha bəsdir pis gün gördüm!

 

Başqadı

Dostum Nizami Cəfərova

 

İtilə qələmi, işə sal, ey dost,

Tərif eşitməyin həzzi başqadı.

Sözün duzu var, dadı-tamı var,

Könüllərə düşən izi başqadı.

 

Az olmur at çapan Cıdır düzündə,

Çoxunun murazı qalır gözündə.

Kəfənə yarıyan adi bezin

Astarı başqadı, üzü başqadı.

 

Artıb şairciklər eldə-obada,

Ömür çürüdürlər bir quru ada.

Çırpılar ocaqda gur alışsa da,

Palıd kötüyünün közü başqadı.

 

Adətdir, çiçəyi səhər üzərlər,

Qızlar onu hərdən saça düzərlər.

Məndən inciməsin nazlı gözəllər,

Göyçəklikdə ceyran gözü başqadı.

 

Şeir ənənəmiz qədimdi bizim,

Cəhd edirəm qalsın mənim izim.

Hər xahişə bir rəy yazma, əzizim,

Əsil səxavətin özü başqadı.

 

Babanlı heç zaman danışmır hədyan,

Onu örnək bilsən, tapmazsan ziyan.

Saxla səviyyəni, zirvədə dayan,

Xoşməram tənqidin sözü başqadı.

 

Vidadi Babanlı

     

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.6.