Napoleon tortu

 

Hekayə

 

Əziziyəm, gül əllər,

biləklər, gül əllər

Dəryaca ağlın olsun,

Yoxsul olsan gülərlər

Bayatı

 

- Ana, sabah müəllimlər günüdür , bilirsən! - Mətbəxdə şam yeməyi hazırlayan ana böyük oğlunun səsini neçənci dəfə idi ki, eşidirdi. Səbirsiz oğlan sözünü demək üçün yemək vaxtını gözləmədən zaldan - oturduğu yerdən arabir qışqırırdı

- Bir dəfə dedin, eşitdik ! - Ana da mətbəxdən qışqırdı.

- Tez-tez deyirəm ki, yadından çıxmasın!

- Ana, mən varam ha... - kiçik oğlu da dəhlizdən səsləndi. - Çox yox, beş nəfər xanım müəlliməm üçün hədiyyə istəyirəm! Etiraz qəbul olunmur!

- Ana, məni yaddan çıxartma… - yanında çörək doğrayan qızı da axır ki, dilləndi. - Mən təkcə sinif rəhbərimiz üçün hədiyyə istəyirəm.

Neçə gün idi ki, ana da bu haqda fikirləşirdi. «Müəllimlər günü»nə uşaqları ilə birgə o da hazırlaşırdı. Bayrama nəsə almaq, onları az da olsa sevindirmək istəyirdi. Ən azından bu müəllimləri sevdiklərini, onlara hörmət etdiklərini, əməklərini yüksək qiymətləndirdiklərini, başqa peşə sahiblərindən qat-qat, çox-çox fərqləndiklərini, işlərinin ağır olduğunu s. özlərinin diqqətinə çatdırmaq üçün

İmkanı olsaydı, bütün müəllimlər üçün ən bahalı hədiyyələri alardı. İldə bir dəfə olan bayramdı da olardı ki?

Bu bayramın vaxt yarandığını ana bilmirdi. Bayramda müəllimlərə hədiyyə verilməsinin bünövrəsini kimlər qoymuşdu, bilmirdi. Amma bircə onu bilirdi ki, müəllimlərə diqqət, qayğı həmişə gərəkdir, mütləq gərəkdir! Övladını sevən hər kəs onun müəllimini sevməlidir, - düşünürdü ana.

Qızının sinif rəhbəri dediyi Səma müəllimə otuz ilin müəllimi idi. Qonşu binada yaşayırdı. Onu tanıyandan əynində bir boz rəngli kostyum görmüşdü. «Dvoyka» adlanan bu kostyumun donunu isti aylarda, pencəyini isə soyuq aylarda o donun üstündən geyinirdiVəssalamÜrəyindən keçdi ki, ona yaxşı bir kostyum alsınBir dəfə yol yoldaşı olmuşdular. Geyimdən, dəbdən söz düşmüşdüMüəllimə gülə-gülə dedi ki, uşaqlarının xərci-borcu imkan vermir o da özünə bir dəst təzə paltar alsın. İlan ilandıİldə bir dəfə cildini dəyişir, yəni qabığını soyunur. Amma o… on ildə bir dəfə olsa cildini, simasını dəyişə - təzələyə bilməyib

Böyük oğlunun sinif rəhbəri Günəş müəllimə iyirmi beş-otuz ilin müəllimi olardı. Saçının rəngi bilinmirdi. Təbiətdə belə rəng yox idi kimi idi, boz kimi boz, qara kimi qaraYəqin ki, ömründə bir dəfə olsa saçlarına rəng, boya, xına çəkməmişdiMüəllimdən çox xidmətçiyə oxşayırdıAnaya elə gəldi ki, diktorlar bəzi üzdə olan insanlar kimi müəllimlər paltarını, simasını tez-tez dəyişməli, göz oxşayan, könül ovsunlayan olmalıdırlar. Axı o hər gün böyüməkdə, formalaşmaqda olan yeni nəslin - neçə-neçə şagirdin, uşağın gözü qarşısında dayanır. Özünü təmiz, səliqəli, savadlı, təmkinli, gözəl müəlliminə oxşatmaq istəyən qədər şagird var.

Şagirdin, tələbənin müəlliminə yazığı gəldisəya xudbin, eqoist böyüyəcək, ya da yazıq, qorxaq, miskin

Axşam yemək vaxtı düşündüklərini ərinə danışanda kişi necə coşdusaXüsusilə kostyum məsələsindəCin atının birini mindi, birini yedəyinə aldı:

- Acın nəyi var ki, lütə versin? Bəlkə ərinə də bir kostyum alaq? Evlənəndə aldığı bəylik kostyumudu. Otuz ildir ki, geyinir. Arvadı yenə öz paltarını çevirib tərs üzünə tikdirib, təzələyib geyinib. Səliqəli görünür. Amma ərinin kostyumunun heç rəngi də bilinmir. İllərin tozu-pası üstünə necə çökübsə şüşəyə dönüb. Lap güzgü kimi par-par parıldayır. İstəsən özünə də baxa bilərsən, hətta şəkil də çəkdirə bilərsən, əla çıxar, sən öl!

Ana dillənmədi. Sakitcə çörəklərini yedilər. Az sonra kişi maraqla soruşdu:

- Yaxşı, hansı pulnan alırsan o kostyumu?

- Kredit götürərəm… Sonra da qəpik-qəpik toplayıb krediti ödəyərəm…

- Hardan toplayırsan o qəpikləri? Küçəyə tökülüb? Maaşlarımız ayın axırına güclə çatır ki... - Kişi yenə coşdu.

- Borc alaram, məzuniyyət puluynan qaytararam… - Qadın geri çəkilmək istəmirdi…

- O pula uşaqları yayda kəndə göndəririk axı… gedib qoyun-quzunun yanında təmiz hava alsınlar? Yadından çıxıb?

- Bu yay da getməsinlər. Dünya dağılmaz ki, - ana da əsəbiləşdi.

- Bakıda, yayın istisində, tüstüsündə, tıxacında bu uşaqları evdə saxlaya biləcəksənmi? Ya onlar evdə oturub qala biləcəklər?

Ana yenə susdu. Bu da həqiqət idi. Əvvəllər düşərgələr vardı. Uşaqları rahatlıqla orada yerləşdirə bilirdilər… Amma indi… Yenə də bu əsas vermir ki, müəllimlərinə diqqəti, qayğını əsirgəsinlər… Axı bu müəllimlərin uşaqlarının tərbiyəsində, gündəlik həyatında, təhsilində… onların gələcəkdə öz işlərini qurmasında özəl yerləri vardı... Başları işə-gücə o qədər qarışır ki, uşaqlarının heç üzünü belə normal görə bilmirlər. Yenə ümid məktəbə, müəllimlərə qalırdı. Müəllim təkcə a…b… öyrətmir axı, həm də tərbiyə edir, təsir edir, öz nüfuz dairəsində saxlaya bilir. Elə bilirsən asandı bunlar? - Ərinin üzünə baxdı, ürəyindən keçənləri isə dilinə gətirmədi. Onun yenə uşaqların yanında artıq-əskik danışacaqlarından ehtiyat elədi.

Əri isə sualı-suala calamışdı:

- Öz kostyumundan xəbərin var? Nə vaxt almısan onu? Neçə il olar?

- Təzədi…

- Neçə il olar?

- Bilmirəm, - ana mızıldandı, - tutaq ki, üç ildir, noolsun?

- Ana, mən onda dördüncü sinifdə oxuyurdum ey… Demək, beş ildir! - Qızı düşünmədən danışdı…

- Olsun da! - Ana hirsləndi, qızının susması üçün işarə elədi. - Mən tibb işçisiyəm, avtobusda, tozun-torpağın içində işə gedirəm. Ora da çatan kimi soyunub təmiz, xalatımı geyinirəm. Kostyumumu kimdi görən? Uşaq-böyük qarşısında dayanmıram ki?!

Hamı susmuşdu. Nəhayət, ana ərinə baxdı:

- Bəs indi sən nə məsləhət görürsən? Müəllimləri necə, nəynən təbrik edək?

Ata sakitcə, yorğun halda dilləndi:

- Napoleon tortu ilə! Bəs eləyər. Hər uşağa birini bişirib verərsən. Aparıb müəllimlər otağında stolun üstünə qoyarlar. Bayram günüdür də, yesinlər nuşicanla! Bundan artıq nə lazımdır?

…Ana dərindən nəfəs alıb ayağa qalxdı və sakitcə mətbəxə keçdi. Başqa yolu qalmamışdı. Tortu bişirməli idi.

…Tortun ərzağı da az pul aparmırdı… Maaşın yarısı gedəcəkdi…

…Görəsən tort baha çıxırdı, yoxsa maaşları az idi?!

 

Bahar Bərdəli

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.6.