Adsız ağrı

 

Salvatore Li Qreciyə ithaf olunur

 

Bu qadın fiquru onun formalarını bürüyən yapışqan gildən elə bil, heç vaxt azad olmayacaqdı. Təkcə başı, açıq çiyinlərinə və bükülü belinə tökülən sıx saçlarını sanki var qüvvəsilə dartıb çıxarmağa səy edirmiş kimi, məğrurcasına ucalırdı, ancaq saçlar,görülən işin naqisliyi səbəbindən, bədənə yapışmışdı. Bir də ki, heykəltəraşın qələmi bu füsunkar, oval simada gözlərin yerini hələ də açmadığından o, elə bir ümidsiz kədər ifadə edirdi ki, ona sadəcə nəzər salmaq belə adama ağır gəlirdi.

Gənc heykəltəraş Vittorio D`Arebanın bu əsərlə nəyi ifadə etmək istədiyini bəlkə, heç o, özü də bilmirdi. Bu coşqun ehtiras onun xəyalında təfərrüatlarının xırdalıqları ilə birlikdə, qəflətən elə parlamışdı ki, o, eskizi hətta iki-üç günə bitirəcəyini güman edirdi. Bununla belə, bir necə həftə də keçmiş, ancaq plastik formanın heç nədən yaranmış kamillik nümunəsi kimi indi onun qarşısında qərar tutmuş bu üzgün qadın fiquru rəssam biləyinin gözlənilməz zəifliyini özünə tabe edə bilməmişdi.

O, baş barmağı və qələmi ilə heykəlin üzərində cəld hərəkətlərlə gəzişərək, xırda gil parçalarını barmaqlarının arasında əsəbi halda gah hamarlayır, gah da yumrulayaraq eskizə yapışdırır, öcəşkən nəzərlərinə izafi görünən hər şeyi qəzəblə, özündən narazı qoparıb atırdı. O, şax bir duruşla, yerindəcə donub qalmış bir vəziyyətdə eskizin qarşısında dayanır və hiss edirdi ki, modelin onun xəyalında qəribə gerçəkliklə yaratmış olduğu təbiilik, güc və həyat eşqi eskizdə duyulmur.

O, adi bir tələbə kimi, professorun tapşırdığı gips fiqurun əksini yapmaqdan başqa özgə bir iş görməli deyildi. Ancaq yaradıcılığının ən xoşbəxt anlarında onda qeyri-adi ilham və ruh yüksəkliyi oyadan bu ideal modelin kobud bənzəyişinə, dəzgahın üstünə tələm-tələsik qalanmış bu gil topasına toxunmağı kifayət idi ki, dərhal qəribə və qarşısıalınmaz bir müqavimətlə üzləşirdi. Sanki onun işlək baş barmağı və qələmi onları istiqamətləndirən beynin əmrlərinə tabe olmaqdan imtina edirdi. Nadir improvizasiya qabiliyyətinə malik olan Vittorio D`Areba üçün bu həqiqətən də yeni bir halət idi, özü də hər hansı bir zehniyyətə-filana varmadan, - guya ki, heykəltəraşlıqda eskizin bütün detallarını mütləq dəqiqliklə yerinə yetirmək gərəkmiş.

Ancaq onun üçün bundan da qeyri-adi olan başqa bir duyğu da vardı, - ona öz ağlasığmaz acizliyi ilə mübarizədə günbəgün hakim kəsilən, onu səhər saat səkkizdən axşam saat altıya qədər emalatxanasında inadla bağlı saxlayaraq, ağır iş günündən sonra dostları və həmkarları ilə birlikdə dincəldiyi və qızğın mübahisələr zamanı yeni qüvvə topladığı şən yığıncaqlardan uzaqlaşdıran sonsuz kədər hissi.

Yaxın dostlarından bəzisi neçə dəfə gəlib onun şəhərin kənarında, via Flaminiyanın çəpəki döngələrindən birindəki tənha emalatxanasının qapısını döymüş, ancaq qapı, onu öz müdaxilələri ilə əsəbiləşdirən, çağrılmamış qonaqların üzünə amansızcasına bağlı qalmışdı, sanki onlar bilərəkdən, əsərini zəfərlə başa vurmaq əsnasında, onu işindən qəsdən yayındırmaqdan ötrü gəlirlərmiş.

Belə olduqda, o, üzgün halda, inanılmaz ağrıdan sızıldayan əllərini yanına salaraq, başını sinəsinə əyib, divara bitişik köhnə divana uzanar, arxaya tökülən saçlarını məğrur hərəkətlə dartıb çıxarmağa cəhd edən, hələ də eskiz şəklində qıvrılan bu lənətə gəlmiş fiqura baxmağa cürət etməzdi. Və sinəsinin, qarın və bud cizgilərinin güclə sezildiyi, yayğın vəziyyətdə qalmış bu fiqur, gilin rütubətli məngənəsində onu əsir etmiş bu amansız taleyə qarşı mənasız qiyamdan əzab çəkdiyi kimi, indi o özü də görünməmiş iztirablar duyurdu, sanki onun gözəgörünməz buxovlarla tarım çəkilmiş ruhu ağrıdan qıvrılır, indi onun üçün bütün yasaq edilmiş, bütün əlçatmaz, ona görə də ən arzuolunan və qarşısıalınmaz dərəcədə cəlbedici şeylərin qərar tutduğu bu əsərə qovuşa bilmirdi.

Bir səhər o, sonsuz heyrət içərisində anladı ki, bütün həftə ərzində ona əzab verən bu dərin kədər hissi nə onun daxili halətindən, nə də üzərində işlədiyi sənət əsərinin tələb etdiyi həqiqi formanı tapa bilməməsinin səmərəsiz cəhdlərindəndir. Əksinə, bu duyğu,ona canlı görünməyə başlayan bu qadının dözülməz iztirablarına olan dərin və səmimi hüsn-rəğbət hissi idi, bəlkə də, - o, özü-özlüyündə bu fenomenə aydınlıq gətirmək istəyirdi, - o, bu yarımçıq eskizə o qədər çox, o qədər diqqətlə baxmışdı ki, indi onun şüuruna həkk olunmuş və həyat vermək arzusunda olduğu həmin o ifadəni tapa bilmişdi, əgər onun modelləşməsini dəqiq işləyə bilsəydi.

-Yox, bacarmaram! - deyə o, heyifsilənirdi.

Ona elə gəlirdi ki, indi azad etmək iqtidarında olmadığı bu füsunkar varlığı (Axı onu harada görmüşdü? - Onu haradan tanıyırdı?) hərəkətsiz dayanmaq kimi ağlasığmaz bir işgəncəyə məhkum etməklə o, hətta cinayət də işlətmişdir. İlk olaraq ona ağılsız və sərsəm görünən bu fikir, şüuruna günbəgün daha da möhkəm həkk olunur, onda vicdan əzabı oyadırdı. Ancaq bu halət, onu bir qədər vəcdə də gətirirdi, - axı belə şeylər hamı ilə baş vermir. Və bütün bunlar, hətta şüursuz halda olsa da, onun yetişdiyi yaradıcı güdrətə, son dərəcə intellektual qüvvəyə və cəsarətə dəlalət edirdi.

O, səhər tezdən emalatxanasına qapanır, axşamdan xeyli keçmiş oradan çıxırdı. Əgər kimsə onun, eskizin qarşısında, gözlərini məchul baxışlarla əsərə zilləyərək, hissiyyat və ruh arasındakı hər bir əlaqəni pozan alatoran bir məlahətdən valeh ola-ola, şax duraraq, yerindəcə donub qalmış kimi bir vəziyyətdə necə dayandığını görə bilsəydi; əgər kimsə, xüsusilə bu son günlərdə, onun şəhadət barmağının ucunda gil, əlini heykələ tərəf apararkən, əsərin modelləşməsi aydın forma almaqdan daha çox, yapılmamış qalsa da, sanki, gili qadının çılpaq bədəninə yaxmaqla günah işlədəcəyindən qorxurmuş kimi, özünü itirmiş halda, titrək biləyini birdən-birə necə geri çəkdiyini görə bilsəydi; nəhayət, əgər kimsə, uzun sürən məcburi fasilələr zamanı, onun sifəti dəyişmiş halda divana necə sərələndiyini, qəzəbindən əlləri ilə divanın üzlüyünü necə dartıb-cırdığını görə bilsəydi, o insan heç vaxt təsəvvür edə bilməzdi ki, bu cavan oğlan səs-küylü məclisləri də, kübar cəmiyyətləri də ona bəxş etmiş mehriban, şən xasiyyətini yalnız ona görə itirmişdir ki, bu naqis sənət nümunəsi ona dəlicəsinə təlqin edirdi: əsərində canlı insan varlığı iztirab çəkir!

- Mən onu harada görmüşəm?.. Onu haradan tanıyıram? - deyə o, öz-özünə əbəs yerə suallar verirdi.

Həmin səhər emalatxanaya yollanarkən o, müasir ofort və təsviri sənətin şah əsərlərindən ibarət fotovitrinin qarşısında ayaq saxladı.

- Oho... Sən hələ sağsan? - deyə, kimsə möhkəm əli ilə onun kürəyindən dostcasına yapışıb, zarafatla söz atdı: - Hə, nə ilə məşğulsan? Heç olmasa işləyirsən, yoxsa o sarsaq Dorini kimi yenə növbəti tumanın dalınca düşmüsən?

- Əl çək, sən Allah, - deyə Vittorio D`Areba cavab verdi.

- Başa düşdüm, deməli ruh düşkünlüyü? Neynək, lap yaxşı. Yalnız axmaqlar daima özlərindən razı gəzirlər.

- Sən əgər bilsəydin başıma nələr gəlib...

- Niyə bilmirəm ki... hamının başına gələndən. Ancaq, hamı öz-özlüyündə elə hesab edir ki, onun başına gələnlər məxsusi, mühüm hadisələrdir... Hə, nə isə, buyur görək!

Culio Nolli hamı ilə belə, nüfuz və rişxənd arasındakı bir əda ilə danışardı və onun yüksək mədəniyyətinə, zərif sənətşünas zövqünə bələd olmayanlar çaş-baş qalıb bilməzdilər ki, bu adam islaholunmaz pedantdır, yoxsa təmtəraqlı boşboğaz.

Sənətşünas dostunun mülahizə və məsləhətlərinə yüksək qiymət verən Vittorio D`Areba həmin o “Buyur görək”dən bir qədər tutularaq, gizli saxladığı mətləbi ağzından qaçırdığına peşiman oldu. İndi isə söhbətdən yayınmağın özü çox böyük ədəbsizlik olardı.

- Ola bilər, - deyə, o cavab verdi. - Sən inanmazsan, - ancaq, axı sən bir çox başqaları kimi, elə düşünmürsən ki, ifa tərzindəki əl yüngüllüyü sənətkarın istedadında ikinci dərəcəli bir şeydir, - məndə olan bu bacarığı tez-tez tərif etmək sənə xoş gəlirdi, - sən inanmazsan ki, mən artıq ay yarımdır ki, əlləşirəm... boş bir şeylə... fəal hərəkətdə olan bir qadın fiquru ilə... O, mənim gözlərim önündə məhz belə canlanmışdı, indi də düz gözlərim önündədir, canlı qadın naturasından da gözəl... ancaq nə mənası ...

- Kim bilir, sən fikrini ifadə etmək üçün beynində hansı ideyanı, hansı simvolu gəzdirirsən! İndi siz heykəltəraşlar da ictimai rifah, mədəniyyət və kütlələrin azadlığı işinə öz töhfənizi vermək istəyirsiniz!.. Siz ideya və simvollarla pərdələnərək, baxmaq belə mümkün olmayan eybəcər heykəllər yapır, ya da heç eybəcər bir şey də düzəldə bilmirsiniz.

- Səhv edirsən, əzizim. Mən bu fiquru sadəcə belə görmüşəm, doğrusu, xəyalımda canlandırmışam, daha doğrusu o, mənim gözlərim önündə birdən-birə belə canlanıb... mən onun bu çılğın hərəkətlə nə demək istədiyini sənə anlada bilmərəm, ancaq mən onu dərhal azad etmək istədim, dərhal da işə başladım. Fikrim bu işi iki-üç günə qurtarmaq idi. Ancaq ay yarımdır ki, bir yerdə dayanmışam, hətta eskizi necə bitirməyi belə, bilmirəm, hələ yalnız eskizi! Bütün bu qəribəliklər mənə elə təsir edir ki, - gözlərini süzüb eləmə, - deyirəm, yəqin ağlım çaşır.

- Bah! Bah!

- Və xəyalım bu qadın fiqurunda o qədər həyatlar canlandırır ki, mən cansıxıcı bir təəssüf hissi duyuram, sanki... - bəsdir gözlərini süzdürdün! - Sanki, mən indi yarımçıq bir sənət əsərinin seyrində deyil, mənim günahım üzündən tələyə düşmüş, köməyinə yetə bilmədiyim canlı bir insanın əzabkeş qətlində iştirak edirəm.

- Bah! Bah! Bu möcüzəyə baxmağa iki göz gərək!

-Sən yəqin ki, “bu biabırçılığa” demək istəyirdin. İnan ki, özüm-özümdən utanıram. Bəlkə mən ağıldan kəmləşirəm? Bəlkə ağlım artıq çoxdan çaşıb?

- İkincisi daha yaxındı, - deyə sənətşünas dodaqucu istehza ilə söylədi, ancaq dostunun könlünə dəyəcəyindən ehtiyat edərək, hərarətli bir əl sıxması ilə ona anlatdı ki, zarafat edir.

Gənc heykəltəraş onun emalatxanasına mütləq baş çəkmək istəyən sənətşünasın təzyiqlərinə bir müddət davam gətirsə də, axırda tabe oldu.

- Bəlkə bir şey məsləhət görəsən.

- Ehtiyac yoxdur.

Culio Nolli eskizi görcək, gözlərini döyə-döyə, bir anlıq ayaq saxladı, heykəltəraşın heyrətinə heç də az səbəb olmadan, gərgin halda onun qərarını gözləməsinə zərrə qədər də məhəl qoymayaraq, əsəri hər tərəfdən diqqətlə nəzərdən keçirməyə başladı.

- Oho! Bu ki, əsl hadisədir! - deyə Nolli nəhayət, ucadan söylədi. - Sən ki, öz şah əsərini yaratmısan! Bil ki, gələcəkdə daha bundan da yaxşı bir şey yarada bilməyəcəksən, bunu sənə mən deyirəm.

- Məni ələ salmısan?

- Görünür, sənin başın doğrudan da xarab olub, indi ki, bu cür əsərin qiymətini anlamırsan. Onun yeganə, özü də islaholunmaz nöqsanı var, - deyə heykəli nəzərdən keçirməkdən doymayan Nolli əlavə etdi, - o, elə eskiz vəziyyətində də qalmalıdır! Heç bir heykəltəraşın qüdrəti çatmaz ki, bu əsərdəki natamamlığın bütün təravətini saxlamaqla, onu mərmərdə əks etdirə bilsin. Daha bunun üzərində işləməyə cəsarət etmə. Sən bu ekspressiyanın donmuş dəhşətini yalnız korlaya bilərsən, bu isə ancaq o səbəbdən mümkün olmuşdur ki, sənin sənətkar instinktin səni daha zərif modelləşmədən qorumuşdur.

Vittorio D`Areba sarsılmışdı, gözləri yaşla dolaraq, əsərini duman tək bürümüşdü. Tənqidçi isə tərif sözlərindən doymadan, bu üzgün qadın heykəlində gördüyü ideyanı daha da açıqlayıb, genişləndirərək, soruşurdu:

- Deməli, sən bütün bunlar barəsində heç nə düşünməmisən?

- Heç nə!

- Əla! Təbiətin həyatverici qüvvələri də hər şeyə məhz belə - sirli bir anlaşılmazlıqla yaranış bəxş edir və saysız-hesabsız təbiət qüvvələrindən biri olan sənətkar dühası da başqa cür qurula bilməzdi. Sən dərhal qəlib sifariş et və eskizini bürüncdən tök. Qarşıdakı sərgidə nə qiyamət qopacağını özün görəcəksən!

- Bəs?.. - deyə D`Areba əlini sualverici bir hərəkətlə havada yellədi.

- Adını nə qoyasan? Elə, belə də qoy: “Adsız ağrı”

- Sağ ol. Elədir ki, var... adsız ağrı, - deyə heykəltəraş pıçıldadı.

O, içində bu adsız ağrının bütün iztirablarını hiss edir, onun - sənət möcüzəsi! - sonsuz fərəhə çevrildiyini duyurdu.

 

İtalyan dilindən tərcümə edəni:

Cəmşid CƏMŞİDOV

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.6-7.