Səfəvilər dövrünün naməlum şairi
İki əsr yarıma qədər davam edən Səfəvilər dövrü (1501-1524) Azərbaycanda mədəniyyətin,
elmin, ana dilinin, anadilli ədəbiyyatın
çiçəklənməsi ilə əlamətdar olmuşdur. Sam Mirzənin “Töhfeyi-Sami”, İbrahim Mirzənin “Fərhəngi-İbrahim”,
Əhdi Bağdadinin “Gülşəni-şüəra”,
Sadiq bəy Əfşar Sadiqinin
“Məcməül-Xəvas”, Vəliqulu bəy ibn
Davudqulu Şamlunun
“Qisəsül-xaqani”, Məhəmməd Tahir
Nəsrabadinin “Təzkirətüş-şüəra”, Həzinin
“Təzkirətül-müasirin”, Xoşgunun
“Səfineyi-Xoşgu”, Lütfəli bəy Azər Bəydilinin
“Atəşkədə” və s. təzkirələrdə
bu dövrün
şairləri Azərbaycan ədəbiyyatının
inkişafı barədə maraqlı məlumalar vardır. Səfəvilər dövrünün
banisi Şah
İsmayıl Xətainin (1501-1524) sarayında Süruri,Şahi,
Matəmi, Tüfeyli, Kişvəri kimi şairlərin fəaliyyət göstərməsi,
saraydakı ədəbi məclisin məlikiş-şüəra
Həbibi tərəfindən idarə edilməsi mənbələrdə
göstərilmişdir.
Son illərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda
Səfəvilər dövrü ədəbiyyatımızın
nəşrinə və tədqiqinə xüsusi
diqqət yetirilir. Həmin
dövrə dair Əlyazmalar İnstitutunda, dünyanın bir
sıra kitabxana və muzeylərində saxlanan yazılı abidələrimiz nəşr
edilmişdir. Əlyazmalar İnstitutunun
rəhbərliyi xarici ölkələrdən
Səfəvilər dövrünə dair
sənəd və əsərlərin surətlərinin gətirilməsinə
xüsusi diqqətlə
yanaşır. Filologiya elmləri doktoru Paşa Kərimovun bu sahədəki
fəaliyyətini xüsusilə qeyd etmək
istədik. O, Səfəvilər dövrü
anadilli poeziyamızın görkəmli
nümayəndələri - Sadiq bəy
Əfşar, Yusif bəy Ustaclu,
Qövsi Təbrizi, Mürtəzəqulu xan Zəfər, Vəhid Qəzvini və Təsir
Təbrizinin divanlarının ilk dəfə
olaraq tam həcmdə
ayrıca kitab
halında geniş ön
sözlə nəşr etdirmiş, 2007-ci
ildə M.Hüseyni ilə, çap etdirdiyi, “XVII əsr
Azərbaycan lirikası” antologiyasına Rəhməti, Şah Abbas Kəbir, Şah Abbas Sani, Tərzi Əfşar, Saib
Təbrizi, Müsahib Gəncəvi, Mövci Əhəri, Mirzə Saleh
Təbrizi, Vaiz Qəzvini, Səfiqulu
bəy Səfi, Mürtəzaqulu Sultan Şamlu və başqalarının əsərlərini
daxil etmişdir. Bundan başqa, P. Kərimov
“XVII əsr anadilli Azərbaycan lirikası”
“XVII əsr anadilli Azərbaycan
poeziyası (icmal və təkrar
oçerklər)” ,”Sadiq bəy Sadiqinin türkdilli
yaradıcılığı” adlı monoqrafiyalarında
araşdırmaya çoxsaylı əlyazma materialları cəlb
etməklə dövrün
poeziyasının ən səciyyəvi cəhətlərini nəzərdən
keçirmişdir. Son günlərdə P.Kərimov,
filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məmmədi ilə
birlikdə Səfəvilər dövrü
ədəbiyyatımızın naməlum nümayəndəsi,
XVII əsr şairimiz Məczub Təbrizinin
anadilli şeirlər toplusu
- divanını nəşr etdirmişlər. Kitabın
tərtibçisi Məhəmmədəli Hüseyni,
redaktoru Arif Ramazanovdur. Qeyd etmək istərdik
ki, əsərin əlyazma nüsxəsini
Leyden Universiteti
kitabxanasından və Qahirə Milli
kitabxanasından əldə edərək mətbuatda
haqqında ilk dəfə söz
deyən Almaniyada yaşayan
həmvətənimiz M.Hüseyni olmuşdur. M.Hüseyni kitaba yazdığı ön
sözdə Məczub divanının nüsxələri, şairin XVII əsr ictimai
həyatında və ədəbiyyatında
oynadığı rolu barədə fikirlərini
bildirmişdir. Kitaba başqa
bir ön söz yazan P.Kərimov Məczubun
dövrünün mütərəqqi görünüşlü “hind
üslubu” şairlərinə
qarşı əks, mürtəce mövqedə
durmasını, onun divanındakı
şeirlərin bədii xüsusiyyətlərini daha ətraflı nəzərdən keçirmişdir. Tədqiqatçı
qeyd edir ki, XVII əsrdə Səfəvilər
dövründə siyasi, ideoloji
gərginlik hökm sürürdü,
şiə ruhaniləri yalnız dini məsələlərdə
deyil, dövlətin idarə olunması
işlərində də fəal iştirak
edir, ideya müxaliflərini
amansız təqib edirdilər. Bu dövrdə ictimai ədalətsizliyə, dini,
məzhəbi təəssübkeşliyə, zülm
və zorakılığa qarşı etiraz
edən mütərəqqi görünüşlü
ziyalılar, xüsusilə də poeziyada
“hind üslubu”
nümayəndələrinin yaradıcılığında
fanatizmə biganəlik, qeyri-adi
universallıq, “vösəte-məşrəb”, (“xarakter genişliyi”), “sülhe-koll”(“ümumi sülh”) prinsipləri
müşahidə olunur.
Məczub Təbrizi əsərlərini
oxuduqda onun qatı
şiə ideoloqu olduğunu,
mütərəqqi ziyalılara qarşı amansız
müharibə elan etdiyini
gorürük. P. Kərimovun
dediyi kimi, buna baxmayaraq, ana dilinin incəliklərinə
dərindən bələd olduğuna, atalar sözləri və məsəlləri məharətlə
işlətdiyinə, şeirlərini istedadla
yazdığına görə, Məczubun adı, əsərləri
ədəbiyyat tariximizə salınmağa, ətraflı tədqiq
edilməyə layiqdir.
Şərəfəddin
Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu
bəy Şamlu “Qisəsi-Xaqani” adlı təzkirəsində
yazır: “Onun əsli təbrizlidir.
Şairlik fənnində böyük
ustaddır. fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli
olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan
bülbülüdür. Qəzəldə
Xacə Hafiz Şirazinin
yolu ilə getdiyini bildirir. Təxminən üç
min beytlik “Şahrahi-nicat” adlı məsnəvisi var. Onun toplanmış
beytlərinin sayı on mindən
artıqdır”. Məczubun təvəllüd tarixi
məlum deyil. Bir
rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir.
Məhəmmədəli Tərbiyət
“Danişməndani-Azərbaycan” əsərində məlumat verir ki, şair
üç min beytlik “Şahrahi-nicat” (“Nicat yolu”) məsnəvisini
1655-ci ildə qələmə almış, 1677-ci ildə
yazıb bitirdiyi üç
yüz on dörd bəndlik “Təyidat” (“Təsdiq olunan fikirlər”) adlı mənzum risaləsini
Şah Suleyman Səfəviyə
(1666-1694) ithaf etmişdir.
Bu əsər tövhidə, imaməti təsdiq
edən hədislərə, on iki imamın mədhinə həsr olunub. Bunlardan başqa, şairin qəsidə,
qəzəl, müxəmməs, tərcibənd, saqinamə və
rübailərdən ibarət dörd min beytlik farsca
divanı da vardır.
Məczubun nəşrinə
məqalə həsr etdiyimiz anadilli divanının təqribən
üçdə birini şiə
imamlarının mədhinə həsr olunmuş
şeirlər təşkil edir. Məczubun
şeirlərindən onun qatı şiə
ideoloqu olunduğunu,bir
sıra təsəvvüf təriqətlərini sərt bir formada təqib edərək,
onları təqib etməyə
çağırdığını və bununla
fəxr etdiyini görürük.
Lakin şairin
yaradıcılığının digər diqqətəlayiq
cəhətlərinə diqqəti cəlb edən P.Kərimov
yazır: “Məczub geniş mütaliə
dairəsinə malik, elmin
bir sıra sahələrini, ədəbiyyatı
gözəl bilən şairdir. Lirik şeirlərində o,
səmimi duyğuları tərənnüm etməsi, poeziyaya yeni obrazlar gətirməsi ilə diqqətimizi cəlb
edir. Məczub vəsf etdiyi
eşqin hər kəsə nəsib olmayan bir duyğu,
Tanrı vergisi olduğunu
iddia edir:
Eşq Tanrı vergüsidür,
ta kimə
Tanrı verə,
Özünü yoxsul xəyali-xamilə
şah
etməsün”.
P.Kərimov Məczubun
şeirlərindəki aşiq
obrazından ətraflı danışır. Qeyd
edir ki, şairin yaratdığı aşiq
obrazı eşqinin paklığı,
saflığı, səmimiyyəti, sevgisi
yolunda hər bəlaya hazır olması,
fədakarlığı ilə diqqəti cəlb edir. Məczubun şeirlərindəki səmimiyyəti
dəyərləndirən tədqiqatçı yazır: “Səmimi
hisslərin ifadəsi şairin bir sıra beytlərində orijinal
obrazların yaranmasına səbəb olmuşdur.
Lirik qəhrəmanının həsrəti
elə böyükdür ki,
o sərapa (başdan-ayağa)
söz olub
yarını gözləyir. Görüş
üçün verilən vədədən
cəmi bir nəfəs gecikdiyinə
görə aşiqin bağrı qan olur:
Vədə verdin
dün gecə, lütf etdin,
ehsan eylədin,
Bir nəfəs gec gəldin, əmma bağrımı
qan eylədin”
Tədqiqatçı
Məczubun şeirlərində
bədii ifadə vasitələrindən, poetik
fiqurlardan məharətlə,
istedadla istifadə etməsini ətraflı nəzərdən keçirmişdir. Şairin dilindən danışarkən onun şeirlərində “Örkən
nə qədər uzun olsa da,
doğanaqdan keçər”,
“Ot kökü üstə bitər”, “Nə əkərsən onu biçərsən”, “Azın çoxla oyunu olmaz”, “Əl məndən, ətək səndən”,
“Könüldən könülə
yol var” kimi atalar sözləri
və məsəlləri
işlətdiyini göstərmişdir.
Bundan
başqa, P. Kərimov
ön sözündə
Məczub lirikasının
daha bir özəlliyi - əvvəlki
dövr şairlərindən
fərqli olaraq sevgilisinə qovuşmasını
təsvir etməsi şairin didaktikası, hakimlərdən, şahdan
cəsarətlə ədalət
tələb etməsi,
yaradıcılığındakı vətənpərvərlik motivləri
barədə danışıbdır. Məczub şeirlərinin janr və forma xüsusiyyətləri,
quruluşu, qafiyə sistemi də ayrıca tədqiq edilmişdir.
Məczub
Təbrizinin Azərbaycan
türkcəsindəki divanını
nəzərdən keçirdikdə
şairin anadilli poeziyamızın inkişafındakı
xidmətlərini aydın
surətdə görə
bilirik.
Bu fikirdəyik ki, əgər gələcəkdə xarici
kitabxanalardan kifayət
qədər mənbələr,
materiallar əldə edilsə, Səfəvilər
dövrü ədəbiyyatımızın
tarixinin ayrıca bir iri həcmli
monoqrafiyada yazılması
məsələsi qarşıda
duracaqdır.
Kitabın
redaktoru Arif Ramazanovdur.
Nailə
Mustafayeva
filologiya üzrə
fəlsəfə doktoru
Ədəbiyyat
qəzeti.- 2014.- 7 fevral.- S.5.