Əli Tudə
poeziyasında vətən
məhəbbəti və
həsrət motivləri
Əli Tudə-90
Azərbaycan
mühacir ədəbiyyatında özünə layiqli yer
tutmuş Əli Tudə bədii yaradıcılığa
şeirlə başlamış, ilk şeri hələ
Bakıda, yeddinci sinifdə oxuduğu zaman -13 yaşında ikən
çap olunmuşdu. 1937-ci ilin repressiya dalğası onun ailəsinin
qapısını döyəndə - “iranlı” adı ilə
Cənuba sürgün
ediləndə Əli 14 yaşın içindəydi - qəlbində
təzə-təzə sevgi duyğuları baş
qaldırmışdı; o, doğma ocağına, sevimli məktəblərinə,
füsunkar Bakıya vurulmuşdu. Qəlbində doğma Vətənə
- onun hər daşına məhəbbət
oyanmışdı. Elə bu ilhamla da bədii
yaradıcılığa girişmiş, məktəbin radio
qovşağında, divar qəzetində tez-tez şeirləri
ilə çıxış edirdi. Lakin
amansız tale uşaq qəlbinə hakim kəsilərək
onu didərgin hala saldı. Yeniyetmə çağlarında Təbrizdə
döyüşlərə atıldı, Vətənin
azadlıq mübarizəsinə qoşuldu. Şeirlərində
azadlıq və bütövlük duyğularını qələmə
alaraq millətin istiqlalı uğrunda canı ilə,
qanı ilə mücadilə apardı. Bütöv Azərbaycan
naminə heç kimdən, heç nədən qorxub-çəkinmədi:
O qaldırsın deyə
bükük belini
Başından
keçmədi yetən yolunda.
Kimi
ayağını, kimi əlini,
Mən
başımı qoydum Vətən yolunda!
Bəli, Əli Tudə
Vətən yolunda məhz başını qoymuşdu.
Qandan-qovğadan, ölüm-itimdən, işkəncə və
əzabdan qorxmayan döyüş ruhlu bir əsgər kimi! Axı bu mübarizənin od-alovunu, hər an baş
verə biləcək qəfil ölümü gözlərinə
almışdı. Bilirdi ki, nə vaxtsa imperiya cəlladlarının
qılıncına tuş gələ bilər - axı
neçə-neçə qəhrəmanlarımız, mərd,
qorxu bilməyən Azərbaycan oğulları zaman-zaman
düşmən əllərilə qətlə
yetirilmişdi. Tarix boyu Azərbaycanın başına nə
oyunlar açılmışdı, nələr gətirilməmişdi
bu xalqın başına?! Əli Tudə xalqın tarixini
gözəl bilirdi, bütün olayları özünün
idrak süzgəcindən keçirirdi:
Neçə-neçə
ölkəyə
Neçə pay verən
qismət,
Azərbaycandan
heç nə
Əsirgəməmiş
fəqət.
Ona görə də
yadın
Gözü bu yerdə
olub.
Dostluğu məqsədinin
Üstündə pərdə
olub.
Əli Tudə
bütün bunları gözəl bilirdi. O, Cənubda
milli-azadlıq hərəkatının qanla
boğulmasını öz gözlərilə
görmüşdü:
Onda bir illik cəlal
İtirirdi ömrünü.
Min doqquz yüz qırx
altı
Bitirirdi
ömrunü.
Şah qoşunu
tanklarla
Dolacaqdı şəhərə...
İllər keçəndən sonra yenə oxşar mənzərə yaranacaq və şair yazacaqdı:
... Min doqquz yüz doxsandı...
Güllələr qadını da,
Uşağı da odladı.
Tanklar meyitlər üstdən
İrəliyə adladı.
Lakin bütün bu barbarlığı,
insanlığa qarşı soyqırım siyasəti yeridən
düşmən qüvvələrin hərəkətini
öz gözləri ilə görən və heç vədə
məsləkindən dönməyən şair millətinin
istiqlal savaşından geri çəkilmədi. Cənubdakı mövcud şah rejiminə
qarşı çıxaraq canını oda atdı - milli
azadlıq hərəkatının ön simalarından birinə
çevrildi. O, açıq-açığına
xalqı mübarizəyə səsləyir, bu azadlıq
mücadiləsinin ön sıralarında mətin
addımlayırdı: həm qələmi ilə, həm də
ki, bükülmüş yumruğuyla! Öz üsyankar və
mübariz ruhlu şeirləri ilə Azərbaycan
poeziyasında siyasi lirikanın gözəl nümunələrini
yaradan Əli Tudə hayqırırdı:
Min yara vursa da elimə düşmən,
Yenə qərq olacaq selimə düşmən.
Düşəcək, yəqin ki, əlimə
düşmən,
Ömrünün qətlinə fərman
vermişəm.
Şair haqlı olaraq düşmənə
ölüm diləyirdi. Vətənin müsəlləh əsgəri
kimi vuruşa-vuruşa, səngərlərdən keçə-keçə
azadlıq nəğmələri oxuyurdu:
Sevirəm xalqımı özümdən artıq,
Ürəyimdən artıq, gözümdən
artıq,
Tuturam sözünü sözümdən artıq,
Mehriban səsinə mən can demişəm.
Və yaxud:
Azərbaycan bir qaladır,
Hər kərpici bir səngər.
Hörgülərin arasından
Hünər boylanır, hünər.
Vətən məhəbbəti Əli Tudə
yaradıcılığının əsas qayəsini - ana xəttini
təşkil edir. Hansı kitabını
açıb-vərəqləsən, görərsən ki, orada
şimallı-cənublu Azərbaycanın dərd-sərindən,
gündəlik qayğılarından, əsrarəngiz təbiətindən,
zəhmətkeş insanlarından... danışılır.
Hər birisi də bir hekayət, bir qəzavü-qədər.
Şair üçün Azərbaycanın
bütövlüyündən, onun istiqlaliyyətindən, həmvətənlərinin
azadlığından, ölkəmizin müstəqil bir
dövlət kimi intişar tapmasından əziz
və qiymətli heç nə olmamışdır. Əli Tudə özü nə dərəcədə
mübariz və üsyankardısa, şeirlərindəki lirik
“mən”i də bir o qədər döyüşkən
ruhludur. Həyat eşqinə, vətənpərvərlik
və mübarizlik, vətəndaşlıq və
ziyalılıq kimi başlıca mənəvi keyfiyyətlərə
malik həmin döyüşkən ruhlu insanın içindən
hamının - kütlənin eşidə biləcəyi bir səs
gəlir. Bu qüdrətli səs hər
bir vətəndaşı silkələyir, xalqın istiqlaliyyəti
və bütövlüyü uğrunda mətin mübarizələrə,
daha çətin sınaqlara səsləyir, məşəqqətli
günlər qarşısında mənəvi birliyə
çağırır. Bu səs
bütün ömrünü müqəddəs amallar
uğrunda, daima mübarizələrdə keçirmiş bir
mücahidin, eləcə də azadlıq ideyaları ilə
yaşayan milyonların səsidir. Bəzən gurlayan, bəzən
zəifləyən, bəzən də az
qala içində boğulan bir səs. Bu, doğma
ocağını, dədə-baba yurdunu, onun hər
qarışını göz-bəbəyi kimi sevən vətənpərvər
bir insanın azadlığa çağırış sədalarıdır:
Yox! Şimşək bir anlıq yanır... Mən ancaq
Bütün ömrüm boyu yandım... Bəs
necə?
Dedim bəlkə bu xalq, bəlkə bu torpaq
Mənim işığımla zülmətdən
keçə.
Bu səs hamıya car çəkirdi ki:
Yox! Xalq dənizdir, onu
Bəlalar qaralayar.
Tufanlar döyəcləyər,
Şimşəklər paralayar.
Dənizin içindəsə
Təlatümlər yetişər...
Gənclik illərini mübarizələrdə
keçirmiş Əli Tudə də əslinə-nəslinə
sadiq olmuş, dədə-babalarının yolu ilə
getmişdir. Gələcək nəsillərə isə
öz öyüd-nəsihətini belə bildirirdi:
Qar yağdısa yaz fəslimə,
Sadiq qaldım mən əslimə.
İndən belə öz nəslimə
Əmanətdir mənim dünyam.
Əli Tudənin müxtəlif illərdə qələmə
aldığı “Xalq”, “Azərbaycan olmasa”, “İstiqlal şəhidləri”,
“Anacan, fərman ver”, “Sağlıq”, “Şükür deyirik”,
“Ölmək istəmirəm” və s. şeirləri məhz
bu qəbildəndir. Mayasında xalqın taleyi,
onun faciəli, məşəqqətli həyatı duran həmin
əsərlər vətənpərvərlik duyğuları
oyadaraq oxucuda gələcəyə inam yaradır. Oxucu anlayır ki, xalqın bütün
ağrı-acıları müvəqqəti və ötəridir.
Şairin yaradıcılığında
ayrılıq, həsrət motivli şeirlər də əhəmiyyətli
yer tutur. İndi də ara-sıra rast gəlinsə
də, vaxtilə Azərbaycan ədəbiyyatında bu
mövzuya geniş müraciət olunmuşdur. O
taylı-bu taylı Azərbaycanın söz ustadları Məhəmmədhüseyn
Şəhriyar, Mirzə İbrahimov, Süleyman Rüstəm,
Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Balaş Azəroğlu,
Mədinə Gülgün, Əlirza Oqtay, Həbib Sahir və
neçə-neçə başqaları ayrılıq və
həsrətlə yoğrulmuş əsərləri ilə
ikiyə bölünmüş Azərbaycanın ortaq problemlərini
qələmə almışlar. Xalqın tarixi
taleyi, Azərbaycanın başına gətirilən
böyük faciələr, sarsıdıcı ictimai hadisələr,
eləcə də həyat və məişət problemləri
yazıçı və şairlərimizin diqqətindən
yayınmamışdır. Burada ilk olaraq Şəhriyarın
dillər əzbəri olan “Heydərbabaya salam” poeması yada
düşür:
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birindən ayrılmayın, amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə
salıblar.
Azərbaycanın Rusiya və İran tərəfindən
parçalanması faciəsini ulu vətənpərvər
şair Xəlil Rza da ürək ağrısı ilə qələmə
almışdır:
Bir yanda şahənşah, bir yanda
da çar
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sarıdı onlar
Böyük bir millətin
yaralarını.
Azərbaycan ədəbiyyatında
mövcud olan Cənub həsrətli çoxsaylı əsərlər
Vətən məhəbbəti ilə köklənmiş ədəbiyyat
nümunələridir. Ara-sıra belə əsərlər
olmasaydı, kim bilir, bəlkə elə Cənubi
Azərbaycan, Təbriz, Savalan, Ərdəbil... yaraları da tədricən
yaddan çıxarılıb unutdurulacaqdı. Lakin
vətənpərvər ziyalılarımız tarixin dərslərini,
xalqımızın ağrı-acılarını
unutmadılar və yaddaşlara köçürərək ədəbiyyatda
yaşatdılar. Əli Tudə də həmin
müqəddəs yolun yolçusu oldu. Bütöv
Azərbaycan həsrəti ilə döyünən ürəyi
daima xiffət çəkdi, qəribsədi, ayrılıq
motivli şeirləri ilə həmvətənlərinin
sevimlisinə çevrildi. O, o taylı-bu taylı
böyük Azərbaycanın poeziyasının parlaq simalarından
birinə çevrildi. Əli Tudənin “Vətən həsrəti”,
“Dözüm”, “Şəhid arzular”, “Ayrılıq”, “Ay Araz”,
“Təbriz yadıma düşdü”, “Savalanın quzey
qarı”, “Etiraz”, “Hanı”, “Səfər arzusu” və s. bu kimi
şeirləri də bu qəbildən olub özünəməxsusluğu
ilə fərqlənir. İkiyə
bölünmüş Vətənin birlik ideyaları, bilavasitə
bununla bağlı olan ayrılıq hissləri həmin poetik
parçaların məğzini təşkil edir. “Vətən
həsrəti” şerində oxuyuruq:
Həsrət çəkməyən bilməz
Həsrət nədir dünyada.
Şairin “Mən səni görsəydim”
şeri Təbrizə ünvanlanıb.
Gülüstan bağının, Şişəgər
meydanının, Əmirbazarının, Kəcil
qapısının gözlərinin önündən çəkilmədiyi
doğma şəhərindən uzaq düşən vətənpərvər
söz ustadı gəncliyini keçirdiyi yerlərin xiffətini
çəkir:
-Təbriz! - söyləməkdən
dilim
doymadı,
Uzatdım, çatmadı əlim qoynuna.
Sən məni çağırdın... Kimsə
qoymadı
Ana nisgiliylə gəlim qoynuna.
Hətta Vətənin səmalarında azad qanad
çalan durnalara belə həsəd aparır; o da bir durna
olub həmin dəstəyə qoşulmaq, heç olmasa bircə
dəfə yolunu Təbrizdən salmaq istəyir:
Durnalar neçə yol düzülüb səfə,
Qürbətdən qayıtdı ana
torpağa.
Qərib ola-ola mənsə bir dəfə
Qayida bilmədim doğma ocağa.
Şair Təbriz xalçasını
evində canamaz kimi müqəddəs sanır, yaz rayihəsini
də elə həmin əlvan xalçadan alır. O, zaman-zaman
ayağını deyil, alnını həmin xalçanın
üstünə qoyaraq məhrəm naxışları
heyran-heyran öpüb-əzizləyir. Nəsillərin
yadigarı olan bu xalça Bakıda möhürə
dönür onunçün. Sanki gəncliyi
təzədən qanına keçir və o,
qartallaşır, məğrurlaşır.
Şair deyir ki, Vətən həsrəti
qədər yandırıb-yaxa bilən həsrət yoxdur və
buna dözə bilən insan sənədsiz-sübutsuz qəhrəmandır. 50 il
mühacir damğası altında yaşayan, daim qürbət
məngənəsində sıxılan, qəribliyin sərt
üzünü görən, o taylı-bu taylı Azərbaycanın
həm qərib, həm də doğma Vətən nisgilli
şairi Əli Tudənin özü də belə bir həyat
məktəbi keçməli olmuşdur, lakin belə bir
ömrü heç kəsə rəva görmür. Şeirlərində ümumbəşəri dəyərlərə
üstünlük verir, optimist düşüncələrlə
bütün bəşər övladına
bütövlük, birlik, sülh, əmin-əmanlıq
arzulayır. Torpaqlarının, vətənlərinin
parçalanmasını, doğmalarından ayrı
düşməyi heç düşməninə də
qıymır. Hətta köçəri
quşlara belə sakinlik arzulayır. Çünki
Həsrət yaxşı olsaydı,
Ömürlər talanmazdı.
Ay Günəşin dalınca
Aramsız boylanmazdı.
Şimallı-cənublu
yurddaşlarımız iki addımlıq məsafədən
bir-birilə görüşə bilmir, onların
salamlaşmasına belə yasaq qoyulur. Onlar heç
olmasa görüşmək, bir-birləri ilə hal-əhval
tutmaq, gün-güzəranı ilə tanış
olmaq məqsədilə bəzən uzaq-uzaq qitələrə
yollanırlar. Məhz bu zaman “həsrətin
sarı üzü xəcalətdən” qızarır ki,
şair bunu taleyin qəribəliyi deyil, dəhşətli bir
faciə adlandırır. Almaniya, Koreya kimi
iki hissəyə bölünmüş ölkələrin vətəndaşları
öz torpaqlarında, öz şəhərlərinin isti
qucağında görüşə bilirlər, biz isə yox.
Azərbaycanın onlardan da qabaq
bölündüyünü, belə bir görüşə
isə nə qayğının, nə də imkanın
olduğunu dərin təəssüf hissilə bildirən
Əli Tudə 1991-ci ildə SSRİ-İran sərhədinin məhz
azərbaycanlılar tərəfindən
sökülüb-dağıdıldığını
görə bildi. Öz müasir
silahları ilə dünyaya meydan oxuyan ordular əsrlərlə
doğmalarının, qohum-əqrəbalarının
görüşünə həsrət qalmış xalqın
qarşısını heç nə ilə kəsə bilmədilər.
Ətrafından hətta quş səkə bilməyən
sərhədçilər xalqa atəş açmağa
ürək eləmədilər. Bu, yalınəlli xalq
kütlələrinin qəzəb dalğası idi! Tikanlı məftillər bir andaca qoparıldı, sərhəd
dirəkləri sındırıldı. Qardaş
qardaşa qovuşdu. Heç olmasa, belə bir
toxtaqlıq tapa, həsrətimizin üstünə su səpə
bildik: gediş-gəliş sadələşdirildi, bəzi
qadağalar aradan götürüldü. Bu gün
çoxlarına adi görünən hisslər o vaxt Əli
Tudənin əlçatmaz arzusuna çevrilərək onu
çox mütəəssir edir, möhnətlərini,
doğma el-obaları üçün nə qədər qəribsədiyini
açıqca hiss etdirirdi:
Səadət! - deyəndə
anamız torpaq
Min düşmən bayrağı
saldı gəncliyim.
Özüm diyar-diyar dolandım... Ancaq
Döyüşən Təbrizdə qaldı gəncliyim!
Əli Tudəyə İrandan iki dəfə - bir sərhədlər
açılanda (1991-ci il), bir də
ölümündən bir neçə ay əvvəl (1995-ci
il) əmisi oğlu Cavad və həyat yoldaşı Mehri tərəfindən
dəvətnamə göndərilmişdi. Amma hər iki halda
İran səfirliyi onun kim olduğunu bilib
doğmaları ilə görüşə getməyə icazə
verməmişdir. Şair dərin təəssüf hisslərini
əmisi gəlininə xitab etdiyi 15 bəndlik “Mehri” şerində
qələmə almış, lakin bu şeirdə də gələcəyə
inamını itirməyərək haqq-ədalətin nə
vaxtsa öz yerini tutacağını nikbinliklə
bildirmişdir:
...Dərində saxlayır hər sirrini haq,
Bir gün tapacaqdır öz yerini haq...
Şair hər dəfə dağ kəndlərinə,
əsasən də cənub regionuna - Yardımlıya yola
düşəndə həsrətli qəlbi azacıq da olsa,
sevinirdi. Çünki burada o, doğma
Çanaxbulaq kəndinə oxşar yerləri
tapmışdı, buraları gəzdikcə qəlbi müəyyən
qədər toxtaqlıq tapır, vüqarlı və əzəmətli
Savalan dağlarına tamaşa edə bilirdi.
Vətən mövzusunda
yazılmış şeirlər Əli Tudə
poeziyasının əsas qayəsini - mayasını təşkil
etmişdir.
Ağahüseyn
ŞÜKÜROV
Ədəbiyyat
qəzeti.- 2014.- 7 fevral.- S.4-5.