Azərbaycan şairi Nizami

 

Dahi Nizami Gəncəvi ədəbi irsinin dünya şöhrətli tədqiqatçılarından, "Nizami və Füzuli" ("Seçilmiş əsərləri" - rus dilində, Moskva, 1962; məsul redaktoru Həmid Araslı) kitabının müəllifi Y.E.Bertelsin vaxtilə Nizaminin "İsgəndərnamə" poemasının SSRİ Dövlət mükafatına layiq görülmüş rusca tərcüməsinə ("İskendername", Baku, 1940) yazdığı ön söz.

 

Böyük sürətlə az qala bütün mədəni aləmi özünə tabe etmiş, Şərq ilə Qərbi birləşdirmək məqsədi izləyən Makedoniya fatehinin surəti qədim zamanlardan bir çox xalqların canlı marağına səbəb olmuşdur. Ölümündən azca sonra yaxın adamlarından Klitarx və Onesikrit onun tərçümeyi-halını tərtib etmişdilər. Sonralar Plutarx həmin materiallar əsasında öz əsərini yazmışdır.

Lakin o, öz qəhrəmanını şişirdilmiş parlaq boyalarla təsvir etsə də, Makedoniyalı İskəndərin tərçümeyi-halı onunla maraqlanan saysız-hesabsız dairələri təmin edə bilmirdi. Onunla yanaşı, tarixi faktlara çox az uyğun gələn çoxlu əfsanələr yaranmağa başlamışdı. Düşünmək olar ki, bu cür əfsanələrin ilk yaradıcı və yayıcıları İskəndərin öz döyüşçüləri olmuşdur. Şərqə yürüş edərkən onlar qarşılaşdıqları xalqlar arasında öz hökmdarları haqqında fantastik rəvayətlər yaymışlar.

Bu mövzuya İskəndərdən zərər çəkmiş müxtəlif Şərq ölkələri hökmdarları, xüsusən Misir və İran hakimləri də həvəslə səs vermişlər. Düçar olduqları məğlubiyyət onların qüruruna toxunur, daha çox isə onların "hökmranlıq hüquqlarının" əsaslandıqları teokratik nəzəriyyələrin kökünü sarsıdırdı. Buna görə də, təəccüblü deyildir ki, İskəndərin tərçümeyi-halına həsr olunan roman özünun ilk ədəbi formalaşmasını məhz Şərqdə tapmışdı. Bu roman artıq eramızın I əsrində yaranmağa başlamışdı. Lakin həmin əsər yalnız IV əsrin ilk onilliklərində, imperator Karakalla və Aleksandr Şimal İskəndərə rəsmi pərəstiş qəbul etdikdən sonra böyüməyə və tamamlanmağa başlamışdı. Roman fatehin həkimi Kallisfenə aid edilirdi və uzun zaman onun adı ilə yayılmışdı. İndi, artıq bu saxtakarlıq heç bir şübhə doğurmadığı vaxt, həmin roman elmdə adətən Psevdo-Kallisfen adı ilə tanınır.

Romanın əsas ideya istiqaməti onun Misirdə yarandığını göstərir. Bu əsərə görə, İskəndər makedoniyalı Filippin yox, Misirdən, qaçıb Makedoniyaya gələrək öz sehri nəticəsində Filippin arvadı Olimpiya ilə əlaqəyə girmiş misirli kahin Nektanebin oğludur. Lakin Nektaneb yalnız kahin yox, həm də qədim Misir padşahları nəslindəndir, deməli, İskəndərin damarlarında fironların qanı axırdı və: o, xarici işğalçı yox, öz əcdadlarınin taxt-tacının qanuni varisi idi (…)

Belə güman edilir ki, romanın ilk Şərq redaksiyasında Şərq oxucusu üçün maraq kəsb etməyən daxili - Makedoniya məsələləri qətiyyən olmamışdır. Bunları roman yunan dilində yazılarkən artırmağı lazım bilmişlər (...)

Şərq dillərinə edilmiş çoxlu tərcümələrin əsasında romanın yunan variantı durmuşdur. Bunlardan bizə çatmayan orta-fars tərcüməsini, eləcə də Suriya, həbəş və erməni dillərinə edilmiş tərcümələri göstərmək olar. Bir şeyi də nəzərə almaq lazımdır ki, dövrün adət-ənənəsinə görə tərcüməçilər ancaq romanın əsas süjet xəttini saxlayır, təfərrüatın işlənməsində isə sərbəstliyə yol verirdilər. Məsələn, Suriya tərcüməsində müxtəlif xalqların fantastik adları daha real adlarla əvəz edilmiş və yevropimitlər, oksidraklar, aellopodlar, bastarnlar və s. əvəzinə turanlılar, alanlar, qubardebaylar, alosaylar, ərəblər, azərbaycanlılar, təbəristanlılar, kürganlılar, xaldelar və b. xalqların adları yazılmışdır. Başqa sözlə, bu əlyazma tərcüməsinin Zaqafqaziya və Xəzərin cənub sahillərinə bələd olduğunu göstərir.

Avropa oxucularının daha geniş dairələrinə Psevdo-Kallisfen Yuli Valerinin latın dilinə tərcüməsi əsasında çatmışdır. Bu tərcümənin nə vaxt edildiyi indiyədək müəyyənləşdirilməmişdir (…)

Əgər Avropada İskəndər haqqındakı roman başlıca olaraq fantastik ekzotikası ilə maraq doğururdusa, Şərqdə, xüsusən İranda Makedoniya fatehinin surətinə maraq tamam başqa səbəblərdən doğurdu. İskəndərin İrana vurduğu zərbə çox ağır idi. Bu zərbənin nəticəsində əhəmənilərin taxt-tacı dağılmış, İran paytaxtında "şahənşah" sarayının əfsanəvi bər-bəzəyi alovlar içərisində məhv olmuşdu. İranda dünya hakimiyyəti ruhani hakimiyyəti ilə sıx əlaqədar idi. Buna görə də öz hökmranlığını möhkəmlətmək üçün İskəndər zərdüşti ruhanilərə qarşı bir sıra tədbirlər görməyə məcbur oldu. Zərdüştiliyin müqəddəs kitabları da məhv edilmişdi və müstəqil İranda sasani bərpası zamanı bunları əvvəlki halına salmaq çox çətinliklə mümkün oldu. Aydındır ki, zərdüşti ruhanilər İskəndərə nifrət etməli idilər. Buna görə də təəccüblü deyildir ki, Zərdüştə aid ədəbiyyatda İskəndər haqqındakı bütün sözlər dərin nifrətlə doludur (...) Məsələn, "Artak Viraz-namak" adlı orta-fars abidəsində göstərilir ki, İskəndər murdar ruh Əhrimənin əlində sadəcə vasitə deyil, həm də onun törəməsidir, başqa sözlə, özü də bir növ murdar ruhdur.

Hətta sasanilərin süqutundan və xilafətin meydana gəlməsindən sonra da İran zadəganları ilə bağlı olan və əsərlərində ərəblərə qarşı çevrilmiş şüubiyyə hərəkatının ideologiyasını ifadə edən ərəbdilli müəlliflər orta-fars ədəbiyyatının təsiri altında İskəndərə qarşı mənfi munasibətlərini ifadə edirdilər. X əsrin görkəmli tarixçisi Həmzə ibn Həsən əl-İsfəhani İskəndəri belə qiymətləndirir: "Rəvayətlərdə deyilir ki, o, İran torpağında on iki şəhər tikib hamısını İskəndəriyyə adlandırdı... Lakin bu rəvayətin əsası yoxdur, çünki o dağıdıcı idi, qurucu deyildi".

Lakin İskəndərin xidmətlərinin sadəcə bu cür inkarı, görünür, İran zadəganlarının yüksək dairələrini təmin etmirdi. Onların siyasi baxışları belə bir teokratik əsasa dayanırdı: yalnız o şəxs qanuni hökmdar ola bilər ki, o, şah nəsillərində irsən keçən "ilahi fərrə" malik olsun. İskəndərin taxtı qəsb etməsi bu nəzəriyyənin əsassızlığını sübuta yetirir və bununla da hökmdarların nüfuzunu aşağı salırdı. İskəndəri hansı yolla olsun fərrə malik olan hökmdarlar sırasına gətirmək və beləliklə də, onun şahənşahlar taxtını tutmasını əsaslandırmaq lazım idi. İran zadəganlarının qarşısında duran bu çətinliyin həlli yolunu yuxarıda göstərdiyimiz kimi, orta-fars dilinə tərcümə edilmiş Psevdo-Kallisfen romanı göstərdi...

Ərəb tarixçilərindən Əbu Hənifə əd-Dinəvərinin (985-ci ildə ölmüşdur) "Əxbar əttival" əsərində bizə gəlib çatmış bu yenidən işləmənin ən qədim versiyası saxlanmışdır. İskəndərin mənşəyi haqqında danışarkən bu tarixçi öz dövründə yaşayan sasani ənənəsinə əsaslanır. Bu versiyaya görə, makedoniyalı Filipp Bəhmən oğlu Dara ilə, yəni II Dara ilə müharibədə məğlub olarkən, bac-xəracdan başqa öz qızını da qalibə verməyə məcbur olmuşdu. Dara onunla zifaf gecəsini keçirmiş, lakin qızda fiziki nöqsan görüb, ondan ikrah etmiş və atasının yanına göndərmişdi. Lakin o, hamilə olmuş və vətənə qayıdandan sonra İskəndəri doğmuşdu. Deməli buradan belə çıxır ki, İskəndər III Daranın böyük qardaşı və İran taxtının qanuni varisi imiş...

Əlimizdə olan məlumata görə, "Şahnamə"nin İskəndər hökmranlığına həsr olunmuş hissəsi - İskəndər haqqındakı romanın yeni fars dilində nəzmlə işlənməsi yolundakı ilk cəhddir...

Beləliklə, tam əsasla demək olar ki, ərəb xilafəti bərqərar olandan sonra İskəndər haqqındakı romanın müstəqil bədii əsər kimi işlənməsinə ilk dəfə olaraq Nizami başlamışdı.

Nizaminin öz son əsəri üzərində dəqiq olaraq nə vaxt işə başlaması bizə məlum deyildir. Poemanın nə birinci, nə də ikinci hissəsində şair heç bir tarix göstərmir. Lakin "İskəndərnamə"nin müqəddiməsində ("Dinləyənlərə müraciət" fəsli) o, əvvəlki dörd poemasının adını çəkərək, onların bitdiyini göstərdiyinə görə, belə güman etmək olar ki, bu muqəddimə "Yeddi gözəl"in tamamlanmasından sonra, yəni 31 iyul 1197-ci ildən sonra yazılmışdır.

Poemanın ikinci hissəsinin sonunda aşağıdakı beytləri oxuyuruq:

 

Yaşım altmışa çatmışdır,

Lakin vəziyyətim dəyişməyib.

On il əvvəlki kimiyəm,

Yenə həmin div mənə əziyyət verir.

 

Əgər bu sətirləri hərfi mənada götürsək, onların 1201-ci ildən əvvəl yazıldığını qəbul etməliyik*. Deməli, poemanın hər iki hissəsi üzərində iş 3 il yarımdan az çəkməmişdir. Bu isə əvvəlki poemaların yazılmasına sərf olunan vaxtdan xeyli çoxdur...

Poemanı yazarkən şairin vəziyyəti yaradıcılıq işi üçün çox əlverişsiz idi. Lakin qoca, xəstə Nizaminin mərdliklə dəf etdiyi bütün çətinliklərdən əlavə, bir maneə də var idi. Bu, sonuncu poema üzərindəki işin əzəməti idi.

Şair öz əsərlərinin qiymətini çox gözəl bilir, hər poemasının müqəddiməsində nailiyyət saydığı cəhətləri xüsusi qeyd edirdi. Lakin sonuncu poemasına yazılan giriş, genişliyinə görə qalan bütün əsərlərindəkindən fərqlənir.

Nizami əsərin müqəddiməsinə əlavə etdiyi xüsusi fəsildə bu poemanın müstəsna əhəmiyyəti olduğunu və digər poemalarına nisbətən onun üstünlüklərini göstərmişdir. Biz qeyri-ixtiyari belə bir nəticəyə gəlirik ki, bu poemanı yazmaqla Nizami xüsusi məqsəd güdmüş və o vaxta qədər yazılmış əsərlərində olduğundan daha mühüm bir problemi həll etməyə çalışmışdır...

Bu məqsədin nədən ibarət olduğunu izah etməyə çalışacağıq. İndi isə poemanın yaranma tarixi ilə əlaqədar olan bir neçə məsələnin üzərində qısaca da olsa dayanaq.

"İskəndərnamə" öz xarakterinə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən iki hissədən ibarətdir. Hər bir hissə girişlə təchiz edilərək müstəqil poema kimi tərtib edilmişdir. Lakin birinci hissənin müqəddiməsində Nizami trilogiya yaratmaq məqsədi izlədiyini aydın bildirir. O, İskəndərin xarakterinin üç cəhətini qeyd edir: fateh, mütəfəkkir və peyğəmbər. Bu cəhətlərdən hər birinə o, ayrıca kitab həsr etməyə hazırlaşır.

 

Üç hissə yazmışam ki, hər biri xəzinə

mədənidir,

Hərəsinin üzərində ayrıca çalışmışam.

 

Əlimizdə olan materiallar, yəni "İskəndərnamə"nin dünyanın ən böyük kitabxanalarının kataloqundan məlum olan bütün əlyazma nüsxələri iki kitabdan ibarətdir. Güman ki, iş prosesində şair öz ilk planını dəyişdirmiş və əsərin ikinci hissəsi ilə üçüncü hissəsini - mütəfəkkir İskəndərlə peygəmbər İskəndəri bir kitabda birləşdirmişdir...

Poemanın adlandırılmasında da bir qədər qeyri-müəyyənlik vardır. Şübhəsiz ki, hər iki hissə birlikdə "İskəndərnamə" adı altında məlum idi. Lakin artıq XIV əsrdən hər hissəyə ayrıca ad qoymaq ənənəsi meydana çıxır. Adətən birinci kitab şairin öz sözləri ilə "Şərəfnamə" adlanır:

 

Onun camına tökülən şahanə şərabdan

O "Xosrovların şərəfnaməsi" adını aldı.

 

İkinci hissə "xirəd"** sözü ilə başlandığından onu çox vaxt "Xirədnamə" adlandırmışlar. 0, "İqbalnamə" adı altında da məlumdur. Bir sıra qədim biblioqraflar bu adı poemanın birinci hissəsinə də aid etmişlər. Qədim məxəzlərdə birinci kitabın "İskəndərnameyi-bərri", ikinci kitabın "İskəndərnameyi-bəhri" adlarına da rast gəlirik. Beləliklə, Nizaminin öz sözləri ilə əsaslandırılmış "Şərəfnamə" adından başqa qalan adlar müəllifin özünə məxsus olmayıb, sonradan artırılmadır.

Poemanın kimə ithaf olunması məsələsi də bir qədər mürəkkəbdir'. Birinci kitabın kimə həsr olunduğu əsərdə açıq-aydın göstərilir:

 

Dünyada ən böyük pəhləvan Nüsrət əd-din,

Göy qübbəsi kimi öz düşmənlərini ram edən.

 

Rəqibi çox gec başa düşür, o isə hər şeyi

əvvəldən görür.

Pis fikirli adamda məhəbbət azdır, onda

isə kin çoxdur***.

 

Sonuncu sözlər "Bişkin" xüsusi adına işarədir. Bu adların birləşməsi belə güman etməyə imkan verir ki, poema Cahan Pəhləvanın oğlu, 1191-1210-cu illərdə hakimiyyət başında olmuş Nüsrət əb-din Əbu-Bəkr Bişkinə (yaxud Beşken) ithaf edilmişdir...

İkinci poemanın ithafı əvvəlcə bu formada müəyyən edilir:

 

Böyük və məğrur (hökmdarların) başçısı,

Padşah İzzəddin, şahanə fateh.

O, öz müdrikliyi ilə Mosulun hamisidir...

 

Həmin ad poemanın sonuncu fəslində də təkrar edilir...

İzzəddin adının Mosulla yanaşı çəkilməsi belə bir fikir doğurur ki, şair I İzzəddin Məsudu (1180-1193) nəzərdə tutur.

Yuxarıda qeyd etdik ki, poema 1200-cü ildən, yəni I Məsudun ölümündən 7-8 il sonradan tez qurtara bilməzdi. Deməli, burada aydınlaşdırılması və dəqiqləşdirilməsi lazım olan bir tarix vardır...

Digər tərəfdən əlyazmalarının çoxunda ikinci kitabda da Əbu-Bəkr Bişkinə ithaf vardır. Odur ki, ikinci kitabın kimə həsr olunması məsələsi tam aydınlaşdırılmamışdır və öz həllini gözləyir.

Nəhayət, poemanın sonunda Sokratın ölümündən sonra yazılmış sətirlər çox qəribə görünür:

 

Bu hekayət qurtarandan sonra Nizami

Getmək üçün yığışdı.

O vaxtdan çox keçmədi ki,

Onun ömür müddəti öz vərəqələrini bükdü.

Altmış üç ildən altı ay keçmişdi ki,

O, köç təbilini çaldı.

 

Tamamilə aydındır ki, bu sətirlər şairin özü tərəfindən yazıla bilməzdi. Lakin çox qəribədir ki, bu əlavə bizə məlum olan ən qədim əlyazmalarında mövcuddur. Bunu iki cür izah etmək olar. Ya bu qəribə əlavə Nizaminin ölümündən sonra edilmiş və "İqbalnamə"nin əsas nüsxəsinə artırılaraq özündən sonrakı bütün əlyazmalarına keçmiş, ya da bu, ölümün yaxınlığını hiss edən şairin öz sözləridir. İkinci güman çox ağlasığmaz görünsə də, nəzərə almaq lazımdır ki, poemanın əvvəlində Nizami səhhətinin çox pis olmasından söhbət açır.

Öz sonuncu poemasını yazmağa başlarkən, Nizami həmişə adəti üzrə əvvəlcə məxəzlərin öyrənilməsi üzərində gərgin zəhmət çəkmişdir. Bu haqda o deyir:

 

Üfüqlərin fatehi bu padşah haqqında

hekayətləri

Heç bir əlyazmasında görmədim.

Mənim inci kimi yığdığım sözlər

Kitablarda dağınıq idi.

Onları şeir bəzəyinə bürüyərkən

Mən yeni tarixlərdən əlavə yəhudi,

Xristian və pəhləvi kitablarını da öyrəndim.

 

Başqa sözlə, Nizami bizim yuxarıda müəyyən etdiyimiz belə bir faktı təsdiq etmiş olur ki, ərəb işğalından sonra bu mövzunun müstəqil işlənməsinə ilk dəfə məhz o girişmişdir.

Ən yeni tarix deyərkən şair, şübhəsiz ki, ərəb və fars xronikalarını nəzərdə tutur. Onda bəs yəhudi və xristian kitablari nə deməkdir? Şair ya bilavasitə, ya da başqa şəxslərin köməyi ilə Suriya, erməni və gürcü məxəzləri ilə də tanış olmuşdur.

Beləliklə, "müsəlman" rəvayətləri ilə yanaşı, şairin qarşısında antik dünya ənənələrinə doğru ikinci bir yol açılırdı. Əlbəttə, tam inamla demək olmaz ki, klassik dünyanın ənənələri Nizami uçün İntibah dövrü avropalısı üçün olduğu qədər aydın və yaxın idi. Bəzən onun qədim yunan filosofları haqqında məlumatı yanlış səciyyə daşıyır. Bəzən onun əsərində yunan hekayətləri qəribə şəkildə bir-birinə qarışır. Lakin heç cür inkar etmək olmaz ki, müsəlman Şərqinin başqa alimlərinə nisbətən Nizami antik dünya haqqında daha çox məlumat sahibi olmuşdur.

Nizami öz materiallarını mümkün qədər zənginləşdirməyə cəhd edirdi. İskəndərin həyatını təsvir edirkən belə, İran zadəganlarına xidmət etməyi qarşısına məqsəd qoyan Firdovsidən fərqli olaraq, Nizami elə bir əsər yaratmaq istəyirdi ki, Azərbaycanın bütün xalqları onu başa düşə bilsin...

Güman etmək olar ki, Nizaminin istifadə etdiyi məxəzlər yalnız yazılı materiallarla məhdudlaşmamışdır. Əgər Nizami bəzi motivləri xronikalardan götürüb olduğu kimi saxlamışsa, başqa hallarda məlum xronikalardan istifadə etsə də, onları öz məqsədinə uyğun şəkildə işləyib dəyişdirmişdir. Görünür, belə hallarda Nizami Azərbaycan xalq rəvayətlərinə müraciət etmişdir. İskəndər haqqında əfsanələr Azərbaycan xalqı arasında indiyə qədər də yaşamaqdadır. Təkcə Nizaminin bu mövzunu seçməsi faktı onu göstərir ki, bu əfsanələr şairin yaşadığı dövrdə də mövcud imiş...

Son poemasını yazırkən Nizami qarşısına hansı məqsədləri qoymuşdu? Möcüzələrlə dolu uzaq ölkələrdə İskəndərin göstərdiyi fantastik şücaətə heyran qalan şair qədim rəvayəti sadəcə olaraq canlandırmaqmı istəyirdi? Yaxud o, oxucunun fikrini müəyyən cəhətə yönəltməyi, hansı mənadasa ona təsir göstərməyi qarşısına məqsəd qoymuşdu?

Yuxarıda gördük ki, Nizami bu əsərinə yalnız başqa müəllifllərin yazdıqlarına nisbətən deyil, həm də əvvəlki poemaları ilə müqayisədə müstəsna dərəcədə yüksək əhəmiyyət verirdi. Elə bu sübut edir ki, "İskəndərnamə"ni sadəcə əfsanə kimi qiymətləndirməyib, onda nə isə qabaqcadan müəyyən edilmiş bir problem axtarmaq lazımdır.

Hər şeydən əvvəl, aydındır ki, İskəndər Nizaminin diqqətini təsadüfən cəlb etməmişdi. Şair nahaq yerə demir ki, İskəndər surəti üzərində dayanmazdan əvvəl uzun müddət qədim xronikalarda material aramış, məqsədinə uyğun gələn qəhrəman axtarmışdır. Görunür, bu qəhrəman müəyyən keyfiyyətlərə malik olmalı imiş, yoxsa bu cür uzun axtarışların mənası olmazdı.

Qədim xronikalarda külli miqdarda qəhrəmanlar var idi ki, onlardan hər biri qəhrəmanlıq poeması üçun layiqli material ola bilərdi. Lakin iş bundadır ki, Nizamiyə sadəcə yaxşı silah oynadan və döyüşdə məğlubedilməz qəhrəman-cəngavər lazım deyildi. Əgər desək ki, Nizami insanlara xoşbəxtlik gətirəcək bir hökmdar axtarırdı, elə qəhrəman axtarırdı ki, onu "ideal hökmdar" surətində göstərmək mümkün olsun, səhv etmərik...

Tamamilə aydındır ki, xronikalarda belə bir qəhrəmanın prototipini tapmaq o qədər də asan deyildi. Qəhrəmanların adları ilə bağlı ənənələr, əvvəlki poemalarında olduğu kimi, şairin əl-qolunu bağlaya bilərdi. Duzdür, o, Cəmşid kimi mifik padşahların üzərində dayana bilərdi, lakin belə surət çox solğun çıxardı. Bir də o padşahların yalnız İranla bağlı olması, bir ölkə çərçivəsində qapanıb qalması əlavə maneəyə çevrilə bilərdi. Nizamiyə elə qəhrəman lazım idi ki, onun hakimiyyəti bütün dünyaya yayılsın, elə qəhrəman ki, yalnız İran tərəfindən yox, bütün xalqlar tərəfindən qəbul edilə bilsin. Bu tələb məhz Şərq və Qərbin hökmdarı, ayrılıqda götürülmuş hər hansı bir xalqın fövqündə duran İskəndəri-Zülqərneyni məqsədə ən çox uyğun gələn qəhrəmana çevirirdi. Bu surətin bir üstünlüyü də var idi ki, qədim rəvayətlər onu çox qeyri-müəyyən şəkildə təsvir edirdi.

Aydındır ki, belə şəraitdə Nizami heç də İskəndərin tarixi simasını tam dəqiqliyi ilə canlandırmağa cəhd etməyəcəkdi. Bunun üçün Nizaminin sərəncamında həm lazımi material yox idi, həm də belə bir İskəndər ona heç maraqlı görünmürdü. Odur ki, şair tam şüurlu surətdə İskəndəri öz dövrünə gətirib çıxarır, hətta onu Azərbaycanla sıx əlaqələndirir və vadar edir ki, özünün başlıca hərbi igidliklərini Bərdədə göstərsin.

Beləliklə, ruslarla mubarizə epizodu bəzi şərqşünasların hesab etdiyi kimi, yalnız "əyləncəli anaxronizm" olaraq qalmır, poemanın quruluş xüsusiyyətlərinə görə tamamilə yerinə düşmüş bir epizoda çevrilir.

Əgər əvvəlki poemalarında Nizami ideal hökmdarı "təşəkkül prosesində" göstərirdisə, burada həmin hökmdar yetkin şəkildə qələmə alınır. İskəndərin heç bir səhvini düzəltmək lazım deyildir. O, uşaqlıqdan müəllimlərinin - elmin ən qabaqcıl nümayəndələrinin göstərdiyi düzgün yolda durmuşdur...

Məğlubiyyət zamanı asanlıqla öz ölkəsindən əl çəkib özünə başqa yerdə sığınacaq axtaran həmin dövr feodal hakimlərinin əksinə olaraq, "İskandərnamə" qəhrəmanları öz ölkələri ilə sıx əlaqədədirlər. Ölkələri onlar üçün doğmadır və buna görə də vətənin xarici müdaxiləçilərdən müdafiəsi üçün onlar hər cür qurban verməyə hazırdırlar...

Qarşılaşdığı bütün xalqlara ədalətli münasibət İskəndər üçün səciyyəvi cəhətdir. Biz onun hər hansı bir xalqasa digəri qarşısında üstünlük verdiyini görmürük. Onun uçun hamı bərabərdir. İskəndər istər İran əyanları, istər Azərbaycan məlikəsi, istərsə də Çin xaqanı ilə eyni dərəcədə asanlıqla dostlaşır.

Nəhayət, şairin din məsələlərinə münasibəti böyük maraq doğurur. Bu məsələlər XII əsrdə böyük əhəmiyyət kəsb edirdi. Çünki din bu və ya digər dərəcədə bütün ideologiyaya hopmuşdu. Nizami heç olmasa ona görə dinə xüsusi diqqət yetirməliydi ki, onun qəhrəmanı İskəndər həqiqi din daşıyıcısı və dini bütün dünyaya yaymağı qarşısına məqsəd qoymuş bir peyğəmbər idi və s. İskəndərin dininin səciyyəsi necədir? Hər şeydən əvvəl, bu din fəlsəfə və elmlə sıx əlaqədərdar. Biz İskəndərin yanında rəsmi ruhaniliyin heç bir nümayəndəsini görmürük. Onun ruhaniləri yeddi böyük müdrik alimdir. Müsəlman təsəvvürünə görə hər bir peyğəmbərin almalı olduğu "müqəddəs kitab" əvəzinə, o, etika və fəlsəfə haqqında traktatlarla silahlanaraq səfərə çıxır.

Qeyd etmək lazımdır ki, Nizami İskəndəri müsəlman dininin daşıyıcısı edə bilməzdi, bu həddən artıq böyük anaxronizm olardı. Lakin İskəndər Kəbəni ziyarət edib həccə bənzər bir səfər keçirə bilərdi. Yox, bu cür düşüncələr Nizaminin fikrini yayındıra bilməzdi. Şairin məqsədi məhdud islam dininin yerinə fəlsəfi özül üzərində genişləndirilmiş islamı qoymaq və onu dünya dininə çevirməkdir. Nizaminin İskəndəri dindardır, lakin o, heç də bütün çətinlikləri "Allah dərgahının ağılçatmazlığı" ilə həll etməyə cəhd göstərmir. Hər bir təbiət hadisəsini o, hər şeydən əvvəl, elmi yollarla izah etməyə səy göstərir, "Allahın sirlərinə" yalnız o vaxt əsaslanır ki, dövrünün elmi bu suallara dəqiq cavab verməkdə aciz qalır...

Beləliklə, ideal hökmdarın formalaşması əvəzinə Nizami yeni bir vəzifə - bu hökmdarın yeni fəlsəfi dini yayacaq bir peyğəmbərə çevrilməsi vəzifəsini irəli sürür.

İskəndər belə bir yüksək vəzifəyə nə vaxt layiq görülür? O vaxt ki, o, öz mənafeyi üçün fəaliyyət göstərməkdən tamamilə əl çəkir. "Şərəfnamə"də biz onu hələ şərab məclisində, gözəllərin ağuşunda görürük. 0, hələ həyatdan zövq alır. Lakin budur, dirilik suyu ilə alaqədar səhnə onu zərurətlə barışmağa, dünya nemətlərindən əl çəkməyə öyrədir. Bu andan etibarən o, artıq özü haqqında düşünmür. Onun bütün həyatı dünya xalqlarına xidmət etməyə yönəlir. Nizami aydın surətdə göstərir ki, onun səfərləri sonsuz əzab və məhrumiyyət gətirir. İskəndərin bütün diqqəti ona yönəlmişdir ki, ordusunu bu əzab və məhrumiyyətdən qorusun. Onun özü də bütün əzab və əziyyətlərə səbirlə dözür.

Başqa sözlə, hökmdar öz hakimiyyətindən şəxsi zövqü üçün deyil, əksinə, ağır və məsul bir yük kimi xalqın xidmətində durmaq üçün istifadə edərkən ən yüksək mükafata çatır. Xalqın xidmətçisi olan bir padşah peyğəmbərə bərabərdir. Bu elə bir fikirdir ki, onunla Yaxın Şərqin feodal hökmdarları, çətin ki, razı ola bilərdilər.

Lakin şair bununla da kifayətlənmir. O, daha da irəli gedərək bu cür padşah-peyğəmbərin dünya xalqlarını hara aparıb çıxarmalı olduğunu göstərir. o, yalnız hakimlərə ehtiyac olmayacağı bir cəmiyyətə yol göstərmək üçün lazımdır...

Beləliklə, Nizamini ömrü boyu həyəcanlandıran fikirlər "İskəndərnamə"də sistem halına gətirilmiş və bədii surətlərdə əks etdirilmişdir. Bunlar elə fikirlərdir ki, nəinki XII əsrdə, hətta çox-çox sonralar da bu cür fikirlərin sahibini dar ağacına aparıb çıxara bilərdi. Lakin Nizami bu kitabı, yazırkən ölüm artıq onun başının üstünü kəsdirmişdi. Artıq o, cəlladdan qorxmurdu və ömrünün son günlərini təkzibedilməz həqiqət hesab etdiyi fikirləri demək uğrunda qurban verməyə hazır idi...

Nizami tədqiqatçılarının dilindən tez-tez belə bir mülahizə eşitmək olar ki, öz bədii dəyərinə görə "İskəndərnamə" şairin başqa poemalarından aşağıda durur. Qeyd edirlər ki, poetik sənətkarlığına və istedad gücünə, bənzətmə və istiarələrdən istifadəyə, həmçinin dilinin bədiiliyinə görə bu poema şairin ikinci dərəcəli əsərləri sırasına aid edilə bilər. Adətən bu belə izah olunur ki, şair artıq qocalmışdı, hansısa ağır bir xəstəlik ona əzab verirdi və o, özünün ən yaxşı üç poemasının - "Xosrov və Şirin"in, "Leyli və Məcnun"un və "Yeddi gözəl"in durduğu səviyyəyə yüksəlmək iqtidarında deyildi.

Bu fikirlə razılaşmaq çox çətindir. Əlbəttə, mübahisə etmirik ki, "İskəndərnamə"də əvvəlki üç poema üçün səciyyəvi olan xüsusiyətləri - məsələn, dilin imkanlarından böyük bacarıqla istifadə olunduğunu görməmək mümkün deyil. Bununla demək istəmirəm ki, əsər başdansovdu və səliqəsiz yazılmışdır. Yox, bu əlamətlər poemada yoxdur. Əvvəlki kimi qafiyələr dəqiq, nitq rəvan, ifadə üsulu təbiidir. Burada parlaq bənzətmələr və kəskin istiarələr də vardır. Lakin əlamətlərdən yalnız biri - sözlə məharətli oyun yoxdur. Bu poemada dil daha sadə, təsvirlər yığcamdır. Elə təəssürat yaranır ki, şair üçün sözlərin məzmunu formanın qarşısını kəsməyə başlayır...

Biz yalnız bir halda - "İskəndərnamə"də yaradılmış qəhrəmanların əvvəlki surətlərdən solğun olduğu qənaətinə gəlsəydik, Nizami sənətkarlığının zəifləməsindən danışa bilərdik. Lakin məhz bu cəhət poemada özünü büruzə vermir.

Əvvəlki poemalarda öz fabula qüvvəsinə görə parlaq səhnələr təsvir etməyə imkan verən dramatik kolliziyalar yaradılmışdı. İskəndər haqqında romandan bu cür vəziyyətlər doğmurdu, lakin gördüyümüz kimi, onlar burada şairə lazım da deyildi. Çünki o, qarşısına tamamilə başqa vəzifələr qoymuşdu. Süjetin imkan verdiyi yerdə Nizami əvvəlki əsərlərindən heç də geri qalmayan lövhələr yaradır. Buna əmin olmaq üçün Daranın ölümü səhnəsinə, Nüşabə ilə İskəndərin görüşü epizoduna, "dirilik suyu" ölkəsinin effektinə, nəhayət, İskəndərin ölümünün sarsıdıcı təsvirinə nəzər salmaq kifayətdir.

Dünyanın yaranması haqqında nəzəriyyəni, yaxud filosofların "Müdriklik kitabı"nın Nizami tərəfindən parlaq surətlərlə təsvir olunaçağını gözləmək çətin olardı. XIX əsrdə yaşasaydı, o, əlbəttə, bütün bunları poemaya daxil etməz, elmi şəkildə işləyərdi. Lakin istər XII əsrdə, istərsə də xeyli sonralar nəinki bu cür mövzular, hətta ərəb dilinin qrammatikası da nəzmlə yaradılırdı ki, onları əzbərləyib yadda saxlamaq mümkün olsun.

Bu sözlərdən çıxış edib bəlkə də demək olardı ki, Nizami son poemasının mövzusunu seçərkən müvəffəqiyyətsizliyə uğramışdır. Lakin bu fikir kökündən səhv olardı. Biz indicə sübut etdik ki, məhz bu mövzu öz fikirlərini daha dolğun ifadə etmək üçün şairə geniş imkan vermişdir. Ona görə də bu mövzu seçimini XII yox, ancaq XX əsr nöqteyi-nəzərindən uğursuz hesab etmək olar. Nizamini bu mövqedən qiymətləndirməyə isə bizim ixtiyarımız yoxdur. o, öz mühitindən istiqamət alırdı və bu mühit onu başa düşərək qəbul edirdi. Bu, onun son poemasına yazılmış, lakin öz fikir dərinliyinə və mövzu əhatəsinə görə heç biri Nizami əsəri ilə müqayisə edilməyəcək saysız-hesabsız nəzirələrdən də aydın görünür.

Beləliklə, inamla demək olar ki, Nizaminin son poemasının, qeyri-qənaətbəxş qiymətləndirilməsi anlaşılmazlıqdan başqa bir şey olmayıb, təsəvvürlərin qarışdırılmasından, mövzunu onun işlənməsindən ayırmağı bacarmamaqdan, yaxud istəməməkdən irəli gəlir. Biz tam inamla deyə bilərik ki, Nizami burada da əvvəlki sənət zirvəsində dayanır. Mövzunun imkan verdiyi yerdə o, mümkün olan hər şeyi etmişdir. İmkan olmayan yerdə isə bizim ondan bədii surətlər tələb etməyə haqqımız yoxdur.

Məzmuna gəldikdə isə, şübhəsiz ki, bu poema Nizaminin bütün yaratdıqlarından zəngindir. Təkcə bu poema haqqında bir neçə tədqiqat əsəri yazmaq olardı. Nizami heç bir yerdə dövrünün elmi görüşlərini bu cür dolğun şəkildə əks etdirməmiş, özünün sərt, lakin əzəmətli təliminin əsas müddəalarını heç bir əsərində bu cür aydın ifadə etməmişdir.

Biz Nizaminin son əsərini ümumi çizgilərlə səciyyələndirməyə çalışdıq. Onu diqqətlə təhlil etdikdə qarşıya çox məsələ çıxır. Aydın olur ki, bu poemada Nizami yalnız öz müasirlərini deyil, həm də özündən çox-çox sonralar yaşamış bir sıra müəllifləri qabaqlamışdır. Hələ Əmir Xosrovun bu poemaya cavab olaraq yazılmış "Ayineyi-İskəndəri" əsərinin 1300-cü ildə, yəni bir əsr sonra yazılmasına baxmayaraq, geriyə doğru bütöv bir addım olduğunu deməsək belə, qəti şəkildə təsdiq etmək olar ki, hətta XVIII əsrdə də Yaxın Şərqdə bu cür poema artıq meydana gələ bilmədi. Bu onunla izah olunur ki, XII əsrdə Zaqafqaziyada mövcud olan şərait sonralar təkrar oluna bilməzdi.

..."İskəndərnamə"nin öyrənilməsi göstərir ki, Nizami çox rəngarəng və dərin məlumat sahibi olmuşdur. Elmin o vaxtkı vəziyyətində onlardan bəzilərini şairin nə yolla əldə etməsi heyrət doğurur. Bu baxımdan ulduzların ayrıça aləm, güman, ki, məskun aləm olması haqqındakı nəzəriyyəni göstərmək kifayətdir...

Nizaminin dünyagörüşü yalnız belə əlverişli bir şəraitdə yarana bilərdi. Lakin Nizami öz əsrinin oğlu olmaqla, dövrünün bir çox qabaqçıl adamlarını çox cəhətdən geridə qoymuşdu. Əgər onu bədii söz sahəsində ən böyük sələflərindən biri ilə - İran epopeyasının yaradıcısı firdovsi ilə müqayisə etsək, görərik ki, bütün əzəməti ilə birgə, Firdovsinin üzü ehya etmək istədiyi keçmişə doğru yönəlmşidir. Onun uğursuzluğu keçmişi diriltməyin qeyri-mümkünluyündədir. Nizami onun tam əksidir, o, öz dövrü zəminində durur, lakin üzü gələcəyə doğru yönəlmişdir. Onun baxışı uzaq əsrlərin dumanını yararaq alovlu məhəbbətlə sevdiyi bəşəriyyət üçün orada daha yaxşı gələcək arayır.

Şairin bu keyfiyyəti bütün qüvvəsi ilə özünü məhz son əsərdə göstərir. Buna görə də tam əsasla demək olar ki, Nizami burada dövrumüzün poeziyası üçün xas olmayan yollarla gedirsə də, bundan poemanın əhəmiyyəti zərrə qədər də azalmır. Bu poema nəinki özünün bütün qüvvəsini dövrümüzə qədər saxlamışdır, hətta ola bilsin ki, məhz bizim dövrümüzdə daha aydın başa düşülur.

 

* Hicri təqvimi ilə 60 il miladi təqvimlə 58 ilə yaxın bir dövrə bərabərdir. Deməli, Y.E.Bertels 1201-ci il yazarkən yanılır (tərcüməçi).

** Xirəd - bilik

*** Şerin sonundakı "kin çoxdur" ifadəsi farsca orijinalda "bişkin" şəklindədir.

 

Y.E.Bertels

 

Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.1; 3.