Vallah, təbiət də imkan vermir...
Hekayə
Orta
məktəbdə müəllimə
işləyirdi. Ayda
cəmi iki yüz manat maaş alırdı.
Həm də yazıçıydı.Yazıçılar
Birliyinin də fəal üzvü idi.Onu oxucularına Birlik tanıtmışdı.
Əlbəttə ki,çox yaxşı
tanıtmışdı.Yazıları onun iç dünyası,mənəvi aləmi,müəllimliyi
isə maddiyyatı -çörək ağacı
idi. Qoşa qanad kimi hər ikisindən bərk-bərk yapışmışdı.
Hər ikisilə də fəxr edirdi. Amma bir problemi vardı.
Neçə illərdi Birliyin
üzvlük haqqını
verə bilmirdi. Hər dəfə Yazıçılar Birliyinə
gələndə qapının
girişində, çıxışında,
dəhlizlərdə üzvlük
haqqının ödənilməsi
barədə elanları
görəndə özünə
söz verirdi ki,bu ay az
da olsa üzvlük
haqqından gətirib
mütləq ödəyəcək.
Bir illik haqq on manatdı.
Demək beş
illik üzvlük haqqı əlli manat eləyir. Ayda on manat ödəsə,
beş aya
qurtarar. Əlbəttə,
əgər ödəyə
bilsə... Çünki
maaş elə xərclənir ki... necə deyərlər, bir gözü görür ki, maaş evə
gəldi, o biri gözü görənə
kimi pul qurtarır. İndi iş ona qalır
ki, bu dəfə
maaşı alanda üstündən mütləq
on manatı götürsün.
Aydındı? Öz-özünə əmr də verdi!
Maaşı
almışdı, üstündən
on manatı da götürüb sumkasının
cibində gizlətmişdi. Qalırdı vaxt tapıb
onu ödəmək.
Qalan pulları da bölüşdürmüşdü:
işıq pulu, bu ay soyuq olduğundan
elektirik sobasından istifadə eləmişdi,
pulu həmişəkindən
çox idi... Qaz pulu, su
pulu bura aiddi isti su,
soyuq su, çirkab suyu atapleniya pulu, JEK-ə ev pulu,
Bələdiyyəyə evin
altındakı torpaq pulu, lift pulu, telefon pulu, gündəlik
işə getmək üçün yol pulu, gündəlik çörək pulu, on günlük də ərzaq pulu... Aman Allahım, yardım et, pul qurtardı! Eyibi yox, qalan
iyirmi günün də ərzağını
nisyə alar... Allah kərimdi, quyusu dərin olsa da...
Pullar
xərclənib qurtarmışdı. Təcili üzvlük haqqını ödəmək
lazımdı, yoxsa o da xərclənəcəkdi!
Səhər-səhər evdən çıxanda
fikirləşdi ki, Birliyin haqqını aparıb ödəsin, sonra işə getsin. Qərarlaşdırdı. Liftdən çıxanda
onu Qaz Səlim
qarşıladı:
-Salam, qızım, nə
yaxşı səni gördüm!
-Xeyirdimi, Səlim
dayı?
-Bilirsən, qaz
borusu partlayıb... pul yığıb onu bərpa etməliyik...
-Borunu biz təmir
eləməliyik ki?
-Qanuna qalsa, əlbəttə,yox... Onda gərək gözləyək... Üç
gün ərzində əraziyə baxış
keçiriləcək... Üç
gün ərzində akt bağlanacaq... Üç gün ərzində qərar qəbul ediləcək... Sonrakı üç gün ərzində də təmir olunacaq, əgər başqa bir iş çıxmasa... Bu
günlər ərzində
də elektrik cihazlarından istifadə eləyəcəksən, bu
da ən azından eləyəcək
əlli manat... Yaxşısı budur ki, bəri başdan
on manatını ver, axşam da sakitcə
qazını yandır!
Kişi
elə bil əliynən onun çantasına on manat qoymuşdu. Qız
dinməzcə üzvlük
haqqını götürüb
ona verdi.
...Yol boyu öz-özünə danışır,
gileylənir, əsəbiləşirdi:
Borunun partlamağı
elə bu günə qalmışdı?
Üzvlük haqqı
yenə gələn aya qaldı... İnşallah denən. O qədər
partlamalı borular var ki... Məsələn,
su borusu, atapleniya borusu, işıq dirəyi... Vallah,deyəsən,təbiət
də istəmir... imkan vermir ki,
mən o pulu ödəyim... Bəs indi necə
olacaq? Belə getsə heç nə... Bundan sonra xəcalətindən
Yazıçılar Birliyinə
bir də ayaq basmayacaq... Vəssalam!..
Bahar
Bərdəli
Ədəbiyyat qəzeti.- 2014.- 7 fevral.- S.7.