Ata

 

Qanlı döyüşlərə sən sinə gərdin,

Cəbhəyə yollandı, cəbhəyə hamı…

Deyirlər, mərdliklə ömrünü verdin

Vətənin yolunda bir yaz axşamı.

 

Ata, həsrətini çəkirəm yenə,

Yenə yaşayırsan sözlərinlə sən.

Baxıram şəklinə mən dönə-dönə

Sanki danışırsan gözlərinlə sən.

 

Titrəyir əllərim, əsir bədənim, -

Mənə dodaqaltı nəsə deyirsən,

Ata, kədərlidir ürəyim mənim,

Sən isə həmişə gülümsəyirsən!..

 

Ev tikmək istədin, qaldı yarımçıq,

Yaşıl mamır bitdi daşların üstə.

Hardasan, ay ata, hardasan? Gəl çıx,

vaxtdır qalmışıq qulağı səsdə.

 

Diqqət yetirmisən hər adi daşa,

Bina dağılmadı, ömürdən oldun.

Evin hörgüləri vuruldu başa,

Axı təməlini qoyan sən oldun!

 

Külfətin yenə güldü, sevindi,

O isti nəfəsin otaqlardadır.

Çəkdiyin zəhmətin bəhrəsi indi

Təzə çiçək açmış budaqlardadır.

 

Şəklini asmışıq təzə otaqdan,

Sanki dodaqaltı nəsə deyirsən.

Kədər boğur məni, ata, bayaqdan

Sən isə

Sən isə gülümsəyirsən.

 

Dağlara qar düşübdür

 

Gün çıxıb səhər erkən,

Bağçada qırov durub.

Payızın son şaxtası

Ağacda yuva qurub.

Günəşdən nur ələnir,

Yer xəzələ bələnir.

Astaca əsir külək,

Soyuqdur, kəsir külək -

Dağlara qar düşübdür.

 

İndi çəmən solmayıb, -

İndi çəmən saralıb.

Səma bir az tutulub,

Yollar, izlər qaralıb,

Göylər mavi dənizdir,

Hava necə təmizdir -

Dağlara qar düşübdür.

 

Qız görüşə tələsir,

O bəzənir, geyinir;

Bayırda külək əsir,

Qoca evdə deyinir:

"Dağlara qar düşübdür".

 

Qayıdaq geri

 

Mənim dünənimdə nağıllarım var,

Orda nağılların meydanı boşdur.

Bilməzdim həyatda qəm-sevinc

olar -

Dünənki günlərin qəmi xoşdur.

 

Çoxdan o çöllərə salmamışıq iz,

Sanki bəxtimizə elə bu düşüb.

Girmişik qapalı otaqlara biz,

Ürəklər günəşsiz gültək bürüşüb.

 

Demirəm, şəhərlər bir yana qalsın,

Demirəm, şəhərlər deyildi əziz.

Qayıdaq,

Gecələr ulduzlu olsun.

Qayıdaq nağıllar dünyamıza biz.

 

Qalxdığımız yoxuş, endiyimiz dik,

Ensək, pillə-pillə ucaldar bizi.

Axı o yerlərdən qopub gəlmişik,

Yaşadaq nağıllı günlərimizi.

 

Bəlkə yağış tökdü,

Heç demək olmaz,

Açar çadırını yorulan köçün.

At çapıb yoxuşda büdrəyək bir az,

Asfalt səkilərdə büdrəməməkçin.

 

Başlasın xəbərsiz vurulmaq dəmi,

Sevək ilk baxışdan,

Sevək ilk gündən.

Sonrasa qovrulaq səhərə kimi

Sevən qəlbimizin döyüntüsündən.

 

Gizli məhəbbətdir qədər əziz,

Gizli məhəbbəti qoruyaq gərək.

Qoyub məktubların arasına biz

Sevən qəlbimizi gizli göndərək.

 

İzlər cığırlarla bulağa ensin,

İçib yanğımızı bir az söndürək.

Dağlar qəlbimizdə heykələ dönsün,

Sonra cığırları şerə döndərək.

 

Çıxaq dağ başına çətinliklə biz,

Döysün təpəmizdən yağış da, qar da.

Təzədən dırmaşaq zirvələrə biz,

Yoxuşlar əl tutar çətində, darda.

 

Heç vaxt təbiətə tapılmaz əvəz -

Şair ilhamına sönməz ocaqdır.

Ən sərrast misralar istər-istəməz

Orda qəlbimizə yazılacaqdır.

 

Qalxdığımız yoxuş, endiyimiz dik,

Ensək pillə-pillə ucaldar bizi.

Axı o yerlərdən qopub gəlmişik,

Yaşadaq nağıllı günlərimizi.

 

Araz sahilində

 

Böyük bir kədərlə qaralır uzaq,

Sonsuz üfüqlərim yenə dərdlidir.

Dünyaya sığmayan dərdimə bir bax:

Xalqım xalqım ilə həmsərhədlidir.

 

Araz dağlar aşdı, təpələr endi,

Suyu torpaq kimi qabar-qabardır.

Burda iki gözüm görsə indi,

Orda açılmamış gözüm vardır.

 

Elin ayrılığı yerə sığmayır,

İstərəm qəm-qüssə Arazla axsın.

Qəlbimin kədəri şerə sığmayır,

Bir xalqın qəlbinə bəs necə sığsın?!

 

O tayı gözsüz seçə bilərdim,

Gözüm var, bəs niyə seçə bilmirəm?!

Arazı tək qolla keçə bilərdim,

Bəs niyə cüt qola keçə bilmirəm?!

 

Arazdan olsaydı, yolunu salıb,

Sərhədi o yandan bıçaqlayardı.

Təbrizin boynuna qolunu salıb

Böyük bir torpağı qucaqlayardı.

 

Qəm yemə, qardaşım, qəm yemə

bu gün,

Görürəm tez düşüb saçlarına dən.

Bu qədər yananda mən Təbriz

üçün,

İndi bilirəm ki, sən çəkirsən.

 

İllərlə dərd çəkdin,

Bunun yerində

Bir gündə Təbrizə sən yol çəkərdin.

Dünya xalqlarının al səhərində

Əbədi deyildir bu böyük dərdin.

 

Davud Nəsib

 

Ədəbiyyat qəzeti.- 2014.- 14 fevral.- S.7.