Xalq ədəbiyyatı nümunələri
Yazıçı-publisist,
tədqiqatçı alim Salatın
Əhmədlinin yaxın günlərdə "Elm" nəşriyyatı tərəfindən
nəfis şəkildə işıq üzü
görən "Yol gedir
Naxçıvana" kitabına "Taleyin
və yaradıcılığın bir
parçası" adlı maraqlı ön
söz yazan akademik İsa Həbibbəyli
xüsusi olaraq vurğulayır ki,
müəllifin təqdim etdiyi materiallarda söyləyicinin də,
toplayıcının da obrazları bütöv şəkildə görünür:
"Bundan başqa,
"Yol gedir
Naxçıvana" kitabında söyləyici sadəcə
xalq ədəbiyyatı nümunəsini
toplayıcıya danışan bir şəxs
olmaqdan qat-qat çox onunla
bölüşən, paylaşan, ona qəlbini açan
yaxını, doğma insan
tipində diqqəti cəlb edir. Bu, Azərbaycan folklorşünaslıq elmində
toplayıcı-söyləyici münasibətlərində
diqqətəlayiq, cəlbedici hadisələrdən biridir".
Ön sözdə də deyildiyi
kimi, kitabda bir kənddən - Şahbuz
rayonundakı Güney Qışlaq kəndindən
toplanan çoxsaylı, zəngin xalq ədəbiyyatı nümunələri
xalqımızın, el-obamızın mənəvi zənginliyinin
daha bir
özünütəsdiqidir. Və bu
nümunələr öz
orijinallığı ilə diqqəti cəlb edir.
"Naxçıvanım:
Nağıl Canım" adlı müəllif
yazısında isə filologiya üzrə
fəlsəfə doktoru Salatın Əhmədli
bayatı və ağıların çoxunda
doğma yer-yurd, el-oba adlarının çəkilməsini vətənə,
eyni zamanda da tarixə ehtiram əlaməti
olduğunu xüsusilə vurğulayır,
bildirir ki, həyat əbədi
deyil, sinədəftər
insanların xalqın söz xəzinəsini
özlərilə bərabər haqq
dünyasına götürmələri milli
dəyrələrə xəyanət olar,
zamanında toplamaq, hifz
etmək gərəkdi.
Tənqidçi
Rüstəm Kamalın son söz
yazısı da bu
deyilənlərlə həmahəngdi: "Bu
kitabın və bu tipli
topluların nəşri regional
materialın xarakteri, etnik
ənənəsinin xüsuiyyətləri, folklor
mətninin, folklor sözünün
ötürülmə və qavrama mexanizmi haqqında mülahizələrə
aydınlıq gətirə bilər. ...Epik
səmimiyyət, uca könül,
yurd sevgisi folklorşünas kimi
Salatın xanımı fərqləndirən cəhətdir. Güclü etnoqrafik duyum, folklor yaddaşı,
xatirə-rəvayət həssaslığı onun yazı-təhkiyə üslubunu
şərtləndirir.
Bu deyilənlər S. Əhmədlinin böyük
zəhmət bahasına toplayıb bir araya gətirdiyi bayatı, hədis, rəvayət
və nağıllarda sıx-sıx ehtiva
olunur. Diqqəti çəkən hər
mətləb insanın ulu Yaradana
aparan yolunu
çıraqban edir, Əhməd Yəsəvi,
Cəlaləddin Rumi, Hacı Bektaş Vəli, Hacı Bayram
Vəli əxlaqına götürür.
Hər biri bir ata öyüdü, ana nəsiyyəti kimi oxunub, yadda qalır. "Bəy
quşu" belə oxunur,
"Oğulların etibarı" eyni mətləbdən
bəhs edir, "Əmanətə xəyanət
olmaz" dərsi verir.
Oxuduqca bir daha inanırsan ki, səbr
etmək insanın ilk dərmanı, inam haqqı tanımağın ilk nişanəsidi, inam olmayan yerin xeyri-bərəkəti
qaçağan olur.
S.Əhmədlinin
"Bir elatın dastanı"
kitabını isə filologiya üzrə
fəlsəfə doktoru Elçin
Cabbarov Güney
Qışlaq kəndinin yığcam ensiklopediyası kimi dəyərləndirir ön
söz yazısında. Bədnam ermənilərə
qarşı mübarizə alın yazısı olan bu tarixi
kəndi çevrələyən yer-yurd,
dağ-dərə, arx-bərə adları sevərək çözülür. Oxuyub
bilirik ki, Şah yurdunun, Səfərbəy
səngərinin, Daş, Çala,
Göy, Navlı bulaqlarının adı hardan gəlir. Xüsusi
özəlliklərə malik kəndin
tarixindən ilk olaraq Banu Həsənalı qızı söz açır. Sonra
gəlir Əhmədalı Qaybalıyevin, Qəzənfər İmiş oğlunun
söylədikləri. Kitabın "Sinəsi
sözlə dolu xatirələri var elimin"
bölümündə Qoşunalı Qara
oğlu, Məhəmməd Məşədi
Tağı oğlu, Səfəralı Salman oğlu dədə-babalarından
doğma məkan haqqında eşitdiklərini
incələyirlər. Fenomen gülməcələri adamın könlünü alıb aparır. Soruşanlara adının
"Abış" olduğunu deyən
piranəyə naşı-nabələdlərin "A kişi, "ABŞ" ölkə
adıdı, biz səndən öz adını soruşuruq"
deməsi xoş bir dodaq qaçırır. Oxuyub
görürsən ki, Qulamrza
kişi qız elçiliyini
necə edirmiş, Kəblə Qəmbər
kişinin tələsik işi
niyə təndirə düşürmüş…
Beləcə oxunur dialekt
və ləhcə sözlərinin izahlı lüğətinəcən.
Türkiyədə
işıq üzü görən "Analar köç edərkən"
kitabında isə Salatın xanımın son
illərdə toplayıb-nəşr etdirdiyi
bayatılardan seçmələr, eyni zamanda professorlar Tamilla Abbasbəylinin, Halil
Buttanrının, Muzeyyen
Battanrının, feyzi
Halıcının, İsa Kayacanın,
türkiyəli şairlər
İbrahim Sağırın, Bahar Halıcı - Gökfilizin,
Halil Gurkanın, Hasan
Akarın, Huriye Saracın Salatın
xanımın araşdırmalarından bəhs edən məqalələri
yer alıb.
Sərvaz
Ədəbiyyat
qəzeti.- 2014.- 14 fevral.- S.4.