Rüstəm İbrahimbəyov - 75

  

Hörmətli Rüstəm müəllim!

Sizi - görkəmli sənətkarımızı, yazıçı-dramaturq və kino xadimini 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa ötən əsrin altmışıncı illərində başlamısınız. "İşgüzar səfər", "Unudulmuş avqust", "Bağ evi" kimi əsərləriniz ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Qələmə aldığınız əsərlər mövzusunun müasirliyi, yüksək bədii dəyəri, ictimai problemlərə orijinal yanaşma tərzi ilə diqqəti cəlb edirdi. Əlli ili adlayan məhsuldar yaradıcılıq yolu keçmisiniz. İndi görkəmli yazıçı, kino xadimi kimi sizin adınız ölkəmizin sərhədlərindən uzaqlarda da məşhurdur. Milli kinomuzun qiymətli nümunələrindən sayılan "Bir cənub şəhərində", "Ad günü", "İstintaq", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət" filmlərinin ssenari müəllifisiniz. Sizin ssenariniz əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi "Mosfilm" kinostudiyasında ekranlaşdırılmış, çox böyük uğur qazanmışdır. Ssenariləriniz əsasında Odessa kinostudiyası "Çekist haqqında povest", "Qırğızfilm" kinostudiyası "Bunun eybi yoxdur", "Mosfilm" kinostudiyası "Müharibənin sonunda sakit gün", M.Qorki adına Kinostudiya "Onda mən də yox dedim" filmlərini çəkmişdir. 90-cı illərdə ekranlara çıxmış və beynəlxalq mükafatlara layiq görülmüş "Qətldən yeddi gün sonra", "Urqa - məhəbbət ərazisi", "Sibir bərbəri", "Günəşdən usanmışlar" və s. filmlərin də ssenari müəllifi sizsiniz. Amerika Kino Akademiyasının "Oskar" mükafatını almış ilk azərbaycanlısınız. Ölkəmizin və Rusiyanın ən böyük teatrlarında pyesləriniz səhnələşdirilib. Yaratdığınız "İbrus" teatrı da çoxşaxəli fəaliyyətinizin bir hissəsidir. Hələ sovet dövründə bir sıra mükafatlara - SSRİ Dövlət mükafatına, Azərbaycan SSR Dövlət mükafatına, Ümümittifaq Komsomol mükafatına layiq görülmüsünüz. Ədəbiyyatımız və mədəniyyətimiz sahəsində xidmətləriniz yüksək qiymətləndirilmiş, sizə xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmiş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmisiniz.

Hörmətli Rüstəm müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

  

Ədəbiyyat qəzeti.- 2014.- 14 fevral.- S.5.