Asif Rüstəmli - 60
Hörmətli Asif müəllim!
Sizi - istedadlı tənqidçi, ədəbiyyatşünas
alimi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.
Sizi respublikamızda cabbarlışünas alim kimi yaxşı
tanıyırlar. Böyük dramaturq Cəfər Cabbarlının həyat
və yaradıcılığına həsr etdiyiniz
çoxsaylı məqalə və «Susmaz
duyğuların səltənətində» monoqrafiyanızda bir çox fakt və sənədlərə ilk dəfə müraciət olunur.
Cəfər Cabbarlının kitablarına
salınmamış 6 pyesini, 4 hekayəsini,
30-dək lirik və satirik
şeirini, 60 ədəbi-tənqidi məqaləsini
ilk dəfə toplayıb, transliterasiya
və tərtib edib, ön
söz, qeydlər və şərhlər
yazaraq «Ədirnə fəthi» adı ilə
1996-cı ildə «Elm» nəşriyyatında
çap etdirmisiniz.
Görkəmli dramaturqun 20 ç.v.
həcmində naməlum və az məlum
əsərinin ilk dəfə üzə
çıxarılması ədəbi ictimaiyyət tərəfindən
böyük maraqla
qarşılanmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli sərəncamı
ilə nəşr olunan
C.Cabbarlının 4 cildlik «Əsərləri»nin
də tərtibi, ön sözü
və şərhləri sizə məxsusdur. Siz yeni faktlar əsasında bu nəşrə
«Bədii həqiqətlər ustası» sərlövhəli 39
səhifəlik ətraflı giriş
yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz
qalmış əsərləri müəllif əlyazmaları
əsasında bərpa etmisiniz, bir sıra nümunələri ilk
dəfə çoxcildlikdə işıq üzü görmüşdür.
Təhsil Nazirliyinin qərarı
ilə «Azərbaycan ədəbiyyatı» seriyasından
buraxılan Cəfər Cabbarlının «Seçilmiş
əsərləri»ni (Bakı, «Çaşıoğlu» nəşriyyatı,
2004, 45,8 ç.v.) siz
tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər
yazmısınız. Böyük dramaturqa həsr olunmuş
monoqrafiyanız - «Cefer Cabbarlı
(Hayatı, Sanatı ve Mücadilesi)
» Türkiyə Cümhuriyyətinin tanınmış «Manas yayınçılık» nəşriyyatında
(2011, 18,5 ç.v.) kütləvi tirajla işıq üzü
görmüşdür.
Sizin «Çırpınırdı Qara dəniz» (1992), «Tufanlardan
keçən ömür» (1995), «Susmaz duyğuların səltənətində»
(2002) kitablarınız ədəbi-elmi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır.
Xalqımızın
ümummilli lideri Heydər
Əliyevin mədəniyyətimizin və incəsənətimizin
aktual problemlərindən bəhs edən
«Nəcib, mənəvi idealların tərənnümü»
(2000) kitabının tərtibçisi, ədəbiyyatımız
haqqında yazılmış «Ədəbiyyatın yüksək
borcu və
amalı» (1999) fundamental əsərinin isə
redaktorusunuz. Eyni zamanda C.Cabbarlının « Ədrinə fəthi»(1996),
M.Ə.Rəsulzadənin «Azərbaycan
Cümhuriyyəti» (1990), «Bolşeviklərin Şərq siyasəti»
(1994), A.Ziyadxanlının «Azərbaycan» (1993)
kitablarının tərtib və transliterasiya
edilməsi kimi məsuliyyətli işin görülməsi də sizin adınızla bağlıdır.
1994-cü ildə
mollanəsrəddinçi şair Bayraməli
Abbaszadənin həyat və yaradcılığı» mövzusunda namizədlik, 2011-ci ildə «Cəfər
Cabbarlı və ədəbi-mədəni mühit
mövzusunda doktorluq
dissertasiyası müdafiə etmisiniz.
«Ədəbi
istiqlalımız» kitabınız mövzu
əhatəliliyi və ədəbi-elmi sanbalı etibarilə ədəbiyyatşünaslığımıza
layiqli töhfədir.
Sizin ssenariləriniz əsasında «Günəş
Şərqdən doğur», «İstiqlal fədaisi», «Nurlu
gələcək naminə» sənədli filmləri çəkilib
nümayiş etdirilmişdir.
Moskvanın
«Kinoprodukt» Studiyasının çəkdiyi
«Əfsanənin əks üzü»
seriyasından «26 Bakı komissarı» (Zvezda
TV, 2008) sənədli filminin elmi məsləhətçisisiniz və filmdə
çıxışınız vardır. Ədəbiyyatımızı,
mədəniyyətimizi televiziya
kanalları vasitəsilə layiqincə təbliğ və təmsil
edirsiniz. 1991-1995-ci illərdə Azərbaycan Televiziyası ilə gedən «Yaddaş», «Tarix bizə nə
deyir» verilişlərinin ssenari
müəllifi və aparıcısı olmusunuz.
Müxtəlif vaxtlarda Türkiyədə, İraqda,
İranda keçirilən beynəlxalq elmi simpoziumlardakı
çıxışlarınız söz
sənətimizin xarici ölkələrdə
təbliği sahəsində əhəmiyyətli olmuşdur.
Siz 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin
(İndiki Bakı Dövlət Universiteti) filologiya
fakültəsini bitirib, 1988-ci ilin yanvar ayında Nizami adına Ədəbiyyat İnstitutuna
müsabiqə yolu ilə işə qəbul
olunmuş, baş
laborantlıqdan baş elmi
işçi vəzifəsinədək
yüksəlmiş, 1991-1994-cü illərdə «Folklor sarayı» elmi-mədəni mərkəzinin (indiki folklor İnstitutunun) direktoru,
1995-1999-cu illərdə elmi nəşrlər
bölməsinin müdiri vəzifələrində
işləmisiniz. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olursunuz. 1996-cı ildən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində mətnşünaslıq, redaktənin əsasları
fənlərindən dərs deyirsiniz
ADMİU-nın professorusunuz. Elmi və ictimai fəaliyyətinizə görə
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin
mükafatına (1994), «Cəfər Cabbarlı
mükafatı»na (2010), AYB Ədəbiyyatı Təbliğ bürosunun «Qılınc və qələm»
beynəlxalq ədəbi mükafatına (2004), Varşava Universitetinin
«Sertifikat»ına (2007), Elazığ (Türkiyə) valisinin xüsusi mükafatına (2010), İstanbul şəhərində fəaliyyət
göstərən Türk Ədəbiyyatı
Vəqfinin «Türk Ədəbiyyatına
Xidmət Baratı»na (2013) layiq görülmüş, AMEA Rəyasət Heyətinin
«fəxri fərman»nı ilə təltif edillmisiniz.
Hörmətli Asif müəllim!
Sizi bir daha
yubileyiniz münasibətilə təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə
yeni uğurlar
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2014.- 14 fevral.- S.6.