Azərbaycan poeziyasına ehtiramla

         

  Fevralın 8-də Cüzeppe Verdi adına Milan Konservatoriyasının möhtəşəm zalında xalq şairi, AYB-nin birinci katibi Fikrət Qocanın şeirlərindən ibarət geniş konsert-kompozisiya təqdim olunub. Tədbirdə iştirak edən xalq şairinin səfər təəssüratları belədi ki, qədim mədəniyyət və sivilizasiya məkanlarından biri olan İtaliyada şerə-sənətə çox maraqlı, özünəməxsus yanaşma tərzi var: «Burada şeir sadəcə mətn kimi yox, kompleks şəkildə «həzm olunur». Bu, gözəl bir örnəkdi. Açığı, konsert-kompozisiyanın mənim yaradıcılığıma həsr edilməsindən xəbərsiz idim. Elə hesab edirdim ki, bizi Milan Konservatoriyasının professoru Davide Gualtieri tərəfindən tərtib edilərək nəşr olunmuş Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasiminə dəvət ediblər. Tədbirin o formatda təqdimi isə mənim üçün gözləmədiyim sürpriz oldu. Eyni zamanda, mən bunu bütövlükdə Azərbaycan poeziyasına göstərilən ehtiramın möhtəşəm ifadəsi kimi qəbul etdim. Tədbirin özəlliyi təqdim edilən şeirlərə müxtəlif rakuslardan zövqlü yanaşma nümayiş etdirilməsində idi; belə ki, eyni vaxt daxilində səhnədə Azərbaycan dilində şeir oxunurdu, sonra onun italyan dilinə tərcüməsi bizim milli musiqinin - tar, kamança və balabanın müşayiəti ilə səslənirdi, şerin məzmununa uyğun olaraq rəssam səhnədə çox orijinal tablolarını yaradırdı. Tədbirin sonunda Azərbaycan mənzərələrini dolğun şəkildə əks etdirən üç tablo artıq hazır idi. Azərbaycanın ucalıq, möhtəşəmlik simvolu olan çinar, qosqoca dağımız-dərəmiz, doğma mənzərələr könül çəkirdi.

Balet ustalarının oxunan şeirlərə uyarlı şəkildə təqdim etdikləri səhnələr də çox maraqlı və baxımlı idi. Bir yandan Səməd Vurğunun, Məmməd Arazın şeirləri səslənir, mənim özümün şeirlərimdən nümunələr oxunur, eyni zamanda da balet ustaları öz ustalıqlarını nümayiş etdirirlər. Bu mənzərə çox maraqlı, düşündürücü idi. Deməli, gənc oğlan özünə oxşayan canlı obraz yaratmaq istəyir, nəticədə səhnədə plastilin kimi bükülüb qalmış qızdan bir obraz yaradır. Onun əllərini, qollarını, bədənini yaradıb ayağa qaldırır. Qız oyanır və öz varlığını hiss edən kimi həmin oğlanı boğmağa başlayır. Oğlanın yaratdığı özünə qənim kəsilir. Ona görə də yaradan - deməli, oğlan öz yaratdığını öldürmək məcburiyyətində qalır. Və nəticədə onu daha gözəl və xeyirxah bir məxluq olaraq yenidən yaradır. Şeirburada bitmir. Mən bu səhnəni çox dərin duyğularla izlədim, riqqətə gəldim. Heç unutmadığım bir məqam da oldu; deməli, illər öncəsi yazdığım «Ay şöhrətim-şanım mənim, halı pərişanım mənim» misralarımla başlayan şerimə yazılan mahnı azərbaycanlı musiqiçilər tərəfindən ifa olunur, bizim milli geyimdə səhnəyə çıxan italyan rəqqasə ustalıqla öz oyunuyla uzaq yol görüntüsü yaradır… Tamaşaçı eyni anda bir neçə təqdimat faktlarının, motivlərinin xoş yaşanmasıyla üzbəüz qalır. Əlbəttə, çox maraqlıdı. Şeri ancaq səhnədən ifa etməklə bitmir. Bu təqdimatı başqa elementlərlə dolğunlaşdırmaq xüsusi effekt doğurur. Mən bunun gerçək yozumunu o səhnələrdə tam dolğunluğu ilə gördüm, çox xoşuma gəldi…»

Bu təəssüratları boyunca 40 nəfərdən ibarət uşaq xorunun ifasında Azərbaycan şairlərinin şeirlərindən ibarət kompozisiyasının təqdim olunmasından aldığı xoş təəssüratı xüsusilə xatırlayır. Bir müddət əvvəl Bakıda olan D.Gualtierinin Xocalı faciəsi ilə bağlı şeir yazıb, həmin şerə musiqi bəstələməsini dərin hörmətlə dilə gətirir. Deyir ki, konsertin açılışında vaxtilə Cüzeppe Verdi haqqında yazdığım şerin italyanca tərcüməsinin Gualtierinin ifasında səslənməsi məni çox duyğulandırdı; «Davide Gualtiere Azərbaycanın dostu, təəssübkeşi olmaqla yanaşı, ədəbiyyatımızın, mədəniyyətimizin fədakar təbliğatçısı, İtaliyanın tanınmış şairi və bəstəkarıdır. Təqdim olunan konsert proqramına bütün qəlbini, Azərbaycana, şerə, sənətə olan sevgisini vermişdi. Deyim ki, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abutovanın çıxışı, eləcə də incəsənət ustalarımızdan Elşən Həmidov, Elşad Şəfiyev, Vidadi Zəkizadə və Elman Şəfiyevin ifaları da çox maraqla qarşılandı. Bir səhnəni də heç unuda bilmirəm, deməli, Davide Gualtieri mənimlə bərabər sözügedən tədbirdə iştirak edən Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə üz-üzə gələndə, onun adını yadına salmamışdan öncə əlini Rəşad Məcidə uzadıb öz şeri ilə ona müraciət etdi: «Kimsən, ey doğulan?» Həmin anda hər iki qələm adamının üzündə-gözündə ifadə edilən insanlıq nuru könlümü rahatlandırdı.

Növbəti tədbirdə «Çağdaş Azərbaycan poeziyası» kitabı təqdim olundu. Bu anlar mənim üçün çox əziz idi. Hər bir yazıçının, şairin əbədi və təbii istəyidir ki, onun adından əvvəl əsərinin adı çəkilsin, əsəri xatırlansın. Bu, çox incə, ifadəsi mümkün olmayan bir duyğudu.

Mən Milanda şerə, müsiqiyə, təsviri sənətə, rəqsə kompleks yanaşa bilmək peşəkarlığı gördüm. Bu gözəl bir örnəkdi. Eyni zamanda bir daha əmin oldum ki, sənətin dili ən böyük, müstəsna anlaşma dilidibu, həyati zərurətdi. İtalyanlar bunu çox yaxşı anlayırlar. Milan bələdiyyəsində Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimatında bələdiyyə müşavirləri məsələnin bu vacib tərəfini xüsusilə vurğuladılar. Eyni zamanda qeyd etdilər ki, bələdiyyə binasında çox uzun vaxtdan bəri mədəniyyət tədbirləri keçirilmirdi. Bu, uzun fasilədən sonra keçirilən ilk tədbirdi. Belə tədbirlər xalqlarımız arasındakı mədəni əlaqələri, dostluq münasibətlərini möhkəmləndirməyə xidmət edir».

Maraqlı tədbirə dəvətli olan «525-ci qəzet»in baş redaktoru, AYB-nin katibi Rəşad Məcidin də səfər təəssüratları yetərincə maraqlıdı.

Milan səfəri ilə bağlı təəssüratlarını bölüşən AYB-nin katibi Rəşad Məcid konservatoriyada təqdim olunan konsert haqqında vəcdlə söhbət açıb: "Bu konsert məni son dərəcə təsirləndirdi, xeyli həyəcanlandırdı. Son vaxtlar yazılarımda da, şeirlərimdə də, verdiyim müsahibələrdə də tez-tez deyirəm ki, artıq bu dünyada məni təəccübləndirəcək, heyrətləndirəcək bir şey qalmayıb. Amma Davide Qualtierinin fevralın 8-də Milan Konservatoriyasında nümayiş etdirdiyi sənət, onun qeyri-adi musiqi ilə fikrət Qocanın şeirləri əsasında yaradıb sərgilədiyi möhtəşəm harmoniya məni çox həyəcanlandırdı. Şeri adi tərzdə oxuyanda insana o qədər də təsir göstərmir, ona güclü reaksiya olmur. Amma şerin arxa fonunda həm rəqs, həm musiqi, həm təsviri incəsənət, həm də səhnənin özü olanda o, sadəcə mətn olmaqdan çıxır və gözəl bir formada teatrallaşır. Dünyanın qədim və nüfuzlu musiqi məktəblərindən biri olan Milan Konservatoriyasında Azərbaycan şairinin şeirlərindən ibarət belə möhtəşəm bir konsert təşkil etmək Davide Gualtierinin böyük istedadının, güclü həvəsinin göstəricisidir. Milandakı konsertdə sənətin heyrətləndirmək gücünə yenidən şahid oldumDavide Gualtieriyə - onun varlığında, ruhunda olan sevgiyə, istedada, coşquya heyran qaldım. Çox sevinirəm ki, belə bir insan Azərbaycan poeziyasına bu qədər maraq göstərir. Mənim fikrimcə, Azərbaycan hökuməti, dövləti, bizim hamımız Davide Gualtierinin qədrini bilməliyik, ölkəmizlə əlaqələrini daha da sıxlaşdırmalıyıq. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun timsalında bütün komissiya əməkdaşlarına Davide Gualtierilə belə səmərəli əməkdaşlıq nəticəsində möhtəşəm işlər həyata keçirdiklərinə görə minnətdaram".

Fevralın 9-da isə Milanın görkəmli bir yerində, La Skala teatrı ilə üzbəüz yerləşən qədim Milan bələdiyyə binasında Azərbaycan şairlərinin şeirlərindən ibarət "Çağdaş Azərbaycan poeziyası" ("La poesia Azera contemporanea") toplusunun təqdimatı keçirilib. Kitaba ön sözü İtaliyanın məşhur türkoloqu Giampiero Bellingeri yazıb. Ön sözdə Nizami Gəncəvi, Saib Təbrizi, Qövsi Təbrizi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Əli Möcüz, Məhəmmədhüseyn Şəhriyar kimi dahi şairlər yetirmiş Azərbaycanın əsrlərə söykənən poeziya ənənələrindən bəhs edilir. Kitabda Davide Gualtierinin yazısı da yer alıb. Müəllif yazıda kitabın ərsəyə gəlməsində göstərilən köməyə görə, Şahin Sayılovun şəxsində, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına, eləcə də Nuriyevlər ailəsinə - pianoçu Nəzakət xanıma və xoreoqraf, İtaliyadakı "Azəri" Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevə minnətdarlığını ifadə edib.

Davide Gualtieri, Azərbaycan Yazıçılar Birliyi, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov, Mais və Nəzakət Nuriyevlərin birgə təşəbbüsü və səyi nəticəsində işıq üzü görmüş topluda eyni zamanda xalq şairləri Məmməd Araz, Fikrət Qoca, şairlər Tofiq Abdin, Zakir Fəxri, Əjdər Ol, Vaqif Bəhmənli, Rəşad Məcid, Ədalət Əsgəroğlu, Qulu Ağsəs, Elçin Mirzəbəyli, Laçın Məmişov, Rəfail Tağızadə, Həyat Şəmi, Elşad Ərşadoğlu, Sevinc Mürvətqızı, Bəsti Əlibəyli və feyziyyənin şeirləri yer alıb.

Sözügedən tədbir İtaliya mediasında da geniş şəkildə əksini tapıb. İtaliyanın bir sıra qəzet və internet saytlarında tədbirlərlə bağlı informasiyareportajlar çap olunub.

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 14 fevral.- S.5.