Natəvan Klubunda
Fevralın 13-də
Azərbaycan Yazıçılar Birliyinin
Natəvan klubunda İtaliyanın Milan bələdiyyəsinin maliyyə dəstəyi,
Milan Konservatoriyasının professoru, şair-tərcüməçi Davide Gualtierinin çevirməsində
çap edilmiş
"Çağdaş Azərbaycan
poeziyası" toplusunun təqdimat mərasimi
keçirildi.
Tədbiri
"525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid açaraq
fevralın 8-i və 9-u günlərində Cüzeppe
Verdi adına Milli
Konservatoriyasının 2 min nəfərlik
zalında xalq şairi
Fikrət Qocanın
yaradıcılığına həsr edilmiş
ədəbi kompozisiya barəsində öz təəssüratlarını bölüşdü.
İtalyada Azərbaycan poeziyasına olan maraqdan dərin vətəndaş
qururu duyduğunu
vurğuladı, eyni zamanda
D.Gualtierinin tərcüməsində
işıq üzü görən "Çağdaş Azərbaycan poeziyası"
toplusunun araya-ərsəyə gəlməsində
əməyi olan insanlara,
o cümlədən də tərcüməçi
ilə bərabər xalq
yazıçısı, AYB-nin sədri Anara, xalq şairi
F.Qocaya öz minnətdarlığını bildirdi, topluda şeirləri
çap edilən müəllifləri təbrik
etdi.
Öz yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiyadan
daha çox təqdim
olunan toplunun nəşrinə
sevindiyini xüsusilə qeyd
edən Fikrət Qoca bildirdi ki,
bu, əslində Azərbaycan ədəbiyyatının
təbliğat vasitəsidir.
"Ədəbiyyat həm
də dostluq, dostluq
bağı, qohum-əqrəba kimidi. Elə
bir ərazidi ki, biz sənət adamları orada
yaşayırıq. Bu cür əlaqələr həmin
ərazinin daha da
genişlənməsinə xidmət edir.
Ədəbiyyatımızın dostu olan Gualtierinin Milanda olan şəxsi nüfuzu məni heyrətləndirdi. Çox sağ olsun ki, bu
qədər ağır, ancaq bizim üçün çox əhəmiyyətli olan
bir layihəni uğurla
başa
çatdırdı.
Mədəniyyət və
Turizm Nazirliyinin məsul
işçisi, tanınmış şair Vaqif Bəhmənli
bildirdi ki, Avropanın
ən böyük dövlətlərindən
biri olan İtaliyada Azərbaycan şairlərinin
şeirlərinin nəşr edilməsi böyük
uğurdur: "Bu tipli işləri reallaşdırmaq üçün hər şeydən öncə
ürək və ehtiram,
qarşılıqlı hörmət lazımdır. Bu əlaqələrin genişləndirilməsi
vacibdir. Vaxtilə Anar
müəllim "Min beş
yüz ilin Oğuz şeri"
antologiyasını nəşr etdirmişdi.
Həmin formada elə bir
layihə hazırlamaq olar ki,
Azərbaycan şairlərinin şeirləri dünyanın bütün böyük
xalqlarının dilində öz əksini
tapa bilsin…"
Şairlərdən Elçin Mirzəzadə, Qulu
Ağsəs, Həyat Şəmi toplunu çox dəyərli bir ədəbi
hadisə kimi dəyərləndirdilər
və yeni şeirlərindən nümunələr
oxudular.
Xalq yazıçısı Mövlud
Süleymanlı çıxış edərək bu cür ədəbi əlaqələrin
davamlı olmasının əhəmiyyətindən
danışdı: "Biz yaxşı ənənələrimizi
təbliğ etməli, yaxşı ənənələri əxz
eləməliyik".
Xalq yazıçısı, AYB-nin
sədri Anar tədbirdə
çıxış edərək dedi:
"Ürəkdən sevinir, qürur duyuram. Topluya şeirləri daxil
edilən hər kəsi təbrik edirəm. İtaliya
kimi mədəniyyət beşiyi
olan bir ölkədə
Azərbaycan poeziyasının belə uğurlu
şəkildə oxuculara
çatdırılması çox fərəhlidi.
Burada Vaqif Bəhmənli
çox gərəkli bir
fikir səsləndirdi. Deyim
ki, bu istiqamətdə
bir sıra təşəbbüslərimiz
olub. Vaqifin qeyd etdiyi antologiyadan
başqa, "Min ilin Azərbaycan poeziyası"
antologiyasını da Türkiyədə
nəşr etdirmişəm. Mən istərdim ki,
dünyanın aparıcı dövlətlərindən olan şair və
yazıçılara burada şərait
yaradılsın, onlar gəlib burada orijinal tərcümələrini
edə bilsinlər. Bu sahədə Mədəniyyət
və Turizm Nazirliyi
bizə yaxından kömək edə bilər…"
Sərvaz
Ədəbiyyat
qəzeti.- 2014.- 14 fevral.- S.5.