Təvazökar, səmimi,
iddiasız şairin qürurlu,
vətənpərvər
iddialı yaradıcılıq dünyası
Mən Davud Nəsiblə şəxsən
tanış, hətta dost olanda
- keçən əsrin doxsanıncı illərinin
ortalarında - o, artıq
tanınmış şair, çoxlu kitablar müəllifi,
nüfuzlu mükafatlar
laureatı idi. Bununla
belə nə ilk tanışlıq - dostluq illərində, nə də sonralar Davud Nəsibdə
hər hansı bir əda-iddia görmədim.
Əvvəl necə idisə, elə də qaldı: ədasız,
iddiasız, təvazökar... Və səmimi... Çünki o, təbiətən
şair idi, anadan şair doğulmuşdu.
"Ədəbiyyat qəzeti"ndə
o, poeziya, mən isə
tənqid və ədəbiyyatşünaslıq şöbəsinin
müdiri idik. Az-çox
tanınmış şairlər şeirlərini baş redaktora - böyük şair Nəriman
Həsənzadəyə təqdim edirdilər, Davud
Nəsibin işi isə hələ o qədər də tanınmayan şairlərin
şeirlərinin çapını həyata keçirmək idi.
Son vaxtlar az çap olunurdu. Əvvəl düşünürdüm ki, yəqin yaş öz işini görüb, ilham pərisi onu tərk edib.
Sonra gördüm ki, məsələ başqadır... Şair Davud Nəsib
yaradıcılığını nəsrlə davam etdirirmiş. Alban hökmdarı Cavanşir haqqında tarixi roman yazmaqla məşğul imiş. Və çox keçmədi
ki, həmin roman işıq üzü gördü, Davud Nəsibin ədəbi-bədii
istedadının daha bir cəhətini ortaya çıxardı.
Ən
gözəl şeirlərini
isə o vaxta qədər artiq yazıb çap etdirmişdi. Həmin
şeirlərin mövzuları
müxtəlif olsa da, bir mövzu
Davud Nəsibin yaradıcılığında xüsusilə seçilirdi:
bu, Ata mövzusu idi... Atasını çox erkən
itirmiş şairin poetik yaddaşında bu mövzunun möhkəm yer tutması tamamilə təbii idi. Və o da təbii
idi ki, Davud
Nəsib şeirlərində
atasını, sadəcə,
nisgilliklə xatırlamırdı,
ondan miras qalmış hər şeyə onun özü kimi müqəddəs baxırdı:
Bir meşin palto var,
Atamdan
qalıb.
Bilmirik kim onu geyinəcəkdir;
Bir şeyi bilirik,
Qeyrət tək
alıb,
Kim onu geyinsə
öyünəcəkdir.
Şair ata
paltosunun daşıdığı
mənəvi yükü
daşımağın çətinliyini
olduqca həssas bir şəkildə mənalandırır:
Çöldə səhv
edəndə
Evə gəlirik,
Evdə nəzərimiz
çaşır, karıxır;
Palto bizə baxır,
Elə bilirik,
Paltonun
içindən atamız
baxır.
Övladın ata
ruhu, ata kultu qarşısındakı
məsuliyyəti Davud
Nəsibin poeziyasında
sadəlövhlüyə varacaq
qədər böyük
bir səmimiyyətlə
əks olunur:
Bu palto arxadır
Atamız təki,
Həyat yollarını
bizlə aşıbdır;
Üç qardaş
paltonu geyinmirik ki,
Palto
bizim üçün
atalaşıbdır.
Davud
Nəsib yaradıcılığa
erkən yaşlarında
başlamışdı. "Mənim doğma
çayım - mənim
Kür çayım"
adlı şeri
1956-cı ildə Qazax
rayonunun "Qalibiyyət
bayrağı" qəzetində
çap olunanda onun on dörd yaşı vardı, Qazax şəhər 2 saylı orta məktəbin şagirdi idi.
Doğulduğu
mahalın dağlarını,
düzlərini, çaylarını,
bulaqlarını və
nəhayət, genişürəkli,
səmimi insanlarını
tərənnüm etmək
şairin sevimli mövzularından olmuşdur. Bunu özünün poetik vəzifəsi, borcu hesab edən Davud Nəsib doğma yurdu bir uşaq məhəbbəti
ilə sevirdi. Dəfələrlə şahidi
olmuşam ki, Qazax adı çəkiləndə nə
qədər qürurlanır,
hər bir qazaxlının poetik-bədii,
elmi, insani hünərinə necə
sevinir... Bu, məhdud
yerlipərəstlik deyildi;
onun üçün,
hər şeydən əvvəl, bütöv bir Azərbaycan vardı, ancaq doğulduğu torpaq onun ruhuna, tamamilə
təbii olaraq, daha doğma, daha munis idi.
Orta
məktəbi bitirdikdən
sonra Bakıya gələn, təhsilini universitetin kitabxanaçılıq
fakültəsində davam
etdirən gənc Davud 60-cı illərin əvvəllərindən ədəbi-ictimai
mühitdə tanınmağa,
istedadlı şair kimi nüfuz sahibi olmağa başlayır.
Azərbaycan
poeziyasında böyük
hadisələrin meydana
çıxdığı, üslub axtarışlarının
genişləndiyi, hətta
inqilabi yeniliklərin özünü göstərdiyi
60-cı illərdə gənc
şairin "Gözüm
səni axtarır"
(1966), "Dağlar danışsaydı"
(1969) kitabları nəşr
olunur ki, bu, böyük uğur idi. Həmin yaradıcılıq uğurları
şairi Bakıda
"Məhəbbət yolları"
(1973), "Ürək sözsüz
danışır" (1976), "Ümid qatarı"
(1979) və Moskvada
"Anama məktublar"
(1974) kitablarının nəşr
olunduğu 70-ci illərdə
də izləmişdir.
1970-71-ci illərdə Moskvada
SSRİ Yazıçılar İttifaqının nəzdindəki
ikiillik ali
ədəbiyyat kurslarında
təhsil alan Davud Nəsib bundan sonra taleyini
"Ədəbiyyat və
incəsənət" qəzeti
ilə bağlayır.
Və ömrünün sonuna qədər burada çalışır.
80-ci illər şairin yaradıcılıq
tarixçəsində 70-ci illərdən də uğurlu olmuşdur. Bakıda
"Bizdən sonra yaşayanlar" (1981), "Əsrin
laylası" (1983), "Azərbaycan
bayatısı" (1984), "Dünya bir körpüdür" (1987), Moskvada
isə "Ocaq daşları" (1981), "Müsahibə"
(1985) şeir kitabları
nəşr edilmişdir.
Həmin
illərdə Davud Nəsib Azərbaycan və Ümumittifaq komsomolunun mükalatlarına
layiq görülmüş,
fəxri fərmanlarla
təltif edilmişdir.
Kifayət qədər
nüfuzlu rəsmi mükafatlara layiq görülsə də, şair həmişə bu fikirdə olmuşdu ki:
Doğmalıq axtarma
hər kəlmə
sözdə,
Vermə
öz ömrünü
yelə, hayıfdır.
Bu torpaq, oğlunu
sinəsi üstə
Şöhrəti
sayıbdır, tacı
sayıbdır.
Şöhrətçün nahaqdır yüz çalış-vuruş,
Diləyin
səndə yox, diləklərdədir.
Yazdığım şeri də sən eldən soruş,
Xalqın
mükafatı ürəklərdədir.
Şair
yaxşı bilirdi ki, nə qədər
nüfuzlu olsalar da, rəsmi mükafatlar get-gedə unudulacaq, xalqın mükafatı isə əbədidir. Davud
Nəsib məhz bu mükafata layiq olmağa, bir ocaq yerində
kül olmağa, kösöv olmağa çalışırdı:
Çör-çöp bircə anlıq alışar iti,
Ömrü
gödək olar söz-söhbət kimi.
Kül altda
köz qalar, gizli hənirti,
Ürəkdə od kimi,
Məhəbbət
kimi.
Gün keçər,
Soyumaz ocağın
yeri,
Onu
tapdamasa, kimsə basmasa.
İnsan da
belədir,
Alışmaz biri,
Biri kül olmasa,
Kösöv
olmasa.
90-cı illərin əvvəllərində
Davud Nəsibin müxtəlif illərin yaradıcılıq nümunələri
daxil edilmiş sonuncu şeirlər kitabı - "Karvan gedir" (1991) nəşr
olundu... Şair artıq nəsrə keçmişdi... Və onun
xəyalında qədim
Azərbaycan (Alban) tarixinin
hadisələri canlanırdı.
Həmin
90-cı illərdəki larixi
araşdırmaları nəticəsi
olaraq 2000-ci ildə
"Cavanşir", 2001-ci ildə "Cavanşirsiz məmləkət" (əslində
"Cavanşir"in ikinci
hissəsi) romanları
nəşr edildi.
Bu romanları (və bu tarixi) artıq
tanınmış bir
şairə yazdıran
mənəvi-ideoloji qüvvə
nə idi?..
Məlum
olduğu kimi, 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində
Azərbaycana erməni
təcavüzü açıq-aşkar
özünü göstərməyə
başladı. Moskva "neytrallıq"
pərdəsi arxasında
ermənilərə hər
cür yardım etməkdən çəkinmədi.
Və faktiki olaraq, təcrid olunmuş Azərbaycanın düşdüyü
ağır tarixi şərait vətənini
ürəkdən sevən
şairə təsirsiz
qalmadı. "Cavanşir" romanını
Davud Nəsibə məhz dövr, zaman yazdırdı.
Şair
fəciəli şəkildə
həlak olanda altmış yaşına
yenicə keçmişdi. Hələ bu dünyaya sözünü sona qədər deməmişdi.
Artıq
onun ölümündən
on ilə qədər,
axırıncı şeir
kitabının nəşrindən
isə iyirmi ildən də çox zaman keçir. Əlbəttə, Davud Nəsib
çoxlu sayda dost-tanışları üçün
unudulacaq bir insan - şair deyil. Vaxtaşırı olaraq müxtəlif
münasibətlərlə onu ancaq və
ancaq xoş hisslərlə, duyğularla
xatırlayırıq.
Şairin oğulları
Xəyal və Xəyyamın atasının
seçilmiş şeir
və poemalarını
bir kitabda "Ata laylası" adı ilə oxuculara təqdim etməsi, elə bilirəm ki, yalnız övladın dünyadan vaxtsız getmiş Ata qarşısındakı borcu
deyil, həm də (və daha çox!) Azərbaycanın gözəl şairlərindən
birinin oxucularla uzun fasilədən sonra yenidən görüşüdür.
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2014.- 14 fevral.- S.7.