Zeydulla Ağayev
Azərbaycan ədəbi-elmi
ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış alim,
yazıçı-tərcüməçi, Azərbaycan
Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, filologiya elmləri
doktoru, professor Zeydulla Ağayev uzun sürən xəstəlikdən sonra ömrünün
69-cu ilində vəfat etmişdir.
Zeydulla Abdulla oğlu Ağayev 1945-ci il martın 2-də Masallı rayonunda
anadan olub. Orta məktəbi bitirdikdən sonra
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun
ingilis dili fakültəsinə
daxil olub. Ali məktəbi bitirdikdən sonra
əmək fəaliyyətinə institutda
başlamış, orada çoxtirajlı
"Bilik" qəzetinin redaktoru
işləmişdir. Zeydulla Ağayev mətbuatda həm öz
orijinal nəsr əsərləri, həm
də ingilis dilindən etdiyi
tərcümələri ilə çıxış etmişdir. Azərbaycan oxucusu
onun tərcüməsində C. London, A. Konan Doyl, T. Drayzer, E. Sinklek, E. Heminquey, C. Sommerfild, S. Moyem, A. Əzimov, A. Levin və başqalarının roman, povest və hekayələri
ilə tanış olublar. O,
həm də "Müasir Azərbaycan nəsri"ni
ingiliscəyə çevirmiş ilk bədii tərcümə sənətkarlarından
biri idi. İsmayıl
Şıxlı, Anar, Elçin,
Sabir Əhmədli, Yusif
Səmədoğlu və başqalarının bir sıra hekayələrini ingilis
dilinə çevirmiş və çap etdirmişdir.
Zeydulla Ağayev bir sıra nəsr kitablarının da müəllifidir. Onun qələmindən
çıxan "Məhəbbət nəğməsi",
"Beş günün
intizarı", "Yenilməzlik", "Dünyanın düz vaxtı" və s.
kitabları oxucuların yaxşı yadındadır.
Z.Ağayev Azərbaycan-ABŞ əlaqələrinin
ardıcıl tədqiqatçılarından idi.
Onun Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq
və başqa yazıçılarla məktublaşması
haqqında müxtəlif məqalələri, 1989-cu ildə Nyu York şəhərində
görkəmli fantast yazıçı Ayzek Əzimovdan aldığı müsahibə
maraqla qarşılanmışdı. Erməni
militarizminin iç üzünü tutarlı faktlarla
ifşa edən "Erməni genosidi" kitabı da
Z.Ağayevin rəhbərliyi ilə ingilis dilindən tərcümə edilib keçmiş
SSRİ məkanında yaylımışdı.
Zeydulla müəllimin 1990-cı ildə
"Yazıçı" nəşriyyatında nəşr
etdirdiyi müasir Amerika yazıçısı Artur
Heylinin "Aeroport"
əsəri milli ədəbiyyatımız
tarixində birbaşa ingilis
dilindən tərcümə edilmiş ilk roman idi.
Z.Ağayev Azərbaycan Dövlət Dillər
Universitetində elmi işlər üzrə
prorektor, Ədəbiyyat tarixi
kafedrasının müdiri vəzifələrində
çalışıb. 1980-ci ildə namizədlik, 1997-ci ildə
isə doktorluq dissertasiyaları müdafiə
etmiş, bir monoqrafiya, 70-ə yaxın elmi,
yüzdən çox publisistik
məqalə müəllifidir. Onun yüzlərlə tələbəsi,
onlarla dissertantı olub.
Zeydulla müəllim iki il
ABŞ-da elmi ezamiyyətdə
olmuş, Vaşinqton
və Kaliforniya ştatlarının
universitetlərində çalışmışdı. O, Azərbaycan
və ABŞ arasında ədəbi əlaqələrin
möhkəmləndirilməsində fəaliyyətinə
görə ABŞ-ın Luiziana
ştatının fəxri vətəndaşı adına layiq görülmüşdü.
Zeydulla müəllim səmimi insan,
xeyirxah dost, mehriban, qayğıkeş ailə
başçısı idi.
Tanınmış ziyalı, alim,
istedadlı yazıçı və tərcüməçi Zeydulla Abdulla oğlu Ağayevin unudulmaz xatirəsi onu
tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2014.- 21 fevral.- S.8.