Tələbəm haqqında vida sözü

 

Ömrün yarpaq tökən çağı necə də ağrılı-acılı olurmuş. İllərlə dostluq etdiyim insanların, qohumların itkisi, xüsusən də həyata vəsiqə verdiyin tələbələrinin itkisi çox ağır olurmuş. Üç il tərcümədən dərs dediyim ədəbiyyatşünas alim, tanınmış tərcüməçi, professor Zeydulla Ağayevin ölüm xəbəri məni sarsıtdı.

Belə sarsıntını dörd il dərs dediyim, Dillər Universitetində ingilis dili fakültəsinin dekanı kimi məsul vəzifəyə yüksələn, elmi, ziyalılığı ilə kollektivin sevimlisinə çevrilən, ömrünün çiçəkləndiyi bir zamanda tələbəm Məlumat Nurəddinov dünyasını dəyişəndə keçirmişdim.

İndi isə başqa bir istedadlı tələbəm, ədəbi ictimaiyyət arasında yaxşı tanınan, adı gələndə qürur hissi duyduğum, ədəbi məclislərdə haqqında fəxrlə söhbət açdığım, filologiya üzrə elmlər doktoru, professor Zeydulla Ağayev qəlbimi göynətdi. Yaxşı yadımdadır, 1969-cu ildə namizədlik dissertasiyamı müdafiə edəndə hələ çox gənc olan Zeydulla haqqımda maraqlı bir məqalə yazmışdı. O məqalə illər keçsə də, unudulmaz xatirə tək qəlbimdə yaşayır. Çünki onu tələbəm yazmışdı. Həm də haqqımda, ümumiyyətlə, ilk yazılan məqalə idi. O vaxt çox gənc olsa da, istedadı sayəsində Zeydulla artıq institutumuzda çoxtirajlı “Bilik” qəzetinin redaktoru idi. Onun tərcüməçilik və yazıçılıq fəaliyyəti elə o vaxtdan başlamışdı. Bununla belə, sevimli tələbəm elmi yaradıcılığını da davam etdirirdi. Onun hər uğuruna sevinirdim. 1980-ci ildə namizədlik müdafiə edən Zeydulla müəllim məsləhətimlə Azərbaycan-ABŞ ədəbi əlaqələrinə dair doktorluq dissertasiyası üzərində işləməyə başladı. Mən 1983-cü ildə ABŞ-ın Arizona Universitetində iki aylıq ixtisasartırma kurslarında olarkən ABŞ-Azərbaycan ədəbi əlaqələrinə dair çoxlu material gətirmişdim. Həmin materialları məmnuniyyətlə istedadlı tələbəm Zeydullaya verdim. Lakin doktorluq dissertasiyası üçün bu kifayət deyildi. Sovet sisteminin dayaqları laxlamağa başlayanda o, ABŞ-a elmi ezamiyyətə getdi (1989). Səkkiz aylıq ezamiyyət ona istənilən qədər material verdi. Bir çox faktları dəqiqləşdirmək üçün sonradan bir dəfə ezamiyyətə getməli oldu. 1997-ci ildə doktorluq dissertasiyası hazır oldu. Lakin ingilis ədəbiyyatı üzrə opponent çatışmırdı. 1988-ci ildə İngiltərədə ixtisasartırma kurslarında olarkən tanış olduğum professor Q.Səbri Təbrizini dəvət etdik Zeydulla Nizami adına Ədəbiyyat İnstitutunda üzvü olduğum Dissertasiya Şurasında müdafiə etdi. İstedadlı alim elə o vaxtdan doğma Dillər Universitetində ədəbiyyat tarixi kafedrasına rəhbərlik etməyə başladı. Aspirant dissertantları müdafiə edərək onun şöhrətini daha da artırdılar. Professor Zeydulla Ağayevin istedadı, elmi səviyyəsi universitetin rəhbərliyinin diqqətindən yayınmadı. Onu universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə irəli çəkdilər. Elmi kadrların yetişməsində səmərəli fəaliyyət göstərdi. Bununla belə, yazıçı tərcüməçi kimi bədii yaradıcılığını davam etdirdi. İstedadı çalışqanlığı onu nəsr əsərlərini ingilis dilindən Azərbaycan dilinə birbaşa tərcümə sahəsində bir nömrəli tərcüməçiyə çevirdi. Oxucular onun orijinaldan tərcüməsində C.London, A.Konan Doyl, T.Drayzer, E.Sinkler, E.Heminquey, C.Sommertfild, S.Moyem, A.Əzimov, A.Levin kimi dünya şöhrətli nasirlərin roman, povest hekayələri ilə tanış ola bilmişlər.

ABŞ-da ezamiyyətdə olarkən Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi tanınmış yazıçılarla şəxsən tanış olmuşdu. Sonralar mütəmadi olaraq onlarla məktublaşırdı. Yadımdadır, onun A.Əzimovla müsahibəsi mətbuatda çap olunanda ədəbi ictimaiyyət arasında böyük marağa səbəb olmuşdu. Yeri gəlmişkən, Zeydulla Ağayevin tərcümə edərək 1990-cı ildə çap etdirdiyi, Artur HeylininAeroportromanı ingilis dilindən Azərbaycan dilinə birbaşa tərcümə sahəsində ilk əsərdir. İstedadlı tərcüməçi, eyni zamanda Azərbaycan nəsrinin ingilis dilinə tərcüməsi sahəsində az görməmişdir. Onun bu tərcümələrinin üstünlüyü onda idi ki, tərcümələrində milli ruhu, milli koloriti saxlaya bilirdi. İngilisdilli oxucular bu yorulmaz tərcüməçinin sayəsində əsərlərində milli ruha köklənən İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədov, Yusif Səmədoğlu kimi nasirlərimizin əsərləri ilə tanış ola bilmişdilər.

Zeydulla Ağayev ədəbi ictimaiyyət arasında həm maraqlı əsərlər müəllifi kimi tanınırdı. Məhəbbət nəğməsi”, “Dünyanın düz vaxtı”, “Beş günün intizarıəsərləri onun yazıçı qələminin məhsuludur.

Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri bədii əsərləri ilə bizimlədir.

Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu: “Yolun pambıq olsun”. Fani dünya keşməkeşlidir. edəsən ki, “həyat daimidir, insan amanat”.

Əbədi yatağın pambıq olsun. Nurlu insan idin, qəbrin nurla dolsun. Allah övladlarına, tələbəm olan həyat yoldaşına, qohumlarına, səni istəyənlərə səbir versin.

 

Qəzənfər Paşayev 

 

Ədəbiyyat qəzeti.- 2014.- 21 fevral.- S.8.