“Bəlkə bu yerlərə bir də gəlmədim...”

  

  1970-ci illərin birinci yarısı idi, Az SSR Elmlər Akademiyasında işləyirdim. Alimlərdə, aspirantlarda yazmaq, oxumaq həvəsi yüksək idi. Hər kəsə maraqlı olan kitab, elmi jurnal, qəzet SSRİ məkanının hansı şəhərində işıq üzü görməsindən asılı olmayaraq onu əldə etmək mütləq idi. İnsanlar - yəni alimlər bizim institutda hər dəfə ümumi yığıncaq olanda SSRİ-də yeni çap olunan elmi jurnallar və orada verilmiş maraq kəsb edən məqalələr, elmi yazıları haqqında məlumatlar verər, əldə etmək yollarını tövsiyə edərdilər. Belə bir elmi yığıncaqda Az. SSR EA-nın Coğrafiya İnstitutunda akademik Həsən Əliyevin müavini işləyən Budaq Budaqov öz çıxışında bildirdi ki, Həsən müəllimin təşəbbüsü və redaktorluğu ilə “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnal yaxın günlərdə satışa buraxılacaqdı, maraqlı yazılar var və alimləri bu jurnalı alıb bəhrələnməyi və məqalə göndərməyi xahiş edirik.

Redaksiyaya gedib jurnalla maraqlandım və məni hazırda anadan olmasının 80 illiyini keçirdiyimiz Azərbaycanın xalq şairi Məmməd Arazın yanına göndərdilər. “Azərbaycan təbiəti” jurnalının ilk sayını mənə verən Məmməd Arazla xeyli söhbət etdik. Mən ondan yaşca xeyli kiçik olsam da, o heç bir “böyüklük” göstərmədən mənlə səmimi söhbətlər etdi, “Zdarovye”, “Nauka i SSR” və digər jurnal və qəzetlərin abunəçisi olduğumu bildikdə isə məni xeyli sorğu-suala tutdu. Onun şeirlərinə mahnılar bəstələndiyini deyəndə isə o, mənim məlumatlı olmağımdan çox xoşhal olduğunu bildirdi və əlavə etdi ki, tez-tez gəl, ürəyin nə vaxt istəyir gəl, məqalə gətir...

Sonra əlavə etdi ki, Həsən müəllimlə də tez-tez görüşürəm, yığıncaqlarda bir yerdə oluruq, təbiətlə əlaqəli xarici ölkələrdən gətirdiyi lentlərin tamaşaçısıyam və s. Məmməd müəllim, sözün həqiqi mənasında çox sevincək olmuşdu. Sonrakı görüşlərdə bu söhbətlərə əlavə olaraq Qərbi Azərbaycan, Zəngəzur, Naxçıvan, Cənubi Azərbaycan, Araz Türk Respublikası və s. tarixi məlumatlar əlavə olundu və bizim qarşılıqlı ünsiyyətimiz get-gedə dərinləşdi.

Onu da qeyd edim ki, akademik Həsən Əliyevdən sonra Məmməd Araz səhv etmirəmsə, 25 ildən artıq bir müddətdə “Azərbaycan təbiəti” jurnalının baş redaktoru oldu, xalq şairi adını öz səmimi şeirləri, təbiətin hər daşına, hər qayasına həsr etdiyi yazıları ilə qazandı.

Şeirlərinə, şəxsiyyətinə həmişə hörmətlə yanaşdığım xalq şairi Məmməd Araz öz yaradıcılığı ilə dünyanı gəzmiş, vətəninin hər daşını, torpağını çox istəmiş, onlara çoxsaylı şeirlər həsr etmişdir. Mən deyərdim ki, bu yaradıcılığa “Azərbaycan təbiəti” jurnalının, onun əhatəsinin və akademik Həsən Əliyevin də müsbət mənada çox yaxşı təsiri olmuşdur. Uşaqdan böyüyə hər kəs onun şeirlərinin pərəstişkarı olmuş və hazır ki, oxucular da həmin hisslərlə yaşayırlar. Məmməd Araz səmimi bir insan olaraq şerini, fikrini, sözünü də həmişə sadə və səmimi ifadələrlə ərsəyə gətirmişdir.

Məmməd Arazın keçdiyi yola nəzər salsaq, görərik ki, o XX əsrin tən ortasında ədəbi yaradıcılığa başlamışdır. Mətbuata məlum olan ilk şeri “İnqilab və mədəniyyət” jurnalında çap olunub (1952). Bu, “Yanın işıqlarım” şeri idi. Bundan fərəhlənən şair bir-birinin ardınca “Necə unudum səni”, “Mən Araz şairiyəm”, “Vətən torpağı” və s. şeirləri oxucularına ərməğan oldu. Məmməd Araz şeirlərinin siyahısını tərtib etmiş olsaq görərik ki, bu şeirlərin əksəriyyəti Vətənə, Vətənin yetirdiklərinə, dağına, dərəsinə, örüşünə, gülünə-çiçəyinə, çılpaq qayasına, meşələrinə, koluna-kosuna həsr olunub və onların hər birində bir gözəllik axtarılır, bir dad-tam duyulur:

 

Bu qaya sərkərdədir

Onda mən - bir balaca daş əsgəri

qoyar yəqin,

qoşulmağa bu cərgəyə,

Qayaların keçmişini

qayalara yazdım, deyə.

Onda vətən sanar məni

Bir balaca vətən daşı,

Vətən daşı olmayandan

olmaz ölkə vətəndaşı...

 

İstər-istəməz bu sadə ifadələrdə müxtəlif məna yüklü şirin və dərin mənalı fikirlər, onun oxucusunu cəlb etməmiş deyil. Məmməd Araz yaradıcılığını aramayıb, ancaq televizora baxıb, radioya qulaq asan və azca da olsa hissiyyatı olan hər bir insan heç bir tərəddüd etmədən, fikrə dalmadan ona vətənpərvər bir şair olduğunu söyləyəcəkdir.

 

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

 

Şairin hər misrası insanı titrədir, vəcdə gətirir, bizim görüb-duya bilmədiklərimizi bizə çatdırır. Məmməd Araz - Araz çayının adın özünə bir ad, bir ünvan seçməklə, təkcə onun Araz sahillərində anadan olduğunu xatırlatmır, ecazkarlığını, Azərbaycana mənsubluğunu, gözəlliklərini, hər iki sahilinin bizim olduğu halda, ikinci sahilə həsrətlə baxışımızı xatırladır, hər bir qeyrətli kişimizi ən azından dərindən düşünməyə vadar edir. “Araz yadıma düşüb” şerindən bir nümunə:

 

Sahilində küləklər

Gəzməyib mənim qədər.

Sularında ördəklər

Üzməyib mənim qədər.

Qayasına baş qoyum,

Saçımı dalğa yusun.

Körpə kimi uyuyum

Səsilə dalğasının

Araz yadıma düşüb

Hər teli min havalı,

O saz yadıma düşüb...

 

Məmməd Arazın Araz çayı ilə bağlı, dağlarla bağlı şeirləri çoxdur. “Qanadlı qayalar”, “İnsan qayalar”, “Salamat qal”, “Dağlar”, “Salam a zirvələr”, “Bir dağa açıq məktub” və bu sırada çoxlu şeirləri var. Onun “Salamat qal” şeri bu təbiəti görənlər, sevənlər, seyr edənlər, dəyər verənlər üçün daha çox hisslərini riqqətə gətirəndi.

 

Su axtaran körpə cüyür balası,

Ağ daşlara körpə cığır salası.

Qayaların su saxlayan çalası -

Salamat qal, salamat!

 

Yaxud:

 

Bulaq gördüm uşaq kimi ərköyün,

Məni gəzər məndən qaçan ürəyim.

Salamat qal bu dağlarda ürəyim -

Salamat qal, salamat!..

 

Mən azərbaycanlıyam, göyçəliyəm, kəlbəcərliyəm, laçınlıyam, zəngilanlıyam - axır ki, zəngəzurluyam, bu dağları görən, onları seyr edən, qışına-yayına, yazına-payızına bələd olanam, suyunu içib oxxay deyənəm, bəlkə elə buna görədir ki, bu sətirləri yazanda özümü saxlaya bilmədim, yuxaldım. Amma ən çoxu Məmməd Arazı oxuyanda.

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar,

Leysan, salamat qal, yağ, salamat qal.

 

Məmməd Arazı tanıyanlar, onu oxuyanlar, yaradıcılığına azdan-çoxdan bələd olanlar, onunla eyni dövrdə yaşayan, təbii ki, onu çox haqlı olaraq vətəndaş şair, vətəndaş yaradıcı kimi tanıyırlar. O, deyir:

 

Vətən sevgisində birinci ada,

Birinci çatmağa pay yetər mənə.

Burda birincilik: Vətən yolunda

Birinci ölməyi öyrədər mənə.

 

Onun heç bur umacağı yoxdu, Vətən yolunda hər kəsin amalı ancaq və ancaq Vətən olmalıdır. Hansı məsələdəsə birinci olmaq Məmməd Araz üçün önəmli deyil, Vətən yolunda birinci ölmək isə onun ən ümdə arzusudur. Söz arası olsa da yazarların hər biri istənilən mövzuda yazı yazmaqda müstəqildir. Amma Məmməd Araz öz şəxsiyyəti ilə, öz yaradıcılığı ilə hamımıza sübut etmişdir ki, həqiqətən öncə Vətəndi, ömrü Vətənə həsr etmək gərəkdir, günümüzdəki və gələcək dünyaya gələcək gəncliyimizə bir örnək olaraq, Böyük Vətən məhəbbəti aşılamaq gərəkdir, digər məsələlər Vətəndən sonra gələnlərdir.

 

Bu gün gərək hər anımız Vətən desin!

Təxminimiz, gümanımız Vətən desin!

Qılıncımız, qalxanımız Vətən desin!

Qəlbimizin hər duyğusu Vətən desin!

 

Məmməd Araz Vətən yolunda öz poeziyası ilə açdığı “cığırlar” çox örnəkvericidir, dağın-daşın, gülün-çiçəyin, otun-əncərin dili ilə deyilməsi ilə yanaşı, insanlara da tövsiyyəsi var. O, hər kəsi öz millətinə, vətəndaşına, qohum-qardaşına biganəlikdən əl çəkməyə çağırır, əl tutmağa çağırır, yaddaşlarının bərpasına çağırır, bütün fikirlərin milli düşmənlərimizə çevrilməsinə çağırır, yaddaşlı olmağa çağırır... Bunun ən bariz nümunələrindən biri “Məndən ötdü...” şeridir.

 

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Məndən, səndən ötən zərbə

Vətən, Vətən, sənə dəydi...

 

Onun bu şeirdəki fikirləri mənəvi-əxlaqi bir məsələdir, milli-mənəvi bir örnəkdir, yoldur, nədənsə bir xilasdır. Vətəndaş ağıllı bir millətçi olmalıdır, ilk olaraq öz vətənini, öz millətini, öz milli-mənəvi dəyərlərini müdafiə etməlidir, el demiş: “əvvəlcə məscidin içi, sonra çölü...” kəlamını yaddan çıxarmamalıdır.

 

Bu ürək - Vətənim, bu ürək - Ölkəm,

Nə pislik tanıdı, nə kin, nə acı.

Necə yaşadımsa, elə də ölləm:

Gözləri yumulu, əlləri açıq...

 

Məmməd Araz Azərbaycan mənəvi-əxlaqi dəyərlərini yetərincə bilən, ona əməl edən, onu təbliğ edən, hər kəsdə görmək istəyən bir ziyalı olmaqla da, vətəni, torpağı, doğulduğu torpağı çox sevmiş, şəhər mühitindən uzaqlaşıb, yenidən oraya qayıdaraq, həmin ab-hava ilə yaşamaq arzusunda da olmuşdur.

 

Gözümə torpağın ətrindən ötrü,

Şerimə bir şimşək xəttindən ötrü,

Vədimə babalar əhdindən ötrü

Selləri, suları səsimə qatdım-

Bəlkə o yerlərə bir də qayıtdım.

 

Göründüyü kimi, onun hər bir misrası torpaq, vətən ətirlidir, şerinin qüdrətli olması üçün həmin şeirlərin təbiətin bir şimşək xətti qədər güclü olmasını istəyir, vədinə naxələf çıxmaq fikri yoxdu, sellər-sular qədər səs çıxarmaq lazım gəlsə belə, yenə də o yerlərə, doğma torpağa göz açdığı torpağa dönmək əzmindədir.

Şairin qəlbdən gələn qüdrəti çox güclü olsa da, çox səmimidir, qaya insanlığı itirmək fikrində də deyildir. Təbiətin möcuzəsi hesab edilən insan, insani əlamətlər və insani keyfiyyətləri itirmək meylində də deyildir.

 

Bir qayaya söykənmişəm, deyirəm kaş;

Bax, beləcə daşa dönəm yavaş-yavaş.

Taleyimi qayaların taleyinə bağlayam mən,

Bircə insan düşüncəmi saxlayam mən.

 

Böyük vətəndaş şair üçün Azərbaycan yalnız Arazın şimalı deyildi, onun cənubu da Azərbaycandır. Araz yalnız Azərbaycanı iki hissəyə ayıran gözəlliklər xəttidir. Cənub nisgili şairi həmişə narahat etmiş, heç nədən çəkinmədən vətəninin şimalı kimi, cənubunu da tərənnüm etmiş, ən əsası isə insanları mücadiləyə səsləmişdir. O, “Qonşu çəpəri” şerində deyir:

 

Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm,

Çox görmüşəm hasar üstə ölənləri də.

Mən torpağı bölünməyə öyrəncəliyəm,

Heç qazanan görməmişəm bölənləri də.

 

Bəli, zaman gəlib bölənlər bölünüblər. O, yazdığı əsərləri ilə əcdadlarımızın izi qalmış müqəddəs yerlərimizi, şanlı qəhrəmanlıq tariximizi, milli azadlıq mübarizəmizi, vətən gözəlliklərini vəsf etməkdə mahir idi. Məmməd Arazın poetik dediyi ifadələri qocalı-cavanlı hər kəsi vətən yolunda mücadiləyə səsləyən fikirlərlə zəngindir.

 

Mən sənə bir şair,

Sən mənə “Araz” de.

Elə bil nə mənsiz sən Araz,

Nə sənsiz mən şair olmazdım...

Mənə şərəflidir belə ölümlər:

Qoy batsın sinəmə, batsın min nizə,

Arazdan, Cənubdan yazmağım əgər

Dünyada ən böyük cinayət isə.

 

Milli ruha, azadlığa, Azərbaycan dövlətçiliyinə, milli azadlıq oyanışına həsr olunan əsərləri Məmməd Araz yaradıcılığında qırmızı xətlə keçən ecazkar bir yoldur.

Yəqin ki, Niyaməddin Musayevin Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mükafatlandırma mərasimi hər kəsin xatirindədir. Xalq artisti Niyamədin Musayevinn xalq şairi Məmməd Arazın “Dünya sənin, dünya mənim» mahnısını oxuyanda Heydər Əliyev dərindən fikrə daldı və gözləri yaşla doldu.

 

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik -

Dünya sənin, dünya mənim, dünya heç kimin!

 

Azərbaycan xalqı bütövlükdə Məmməd Araz yaradıcılığına, onun şəxsiyyətinə həmişə dəyər vermiş, gələcəkdə də belə olacağına inamlıyam. Dövlətimiz də millətin istəyinə şərik çıxmış, şairin 80 illik yubileyinin keçirilməsinə qərar vermişdir.

Azərbaycan Respublikasının hər bir güşəsində və xarici ölkələrdə böyük məhəbbətlə M. Arazın yubiley tədbirləri yüksək səviyyədə həyata keçirilmişdir.

 

Ziyadxan NƏBİBƏYLİ

professor

 

Ədəbiyyat qəzeti.- 2014.- 21 fevral.- S.6; 8.