Bu həyat dediyin bir yol kimidi...

  

Kitablar kitabı "Qurani-Kərim"in "Oxu!" hökmü Həzrəti Mövlanənin "Məsnəvi"sində "Dinlə!" kəlməsilə təfsir olunur. "Məsnəvi" müəllifi qosqoca bir dünyagörmüşlüklə tövsiyə edir ki, ey oğul, könül dikəldənlərdən, munislərdən ol.

Daha çox Əziz Pünhan adıyla yazıb-yaradan Mirəziz Seyidzadənin poetik dünyasının məram və qayəsi də bütövlükdə "dinlə" təfsirindən qaynaqlanır. Bu mənada Mirəziz Seyidzadənin yazdıqları daha çox müridlik aləminin daşıyıcıları olaraq yadda qalır, oxunur. Yazdıqlarının öz mənəvi ustadının təlqin etdiyi fikirlərlə sıx-sıx səsləşməsi də bu mənəvi bağlılıqdan irəli gəlir:

 

Oğul, insanlara yaxşılıq öyrət,

Adın yaman dildə yaman olmasın.

Yaxşılıq etməyə bəslə ki, rəğbət,

Pisi düşünməyə zaman olmasın.

 

Heç təsadüfi deyil ki, M. Seyidzadənin "Divan"ına maraqlı ön söz yazmış peofessor Qəzənfər Paşayev də onun yaradıcılığının məhz kökdən gəlib kökə gedən bu vacib cəhətləri üzərində xüsusilə dayanmış, hər bir atanın bəşəri öyüd-nəsihətinin poetik ifadəsi olan sətirlərini önə çəkir:

 

Elin köməyi ol, xalqın səsi ol,

Kimsəsiz insanın yaxın kəsi ol,

Dağlar arasında dağ zirvəsi ol,

Başında qar olsun, duman olmasın.

 

M. Seyidzadənin qəzəl yaradıcılığının dahi Azərbaycan şairi Məhəmməd füzuli dünyasına çox doğma bir qançəkəri var. Bu mənada onun qəzəlləri özündə saf eşqi, əhdi-vəfanı bütün dolğunluğu ilə ifadə edən məhəbbətnamələr kimi oxunur, Füzuli ruhunun pöhrələri kimi diqqəti çəkir:

 

Ey təbib, yoxdur mənə səhhət ümidi,

dərdliyəm,

Eşq dərdindən olan sərməst,

dərman istəməz -

 

beytinin özündə ehtiva etdiyi şükranlıq duyğusu Şərq təfəkkürünün ilkinliyindən gəlir. Ola bilsin ki, çağdaş poeziya dəyərləri baxımından bu deyilənlər bir qədər arxaik, əski baxış nümunəsi kimi dəyərləndirilsin. Ancaq mənəvi dəyərlərin qloballaşma pərdəsi altında müəyyən mənada aşağılandığı çağdaş həyatda ən müxtəlif vasitə və üsullarla ilkinliyə, mənəvi paklaşmaya səsləniş etmək günün vacib məsələlərindəndir. M.Seyidzadənin milli dəyərlərimizin tarixi gəlişmələrini mədəniyyət örnəyi kimi tərənnüm edən şeirləri də məhz bu baxımdan xüsusi dəyər kəsb edir. Daha çox həyatın çox üzünə aşina, daha çox "olum-ölüm" arası təbəddülatların mahiyyətinə vara bilən, çıxardığı nəticəni örnəyə, görkə çevirə bilən bir könül adamının inkaredilməz həqiqətləri süslənib Mirəziz Seyidzadənin yaradıcılığında. Onun şeirlərində müdrik, parlaq, zəka ilə sevən qəlb, atəşin duyğu bir araya gəlir, çuğlaşır, biri o birinin yolunu açır. Klassik poeziyamızın ahıl, müdrik təbiəti M. Seyidzadənin söz dünyasını qədəm-qədəm izləyir, öz möhtəşəm varlığının doğma köynəyindən keçirir. Aşağıdakı misralar fikrimizin gerçək ortaqları kimi özünü nəm-nişan verir:

 

Düşəcək torpağa axırda ağac yarpağıtək,

Bu ömür ki, yaşayırsan, dönəcəkdir xəzələ.

Bu həyat yoldu, gedirsən, sonu vardır, amma,

Sona yetdikdə yolun sən dönəcəksən əzələ.

...Öz həyatı bu Əziz Pünhan üçün məktəbdir,

Ey ürək, gəl yenə sərmayeyi-ömrü təzələ.

 

M.Seyidzadə poeziyası "Böyük adamların böyük dərdi var, baxma ki, yaşayır yağın içində" təskinliyinə hesablanan, "faniyə uyanın olmaz qiyməti, ölü tək yaşayar sağın içində" dünyagörmüşlüyünə vaqif olan bir aləmin könül meyvəsidi. Yazdıqları bir şükranlıq duyğusunun içdən gələn ifadəsi kimi oxunur:

 

Nə gözəldir ki, cahana təzə insan doğulur,

Dəyişir çünki təbiət də dəyişdikcə nəsil.

Necə ki, yaz qışı eylərsə əvəz dünyada,

Yeni güllər bitirir köhnə gülüstanda fəsil.

 

Şairin könül dünyası heç vəchlə hər yeni fəslin köhnə gülüstanda yetirdiyi təzə güllərə biganə deyil, o, yeni oyanışa dünyanın əbədi harmoniyasına etinalıdı. Bu duyğuların bəzən ifrat dərəcədə büruzə verəndə belə, bir qələm əhli kimi səmimi qəbul edilir. Bütövlükdə isə M.Seyidzadənin şeirləri içdən gələn bir səmimiyyəti, düşündüyün kimi ifadə etməyin gerçəkliyini özündə ehtiva edir. Onun təqdim etdiyi ədəbi qəhrəman üçün könül dostu cismdə can, damarda qan kimidi, tənha günlərinin həmdəmi olan şamın gerçək simvoludu və sevilən cism, varlıq önündə pərvanə ömrü yaşamağın cəfasından xoşhaldı. Şeirlərinin ümumu ruhundan gələn bir qənaətdi ki:

 

Sevmək də, sevilmək də ibadətdi namaztək,

Bu işdə gedim əldən-ayaqdan, olar ki?

 

Fərq eyləməz hər əmr İlahiyə baş əysən,

Bir busə alam incə buxaqdan, nə olar ki?

 

Bu şux, könlə qida verən beytlərlə yanaşı, Mirəziz Seyidzadə daha çox ağılı, idrakı oyadan dəyərlərin tərənnümünə də həssasdı. İmam Əlinin "uşaqlar valideynlərindən çox zəmanələrinə oxşayırlar" öncəgörməsinin mahiyyətinə dərindən vara bildiyi üçündür ki, o:

 

Ailə dövlətə bənzər, özünün qanunu var,

Bu kiçik dövlət üçün sahibi-qüdrətdir ata -

 

yazıb ata haqqını haqlayanda da,

 

Qarlı dağ tək başına dən salıb ömrün hər anı,

Hər biri tellərinin şanlı vüqar, ay ana -

 

etirafı edəndə də o öz böyük ustadlarının ruh daşıyıcısı, könül dostu kimi göz önünə gəlir.

Nobel mükafatı laureatı Çeslavun Miloşun fikrincə, yazı prosesində şairin iki atributu meydana çıxır - görmək yanğısı təsvir etmək həvəsi: "O kəslər ki, poeziyanı görmək təsvir etmək" kimi başa düşür, bu zaman özünəməxsus poetik dilin saysız-hesabsız məziyyətləri ilə maraqlanan müasirliklə ciddi mübahisəyə girişmiş olurlar. Hər bir şair özündən əvvəl yaşayan, onun dilində yazan şairlərdən irsən üslub, forma məzmun əxz edir. Amma bununla yanaşı, o, həm başa düşür ki, bu keçmiş üsullar onun şəxsi təcrübəsinin ifadəsi zamanı elə münasib deyil. Odur ki, onlara uyğunlaşmağa çalışsa da, daxilən onu saxtalıqdan, cilddən-cildə girməkdən qoruyan bir səs eşidir... Vicdanın məzəmmətinə cavab verməyin yeganə yolu yenidən axtarışda olmaqdır".

Bu baxımdan ənənəyə, çoxəsrlik milli poeziya xəzinəmizə sadiq qalmaqla yanaşı, Mirəziz Seyidzadənin nəzm yaradıcılığı daha çox həmin o deyilən və tapılması mütləq lazım olan yeni axtarış çabalarının təcəssümüdü. Razılıq doğurur ki, onun qəzəl yaradıcılığı Azərbaycan dilinin bütün imkanlarını, lətifliyini özündə ehtiva edə bilir, bütün lirik aurası ilə yanaşı, tərbiyəedici mahiyyətini də bir anlıq kölgədə qoymur, qloballaşan dünyanın hər cür kövrək hissdən, duyğudan uzaq nakəsliyinə qarşı inamlı bir duyğusallıq savaşı aça bilir.

Tənqidçi Vaqif Yusifli M.Seyidzadənin güclü təşbeh yaratmaq bacarığını təqdir edəndə də, onun əruzun müxtəlif növlərində qələmə aldığı əsərlərinin bədii məziyyətlərini incələyəndə də bir əsas fikri önə çəkir ki, o, sadəcə olaraq "mən də yazım" prinsipi ilə yaşayıb-yaratmır: "Əziz Pünhan təxəllüsünü özünə götürən Hacı Mirəziz mövzu aktuallığına xüsusi önəm verməklə yanaşı qafiyə və rədif seçməkdə də sərrastdır".

M.Seyidzadə haqlı olaraq yazdığı hər sözü həyatından düşən yarpaqlar kimi təqdim edir. Yenə də haqlıdır ki:

 

Söz varsa, o yerdə olacaq nöqsan, əzizim,

Heyrət nə gərək, bağda gülü xar ilə görsən.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2014.- 21 fevral.- S.7.