Taras Şevçenko və Azərbaycan

  

Şair, nasir, dramaturq, rəssam və ictimai xadim kimi tanınan T.Şevçenkonun (1814-1861) bütün həyatı azadlıq hərəkatı, doğma xalqının apardığı inqilabi mübarizə ilə sıx bağlı olmuşdur. Öz ədəbi-bədii fəaliyyəti ilə xalqın ictimai və milli şüurunun oyanmasında, inkişafında mühüm rol oynayan görkəmli inqilabçı-demokrat Ukrayna ədəbiyyatı tarixinə yeni nəfəs, yeni vüsət, yeni həyat gətirmişdir. T.Şevçenko həm milli, həm də beynəlmiləl ədib olmuşdur.

Ona üsyankar şair olmağı yaşadığı həyat öyrətmişdir. Ona humanist şair olmağı doğma vətən torpağı öyrətmişdir. O nə qədər qüdrətli bir şair olmuşdursa, bir o qədər istedadlı rəssam kimi tanınmışdır. Nə həbslər, nə sürgünlər, nə də həyatın əzab-əziyyətləri T.Şevçenkonun iradəsini qıra bilməmişdir. Xalq içərisindən çıxmış T.Şevçenko doğma torpağının, doğma xalqının danışan dili, görən gözü, vuran əli, düşünən beyni olmuşdur. Elə buna görə də o, xalq Kobzarı adına layiq görülmüşdür.

 

Siz ey fikirlərim, düşüncələrim!

Sizinlə bir doğur qəmim, kədərim!

Vətənin yamyaşıl gilas bağları,

Yaşıl təpələri, qarlı dağları,

Zülmət gecələri, gözəl qızları,

Ruhumu oxşayan şux ulduzları

Oldu Ukraynada, əzbər dilimdə,

Nə gözəllik varsa doğma elimdə! -

 

deyən şair harada olursa-olsun doğma vətən torpağının eşqi ilə yaşamış, onun üçün yazıb-yaratmışdır. Elə buna görə də şair öz taleyini doğma vətən torpağının taleyindən ayırmır:

 

Mənimçün fərqi yox yaşasam, ya da

Yaşamasam əgər mən Ukraynada...

Adım gəzərmi, ya gəzməzmi dildə,

Düşərmi yada bir gün yad eldə...

Fərqi yox, olmasam doğma ölkədə,

Fərqi yox, qürbətdə qalsam kölgədə.

Lakin Ukraynanı zalımlar bir gün

Yuxuya versələr, etsələr ölgün,

Onu talasalar, onu soysalar,

Odlara yaxaraq, etsələr bidar.

Onda qan ağlaram, onda gülmərəm,

Mən buna, mən buna dözə bilmərəm.

 

T.Şevçenkonun xalqa, torpağa bağlılığı bir çox görkəmli şəxsiyyətlər - Qorki, Plexanov, Lunaçarski, Gertsen, Dobrolyubov tərəfindən yüksək qiymətləndirilmişdir. N.A.Dobrolyubovun bu barədə qeydinə diqqət yetirək: “O, əsl xalq şairidir, biz özümüzdə ona bərabər bir şair göstərə bilmirik. Hətta Koltsov da onunla müqayisəyə gəlmir, çünki o, özünün təfəkkür tərzinə və meyllərinə görə bəzən xalqdan uzaqlaşır. Şevçenkoda isə əksinədir. Onun bütün düşüncə və həyəcanlarının dairəsi xalqın həyat tərzinə və fikrinə tam uyğun gəlir. O, xalqın içərisindən çıxmış, xalqla yaşamış və təkcə fikirlərinə görə deyil, öz həyat tərzi ilə də onunla dərindən, ruhən bağlı olmuşdur”.

Dünyanın bütün tərəqqipərvər xalqları kimi, Azərbaycan xalqı da T.Şevçenkonun yaradıcılığını yüksək qiymətləndirir, onu alqışlayır, öyrənir və təbliğ edir.

Hələ XIX əsrdə Azərbaycanın ən görkəmli ədəbiyyat xadimləri, ziyalıları T.Şevçenko ilə müəyyən dərəcədə tanış ola bilmişlər. Çünki o dövrdə «Oteçestvennıje zapiski», «Kolokol», «Sovremennik» və başqa rus qəzet və jurnallarında T.Şevçenko haqqında çap olunan yazılar Azərbaycan ədəbi ictimaiyyətinin diqqətindən yayına bilməzdi.

Əsrimizin əvvəllərində Bakıda fəaliyyətə başlayan “Prosvita” xeyriyyə cəmiyyəti Ukrayna xalqının böyük Kobzarının Azərbaycan torpağına “ayaq açmasına” zəmin yaratdı.

Xalqımızın ən mütərəqqi ziyalıları T.Şevçenkonun həyat və yaradıcılığına yaxından maraq göstərmişlər. Bu sahədə atılan ilk addımlardan biri müxtəlif vaxtlarda Bakıda Şevçenko gecəsinin keçirilməsi olmuşdur.

Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra T.Şevçenkonun həyat və yaradıcılığına maraq xeyli artmışdır. Şairin ədəbi irsinin Azərbaycanda öyrənilməsinə və əsərlərinin Azərbaycan dilinə tərcüməsinə 30-cu illərdən etibarən başlanmışdır. Düzdür, şairin anadan olmasının 110 illiyi zamanı da respublika dövri mətbuatında bəzi materiallar çap edilmişdir. Böyük Kobzarın anadan olmasının 120 illiyinə daha geniş hazırlıq işləri aparılmışdır. Bu zaman ilk dəfə Azərbaycan dilində T.Şevçenkonun şeirlər kitabı çapdan çıxmışdır. 1934-cü ildə Azərnəşrin buraxdığı “Kobzar” adlı bu kitabda toplanılmış şeir və poemaları istedadlı şairlərimiz Mikayıl Müşfiq və Əhməd Cavad tərcümə etmişlər.

“Kobzar" kitabı Məmməd Arifin “Taras Şevçenko” adlı giriş məqaləsi ilə başlanır. Bu məqalə Azərbaycanda Şevçenko ədəbi irsinin öyrənilməsi və tədqiqi sahəsində ilk uğurlu addımlardan biridir. Dörd hissədən ibarət olan müqəddimə Ukrayna şairinin həyat və yaradıcılığı haqqında maraqlı, ədəbi-bədii portet-oçerkdir.

T.Şevçenkonun əsərlərinin Azərbaycan dilində ilk dəfə səslənməsinə baxmayaraq şairimizin böyük ustalığı və məharəti nəticəsində həmin əsərlər şerimizin ruhuna yaxın olmuş, oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

1939-cu ildə şairin anadan olmasının 125 illiyi Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən xüsusi təntənə ilə qeyd edilmişdir. Bu əlamətdar hadisəyə xüsusi hazırlıq görülmüşdür. Hələ yubileydən bir il əvvəl Azərbaycan dövri mətbuatı T. Şevçenkoya dair məqalələr çap etmiş, şairlərimiz isə yeni tərcümələr üzərində işləmişlər. Bu baxımdan, A. Korneyçukun “Taras Şevçenko” məqaləsi, eləcə də, “Ədəbiyyat qəzeti”ndə çap olunan “Qorki Şevçenko haqqında”, “Taras Şevçenko haqqında yeni sənədlər”, “Yuxu” poeması (tərcümə M.Rzaquluzadənindir) və tərcümələr diqqəti cəlb edir.

1938-ci ilin oktyabr ayında Süleyman Rüstəm və Rəsul Rza Şevçenko yubileyinə hazırlıq işləri ilə əlaqədar Kiyevə getmişlər. Onlar qardaş Ukrayna yazıçıları ilə görüşmüş, Şevçenkonun qəbrini ziyarət etmiş və Azərbaycanda keçiriləcək yubiley üçün materiallar toplamışlar. Bunlar barədə Süleyman Rüstəm özünün “Şevçenkonun vətənində” adlı məqaləsində ətraflı məlumat vermişdir.

Oktyabr ayının 17-də (1938) Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə heyətinin T.Şevçenkoya həsr edilmiş xüsusi iclası olmuşdur. Yubileyə hazırlıqla əlaqədar R.Rza və S.Rüstəm Kiyev səfərləri barədə məlumat vermişlər. Bu iclasda R. Rza bildirmişdir ki, “T. Şevçenkodan edilmiş əvvəlki tərcümələrdən fərqli olaraq, indiki tərcümələr bilavasitə Ukrayna dilində ediləcəkdir. Biz bu Ukraynadan bu materialları gətirmişik”.

Azərbaycan Yazıçılar İttifaqı o zaman Şevçenkonun əsərlərini dilimizə tərcümə etmək üçün S.Rüstəmin rəhbərliyi altında M. Rahim, R. Rza, A. Faruq, N.Rəfibəyli, M.Dilbazi, B.Qasımzadədən ibarət şairlər briqadası təşkil etmişdir.

1938-ci ildə S.Vurğun ilə R. Rza isə T.Şevçenkonun anadan olmasının 125 illiyini keçirən ümumittifaq yubiley komitəsinin tərkibinə seçilmişlər.

Ukrayna şairinin yubileyi yaxınlaşdıqca bu münasibətlə Azərbaycanda görülən tədbirlər genişlənmişdir.

1938-ci ilin yanvar ayında Azərbaycan Sovet Yazıçıları İttifaqı T.Şevçenkoya həsr olunan ən yaxşı hekayə və şeirlər üçün müsabiqə elan etmişdir.

Azərbaycanın xalça ustaları isə şairin yubileyi münasibətilə onun portretilə xüsusi xalça toxumuşlar.

SSRİ EA Azərbaycan filialının Dil, Ədəbiyyat və Tarix İnstitutu, o dövrdəki mətbuatın verdiyi xəbərə görə T.Şevçenkonun həyat və yaradıcılığı haqqında ayrıca monoqrafiya hazırlamışdır (Lakin təəssüf ki, bu monoqrafiyanın sonrakı taleyi barədə heç nə məlum deyildir).

Ədəbiyyatşünas Mikayıl Rəfilinin yubiley ərəfəsində «Taras Şevçenko» adlı kütləvi oçerki kitab şəklində çapdan buraxılmışdır. M.Rəfilinin bu oçerki Azərbaycan ədəbiyyatşünaslığında Ukrayna şairinə həsr edilən ilk monoqrafik tədqiqat kimi böyük əhəmiyyət kəsb edir. On iki bölmə - «Xalq şairi», «Şevçenkonun uşaqlığı», «İlk qədəmlər», «Xalqın sədaqəti uğrunda», «Revolyusion mübarizə», «Çarizm əleyhinə», «Şevçenko və xalqlar qardaşlığı», «Sürgün illəri», «Rus ədəbiyyatı və Şevçenko», «Şairin ölümü», «Şevçenko və epoxamız» - əsasında yazılmış oçerk Azərbaycan oxucusunda T.Şevçenkonun həyat və yaradıcılığı haqqında tam və ətraflı təsəvvür yaratmaq qüdrətinə malikdir.

M. Rəfili Ukrayna şairinin dövrü haqqında yazmışdır: «Şevçenko o zamanın istibdadı, zülmü, müsibətləri ilə barışa bilməmişdir. Çernışevski və Dobrolyubov kimi böyük rus demokratları ilə birlikdə dahi Ukrayna şairi bütün ömrü boyu zalımlar və istismarçılar ilə mübarizə aparmışdır.

O, öz mübarizə və yaradıcılıq ilhamlarını xalq həyatı dərinliklərindən alırdı. Xalqın yaratdığı zəngin poeziyaya əsaslanaraq, Şevçenko Ukrayna ədəbiyyatının ən qiymətli əsərlərini yaratmış və bu ədəbiyyatı yüksək səviyyəyə qaldırmışdır. Şevçenkodan sonra yetişmiş bir çox Ukrayna yazıçıları bu böyük ustadın yolunu davam etdirmişlər. Şekspir yeni ingilis ədəbiyyatının, M.F.Axundov yeni Azərbaycan ədəbiyyatının əsasını qoyduğu kimi, Şevçenko da Ukrayna ədəbiyyatında yeni bir epoxanın müəssisi, yeni realist stilinin yaradıcısıdır».

Oçerkin ən maraqlı bölmələrindən biri «Şevçenko və xalqlar qardaşlığı»dır. Bütünlükdə Şevçenko yaradıcılığında bu motivləri araşdıran M.Rəfili «Qafqaz» şeri üzərində də ətraflı dayanır. Əsəri poema adlandıran tədqiqatçı bildirir ki, burada «Şevçenko həqiqətən şairlik sənətinin yüksək bir nümunəsini vermişdir. O bütün bədii qüvvələrini səfərbərliyə alaraq düşmənə ağır zərbələr vurur, qarət, qan, müharibə sevən çar cəlladlarını döyəcləyir.

Əsərin mərkəzi obrazı - xalq azadlığı diləyi uğrunda çarpışan Prometeydir. Şevçenko bu mübariz obrazda inqilabçı xalqın timsalını verir.

Bu əsərilə Şevçenko yalnız Ukrayna xalqı ilə deyil, azadlıq uğrunda çarpışan bütün xalqlarla bağlı olduğunu göstərmişdir.

Poemada Şevçenko öz azadlıq və istiqlaliyyətini qoruyan və çar cəlladları ilə çarpışan Qafqaz xalqlarına xitab edir, onları silahlı mübarizəyə çağırır».

Bu, həqiqətən, çarizm istibdadı dövründə böyük qəhrəmanlıq tələb edən bir addım idi. Həmin addım Azərbaycan ədəbiyyatşünası tərəfindən çox doğru və yüksək qiymətləndirilmişdir.

T.Şevçenkonun 125 illik yubileyi ərəfəsində Azərbaycan dilində onun iki şeirlər kitabı nəşr olunmuşdur. Həmin kitabların hər ikisi «Seçilmiş əsərlər» adlanır, lakin onlardan birincisini «Azərnəşr» (redaktorları M. Arif və R.Rza), ikincisini «Ədəbiyyat nəşriyyatı» (redaktoru M. Arif) çapdan buraxmışdır.

Birinci kitaba T. Şevçenkonun 1839- 1860-cı illər arasında yazdığı şeirlər» (tərcüməçilər: S. Rüstəm, M. Dilbazi, R. Mikayıl, A. Faruq, O. Sarıvəlli, B. Qasımzadə) və poemaları «Səhrayı qız» (tərçümə edəni S. Vurğun), «Katerina» (R.Nigar), «Qaydamaklar» (R.Rza), «Çavaq» (R.Mikayıl), «Qamaliya» (A. Faruq), «Yuxu» (R.Mikayıl), «Muzdur qadın» (R.Rza), «Knyaz qızı» (A. Faruq), «Çarlar» (B.Qasımzadə) daxil edilmişdir. Bu kitaba Arif Rəfili «Ukrayna xalqının dahi şairi» adlı müqəddimə yazmışdır. Həmin yazı müəllifin «Taras Şevçenko» oçerki ilə yaxından səsləşir.

Gənc oxucular üçün nəzərdə tutulan ikinci kitaba T.Şevçenkonun doqquz şeri və üç poeması daxil edilmişdir. Bu kitaba Məmməd Arif «Taras Şevçenko» adlı müqəddimə yazmışdır.

Göstərdiyimiz əsərlərdəki müqəddimələrdən başqa 1939-cu ildə Cəfər Cəfərovun «Ukrayna xalqının böyük şairi», Hüseyn Mehdinin «Dahi xalq şairi» və bir sıra başqa məqalələr də böyük Kobzarın həyat və yaradıcılığını öyrənmək sahəsində ədəbiyyatşünaslığın yeni nailiyyəti sayıla bilər.

Yubiley günlərində Azərbaycan Sovet Yazıçıları İttifaqı T.Şevçenko haqqında yazılan ən yaxşı bədii əsərlərin müsabiqəsini yekunlaşdırmışdır. Müsabiqə komissiyasına 45 poema, şeir və hekayə göndərilmişdir. Bütün bu əsərlər nəzərdən keçirildikdən sonra birinci mükafat «Taras» poemasını yazmış şair Zeynal Xəlilə verilmişdir. İkinci mükafatlar «Dövranım gözəl» və «Böyük Kobzar haqqında nəğmə» poemasına görə M.Rahimə və P.Pançenkoya (K.Stroqanovla birlikdə), üçüncü mükafatlar «Şairin macərası» poemasına görə T.Əyyubova verilmişdir.

Bunlardan savayı, yaxşı əsərlər kimi, İ.Nəzərlinin «Portret qarşısında», A.Əlirzanın «İthaf», Ə.Abbasovun «Ukraynanın xalq şairi», M. Hüseynzadənin «Böyük şairə», S.Abbasovun «Ukraynanın xalq şairinə», İ.Yunusun «Taras Şevçenkoya» əsərləri də çapa layiq görülmüşdür.

Bu əsərlər Ukrayna şairinin yubileyi münasibətilə Bakıda və Azərbaycanın rayonlarında keçirilən gecə və yığıncaqlarda oxunmuşdur.

T.Şevçenkonun anadan olmasının 125 illiyi günlərində Kiyevdə təntənəli şənliklərdə iştirak etmiş Azərbaycanın nümayəndə heyəti üzvlərindən M.Rəfili Azərbaycanın məşhur xalça ustaları tərəfindən toxunmuş və üzərində Şevçenkonun şəkli olan xalçanı Ukrayna xalqına hədiyyə vermişdir.

T.Şevçenkonun yaradıcılığı Azərbaycan xalqına həmişə doğma və əziz olmuşdur. Şair R.Rza T.Şevçenkonun ilk şeirlər kitabının Azərbaycan dilində nəşri münasibətilə yazdığı «Böyük aşıq» şerində dahi Kobzarın Azərbaycan oxucuları ilə görüşünü alqışlamışdır:

 

Elimə gəlmisən, səfa gəlmisən,

O böyük qəlbində vəfa gəlmisən!

Adın əsrlərə olacaq işıq,

Xalqın əziz oğlu, ey böyük aşıq!

 

Tənqidçi və ədəbiyyatşünas Pənah Xəlilov isə çox doğru olaraq yazmışdır:

«Taras Şevçenkonun adı, onun ilk əsəri olan «Kobzar» ədəbiyyatımızda, xüsusən Böyük Vətən müharibəsi dövrü ədəbiyyatımızda vətənpərvərlik simvolu kimi, insanın mənəvi qüdrətinin rəmzi kimi ümumiləşdirilmişdir» .

T.Şevçenkonun vəfatının 90 illiyi zamanı onun ayrıca şeirlər məcmuəsi çap olunmuşdur. Bu məcmuəyə yeni tərcümələr daxil edilmiş və ona ədəbiyyatşünas Əkbər Ağayev müqəddimə yazmışdır. Şairin seçilmiş əsərlərinin bu nəşri bədii tərcümənin keyfiyyəti baxımından bir qədər uğursuz olsa da, bütünlükdə Azərbaycan şevçenkoşünaslığı sahəsində irəliyə atılan qiymətli addım kimi qəbul edilə bilər. Həmin günlərdə Azərbaycan Yazıçıları İttifaqında T.Şevçenkoya həsr edilmiş gecə keçirilmiş və burada M. Rəfili məruzə etmişdir. O zaman Azərbaycan dövri mətbuatında T.Şevçenkoya dair bir sıra məqalələr çap edilmişdir ki, bunların içərisində xüsusilə tənqidçi Hidayət Əfəndiyevin «Taras Şevçenko» məqaləsi yeni və orijinal təsir bağışlayır.

T.Şevçenkonun vəfatının 100 illiyi ərəfəsində də Azərbaycanda yubiley komissiyası yaradılmışdı: S.Rüstəm (sədr), M.Hüseyn, Ə.Cəmil, İ.Nəzərov, Z.Xəlil, Q.Qasımzadə, P.Xəlilov, Yubiley münasibətilə bir sıra tədbirlər görülmüş, respublikamızın bütün rayonlarında və Bakıda təntənəli yubiley yığıncaqları keçirilmişdir. Bütün bunlar böyük sənətkarın həyat və yaradıcılığını xalqımıza daha da yaxından tanıtmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir.

«Mənim həyatımın tarixi Vətənimin tarixinin bir hissəsidir» - deyən sənətkarın ölümünün 100 illiyi günlərində Azərbaycan dövri mətbuatında xeyli ədəbi-bədii materiallar çap olunmuşdur. «O, xalqımızın ürəyindədir» adlı məqalədə oxuyuruq: “Böyük xalq şairi Taras Şevçenko Azərbaycan xalqının da sevimlisidir. Onun bütün poeziyası, incə lirikası, dərin mənalı poemaları, hətta gündəlikləri belə xalqla möhkəm bağlılığın ən gözəl ifadəsi olub, işıqlı gələcəyin həsrəti ilə çırpınan bir qəlbin müxtəlif məzmunlu, lakin eyni ahəngli nəğmələridir. Məhz buna görə də, onun zəmanəsinin siyasi-ictimai mənzərəsini əks etdirən həmin nəğmələri öz dövrünün gur səsi olmuşdur.

Bu səda zəmanəmizdə daha qüvvətlə səslənir. O, gözəl ahəngi ilə hamının, o cümlədən Azərbaycan xalqının da diqqətini cəlb etmişdir». Həqiqətən, xalqımızın böyük Ukrayna Kobzarına tükənməz bir məhəbbəti, dərin rəğbəti vardır. O, uzun illərdən bəri respublikamızda doğma və əziz şairimiz kimi sevilir. Təsadüfi deyil ki, Azərbaycan xalqı T.Şevçenkonun şəxsiyyəti və ədəbi irsi ilə lap çoxdan, hələ keçən əsrin axırlarından etibarən tanış olmuşdur.

1961-ci ilin mart günlərində böyük Kobzara həsr olunan ən layiqli və qiymətli məqalələrdən biri - «Yüksək ideallar ənənəsi» xalq şairimiz R.Rzaya məxsusdur. Həmin məqalə T.Şevçenko ilə Azərbaycan ədəbiyyatının bağlılığına dair «maraqlı qeydlər baxımından xüsusilə diqqəti cəlb edir. Vaxtilə P.V.Plexanov yazmışdı: «Mərhum Taras Qriqoryeviç dünya ədəbiyyatı tarixinin tanıdığı ən böyük xalq şairlərinin cərgəsinə daxildir». Bu fikri R.Rza da inkişaf etdirmişdir. O, T.Şevçenko ilə bizim Sabirin taleyində, onların yaradıcılığının ruhunda ümumi və yaxın cəhətləri üzə çıxarmağa cəhd göstərmişdir. Müəllif bildirir ki, «Coğrafi cəhətdən bir-birindən uzaq, lakin tarixi taleləri etibarilə bir-birinə çox yaxın olan Azərbaycan və Ukrayna xalqlarının o zamankı çıxılmaz vəziyyəti və dərdi hər iki şairin yaradıcılığında təzahür etmişdir. Onun da yaradıcılığı Sabirin yaradıcılığı kimi mənsub olduğu doğma xalqın poetik salnaməsidir». Daha sonra R.Rza hər iki klassik sənətkarı bu günlə bağlayır, onlara müasir oxucunun gözləri ilə nəzər yetirir: Sabiri və Şevçenkonu yenidən təkrar-təkrar oxuyanda keçmişdə çar Rusiyasında yaşayan xalqların sevincsiz və kədərli həyatının lövhələri gözlərimin qarşısında canlanır, böyük Sovet İttifaqında yaşayan bütün qardaş xalqların qurub-yaratdığı kommunist cəmiyyətinin hər bir detalı, həyatımızın bizə adi görünən hər bir hadisəsi isə daha böyük məna kəsb edir.

Ukrayna Kobzarının yaradıcılığında mən Füzuli poeziyasının qəlblərə işləyən incəliyini, Sabirin qəzəbli ifşasını, yüksək sadəliyini və xəlqiliyini, inqilabçı yazıçı N. Nərimanova xas olan beynəlmiləlçiliyi duyuram».

R.Rza T.Şevçenko yaradıcılığının bədii vüsətindən, onun təsir qüvvəsindən də danışır. Şəxsən onun özünün bir şair kimi böyük Kobzardan xeyli bəhrələndiyini bildirir. Bunu R.Rza çox təbii, həm də çox inandırıcı şəkildə etiraf edir: «Böyük istedadın gücü bir də bundadır ki, onun təsiri yeni nəsillərin yaradıcılığına kənardan gələn bir təsir kimi daxil olmur, bəlkə yeni nəsildən olan yazıçıların yaradıcılığının elə öz içində olur, gözə görünməsə də, onların yaradıcılığı ilə üzvi surətdə qaynayıb-qovuşur, yeni keyfiyyət qazanıb inkişaf edir.

İndi - iyirmi ildən sonra aydın görürəm ki, mənim 1939-cu ildə yazdığım «Ana» poemasında Şevçenkonun müəyyən təsiri vardır. Hətta bu poemada «Oksana və Pavlo» çox yerində Şevçenko şerinin intonasiyasının eşidildiyini də hiss edər. Mən bunu iftixarla qeyd edirəm, çünki bu təsiri dərin və təbii bir yaradıcılıq təsiri hesab edirəm».

T.Şevçenkonun anadan olmasının 150 illiyi Azərbaycanda olduqca yüksək səviyyədə qeyd olunmuşdur. Qardaş xalqın böyük sənətkarına Azərbaycanda bəslənən hörmət və məhəbbət yubiley ilində öz gözəl ifadəsini tapmışdır. Belə ki, yubiley günlərində respublikamızda böyük sənətkarın həyat və yaradıcılığına maraq daha da artmış, qəzet və jurnallarımız ölməz şairin əsərlərinin yeni tərcümələrini çap etmiş, öz səhifələrində onun ədəbi irsini, rəsm əsərlərini təhlil edən məqalələr vermişdir. Həmin günlərdə Respublika Radio Verilişləri və Televiziya Komitəsi isə «Şevçenko həftəsi» keçirmişdir.

Yubiley ərəfəsində T.Şevçenkonun seçilmiş əsərlərindən ibarət yeni kitab - “Kobzar» nəşr olunmuşdur. M.Arif, P.Xəlilov, Ə.Ağayev, Y.Qarabağlı və başqa tanınmış ədəbiyyatşünaslarımızın məqalələri T.Şevçenkonun həyat və yaradıcılığına, bədii irsinə dair yeni və qiymətli fikirlərlə zəngindir. Bu baxımdan, akademik M. Arifin «Böyük Kobzar» məqaləsi xüsusilə diqqətəlayiqdir.

M. Arif T.Şevçenko irsinin, onun sənətkar şəxsiyyətinin bütün nəsillər üçün nümunə olduğunu bildirir. O yazır: «İndi, kommunizm sabahının işığında Şevçenkonun şəxsiyyəti də yeni bir məna kəsb edir. Bu, bütün insanın dühası, geniş ictimai-inqilabi fəaliyyəti sovet alimlərinin səyi nəticəsində yeni keyfiyyətləri ilə qarşımızda canlanır. Onu daha dərindən dərk edir, daha çox sevirlər, şöhrəti dünyanın hər tərəfinə yayılır.

Şevçenkonun mənalı həyatı, zəngin yaradıcılığı, arzu və əməlləri bizim üçün, yeni və azad həyat quran insanlar üçün həmişə canlı, əziz və qiymətlidir. O, bizim müasirimizdir. O da öz böyük humanist arzuları, alovlu inqilabçı qəlbi, ürəkləri fəth edən şeirləri ilə bu gün bizimlə bir yerdə, çiyin-çiyinə kommunizm cəmiyyətinə doğru addımlayır.

«Böyük Kobzar» məqaləsində T.Şevçenkonun yaradıcılığı XIX əsr Ukrayna ictimai-fəlsəfi fikrinin fonunda nəzərdən keçirilir ki, bu da müəllifə dahi şairin həyat və yaradıcılığını daha obyektiv və dərindən öyrənmək imkanı vermişdir. 1964-cü ildə T.Şevçenkoya həsr edilmiş ayrıca iki kitab da nəşr olunmuşdur. Bunlar akademik M.Cəfərin «T.Şevçenko» (həyat və yaradıcılığı) və professor P.Xəlilovun «Ukraynanın böyük Kobzarı» əsərləridir.

Akademik M.Cəfər, ilk növbədə, dahi şairin Ukrayna ədəbiyyatı tarixində tutduğu mövqeyini müəyyənləşdirməyə cəhd göstərmişdir: «Böyük kobzar mütərəqqi müasir ideyalarla zəngin olan siyasi-ictimai-fəlsəfi fikrə yeni bir istiqamət verdi, yeni Ukrayna ədəbiyyatının banisi, atası oldu. Həm məfkurə, həm də bədii sənətkarlıq cəhətindən elə bir ədəbi irs qoyub getdi ki, Ukraynanın ondan sonra gələn Panas Mirnı, İvan Franko, P.A.Qrabovski, M.M.Kotsyubinski, Lesya Ukrainka kimi görkəmli inqilabçı yazıçıları iftixar hissi ilə onu özlərinin böyük müəllimi hesab etdilər, Şevçenko ənənələrini davam və inkişaf etdirməklə şöhrətləndilər».

Kitabın əvvəlində M.Cəfər T.Şevçenko irsinin Azərbaycanda yayılması problemini nəzərdən keçirir. Bundan sonra müəllif «Malorossiya müğənnisi»nin (Gertsen) və «Gənc dahi»nin (Dobrolyubov) həyatının ayrı-ayrı səhifələri üzərində dayanaraq, onun yaradıcılığının ən səciyyəvi nümunələrinin geniş ədəbi-bədii təhlilini verir. Dahi şairin sənətkarlıq xüsusiyyətləri və qələmə aldığı mövzu rəngarəngliyinə də xüsusi diqqət yetirən M.Cəfər, onun bədii irsinin əhəmiyyətini düzgün müəyyənləşdirir. Bu barədə «Şevçenko yalnız Ukraynanı deyil, bütün Rusiyanı, Rusiyada yaşayan xalqların taleyini düşünür, bütün xalqların zəhmətkeşlərini azad görmək istəyirdi» - deyən müəllif Ukrayna şairinin beynəlmiləl bir səciyyə daşıyan yaradıcılığını layiqincə qiymətləndirir. O, həmin qeydlərini yekunlaşdıraraq yazır: «Taras Şevçenko elə mənalı, elə zəngin bir ədəbi irs qoyub getmişdir ki, bu irs bütün xalqlar üçün onların eyni böyük məqsədlər uğrunda mübarizə aparan doğma yazıçılarının irsi qədər əziz və anlaşıqlıdır.

Azərbaycan oxucusu Ukrayna xalqının bu böyük oğlunun əsərlərini oxuduqda, onun nəzərində qeyri-ixtiyari olaraq Mirzə Fətəli Axundzadə, Sabir, Cəlil Məmmədquluzadə canlanır və o, doğmalıq cəhətdən Şevçenko ilə onların arasında heç bir fərq görmür. Ürəkdən gələn bir səs deyir ki, bu əməlpərvər dahilər eyni böyük bir ideya uğrunda, xalqlarımızın azadlığı uğrunda vuruşan yazıçı-qardaşlar olmuşlar».

Professor P.Xəlilov da 1961 və 1964-cü illərdə nəşr etdirdiyi kitabçalarda T.Şevçenkonun həyat və yaradıcılıq yolunu izləmişdir. Xüsusən, «Ukraynanın böyük Kobzarı» kitabı şevçenkoşünaslıq sahəsində diqqəti cəlb edən əsərlərdəndir.

Azərbaycanda T.Şevçenkonun anadan olmasının 150 illiyi Bakıda keçirilən təntənəli yubiley gecəsi ilə yekunlaşdırılmışdır.

Azərbaycan Yazıçıları İttifaqı İdarə heyətinin birinci katibi Mehdi Hüseynin giriş sözündən sonra həmin gecədə akademik M.A.Dadaşzadə T.Şevçenko haqqında məruzə edərək, böyük şairin yaradıcılığının dünya əhəmiyyətindən danışmışdır. O, qeyd etmişdir ki, T.Şevçenkonun yubileyinin bayram edilməsi öz əhəmiyyətinə görə adi ədəbi şənlik çərçivəsindən çox-çox kənara çıxmışdır. Bu, bizim dostluğumuzun bayramı, ölkəmizdəki bütün xalqların sarsılmaz birliyinin parlaq nümayişidir. Bu böyük Kobzarın gözəl və işıqlı arzularının həyata keçməsi deməkdir.

Yubiley gecəsində Ukrayna SSR EA T.Şevçenko adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mixaylina Kotsyubinskaya nitq söyləmiş, qardaş Ukrayna xalqının dahi sənətkarının həmyerliləri adından Azərbaycan xalqını hərarətlə salamlamışdır.

Təntənəli gecədə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən S.Rüstəm, M.Rahim, Ə. Cəmil, Z.Xəlil, M.Dilbazi, T.Əyyubov, M.Seyidzadə, Ə.Ziyatay, S.Tahir, M.Araz və başqaları da çıxış etmişlər. Onlar T.Şevçenkoya həsr etdikləri əsərlərini və Ukrayna mütəfəkkirinin yaradıcılığından tərcümə etdikləri nümunələri oxumuşlar. Aktyorlarımız isə T.Şevçenkonun əsərlərindən parçalar ifa etmişlər.

Ümumiyyətlə, yubiley münasibətilə respublikamızın hər yerində şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr keçirilmiş, mühazirələr oxunmuş, sərgilər nümayiş etdirilmişdir.

Göründüyü kimi, T.Şevçenkonun həyat və yaradıcılığı həmişə Azərbaycan ədəbi və elmi ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Müxtəlif illərdə bu sənətkara həsr edilmiş onlarca məqalə yazılmışdır. Adi bir faktı xatırlatmaq kifayətdir ki, ədəbiyyatşünaslarımız təkcə «T.Şevçenko və Azərbaycan» adı altında yeddi ayrıca məqalə yazmışlar.

T.Şevçenkonun həyat və yaradıcılığı otuzuncu illərdən başlayaraq Azərbaycanın ali və orta məktəblərində öyrənilmiş və indi də öyrənilməkdədir. Onun əsərləri bir sıra dərslik və müntəxəbatlara salınaraq tədris olunur. Bu sahədə M. Arif, H.Araslı, M.Rəfili, P. Xəlilov kimi tanınmış pedaqoqlarımızın xidmətləri çoxdur.

Azərbaycan ədəbiyyatşünasları və alimləri Ukraynada keçirilən ənənəvi Şevçenko konfranslarında müntəzəm olaraq iştirak edir, şevçenkoşünaslığın müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə çıxış edirlər.

Qeyd etmək istərdik ki, özünəməxsus ənənələrə malik Azərbaycan şevçenkoşünaslığının nailiyyətləri qardaş Ukrayna xalqının ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 1978-ci ildə Ukrayna SSR EA T.Q Şevçenko adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi ikicildlik «T. Şevçenko lüğəti»ndə («Şevçenkevskii slovnik») Azərbaycan şevçenkoşünaslığının nailiyyətlərinə geniş yer verilir. Bu lüğətdə «T.Şevçenko və Azərbaycan» mövzusundan başqa, «Məmməd Arif», «Səməd Vurğun», «Əhməd Cavad», «Mikayıl Müşfiq», «Mikayıl Rəfili», «Süleyman Rüstəm», «Rəsul Rza», «Zeynal Xəlil», «Pənah Xəlilov», «Məmməd Cəfər», «Abbas Abdulla» adlı ayrıca məqalələr də verilmişdir. Ensiklopedik səciyyə daşıyan «T.Şevçenko lüğəti»nə daxil edilmiş bir sıra digər məqalələrdə də bu və ya başqa tərzdə «T.Şevçenko və Azərbaycan» mövzusuna toxunulan qeydlər vardır.

Ayrı-ayrı vaxtlarda bəzi Azərbaycan şair və ədəbiyyatşünaslarının T.Şevçenkoya həsr olunmuş məqalə və şeirləri Ukraynada rus və Ukrayna dillərində çap olunmuşdur.

Ümumiyyətlə, T.Şevçenkoya bədii əsər həsr edən Azərbaycan yazıçıları onun zəngin yaradıcılıq dünyasına pərəstiş etmiş, mübariz ruhuna heyran qalmış, sənət dünyasında atdığı uğurlu addımları ilə fəxr etmişlər. Adətən daha çox T.Şevçenko və xalq, T.Şevçenko və Vətən, T.Şevçenko və azadlıq motivlərini əsas mövzu obyektinə çevirməklə, şair və yazıçılarımız qardaş Ukrayna xalqının şair oğlunu bir qəhrəman, bir mübariz, bir vətəndaş kimi, xalqlar dostluğunun alovlu carçısı kimi canlandırmağa cəhd göstərmişlər.

T.Şevçenko irsinin Azərbaycanda öyrənilməsinin yeni mərhələsi ötən əsrin 60-70-ci illəri ilə bağlıdır. Bu sahədə Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin tarixini öyrənən Abbas Abdullanın, Tamara Şəriflinin axtarışları uğurlu olmuş, bir sıra yeni məqalələr yazılmışdır. Bu araşdırıcıların bir neçə dəfə Ukraynada keçirilən “Şevçenko konfransları”nda məruzə və çıxış etmələri, həmin məruzələrin Ukrayna dilində nəşrləri ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Bir vacib məsələni də vurğulamaq istərdim ki, elə ötən əsrin altmış-yetmişinci illərindən başlayaraq T.Şevçenko irsinin Azərbaycan dilinə birbaşa orijinaldan tərcüməsi xüsusilə diqqəti cəlb edir. Bu işdə şair, tərcüməçi, ukraynaşünas Abbas Abdullanın xüsusi xidməti vardır. Belə ki, o ilk olaraq T. Şevçenkonun şeirlərini və poemalarını Ukrayna dilindən birbaşa dilimizə çevirmiş (həm də çox uğurlu şəkildə) və hətta bu tərcümələrindən ibarət ayrıca kitab da nəşr etdirmişdir (Bax: Taras Şevçenko. Fikirlərim, düşüncələrim. Bakı, “Yazıçı”, 1979. Tərtib edəni və ön sözün müəllifi Abbas Abdulla).

 

Vaqif Arzumanlı

 

Ədəbiyyat qəzeti.- 2014.- 21 yanvar.- S.6-7.