Rus dilinin Qafqaza
nüfuzu
Və Qasım bəy Zakirin rus leksikonu
Qafqaz yeni dövrün
əvvəllərindən etibarən öz
coğrafiyasını kifayət qədər inamla
genişləndirən Rusiya
imperiyasının siyasi maraq
dairəsində idi. Biri
digəri ilə həmişə münaqişə halında
olan İran və
Türkiyəyə (Osmanlı imperiyasına) qarşı
aparılan müharibələr XVIII əsrin sonu,
XIX əsrin əvvəllərində artıq Qafqazın taleyini həll etdi. Belə
ki,
a) Türkiyə nə qədər böyük cəhdlər etsə də Qafqazdan çəkilməli oldu;
b) İran öz dövlət müstəqilliyini qorumaq üçün
Qafqazı, müəyyən şərtlər daxilində,
güzəştə getdi;
c) bir-birilə çəkişən kiçik dövlətlərə bölünmüş Qafqaz
isə Rusiya imperiyasından özünü müdafiə etmək
iqtidarında deyildi.
Rusların
XIX əsrin əvvəllərindən etibarən Qafqazı, o cümlədən Azərbaycanı işğal edib «yeni üsul-idarə» tətbiq eləmələrilə
Azərbaycan türklərinin dilinə bir
çox rus sözləri
keçməyə başladı ki, onun müəyyən ümumiləşdirmələr
aparıb mülahizələr söyləməyə imkan verən
ən maraqlı konteksti, fikrimizcə,
Qasım bəy Zakirin dilidir.
Ərəb-fars sözlərilə zəngin klassik
üslubun bir neçə
əsrlik ənənələrini davam
etdirməklə yanaşı, Zakir folklor üslubunun
davamçısı kimi xalq
danışıq dilinin xüsusiyyətlərini
də öz şeirlərində geniş əks etdirir.
Və bunun nəticəsidir ki, xalq danışıq
dilində işlənməyə başlayan,
lakin çoxu ədəbi
norma sayılmayan rus
sözləri şairin dilinə nüfuz edir. Həmin
sözlərin əksəriyyəti isə məhz «yeni üsul-idarə»nin
anlayışlarını bildirir.
Müasirlərinin
çoxundan fərqli olaraq,
hər cür tərki- dünyalıqdan uzaq, çevik ictimai təfəkkür sahibi,
dövrünün xalq
ziyalısı olan Qasım bəy Zakirin dil təfəkkürü,
ümumiyyətlə, sözün geniş mənasında müasirliyilə diqqəti
cəlb edir. Zəmanəsinin elə bir sosial problemini təsəvvür
etmək mümkün deyil
ki, şair ona öz tənqidi və ya təqdiri münasibətini cəsarətlə
bildirməmiş olsun.
Zakir mollaxana təhsili
almış, ana dili
ilə yanaşı ərəb, fars dillərini
də öyrənmiş, gənc yaşlarından Qafqaz müsəlman könüllü
süvari dəstəsində İrana qarşı döyüşlərdə
iştirak etmişdir.
Və görünür, həmin
illərdə rus dilini
də bu və ya digər
dərəcədə öyrənmək imkanı olmuşdur. Əlbəttə, o,
Qafqaza artıq qarşısıalınmaz
bir şəkildə nüfuz
edən yeni rəsmi - idarəçilik (rus) dilinə həmyerliləri Abbasqulu
ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə qədər
aşina deyildi, lakin, əsasən, XIX əsrin birinci
yarısını əhatə edən
yaradıcılığı, o cümlədən
dil yaradıcılığı ilə rus dilinin Azərbaycan türk dil təfəkkürünə
təsirinin miqyasını (və xarakterini)
bütün təbiiliyilə
əks etdirməklə tarixi bir prosesin məzmun-mahiyyətini
ifadə etmək baxımından mükəmməl bir mənzərə vermişdir.
Qasım bəy Zakir rus
hökmranlığını («dövləti-urus»u),
ümumiyyətlə, qəbul edib
alqışlayan Qafqaz türk-müsəlman
ziyalılarından olduğunu həmməsləki
Mirzə Fətəliyə
yazdığı «fərzəndi-əziz» şerində
açıqca göstərir:
Hifzü himayəti - dövləti-ali
Eyləmiş bizləri
xətərdən xali.
Əmnü
amandadır malü əyali,
Bu şükrü eyləyə
müsəlman gərək!
Və ona (eləcə də ailəsinə)
qarşı haqsızlıqlar olanda da günahı «urus üsul- idarəsi»ndə yox,
ayrı-ayrı «nanəcib» şəxslərdə görmüş, 1850-ci ildə «Nazimi- Ümurati - məmalik
cənab general-leytenant knyaz
Behbutov hüzuruna»
göndərdiyi ərizədə yazmışdı: «Ümmidvaram… mən dövləti- aliyyənin
ədalət və
mürüvvətinə və zakonuna
xatircəm olmağıma görə öz
təmənnamdan məyus olmuyam, Padişahi- aləmpənahın biriya və qədimi- daim olan zakonu ilə və ədaləti
ilə rəftar oluna»
Zakon sözünün Zakirin və ümumiyyətlə, XIX əsrin birinci yarısının Azərbaycan xalq dili üçün
səciyyəvi olması ən azı iki
səbəblə bağlıdır:
1) Qafqazda,
o cümlədən Azərbaycanda hərc-mərcliyin
tüğyan etdiyi bir şəraitdə ictimai
asayişə, qanun-qaydaya böyük
ehtiyacın olması;
2) Rusiya
imperiyasının bütün
işğalçılıq məqsədləri ilə
birlikdə belə bir asayişə, əmin-
amanlığa və qanun-qayda yaratmağa zəmanət verməsi.
Doğrudur, Azərbaycan dilində həmin mənada
kifayət qədər normativ (və populyar) qanun sözü daha səciyyəvi
(və ədəbi) olmuşdur, lakin «yeni üsul-idarə»
zakon sözü ilə
yeni bir sosial-psixoloji anlam ifadə
etməklə yerli (Şərq) təfəkkürünə,
əgər belə demək mümkünsə, «cazibədar» gəlmə (Qərb) hüquq
mədəniyyəti təsəvvürü gətirmişdir.
Zakir zakon sözünü,
rəsmi sənəddən fərqli olaraq,
şeirdə həmişə ironiya ilə
işlətmiş, onun arxasında qanunsuzluğun (bizakon) durduğunu göstərməkdən çəkinməmişdir:
1. Gündə bir gətirir zakoni-tazə,
Fikri budu xəlqi verə
güdazə.
2. Nə rəvadır
bisiyasət, bizakon
Viran ola nahəq bir qədim ocaq.
3.
Çıxmadı, qurtulaq dərdü bəladan
Gündə bir zokunu görən
canımız.
Göründüyü kimi, şairin
dilində zakon sözü
həm ayrıca, həm izafət tərkibində (zokoni-tazə,
zakoni-digər), həm də fars modelli söz
yaradıcılığı quruluşunda
(bizakon) təqdim olunur.
Zakon sözü XIX əsrin
ən geci ortalarından başlayaraq
Azərbaycan xalq danışıq dilində,
eləcə də, nə qədər qeyri-normativ
olsa da, yazı dilində
zakon, zakonnı (qanuni),
nezakonnı (qeyri-qanuni) formalarında
işlənmişdir.
Zakirin dili üçün
yunan (Bizans) mənşəli
olmasına baxmayaraq, rus
aristokratiyası titulu kimi
məşhurlaşmış knyaz sözü də xarakterikdir:
1. Bizdən də məhrəmdir
biri knyazə,
Nəməhrəm, Füzuli, heyvərə, yanşaq.
2. Var
ümidim edə knyaz bu pərxaşə bina,
Tazədən əhli- vilayət tuta aram
yenə.
3. Olub knyaz yatağı bu dağılmış xeyli
müddətdir,
Fərağət olmarıq
bir dəm geday knyaz,
gəlay knyaz.
Şair bu anlayışa nə qədər
satirik kontekstdə müraciət etsə də, titulun
ictimai-inzibati nüfuzu etiraf olunan bir səviyyədədir.
Həm hərbi, həm də mülki vəzifə
bildirən, Azərbaycan dilində XIX əsrin ortalarından
etibarən geniş yayılan naçalnik sözü Zakirin
dilində də işlənir:
Bilmərəm necoldu, o zakon hanı,
Naçalnik zakoni-digər gətirdi.
«Rəis» mənasını verən bu
sözün Azərbaycan dilində nəçənnik, ləçənnik,
ləçəlnik kimi fonetik variantları da mövcud
olmuşdur.
«Yeni üsul-idarə»nin gətirdiyi
anlayışlara, bunlardan başqa, qubernat və ya qubernator,
uyezdnı, vayenni sud, vers, saldat, qaravul, post, palajenya, tamojna və
s. də daxildir ki, bunların əksəriyyəti rus (slavyan)
mənşəli olmasa da, Azərbaycana məhz rus
işğalı ilə gəlmişdir:
Neçə gün söyləndi bu yerdə əhval
Qubernator olur ol nikuxisal.
Rusların tətbiq etdikləri yeni
inzibati ərazi bölgüsündə quberniya əsas idi. Və demək olar ki, bütün hüquqi məsələlərin
həll olunduğu mərkəz sayılırdı.
Xalq dilində qubernator sözünün
qısaldılmış qubernat, eləcə də təhrif
olunmuş qoburnat, goburnat variantları işlənmişdir. Son illərə
qədər Bakıda Qoburnat (Goburnat) bağı
adlandırılan park mövcud idi ki, bu da həmin təhrif
variant- formanın xalqın dil təfəkküründə
kifayət qədər möhkəm yer tutmuş olduğunu
göstərir.
Quberniyanın tərkib hissəsi olan uyezd
daha kiçik inzibati ərazi vahididir.
Həcv, hədyan ilə sənə nə layiq
Uyezdni qazini eyləmək məlul.
Maraqlıdır ki, Zakirin dilində işlənən bu
forma- model (uyezdni qazi), yəni təyini söz birləşməsi
(məsələn: uyezd qazisi, yaxud uyezdin qazisi) əvəzinə
rus dili sintaktik quruluşu (bu Azərbaycan dilində formal olaraq
birinci növ təyini söz birləşməsini
xatırladır) sonralar xeyli populyar olmuş, hətta yazı
dilinə, o cümlədən rəsmi-işgüzar üsluba
keçmişdir; məsələn: quberinski sud, yaxud uyezdni sud.
Vayenni sud (hərbi məhkəmə) xüsusilə rus
işğalının ilk illərində «dövləti-urus»un
istifadə etdiyi ən çevik idarəçilik (cəza)
mexanizmi olmuşdur ki, şair sonralar daha çox get- gələ
çevrilmiş illərlə uzanan məhkəmə proseslərini
tənqid etmək üçün vayenni sudun operativliyini yada
salmalı olur.
Bundan əqdəm kimin olsa üsyanı,
Derlərdi vayenni sud kəssin anı.
Yol ölçü vahidi olan vers, yaxud
verst anlayışı rusların gəlişindən sonra
Qafqazda nəqliyyat mədəniyyətinin inkişaf etdiyini
göstərən faktlardan biridir. Nə qədər
yol gedildiyini təyin etmək üçün hər verstdən
bir xüsusi ağac- dirək basdırılardı ki, buna da
verst ağacı deyilirdi.
Şinel tapılan yer bizə vers yarım var,
Hərgah desən yoxdu, gəl ölçək, köpək
oğlu!
Yeni yol ölçü vahidlərinə
keçildiyindən həmin söz artıq çoxdan tarixizmə
çevrilmişdir.
Şairin dilində saldat sözü də işlənir:
Ortaya ki, düşüb bu növi nifaq,
Yeridir ki, bizdən tutalar saldat.
«Əsgər» mənasında işlənən
saldat sözü xalq danışıq dilində nə qədər
populyar olsa da, Azərbaycan dilində ədəbi normativlik
qazana, əsgər sözünü əvəz edə bilməmişdir. Saldatın populyarlığı isə onun
ekzotikası ilə əlaqədardır; bu söz məhz «rus
əsgəri» mənasında işlənmişdir ki, sonralar
bundan rus saldatı frazemi də yaranmışdır.
Maraqlıdır ki, həmin frazemin həm
müsbət (səliqə-sahmanı yerində, intizamlı və
s.), həm də mənfi (özünü dartan, quru, kobud və
s.) məna çalarları vardır.
Türk mənşəli olan söz XIX əsrin
əvvəllərindən Azərbaycan türkcəsinə
artıq yeni ekzotik emosiyası ilə qayıdır.
Aparırlar qaravula, keşiyə
Qəht olub bir deşik, girək deşiyə.
«Mühafizə məntəqəsi» mənasında
işlənən post sözü elə ilk gəlişdən
normativ (ədəbi) hadisəyə çevrilməyə
başlamışdır ki, bu da həmin sözün Azərbaycan
türkcəsində qarşılığının
olmaması ilə bağlıdır.
Postlar dağıdıb, yol kəsəninki yalan oldu,
Gərmək satanın yalanı gerçək, köpək
oğlu!
Zakirin dilindəki rus sözlərinin bir
neçəsi «çay mədəniyyəti» ilə
bağlıdır. Və bunlar Azərbaycan dilində nəinki
geniş yayılmış, hətta normativləşərək
ədəbi dilə keçmiş sözlərdir:
1. Bir içim çay ilə yüz şahidi-bidin
tapılır,
Necə kim, Əli bəyin
çıxdı göyə əfqani.
2. Bir stəkan çay nuş edər nəharə,
İki çəngə çilov
axşam iftarə.
3. Bilə ya bilməyə bir yaxşı ziyafət eylə,
Sal samavarə odu, dövrə gətir
fincani.
Çay kimi stəkan (xalq danışıq dilində:
istəkan) və samavar sözləri də Azərbaycan dilində
geniş yayılmış, ədəbi nüfuz
qazanmış leksik vahidlərdir. Və Zakirin vətəni
Qarabağda geniş yayılmış xalq
mahnılarının dili üçün də səciyyəvidir:
Simavara od salmışam,
İstəkana qənd salmışam,
Yarım gedib tək qalmışam…
Ay ana, bu yarım niyə gəlməz oldu,
Aşdı uca dağları,
görünməz oldu.
Mahnıda sevgilisi - həyat yoldaşı
uzaq səfərə getmiş bir gəlinin həsrəti, həyəcanları
ifadə olunur.
Yaxud:
Samavar almışam, silənim yoxdu,
Bir dərdə düşmüşəm, bilənim
yoxdu…
Şarin dilində elə rus sözləri
də vardır ki, bir növ, jarqon səciyyəlidir. Və
rusların işğal etdikləri ölkələrdə rus
mədəniyyəti qədər geniş yayılmış
bir təsəvvürü - «rus kobudluğu»nun
ekzotikasını əks etdirir:
1. O yaxsay, mən qarabaği, mənimlə yox
sərü-kari,
Nə istər bilmərəm məndən genə xingəl-
quşay - knyaz.
2. Vilayəti viran eylədi yaxşı
Bir qafili- piyan, bir mayili-kart.
3. Gecədən bir zabuşqa yeyərsən,
Gəlib axşamdan dərdin deyərsən.
4. Nə qədər varındır, iznakom, sadis!
Olmayanda deyir: «poşol...»
5. Sizin dövrünüzdə bicürmü günah,
Bilmədim, nə oldu, olduq vinovat.
Həmin sözlərin əksəriyyəti,
demək olar ki, bütün Qafqaz xalq danışıq dillərinə
keçmişdir.
Məlum olduğu kimi, rus dili Azərbaycana
bir sıra Avropa anlayışlarını da gətirdi ki,
bunlar həyatın ən müxtəlif sahələrinə
aiddir. Və Zakirin dilində həmin
anlayışları ifadə edən aşağıdakı
sözlər işlənir:
Əvvəl- axır bir təliqəm var idi,
Onu da dörd ildir aparıb senat.
Mən bilirəm Xındırıstan kolunda
Bir ölkədən olmaz iki deputat.
Maşallah, gecə-gündüz valimiz
Çalır fortopiyan, oynayır bilyard.
Fortopiyan və bilyard sözlərinin
tamamilə məqbul (mədəni) anlayışları ifadə
etməsinə, rus dilinə də məhz Avropa
sivilizasiyasının faktı olaraq keçməsinə
baxmayaraq, Zakir həmin sözləri ironik-satirik kontekstdə
işlətmişdir.
Lakin bu, bir Şərq şairinin, sadəcə
Avropa mədəniyyətini qəbul etmək iqtidarında
olmadığı demək deyil. Mətləb
ondan ibarətdir ki, Zakir rəsmi vəzifəsini - görməli
olduğu dövlət işlərini buraxıb
meşşanlıq edən valinin simasını göstərir.
O valinin ki, avropalı, yəni mədəni olmağı
yalnız zahiri əlamətlərdə - fortopiano
çalmaqda, bilyard oynamaqda, içki məclislərində,
karta meyllilikdə və s. görür.
Yəni şairin davası nə fortopiyan,
nə bilyard, hətta nə də kartla deyil, özünü
mədəni, müasir göstərib, əslində isə
vilayəti viran qoyan «dövləti-ali» məmuru ilədir.
Və burada fortopiano sözünün
fortopiyan şəklində işlədilməsi də təsadüfi
deyil. fortopiyanla piyan arasında
semostilistik assosiasiya yaradılır ki, bu da Zakirin poetik
üslubu üçün səciyyəvidir.
Avropadan, eləcə də müəyyən
qədər Rusiyadan fərqli olaraq Azərbaycanda müsəlman
ölkələrində kart oyunlarına nəinki mədəniyyət
hadisəsi kimi baxılmış, əksinə, kifayət qədər
mənfi münasibət göstərilmişdir. Odur ki, şair çar məmurunun «mayili- kart», yəni
kart düşgünü olduğunu vilayətin xaraba
qoyulmasında əsas səbəblərdən biri hesab edir.
Rus işğalının ilk illərindən
başlayaraq yeni yaradılmış dövlət idarələrinə
göstəriş verilmişdi ki, yerli əhalinin (onlar
artıq Rusiya təbəələri hesab olunurdu) tərcümeyi-halı,
nə işlə məşğul olmaları barədə məlumatlar
toplansın. Ortaya hər hansı münaqişə və
ya mübahisə çıxanda məsələni xüsusi
jurnala, yaxud dəftərə qeyd edilmiş həmin məlumatlar
əsasında həll etdiklərindən Zakir ona böhtan
atanlara bir günahı olmadığını deyərək
jurnala baxmağı məsləhət görür:
Dövləti- alidə ağarıb saqqal,
Bir xilafım yoxdur, bu mən, o jurnal.
Qeyd etmək lazımdır ki, yalnız həqiqətin
yox, eyni zamanda siyasi xarakterli «danos»ların əks olunduğu bu
jurnallar bəylərin, eləcə də nüfuz sahibləri
olan şəxslərin çar üsul- idarəsi tərəfindən
nəzarətdə saxlanılmasına, hörmətdən
salınmasına, şantaj olunmasına xidmət edirdi. Və heç də təsadüfi deyildi ki,
şairin özü də bu cür təqiblərə məruz
qalanlardan olmuşdu.
Qasım bəy Zakirin dilində işlənən rus, eləcə
də rus dili vasitəsilə keçmiş Avropa sözləri
ki, hələlik Azərbaycan dili üçün diferensial əhəmiyyət
kəsb etmir (yəni sonuncular da rus sözü kimi dərk
olunur), Azərbaycan türkcəsində tədricən ya ədəbi
normaya çevrilir (məsələn: qubernator, qaravul, samavar,
deputut və s.), ya da xalq danışıq dilində geniş
yayılır (məsələn: saldat, naçalnik,
tamojnı, piyan və s.). Ancaq unutmaq olmaz ki, həmin
sözlər Zakirin o qədər də ədəbi janr
sayılmayan həcvləri, mənzum məktubları
üçün səciyyəvidir; nəinki qəzəllərində,
qoşmalarında, heç mənzum təmsil və ya hekayələrində
də bu cür sözlərə təsadüf edilmir ki, bu da,
fikrimizcə, milli dil təfəkkürünün rus
leksikonuna ilkin (və ironik!) münasibətinin təzahürüdür.
Nizami
CƏFƏROV
AMEA-nın
müxbir üzvü,
Milli Məclisin deputatı
Ədəbiyyat
qəzeti.- 2014.- 21 fevral.- S.5.