İstiqlal şairindən xilaskar

paşaya hədiyyə

  

Xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə yaşayan həmvətənlərimizin - çoxsaylı alim, pedaqoq, həkim, mühəndis, mədəniyyət və incəsənət xadimlərinin - rəssam, rejissor, aktrisa, müğənni, musiqi ifaçılarının, yazarların uğurları ən xoş duyğular, qürur və fəxarət hissi oyadır. Həmin soydaşlarımız milli, mənəvi, mədəni irsimizin təbliğində, tanıdılmasında, zənginləşdirilməsində əvəzsiz rol oynayır, Azərbaycan-Türkiyə arasındakı hərtərəfli münasibətlərin daha da genişləndirilməsinə, möhkəmləndirilməsinə öz töhfələrini verirlər. Elə buna görədir ki, hazırda YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, hələ Azərbaycan Respublikasının İstanbuldakı konsulu vəzifəsində çalışarkən Türkiyədə yaşayan elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində işləyən soydaşlarımızla sıx əlaqə saxlayır, onların fəaliyyətini izləyir, əlaqələndirir, həmvətənlərimizin daha böyük uğur əldə etməsi üçün bacardığını əsirgəmirdi. Milli-mənəvi dəyərlərə, tarixi və ədəbi irsə məhəbbətlə dolu mühitdə böyüyən, təhsil alan və nəbzi həmişə Azərbaycanla birgə vuran Günay Əfəndiyeva bununla da kifayətlənmir, vaxtı ilə - sovet dövründə Türkiyədə yaşayıb-yaratmış mühacir azərbaycanlıların fəaliyyətinin, muzey, kitabxana, arxiv və şəxsi kolleksiyalardakı irsinin araşdırılmasına, üzə çıxarılmasına da səy edirdi. Bu istiqamətdə atılan növbəti addım da uğurla nəticələndi. İstiqlal şairi Əhməd Cavadın avtoqrafla Nuru paşaya hədiyyə etdiyi «Qoşma» kitabının yeri-yurdu bəlli oldu. Bu barədə bir qədər ətraflı bəhs edəcəyik. Bu kitabona yazılmış avtoqraf haqqında məclislərin birində eşitdiyi hekayə Günay Əfəndiyevada bu dəyərli və tarixi sənədlərə böyük maraq oyatdı. Kitabı soraqlamağa başladı, ziyalılara müraciət etdi.

Dünya şöhrətli prof. Vərqa Kələntərovun verdiyi məlumatlar dolğun, hərtərəfli idi və mötəbər mənbələrə əsaslanırdı. V.Kələntərovun həyat yolu maraqlı olduğundan əvvəlcə tanınmış riyaziyyatçı alim haqqında bir neçə kəlmə bəhs etsək, elə bilirəm, yerinə düşər. O, hazırda Koç Universitetinin riyaziyyat bölümündə çalışır. Bundan əvvəl isə (1993-2001) Ankaradakı Hacıtəpə Universitetinin professoru kimi fəaliyyət göstərən prof. V.Kələntərov orta təhsili Bakıdakı 158 nömrəli məktəbdə almış, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsilə yiyələnmiş, AMEA-nın aspiranturasına daxil olmuş, RiyaziyyatMexanika İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir (1974). O, daha sonra Sankt-Peterburqda elmi tədqiqatlarını davam etdirmiş (1975-1981), doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir (1988). İspaniya, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanının nüfuzlu universitetlərində mühazirələr oxumuş, Avropa, Amerika, Asiyanın bir çox ölkələrində beynəlxalq konfranslarda məruzələr etmişdir.

Professorun tərcümeyi-halında maraqlı və unudulmaz məqamlardan birionun orta məktəbdə Əhməd Cavadın nəvəsi Almaz xanımla bir sinifdə oxuması, bir partada oturmasıdır. Təbii ki, o vaxtlar nəinki məktəblilərin, hətta müəllimlərin böyük əksəriyyəti «xalq düşməni» Əhməd Cavadın adını belə eşitməmişdi.

Tale prof. Vərqa Kələntərova həmkarı, riyaziyyat üzrə tanınmış professor və kolleksiyaçı Haluk Oralın Əhməd Cavadla bağlı diqqətçəkən araşdırmaları və unikal kolleksiyası ilə tanış olmağı nəsib etmişdir. Müasir Türkiyə ədəbiyyatının tanınmış nümayəndələrindən sayılan Doğan Hızlanın təbirincə desək, prof. Haluk Oral «ədəbiyyat arxeoloqudur», daim kitab, məktub, əlyazma, foto, xəritə, miniatürlər… axtarışındadır. Riyaziyyat ixtisası üzrə Kanadada namizədlik dissertasiyası müdafiə etmiş, bir müddət orada, sonra Boğaziçi Universitetində, hazırda Koç Universitetində çalışan Haluk Oral eyni zamanda tarix, mətnşünaslıq sahəsində də ciddi araşdırmalar aparır, Türkiyənin bir sıra elmi-kütləvi nəşrləri ilə əməkdaşlıq edir, 5 kitabın müəllifidir.

Müasir türk poeziyasının görkəmli nümayəndələrindən Nazim Hikmət haqqında «Hüzün ki, en çok yakışandır bize, belkien çok anladığımız» misraları ilə başlayan məşhur şerin müəllifi Hilmi Yavuz Haluk Oralın türk şairlərinə məxsus poeziya nümunələrinin yaranması, ərsəyə gəlməsi ilə bağlı «Şeir hekayələri» adlı kitabı haqqında yazdığı məqalədə göstərir ki, o, əski kitab dükanlarının tozlu rəflərindən, muzeylərdən topladığı sənədləri - nəşriyyat materiallarını, əlyazmaları, çərəkələri axtarır, tapır, səliqə-sahmana salır, təsnifatını verir, təhlil edir, dəyərləndirir. Görünür, Əhməd Cavadın «Qoşma» kitabı da hobbinin, bu sevginin sayəsində Haluk Oralın kolleksiyasını zənginləşdirmişdir.

Prof. Vərqa Kələntərov xatırlayır ki, bir gün Haluk Oral «Əhməd Cavad adlı Azərbaycan şairini tanıyırsınızmı? - deyə məndən soruşdu və əlavə etdi ki, o şairin 1914-cü ildə Bakıda nəşr olunmuş «Qoşma» adlı kitabı onun kolleksiyasında var. Mən axşam evdə Bakıdan özümlə gətirdiyim Əli Saləddinin «Əhməd Cavad» kitabını vərəqlədim. Ertəsi gün Haluk Oral haqqında danışdığı həmin kitabı universitetə gətirdi. Kitabın kağız cildi vardı və orada Nuru paşaya ərəb əlifbası ilə yazılmış avtoqrafın mətni vardı. Haluk Oral şeirlərin bir neçəsini oxudu. Axşam nəzərdən keçirdiyim tanış misralar yadıma düşdü

Bu söhbətin üstündən bir müddət sonra Haluk Oralın «NTV Tarih» jurnalında (may, 2009-cu il nömrəsində) «Şeir hekayəsi» rubrikası ilə «Çırpınırdı Ahmed Cavad bakıp türkün bayrağına…» adlı irihəcmli, maraqlı və təsirli məqaləsi dərc olunur. Məqalə müəllifin sevincdənmi, kədərdənmi, qürurdanmı qanadlanan duyğuları, emosional düşüncələri ilə dolu sətirlərlə başlayır: «Kadıköydəki sahaftan (əski kitab dükanından - T.A.) alınan bir kitab, düşüncələrimi gah çırpınan Qara dənizin dalğalarına atdı, gah Südlücədə yanan bir silah fabrikasına. Gah Həmdiyə qəhrəmanı Rauf bəy (Qurtuluş savaşında Həmdiyə döyüş gəmisinin komandiri olmuş və əfsanəvi şücaət göstərmiş Hüseyn Rauf Orbay nəzərdə tutulur - T.A.), gah Qafqaz İslam ordusu komandiri Nuru paşa gəldi ağlıma. Birmisralar… İçdən, anlaşılan və illər öncə səslənən misralar».

Görkəmli alim, məşhur kolleksiyaçı, mahir publisist Haluk Oral Əhməd Cavadın «Qoşma» kitabının nəşri yeri və tarixindən bəhs etdikdən sonra vaxtilə Nuru paşaya hədiyyə olunmuş nüsxəsində şairin öz əli ilə ərəb əlifbasında Nuru paşaya yazdığı avtoqrafı təqdim edir: «Kafkas Türk ordusu komandanı Nuru Paşa Hazretlərinə müellif tarafından değersiz bir armağan. Cevad (imza) 30 mayıs 1918. Gence».

Haluk Oral «Azərbaycan istiqlalının simge ismi olan şair»in Stalin dönəmində güllələndiyini ürək ağrısı ilə qeyd edir və Əhməd Cavadın tərcümeyi-halından, təhsil illərindən, ərəb, farsrus dillərini mükəmməl öyrənməsindən, 20 yaşında ikən (1912) könüllü olaraq Osmanlı Silahlı Qüvvələri tərəfində Balkan müharibəsində iştirakından bəhs edir. «Əhməd Cavad «Vətən, bayrak, imantürk birliyi mövzusunda şeirlər yazır» - deyə vurğulayan Haluk Oralın fikrincə, o, «ən ünlü şeirlərindən «Çırpınırdı Qara dəniz»i də Balkan müharibəsi dövründə - 1914-cü ildə qələmə almış və əfsanəvi «Həmidiyə» türk hərbi gəmisini öymüş, Qara dənizin sularına qərq edilmiş «Kazbek» rus hərbi gəmisinin minalara çırpılaraq batmasına görə sevincini gizlətməmişdir. Haluk Oral daha sonra dövrün ictimai, siyasi, hərbi mənzərəsini təsvir edir, Nuru paşanın Gəncəyə gəlişi tarixinə aydınlıq gətirir və yazır: «Bəlli ki, Əhməd Cavad paşanın şəhərə girişindən 5 gün sonra ona imzalı kitabını vermişdir». Əhməd Cavadın Nuru paşaya yazdığı avtoqrafın surəti, tarixi sənədlərlə və şəkillərlə müşayiət olunan məqalədə Haluk Oral Əhməd Cavadın müstəqil Azərbaycanın milli marşını, eləcə də müstəqilliklə, Vətənlə bağlı «ən coşqulularını o dönəmdə» qələmə aldığını qeyd edir və şeirlərindən parçalar verir.

Rusların Azərbaycanı təkrar işğalından (1920) sonrakı dövrdə Əhməd Cavadın həyat yolunu izləyən Haluk Oral onun Vətəndə həbsini (1925), həbsdən sonra ali pedaqoji təhsilə yiyələnməsini, bir müddət müəllimliklə, sonra «Azərnəşr»də və «Azərbaycanfilm»də məsul vəzifələrdə çalışdığını qeyd edir. «Fəqət Əhməd Cavad təqiblərdən qurtarmamışdır. 1928-ci ildə Türkiyədə bir şeir kitabı da nəşr olunur: «İstiqlal uğrunda» (Milli Azərbaycan nəşriyyatı, 7, Orxaniyə mətbəəsi, 1928)».

1937-ci ildə - «Stalin dönəminin ən azğın zamanında» üç böyük şairin - Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavadın həbs olunduğunu yazan müəllif göstərir ki, 15 dəqiqəlik «məhkəmə»dən sonra Əhməd Cavada güllələnmə hökmü verilir. Məqalənin son cümləsi də ilk cümləsi kimidir: - duyğusal, təsirli: «Həyat yoldaşı Şükriyyə xanıma məhkəmədən öncə Əhməd Cavaddan boşanarsa, cəza olmayacağı bildirilmişdi, amma o bunu rədd etdi. Bu vəfadarlığının bədəli Sibirdə acılarla dolu 8 illik bir sürgün oldu». Şairin Əli bəy Hüseynzadəyə ithaf etdiyi dillər əzbəri «Çırpınırdı Qara dəniz» şeri məqalə ilə birgə jurnalda dərc edilmişdir.

 

Abid Tahirli

 

Ədəbiyyat qəzeti.- 2014.- 21 fevral.- S.4.