Mirzə Şəfi Vazeh
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin “Mirzə Şəfi
Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 3 fevral
2014-cü il tarixli Sərəncamında göstərildiyi kimi
Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini
layiqincə yaşatmış və yüksək insanpərvərliyi,
mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq
irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın
Avropa ilə ədəbi-mədəni əlaqələrinin
inkişafında özünəməxsus mühüm yer
tutur.
Mirzə
Şəfi Vazeh yaradıcılığından bir sıra
nümunələri xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində
oxuya bilərsiniz.
Dərviş
Səfərdən qayıdırdı zəfərlə
bir hökmdar, -
Haray-həşir salmışdı
şahı qarşılayanlar.
Cəlalına, əzminə bütün aləm
tamaşa!
- Min yaşa, ey şöhrətli
padşahım, min yaşa!
Hay-haray salanların əsirdi dil-dodağı,
Dizin-dizin sürünüb
öpürdülər torpağı.
Sükut edirdi yalnız pirani dərviş qoca,
Oturmuşdu daş üstə, yolun
qırağındaca.
Əyan-əşrəf içindən aralandı bir nəfər
-
Dərvişə çımxırdı ki: - Nə
yatmısan, ey bifər?!
Neçin belə susursan, daraqlayıb əlini?
Qorxmursanmı kökündən qopardalar
dilini?!
Bunu görən hökmdar gəldi,
atı saxladı.
Xitab etdi dərvişə: - Ey bu yurdun övladı!
Təntənəyə, cəlala nə
üçün biganəsən,
Səfərdən dönməyimə
sevinmirsən məgər sən?
Dərviş dedi: - Ulu şah, yəqin bəllidir sizə,
Bir vaxt əsir düşmüşdük
qarı düşmənimizə.
İndi "Pəh! Pəh!" deyənlər o vaxt həmin
bu yerdə
Belə alqışlayırdı elə
düşənləri də.
Mənim sükut etməyim təkəbbürdən
deyil ki…
Elə onda da susdum indi susduğum təki.
Qorxu çəkən ürəkdə sevgi dil aça
bilməz,
Böyük dərin məhəbbət
hayla-küylə deyilməz.
Tədbir yox, qılınc isə yol açan bizim
şaha,
Əmr et, assınlar məni,
heç çıxmayım
sabaha.
***
Şah yumşaldı bu sözdən, dilində dua
virdi,
Çıxardıb əbasını qoca dərvişə
verdi.
Bu pirani kişini vəzir seçdi özünə;
Mat qaldı əyan-əşrəf hökmdarın
sözünə.
Padşah minnətdar oldu ömrü boyu bu günə -
Yüz yaltağın içində bir kişi
gördüyünə.
Şöhrət tapdı o gündən, yüksəldi
ildən-ilə;
Xalq onu təriflədi qorxudan yox, eşq
ilə.
Düşündü: ayaq öpən qullar yox, kölələr
yox,
Bax, bu kişi göstərdi mənə
ehtiram çox-çox.
Yalnız yaltaqlar ölçər - dedi qətiyyət
ilə, -
Şahın ləyaqətini qulun itaətilə.
***
Rəngi solğun, özü sərt, gözləri
müdrik qocalar
Çox zaman ömrümüzün möhnətini
parçalayar.
Qara, tutqun buludun da beləcə qüdrəti var:
İldırımlarla göyün zülmətini
parçalayar.
***
Gecələr ulduzları fərəhlə seyr edirik,
Ancaq baxa bilmirik gündüz günəşə
dimdik.
Bəli, qara yalanlar bizə xoş gəlir, fəqət
Könlümüzə yatmayır günəş
kimi həqiqət.
***
Bəs nə təhər ömr etməli? Namus ilə,
ya
bəxtiyar?
Namus ilə bəxtiyarlıq arasnıda
uçurum var.
Gör nə çoxdur bu yollarda yuvarlanıb
həlak olan…
Gör nə azdır körpü salıb uçurumu
adlayanlar.
***
Bu dünyada hər kəsin bir kiçik bayramı var,
Ya balaca, ya böyük sevinci, ilhamı
var.
Hətta bəxtiyarlığın yoxluğunu bilənlər
Bu biliklə sanırlar özlərini bəxtiyar.
***
Bülbülün bağrı yanıq, nəğməsi
nalan bu gecə,
Doldurub bağçaları,
bağları hicran bu gecə.
Çöl yatır, çay uyuyur bir əbədi nəğmə
ilə,
Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə.
Bütün aləm yuxuda, bircə
məhəbbətdir oyaq,
Ona aydın görünür hər
tərəf, hər yan bu gecə.
Unudub dərdi, qəmi, gör nə
yatıb insanlar,
Yenə bülbül oxuyur onlara dastan bu
gecə.
Sarı bülbül, niyə susdun, hanı
şövqün,
hünərin?
Sən ki, hey nəğmə deyirdin şehinə
qönçələrin.
- Bəli - bülbül dedi - mən nəğmə
ötərdim dil-dil,
Nə qədər ki, odu vardı sinəm
üstə kədərin.
Elə ki, gəldi bahar, çatdı könül istəyinə,
Açdı gül, daşdı
könül, əsdi küləklər də sərin.
İndi bağlarda çiçəklər, təzə
otlar, güllər…
Qəm-kədər getdi… o gündən də susub
nəğmələrim.
***
Nə qədər ki, əlimdə bu qızıl piyalə
var,
Nə qədər ki, dilimdən saçılır
zarafatlar -
Heç bir zaman enmərəm mən həyatın dibinə,
İldırımlar başıma göydən
töksə də odlar.
***
Məni məst etməsəydi gözəllərin cilvəsi,
Ovcumda gülməsəydi bu günəş
piyaləsi.
Yer üzü bundan betər qatı zülmət
olardı,
Ağzı bağlı qalardı
könlümün xəzinəsi.
***
Üzüm harda yetişər bir
bağça, bağ olmasa?
Dağ döşündə, dərədə
münbit torpaq olmasa?
Başı qarlı zirvələr ucalarmı səmaya,
Əgər dağ ətəkləri ona
dayaq olmasa?
***
Dumanladıb gözünü badələrin buxarı,
Sən zirvəmi görmürsən, hey baxsan da
yuxarı.
Əzəmətli bir dağın ətəyində
durmusan,
Ətəkdəki vüsəti, genişliyi gör barı.
***
Bu dünyada kimlər qucar, kimlər öpər
səadəti? -
O kəslər ki, çiçək kimi ərzə səpər
səadəti.
Öz əlilə uçursa da, qanadı zər səadəti,
Gəlib yenə öz ovcuna qonan görər
səadəti.
***
Orda, dağlar dalında ucalmış Kazbek dağı,
Əsrlər yola salmış ağ
saçı, ağ papağı.
Qədəmindən çay axır, bağrı odlu,
alovlu,
Başında qar mövsümü,
ayağında gül çağı.
Bəzən elə sanıram mən də bu dağ
kimiyəm,
Bu dağlardan yoğrulub ürəyimin
torpağı.
Sənsə təzə baharsan mənim qədəmlərimdə,
Çaysan, axıb gedirsən dağdan
üzü aşağı.
***
Biz kənardan almırıq nə işığı,
nə nuru -
Ömrümüzə nur salır qəlbimizin
bülluru.
Qızıl günəş can verir dünyada hər
xilqətə,
Hər yanda güllər açır,
qalxır günəşə doğru.
Batini barsızlara odun, suyun nə xeyri?
Bir gül də aça bilməz, elə
qurudur, quru.
***
Bir zaman çox dilədim: dəstə tutum, yara verim, -
Tapmadım bircə çiçək, ol
gülü gülzara verim.
İndi dörd bir tərəfim gülşən olub,
güllə dolub,
Sən ki, yoxsan, bu gülü hansı növbaharə
verim?
***
Hanı yerüstü cənnət?
- Bir sevdanın telində,
Gözəllərin gözündə,
köhlənlərin belində.
***
Zaman, məkan, rütbə, ad, sərvət,
şöhrət,
varidat…
Dəhşətli bir yuxudur
başdan-başa bu həyat.
Bu həyat zülmətindən kim
can qurtara bilər? -
Yalnız eşqin nurunda bir an cilvələnənlər.
***
Möcüzələr doğulur, bilən yox bu əsrarı,
Axı necə yaranır qartalın
qanadları?
Hardan gəlir aləmə, deyin birinci nəğmə,
Deyin, birinci sevgi hardan gəlib aləmə?
***
Ömrümüz keşməkeşli, günlərimiz
dolaşıq,
Həyatın yollarıdır üzlərdəki,
qırışıq.
Məhəbbət izlər salır üzdə,
işıqlı izlər,
Məşəqqət də, möhnət
də məhəbbətlə qarışıq.
Xəbislik də, sifət də, xeyirxahlıq nuru da,
Orda aydın görünür həm
qaranlıq, həm işıq.
***
Heyhat, az tanıyırıq yenə
bir-birimizi,
Hamı oxuya bilmir, kitab olsa da
açıq.
Mən bu dünya üzündə bir vilayət
görmüşəm,
Orda dili zəhərli min-min xilqət
görmüşəm.
Bir-birini döyən çox, söyən çox,
danlanan çox,
Böyük, kiçik… çoxunda kin-küdurət
görmüşəm.
Bu sonsuz çəkişmələr, bu fəryadlar
içində
Çox da gözəl dolanan bəşəriyyət
görmüşəm.
İstər səadət olsun, istər fəlakət
olsun,
Qürur, cürət, ləyaqət qoy sənə
qismət olsun.
Sən özün qazanmasan səadətini hərgah,
Onu sənə verəmməz nə bir
Allah, nə bir şah.
Kim qadınsız yaşayırsa
azad olur min cövrdən,
Kim qadınsız yaşayırsa
sağ bir ölü,
cansız bədən.
***
Yanar evi söndürərlər ya qum
ilə, ya su ilə.
Bəs söyləyin, neyləməli, od
tutarsa sevən
ürək?
Onda gərək yana-yana yanaşasan o
gözələ,
Sakit, sönük vücuduna od
vurasan lapdan
gərək.
***
Səadətin bir qırpımı bərabərmiş
əsrlərə,
Səadət bir əsr olsa da gəlir, keçir bir an kimi.
Atdı ipək çadrasını, günəş
çıxdı buludlardan,
Gözlərindən gülümsədi… qaçıb
getdi
ceyran kimi.
***
Ariflər, müdriklər içkisidir mey,
Onda saf qəlbləri coşduran od
var.
Damağa dad verən badəmi?
Hey, hey!
Şirin arzulardır, ülvi arzular.
Məhəbbət, sədaqət əydi belimi,
Soruşma qocaldım kimdən ötəri?
Gör kimin əlilə verdilər mənə
Ayrılıq acısı, hicran zəhəri.
***
Qamətinin yanında sərvin nə ölümü
var,
Kirpik çala bilərmi səni görən
marallar?!
Meh əsir… Şirazınmı bu
növbahar, bu nəfəs?
Gülüm, sənin ətrinlə yaz da
yarışa bilməz.
Dodaqlarından qopan incə sözlər yanında
İnan, gözə görünməz
Hafizin "Divan"ı da.
Qızıl gülün butası - bülbülün
su fincanı,
Gül dodağın deyilmi gülə verən
al qanı?
Günəş nədir, ay nədir,
sayrışan ulduzlar nə?
Hamısı alışıb-yanır…
çün heyrandılar sənə.
Sənə qul olmaq üçün gəlmişəm
bu aləmə -
Yalnız sənin hüsnündür qanad verən
nəğməmə.
Məndə sənə çatası müqəddəs
bir dilək var,
Can atıram mən sənə, bəlkə ən
yüksək dağa.
Oxuyuram türkümdə sirli-sirli arzular, -
Sirri vermək istəsən verək
dodaq-dodağa.
Ya sevinclə qarşıla, ya da rədd elə məni;
Ya gülqönçə
bağışla, yaxud qara bir tikan.
Ya məhv elə, ya sağalt bu dərdindən öləni;
Ya cəllad ol, ya loğman… əlindədir
hər imkan.
Sənin bir vəslin üçün ömürdən
keçmək olar, -
Gəl, bir azca rəhm elə,
canımı mənə qaytar.
***
Nə göylərdə uçan şux mələklərə,
Nə çöllərdə bitən al çiçəklərə,
-
Nə aya, nə günə, qoy bilsin hamı,
Vermərəm, dəyişməm mən
Züleyxamı.
Mələklər qəlbində hanı
məhəbbət?
Qızılgül budağı
tikansız olmaz.
Ay da batar gedər, hələ günəş də,
Onlardan üstündür bizim sərvinaz.
***
Hanı Züleyxama tay bu cahanda?
Nə yerdə görmüşəm, nə
asimanda.
Özünə bərabər yalnız
özüdür,
Tikansız bir güldür, ətri hər
yanda.
Mənim hər nəğməmi dinlər gözəllər,
Al göylər altında dilbər gözəllər.
Zümrüd qaşı kimi pak sözlərimi
Düzər ağ saplara göyərçin
əllər.
Nə üçün sözümdən
gül ətri gəlir?
Çünki mən səninlə
alıram nəfəs.
Dərir dan yerindən qızıl gülləri…
Mənə Züleyxamın bu töhfəsi
bəs.
Nə üçün yanıram bir məşəl
kimi,
Hardandı sinəmdə bu od, bu ocaq?
Gülüm, gəncliymi, hikmətlərimi
Qoruyan, yaşadan özünsən ancaq.
***
Batacaq günəşin… doğacaq ülkər,
Ömrün son nəfəsi yolunu bəklər.
Sayrışan ulduzlar sonsuz zülmətin
Qanad gərdiyini söyləyəcəklər.
Kimdir arif olan?
Məhəbbətimdir,
Mən ondan öyrəndim incə söhbəti.
Qaragöz məlakəm, o afətimdir
Nəğməmin hikməti, dadı, ləzzəti.
Mətləblər açmağa görmürəm
lüzum,
Sadə nəğmələrim xoş gəlir
sizə.
Axı sevgilimin vəsfidir sözüm,
Qəlbimi ovcumda verirəm sizə.
Mənim hər beytimdə Cəmşid Camının
Aləmi əks edən ayna sehri var.
Ən böyük mətləbi mənim cananım
Bir gülüş, ikicə söz ilən
açar.
Gəzir aləmləri bəxtəvər şerim,
Hardandı bu qüdrət? Açın bu sirri.
Nəğməmin cövhəri, ovsunu, sehri
Onun qədəmidir, gül qədəmləri.
Nədir göyü bəzəyən?
Yalnız günəş şöləsi.
Kimdir mənə can verən?
Yalnız sənin cəmalın.
Bir zindana dönərdi
bəlkə də Yer kürəsi,
Bizə nur saçmasaydı
o ağ üzün, a zalım!
Cahan gözəlliklərə
həsrət qalardı, həsrət,
Qovmasaydı zülməti
cəmalındakı qüdrət.
Qızılgül qədəmlərin
çəkib gətirməsəydi,
Qismət olardımı heç
məgər bizə bu cənnət?!
***
Sən mənə coşqunluq, ürək verirsən,
Mənim də bir azca ağlım,
huşum var.
Ağlım azlıq etsə, nə qəm, ey nigar,
Eşqin hər çiynimə bir qanad
qoşar.
Sən şəkil kimisən, mən bəlkə rəssam…
Axı nə cür çıxdın rəssam
əlindən?
Sən ləkəsiz mərmər, mən mərmər
yonan,
Üzümə nur düşür ağ
heykəlindən.
Bu qədər səfehə gendən baxanda
Bilmirəm gülümmü,
ağlayımmı mən?
Özgələr sözünü çeynəyən
gəda,
Açımmı gözünü,
bağlayımmı mən?
Dərdini çəkməsən bu səfehlərin,
Şair, yaranmazdı bəlkə də
şerin.
Öyünmə, demə ki, mənəm sənətkar!
Xəstələr olmasa, loğmanmı
olar?
Əldə mey, könlümdə ustadım Hafiz,
Onlardır həyatı sevdirən mənə.
Cammı ovcumdakı, ya büllur dəniz?
Heyranam, vurğunam hər ləpəsinə.
Gəlirəm… ariflər qalxır
ayağa.
Gedirəm… qəlbləri kədər, qəm
alır.
Dönür mən gələndə ürəklər
dağa,
Gedəndə gün batır, göylər
qaralır.
Ya rəbbim, eşqimi alma əlimdən,
Keşişdən, molladan həzər,
min həzər.
Nadan fitnəsindən, yad əməlindən
Məni xilas edir… piyalə gözlər.
Sənin hüsnünmüdür nur
dalğalı mey?
Yoxsa qəlb atəşi, can alovudur?
Ruhumu oxşayan həzin neydi, ney,
Həyat sirlərini anladan odur.
Xeyir-dua verib yaşadır məni,
Badədən başlayır xoşbəxt
anlarım.
Bağrıma basanda bu gül bədəni,
Ölsəm də uf deməm, ey ulu Tanrım!
Mənim ki, bu boyda səadətim var,
Hamıya məhəbbət, ağ
gün dilərəm.
Ey eşqin yolunda dağlar aşanlar,
Burda cəfanı da səfa bilirəm.
***
Murad istər o dünyadan,
Çatacaqmı ağzı dada?
Haqqı varmı yaşamağa
Bu dünyada, o dünyada.
Ruhu kölə, özü gəda,
Ömrü, günü verdi bada.
Çiynində özgənin başı,
Gecə-gündüz ulamada.
Qoy o dünya onun olsun,
Mən burdaca yaşayıram.
Aləm mənim sevgilimdir,
Əzizləyir, oxşayıram.
Şərab eyni şərab… içənlər
ayrı,
Badə tilsimlidir, badə sehrkar,
Seyr elə toqquşan stəkanları.
Hər yetən çatarmı kama,
murada?
Ayıqlar yanında sərxoşlar
naçar.
Ariflər ağzından dür saçılanda
Nadanın nəfəsi üfunət
saçar.
Adam var, içməmiş sərxoş, sərsəri,
Cəhlin, kəsafətin dibinə
batmış.
Qoy napak etməsin pak qədəhləri
Gözü baxa-baxa kimlər ki, yatmış.
İçərkən bir az da
ayılırıq biz,
Dolur varlığımız yeni hünərlə.
Hikmət dağlarına qalxır qəlbimiz,
Göydə qonuşuruq məlakələrlə.
Şərab da, deyirlər yağış kimidir,
Palçığa yağarkən
dönür lehməyə.
Qızıl zəmilərdə daş-qaş kimidir,
Bağlarda can verir bara, bəhrəyə.
***
Sevənlər bu dünyada hamıdan xoşbəxt, ulu,
Sevənlər bu dünyada yalnız
eşqinin qulu.
Əlindəki badəmi, ya göy… günəşlə
dolu,
Ağzı incilər saçır,
gözü yarıyuxulu.
***
Mənim eşqim, nəfəsim
ətrimidir nanələrin,
Bəlkə bir aynasıdır
ərşə çıxan nalələrin?
Nəğməmi, varlığımı
tək sənə verdim, a
gülüm,
Ara, bax xallarına
bağrı yanıq lalələrin.
Yalnız zəhmət çəkmək ilə
çatarsanmı murada sən?
Bizə tac da verir bəzən
təxti verən, bəxti verən.
Mirzə
Şəfi Vazeh
Tərcümə edəni:
Xəlil Rza Ulutürk
Ədəbiyyat
qəzeti.- 2014.- 21 fevral.- S.3.