Nizami adına Ədəbiyyat
İnstitutu və Nizami
irsi
Azərbaycan
xalqının XX əsr ədəbi-mədəni həyatında
mühüm yer tutan Nizami adına Ədəbiyyat İnstitutu
yarandığı illərdən başlayaraq klassik irsin
öyrənilməsi, nəşri və təbliği işinə
həmişə xüsusi diqqət yetirmiş və bu sahədəki
nailiyyətləri ilə
təkcə Azərbaycanda deyil, onun sərhədlərindən
kənarda da ciddi elmi-ədəbi müəssisə kimi
şöhrətlənmişdir. Son dərəcə
şərəfli və keşməkeşli həyat yolu
keçən institut özünün fəaliyyətində
böyük çətinliklərlə də üzləşmiş,
müxtəlif dönəmlərdə ağır təqiblərə,
təzyiqlərə məruz qalmış, Bəkir
Çobanzadə, Salman Mümtaz, Vəli Xuluflu, Əli Nazim,
Hənəfi Zeynallı və başqa fədakar əməkdaşlarını
vaxtsız itirsə də, öz məsləkindən dönməmiş,
mədəni-mənəvi irsin öyrənilməsindəki
aparıcı yerini qoruyub saxlaya bilmişdir.
İnstitutun
öz təcrübəli sələflərindən ayrılan
gənc alimləri müəllimlərinin yolunu ləyaqətlə
davam etdirməyə çalışmış, özlərinin
çoxcəhətli fəaliyyətlərilə klassik irsi məhv
olmaqdan qurtarmaq üçün əllərindən gələni
etmişlər. Onlar milli folklor nümunələrini toplamaq, klassik sənətkarlarımızın
əsərlərini nəşr edib geniş oxucu kütləsinə
çatdırmaq, ədəbiyyatımızın keçdiyi
çoxəsrli inkişaf mərhələlərini öyrənmək,
sistemli ədəbiyyat tariximizin yaradılması, ali və
orta məktəb proqramlarının tərtibi, dərsliklərin
yazılması, yüksək ixtisaslı gənc ədəbiyyatşünas
kadrları yetişdirmək kimi çətin və məsuliyyətli
işlərin öhdəsindən uğurla gələ
bilmişlər.
1938-ci
ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin
anadan olmasının 800 illik yubileyini təntənəli şəkildə
bayram etmək haqqında Sovet dövlətinin tarixi qərarı
təkcə Nizaminin deyil, ümumiyyətlə, klassik Azərbaycan
ədəbiyyatının öyrənilməsi sahəsində
çox mühüm hadisə oldu. Azərbaycan Nazirlər
Sovetinin qərarı ilə keçmiş Sovet İttifaqı
Elmlər Akademiyasının Azərbaycan filialında “Azərbaycan
Ədəbiyyatı və Dili İnstitutu” şairin adıyla
adlanaraq “Nizami adına Azərbaycan Ədəbiyyatı və
Dili İnstitutu” oldu. Çox keçmədən Nizaminin həyat
və yaradıcılığını əyani şəkildə
əks etdirən Nizami Muzeyi yarandı. Elə bu dövrlərdən
başlayaraq İnstitut dahi şairin zəngin irsinin öyrənilməsi,
əsərlərinin geniş xalq kütləsinə
çatdırılması ilə bağlı respublikada və
onun xaricində aparılan böyük işlərin
başında duraraq özünün məqsədəuyğun
və çoxcəhətli fəaliyyəti ilə bu sahədə
görülən işlərə də istiqamət verməyə
başladı.
Məlumdur ki, qədim
tarixə malik xalqımızın zəngin bədii irsi tarixi
şərait və ictimai-ədəbi zərurət
üzündən ana dilindən başqa ərəb və fars
dillərində də yazılıb inkişaf etmişdir. Azərbaycan
alim və şairləri uzun müddət öz bədii və
elmi əsərlərini ərəb dilində yazmış və
bu dildə ədəbiyyatımızın gözəl
nümunələrini yaratmışlar.
XI əsrdən
başlayaraq təkcə Azərbaycan deyil, hind, əfqan,
özbək və türk şairləri də öz əsərlərini
yeni fars-dəri dilində yazmışlar. Qədim və Orta
fars dillərindən fərqlənən bu dil Yaxın Şərqdə
uzun müddət şeir dili olmuşdur. Azərbaycan
xalqının da bir çox qüdrətli sənətkarları,
o sıradan xalqımızın ölməz şairi və
dahi mütəfəkkiri Nizami Gəncəvi əsərlərini
fars-dəri dilində yaratmışdır. Buna əsaslanan
fars şovinist ədəbiyyatşünasları və
onların təsirində olan bəzi Qərbi Avropa şəqrşünasları
fars dilində yazan Xaqani Şirvani, Nizami Gəncəvi və
başqa farsdilli Azərbaycan şairlərini doğma zəmindən
ayıraraq fars şairləri kimi qələmə verməyə
çalışırdılar. Nizaminin
milli mənsubiyyəti ilə bağlı belə
kökündən yanlış, qeyri-elmi mülahizələri,
şairin Qum şəhərindən olması haqqındakı
uydurmanı təkzib edib Nizaminin Azərbaycanın qədim mərkəzlərindən
olan Gəncədə doğulduğunu elmi cəhətdən
sübut etmək, tarixi qaynaqlar və şairin öz əsərlərindən
çıxış edərək onun doğru-düzgün
elmi tərcümeyi-halını yaratmaq Azərbaycan ədəbiyyatşünasları
qarşısında başlıca vəzifə kimi dururdu. Bu
şərəfli vəzifənin yerinə yetirilməsində
Nizami adına Ədəbiyyat İnstitutunun xidmətləri
xüsusilə qeyd olunmalıdır.
İnstitut əməkdaşlarının
Nizami irsinin Azərbaycan dilinə tərcümə edilib
geniş oxucu kütləsinə ana dilində
çatdırılmasında da zəhməti çox
olmuşdur. Nizami adına Ədəbiyyat və
Dil İnstitutunun işçiləri tərəfindən
hazırlanmış sətri tərcümələr əsasında
Səməd Vurğun, Abdulla Şaiq, Rəsul Rza, Süleyman
Rüstəm, Məmməd Rahim, Mikayıl Rzaquluzadə kimi
görkəmli şairlər Nizami poemalarının poetik tərcümələrini
Azərbaycan oxucularına təqdim etdilər.
Ədəbiyyat
İnstitutu ilk növbədə Nizaminin möhkəm ədəbi-mədəni
əsaslar üzərində yetişdiyini və özündən
sonrakı Azərbaycan ədəbiyyatına da qüvvətli
təsir göstərdiyini sübut etmək məqsədilə
“Azərbaycan şeir antologiyası”nı
hazırlayıb nəşr etdi. Bu kitabda zəngin
şifahi xalq ədəbiyyatı, qədim yazılı abidələrdən
nümunələr gətirilmiş, Azərbaycan bədii
fikrinin özünəməxsusluğu, inkişaf mərhələləri
haqqında dərin elmi mülahizələr irəli
sürülmüşdür. İnstitut əməkdaşlarından
H.Araslı, M.Arif, M.Rəfili tərəfindən
yazılmış geniş müqəddimə və izahlarda
Nizami yaradıcılığı haqqında ətraflı məlumat
verilmiş, şairi yetirən ədəbi-mədəni zəmin,
ictimai inkişaf və mühit haqqında da aydın təsəvvür
yaradılmışdır. Bakıda nəşr olunmuş bu
antologiya bir il sonra Moskvada V.A.Luqavskoy və S.Vurğunun redaktəsi
ilə yenidən çapdan çıxmışdır.
Antologiyada Simonov və Antokolski tərəfindən Nizaminin əsərlərindən
tərcümə edilmiş parçalar sovet məkanında
Nizami irsinə olan marağı bir daha artırdı.
İnstitut SSRİ EA-nın Şərqşünaslıq
İnstitutu, SSRİ Yazıçılar İttifaqı ilə
yaxından əməkdaşlıq edirdi. Eyni zamanda SSRİ
EA-nın müxbir üzvü Y.E.Bertels və görkəmli
rus şairləri Nizami irsinin tərcüməsi, tədqiq və
təbliği işində azərbaycanlı həmkarları
ilə birlikdə çalışırdılar.
İnstitut alimləri görkəmli Azərbaycan
şərqşünası akademik Ə.Əlizadənin
yaxından iştirakı ilə Nizami “Xəmsə”sinin
dünyanın müxtəlif ölkələrindən gətirilmiş
əlyazmaları əsasında “Məxzənül-əsrar”,
“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Şərəfnamə”
və “İqbalnamə” əsərlərinin tənqidi mətnlərinin
hazırlanıb elm aləminə təqdim edilməsində
böyük xidmət göstərdilər.
Nizami adına Azərbaycan Ədəbiyyatı
və Dili İnstitutu Nizami əsərlərinin müxtəlif
əlyazmaları, cüng və başqa mənbələrdəki
lirik şeirlərini toplayıb çap etməklə Nizami
irsinin öyrənilməsi və təbliği işində
yeni bir addım atdı. Bu illərdə institutun əməkdaşlarından
Cəfər Xəndanın, sonralar isə respublikanın
tanınmış şairləri Ə.Vahid, M.Dilbazi, M.Rahim,
O.Sarıvəlli Nizaminin qəzəl, qəsidə və
rübailərini H.Araslının sətri tərcüməsi
əsasında Azərbaycan dilinə poetik tərcümə
etdilər. Beləliklə, İnstitut tərəfindən ilk
dəfə olaraq 1940-cı ildə Nizaminin lirik şeirlər
kitabı H.Araslının müqəddiməsilə nəşr
olundu. Sonradan bu kitab təkmilləşdirilərək rus və
Azərbaycan dillərində dəfələrlə çap
olundu.
Nizaminin lirik şeirlərinin nəşrindən
sonra başda görkəmli Azərbaycan bəstəkarı
Ü.Hacıbəyli olmaqla, bəstəkarlarımız Nizami
şeirlərinə gözəl musiqilər bəstələdilər.
Bu da az zamanda Nizami şeirlərinin daha geniş
yayılmasında böyük rol oynadı.
Respublikada təşkil edilmiş Yubiley
Komissiyası Azərbaycan və rus dillərində “Məqalələr
məcmuələri”, “Almanax”lar nəşr etməyə
başladı. Bu almanaxlarda Nizami adına Ədəbiyyat və
Dil İnstitutunun əməkdaşları respublikamızın
digər alimləri ilə birlikdə təkcə şairin həyat
və yaradıcılığının müxtəlif məsələlərini
deyil, eyni zamanda o dövrün tarixi, incəsənəti
haqqında da maraqlı məqalələr dərc etdilər.
H.Araslı, M.Arif, Mir Cəlal Paşayev, M.Rəfili,
Ə.Mübariz, M.Cəfər, Ə.Soltanlı, C.Xəndan və
başqa görkəmli tədqiqatçıların
yazdıqları elmi məqalələr şairin xalq
yaradıcılığı ilə
bağlılığı, Nizami sənətinin ideya və bədii
xüsusiyyətləri, əsərlərinin tərcüməsi,
Şərq poeziyasına təsiri, Nizami ənənələrini
davam etdirən sənətkarlar və başqa bu kimi
mühüm məsələlərin öyrənilməsində
böyük rol oynamaqla Azərbaycan
nizamişünaslığının inkişafına da
mühüm təsir göstərdi.
Nizami irsinin təbliğində şairin əsərlərinin
mənsur şəkildə tərcümələri, şairin
poemalarının motivləri əsasında institut əməkdaşlarının
yazdıqları bədii əsərlər və uşaqlar
üçün yazılan hekayələr də az əhəmiyyət
daşımırdı. Görkəmli
yazıçımız Mir Cəlal Paşayevin nəsrə
çevirərək mənsur şəkildə təqdim
etdiyi “Yeddi gözəl” poeması, Əvəz
Sadığın “Xosrov və Şirin”in nəsrlə tərcüməsi
geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə
qarşılanaraq Nizami poemasının nizamisevərlərə
daha ətraflı tanıdılması və xalq içərisində
daha geniş yayılmasına səbəb oldu. Xüsusilə
alim-yazıçı Mir Cəlalın Nizami əsərlərinin
maraqlı motivlərini uşaqlar üçün yenidən
işləyərək yazdığı “Fitnə”, “Kərpickəsən”,
“İllərin fəsilləri”, “Xeyir və Şər”,
“İki rəssam” kimi hekayələri, H.Araslının
“Şairin həyatı” kitabı, “Qızılquş və
bülbül”, “Ata nəsihəti” adlı bədii əsərləri
də şairin həyati əhəmiyyət daşıyan əxlaqi-tərbiyəvi
düşüncələrinin gənc nəslə
çatdırılması baxımından faydalı idi.
Bu da məlumdur ki, Nizami irsi elə
yarandığı günlərdən başlayaraq ədəbiyyat
maraqlılarının diqqətini cəlb etmiş, şairin
vətənində olduğu kimi, Azərbaycandan kənarlarda
da sevilə-sevilə oxunmuş, təqdir edilərək izlənilmişdir.
Şair haqqında müxtəlif əsrlərdə
yaşamış elm və sənət adamları fikir
söyləmiş, onun sənət dühasını
alqışlamışlar. Nizaminin ölməz poemaları ilə
bağlı elmi tədqiqat əsərləri meydana gəlmişdir.
Bütün bunlarla yanaşı əvvəldə
də qeyd etdiyimiz kimi, dünya ədəbiyyatşünaslığında
şairi doğma zəmindən ayıran, onun
soykökünü və yaradıcılığının
mahiyyətini təhrif edən əsassız, qeyri-elmi
mülahizələrlə də qarşılaşmaq olurdu (Təəssüf
ki, belə elmdən uzaq qərəzli fikirlərə
şairin yaradıcılığından xəbərsiz tədqiqatçıların
yazılarında rast gəlmək olur).
İnstitut əməkdaşları respublika
nizamişünaslarının birgə səyi ilə problemin
həlli ilə ardıcıl məşğul olaraq, bu sahədə
çox böyük işlər gördülər. Almanaxlara
daxil olan məqalələr, ayrı-ayrı tədqiqatlar,
“Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”ndəki
“Nizami Gəncəvi” bölməsi, eləcə də Nizami
poemalarının tərcümələrinə yazılan
ön söz və müqəddimələrdə qədim təzkirə
müəllifləri və tarixçilərin məlumatına
və şairin əsərlərindən gətirilən bədii
nümunələr və başqa inkaredilməz dəlillərə
söykənməklə Nizaminin həyat və
yaradıcılığı haqqında tutarlı elmi nəticələr
əldə edildi.
İnstitut əməkdaşları respublika mətbuatlarında
da müntəzəm surətdə çıxış edərək
təkzibedilməz dəlillərlə sübut edirdilər ki,
Nizami “Xəmsə”sində hadisələrin harada baş verməsindən
asılı olmayaraq əhvalatların çoxu Azərbaycanla
bağlanır. Şair tarixdən aldığı qəhrəmanlarını
da Azərbaycana gətirir və bütün poemalarında Gəncədən
məhəbbətlə bəhs edir. O, “Məxzənül-əsrar”ında
gəncəli olmasını qürurla bildirir, Gəncənin
o zamankı vəziyyətindən söhbət açır,
“Xosrov və Şirin”də Şapurun dili ilə Bərdə
hökmdarı Əfrasiyab soylu Məhin Banudan, onun ədalətindən
və qardaşı qızı Şirinin gözəlliyindən,
onu əhatə edən türk qızlarının
qoçaqlıqlarından heyranlıqla danışır,
hadisələrin mühüm bir qisminin Azərbaycan
torpağında getdiyini göstərir. Şair “Leyli və Məcnun”da
“Şəki alması”nı bənzətmə kimi işlədir.
“İskəndərnamə”də qəhrəmanını Azərbaycana
gətirir, Bərdənin keçmişindən, quş
südü belə tapılan bu bərəkətli
torpağın bol nemətləri, yaz-qış ölkəni
bəzəyən çiçəklərinin gözəlliyindən
böyük məhəbbətlə bəhs edir. Şair Azərbaycandakı
atəşkəslər haqqında məlumat verərək
onların İskəndər tərəfindən
dağıdılmasını Azərbaycan mədəniyyətinə
vurulan ağır zərbə kimi qiymətləndirir.
Vətənpərvər şair əsərlərində
Azərbaycan torpağının mənəvi zənginlikləri,
əsrarəngiz təbiəti Bərdənin yaşıl
çəmənlikləri, Kəpəz dağının
gözəlliklərini ilhamla qələmə alır, Gəncədə
baş verən zəlzələnin xalqa gətirdiyi fəlakətləri
ürək ağrısı ilə xatırlayır.
Nizami ilə bağlı araşdırmalarında
Azərbaycan alimləri Nizami şerinin şifahi xalq ədəbiyyatı
və folklorla əlaqələrinə xüsusi diqqət
yetirir. Nizami əsərlərində “Kitabi-Dədə Qorqud”
motivlərinin əksi, şairin qədim Azərbaycan
nağılları, xalq dastanlarından bəhrələnməsi,
türk mənşəli söz və ifadələr, Azərbaycanla
bağlı poetik vasitələr işlətməsini konkret
faktlar və müqayisələr yolu ilə üzə
çıxarmış, Azərbaycan atalar sözləri və
məsəlləri, doğma xalqın tarixi, taleyi və məişəti
ilə ilgili deyimlərdən faydalanmaqla fərqləndiyini göstərmişlər.
Bu baxımdan H.Araslının məqalələrini ayrıca
qeyd etmək lazımdır. Nizami irsinin təbliğində
xidməti olan Azərbaycan alimləri sırasında M.Rəfili,
Əlizadə Mübariz və M.Quluzadənin adları göstərilməlidir.
Nizami İnstitutunda aparılan tədqiqatlarda
şairin qatı sufi, tərkidünya olduğunu iddia edən
onu mistik ideyalar müəllifi, məddah şair kimi tanıdan
müəlliflərə də Nizaminin
dünyagörüşü və
yaradıcılığının fəlsəfi istiqamətini
müəyyənləşdirən əsərlərlə
tutarlı cavab verilirdi. Görkəmli filosof O.Makovelski
“Nizamianı” əsərində və Heydər Hüseynov
“İqbalnamə”də yazdığı müqəddimədə
həqiqətə uyğun olmayan belə fikirləri elmi dəlillər
əsasında alt-üst etdilər.
Azərbaycan nizamişünasları Nizaminin təkcə
doğma ədəbiyyata deyil, ümumiyyətlə, Şərq
bədii fikir tarixinə ölməz ənənələr gətirdiyini
nikbin əhval-ruhiyyə, həyatsevərlik, gələcəyə
inam, əməyə, zəhmətə və zəhmətkeş
insana hörmət və məhəbbət, qadın ləyaqətinə
ehtiram, beynəlmiləlçilik, azadlıq arzuları,
qüsursuz cəmiyyət və başqa bu kimi yüksək bəşəri
ideyaların banisi olduğunu xüsusi vurğulayır.
Şairin insanı heç bir milli, irqi, sinfi
ayrı-seçkiliyə məhəl qoymadan yalnız şəxsi
keyfiyyətlərinə, bəşəriyyətə göstərdiyi
xidmətə görə qiymətləndirdiyini əsərlərindən
gətirilən nümunələrlə göstərirdilər.
Nizamiyə həsr olunan tədqiqatlarda şairin müharibələr
əleyhinə çıxan, vətənsevərlik
duyğuları təlqin edən, insanı pis sifətlərdən
uzaqlaşmağa çağıran böyük humanist sənətkar
olduğu oxuculara çatdırılır, onun gənc nəslə
məhəbbəti, gələcəyə inamı, namuslu əməyə,
zəhmətə, elm öyrənməyə
çağıran tərbiyəvi-əxlaqi görüşləri
hərtərəfli işıqlandırılırdı.
Bütün bunlar Nizami irsinin keçmiş
İttifaq miqyasında geniş yayılması
üçün də əlverişli zəmin yaratdı.
İnstitut əməkdaşlarının Nizami
yaradıcılığına dair rus, özbək, tacik,
tatar, türk və başqa dillərdə nəşr olunan
elmi əsərləri nizamişünaslığın
inkişafına yeni bir vüsət verdi. Təsadüfi
deyildir ki, “Azərbaycan şairi Nizami” kitabının müəllifi
görkəmli nizamişünas alim və ictimai-siyasi xadim
M.Ə.Rəsulzadə 1951-ci il Ankarada nəşr olunan əsərində
İnstitutun hazırladığı ikicildlik “Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildindəki “Dədə
Qorqud” dastanlarının bəzi motivlərinə Nizami
poemalarında da təsadüf olunur”...
Bu dövrdə Nizami poemalarının Azərbaycan
dilinə tərcümələrinin ərəb əlifbası
ilə nəşri və bunlara yazılan müqəddimələr
şairin ədəbi irsinin Cənubi Azərbaycan
oxucularına da ana dilində çatdırılması və
Nizami yaradıcılığının daha yaxından
tanıdılması baxımından böyük əhəmiyyət
daşıyırdı.
Nizami irsi şairin adını daşıyan
institutun həmişə diqqət mərkəzində
olmuş, institut müdiriyyətin qayğısı və təcrübəli
nizamişünasların yaxından iştirakı ilə
yüksək ixtisaslı gənc nizamişünas kadrların
hazırlanmasına həmişə böyük əhəmiyyət
vermişdir.
1960-70-ci illərdə “Xəmsə”yə daxil
olan poemalar ayrıca dissertasiya mövzuları kimi tədqiq
edilmiş, Nizami sənətinin müxtəlif problemləri əhatəli
şəkildə araşdırılmışdır. Bu
baxımdan Ə.Ağayevin “Nizami və dünya ədəbiyyatı”,
X.Yusifovun “Nizaminin lirikası”, Ə.Abbasovun “Nizami Gəncəvinin
“İskəndərnamə” poeması, Ç.Sasaninin “Leyli və
Məcnun poeması”, Q.Beqdelinin, “Şərq ədəbiyyatında
“Xosrov və Şirin” mövzusunda yazdıqları monoqrafiyalar
xüsusi qeyd olunmalıdır.
* * *
Azərbaycan KP Mərkəzi Komitəsinin “Azərbaycanın
böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin
irsinin öyrənilməsini, nəşrini və təbliğini
daha da yaxşılaşdırmaq tədbirləri haqqında”
6 yanvar 1979-cu il qərarı nizamişünaslıq elminin
inkişafına yeni bir istiqamət verərək şairin əsərlərinin
daha mükəmməl nəşrləri, tərcümələri
və yaradıcılığının müxtəlif
problemləri ilə bağlı sanballı tədqiqatların
aparılması üçün də qüvvətli bir təkan
oldu. O dövr ziyalılarının etirafına görə ədəbiyyatımızın
heç bir klassiki haqqında belə genişmiqyaslı qərar
qəbul edilməmişdi. Akad. B.Nəbiyevin yazdığı
kimi, bu mühüm qərarın əsas müəllifi və
ilhamvericisi Mərkəzi Komitənin o zamankı birinci katibi
Heydər Əliyev idi. Yeri gəlmişkən onu da qeyd edək
ki, Azərbaycan xalqının mədəni keçmişi,
onun tarixi-mənəvi dəyərlərinin, o sıradan
klassik ədəbi irsin üzə çıxarılıb
öyrənilməsinə böyük diqqət yetirən ulu
öndər Nizami yaradıcılığının hərtərəfli
öyrənilib şairin adına layiq bir tərzdə xalqa
çatdırılmasına xüsusi qayğı göstərirdi.
Nizami adına Ədəbiyyat İnstitutunda böyük Azərbaycan
şairinin yaradıcılığının tədqiq və
təbliği ilə məşğul olan ayrıca
nizamişünaslıq şöbəsi yaradıldı.
Şöbənin müdiri tanınmış şərqşünas
prof. Rüstəm Əliyev təyin edildi. Eyni zamanda Nizami Gəncəvi
adına Ədəbiyyat Muzeyində “Nizami lektoriyası” təşkil
olundu. Şairin yaradıcılığının tədqiqi
və təbliğinə nəzarət edən xüsusi Nizami
Komissiyası yaradıldı.
Respublikanın digər
nizamişünasları ilə yanaşı institut əməkdaşları
da Nizami lektoriyasında maraqlı elmi məruzələrlə
çıxış edir, Nizami
yaradıcılığının müxtəlif problemləri
ətrafında apardıqları tədqiqatların nəticələri
ilə dinləyiciləri tanış edirdilər.
Şöbənin yaxından iştirakı ilə
ilk növbədə Nizami əsərlərinin filoloji tərcümələri
hazırlanaraq Azərbaycan və rus dillərində oxuculara təqdim
edildi. Şairin poemalarının ana dilində poetik tərcümələri
gözdən keçirilərək orijinalla yoxlanılıb dəqiqləşdirildi,
müqəddimələr mükəmməlləşdirildi.
Nizami İnstitutu öz ənənəsinə
sadiq qalaraq müntəzəm surətdə ümumittifaq və
beynəlxalq miqyasda elmi konfranslar keçirməyə
başladı. “XI-XII əsrlərdə Azərbaycan mədəniyyəti
və Nizami yaradıcılığı” (Bakı - 1980),
“Nizami və renessans (Bakı - 1980), “Nizami və dünya ədəbiyyatı”
(Bakı - 1982), “Nizaminin lirik janrının Şərq ədəbiyyatının
inkişafında rolu və “Xosrov və Şirin” (Bakı -
1984), “Leyli və Məcnun”un 800 illiyi və
nizamişünaslığın aktual problemləri” (Bakı -
1988 və bu kimi nizamişünaslığın aktual problemlərinə
həsr olunan elmi konfranslarda mərhum prof. R.Əliyev,
AMEA-nın müxbir üzvləri A.Rüstəmova, T.Kərimli,
filologiya elmləri doktorları, prof. N.Araslı, İ.Həmidov
və İnstitutun digər əməkdaşları maraqlı
məruzələrlə çıxış edib Azərbaycan
xalqının iftixarı olan dahi Nizaminin
yaradıcılığındakı bir çox tədqiq
olunmamış cəhətləri və şairin
ümumdünya şöhrətilə bağlı yeni-yeni
faktları dinləyicilərin diqqətlərinə
çatdırırdılar.
İnstitut əməkdaşları
respublikanın tanınmış alimləri ilə
yanaşı, Nizaminin 840, 850 illiyi ilə bağlı respublika
mətbuatlarında maraqlı elmi məqalələr dərc
etdirmiş, televiziya və radioda təşkil olunmuş
verilişlərdə fəal iştirak etmiş, şairin vətənində
olduğu kimi, İran (Təbriz, Tehran), Türkiyə, Özbəkistan,
Qazaxıstan, Moskva və başqa ölkələrdə təşkil
olunan elmi məclislərdə etdikləri məzmunlu məruzələrlə
Nizami İnstitutunu ləyaqətlə təmsil etmişlər.
Bu dönəmdə Nizami İnstitutunda
şairlə bağlı ərsəyə gələn
geniş həcmli araşdırmaların mühüm bir qismi
Yaxın və Orta Şərq renessansı zəminində
aparılaraq orta əsrlər Azərbaycan ədəbiyyatının
geniş və çoxcəhətli əlaqələrinin
öyrənilməsi, Nizami sənətinin Azərbaycan və
ümumşərq mədəniyyəti ilə fikri-bədii
bağlılıqlarının üzə
çıxarılması baxımından diqqətəlayiqdir:
Azərbaycan ədəbiyyatında Nizami ənənələri,
“Nizami və türk ədəbiyyatı”, “Nizami və Şərq
ədəbiyyatı”, “Nizami və özbək ədəbiyyatı”,
“Şərqdə intibah və Nizami Gəncəvi”, “Nizami və
gürcü ədəbiyyatı”, “Nizami fransız mənbələrində”,
“Nizami ingilis şərqşünaslığında”, “Nizami
alman ədəbiyyatşünaslığında”, “Azərbaycan
ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında”,
“Nizami Gəncəvinin dünya şöhrəti” (əlavə
məlumat üçün bax: “Nizami Gəncəvi.
Biblioqrafiya”, Bakı - 2012) mövzularında aparılan
araşdırmalar doğma ədəbiyyatın
inkişafında çox mühüm yer tutan şairin
dünya xalqlarının bədii fikir tarixinə təsiri və
dünya ədəbiyyatşünaslığında öyrənilməsi
baxımından böyük əhəmiyyət
daşıyır.
Ədəbiyyat İnstitutunda Nizaminin lirik
irsini və “Xəmsə”sini müxtəlif bucaqlardan
işıqlandıran şairin yaradıcılığı
ilə Avropa renessans ədəbiyyatındakı ümumilikləri
üzə çıxaran belə sanballı məqalələrlə
yanaşı Azərbaycan ədəbiyyatının bir
çox görkəmli nümayəndələri haqqında nəşr
edilmiş ayrı-ayrı tədqiqat əsərlərində
də Nizami sənətinin ədəbi-bədii təsirinə
toxunularaq şairin Şərq bədii fikir tarixində
aparıcı mövqeyi aydınlaşdırılırdı.
İnstitut bu illərdə Nizami ilə
bağlı fəaliyyətində Nizami şerinin bədii-fəlsəfi
fikir tarixinə gətirdiyi yeni bəşəri ideallarla
yanaşı ustad sənətkarın söz sənətinin
incəliklərindən faydalanmasının tədqiqinə də
geniş yer vermiş, Nizami poeziyasının sənətkarlıq
xüsusiyyətləri, klassik poetik ənənələrdən
bəhrələnmə özəllikləri, şairin
ideya-estetik qaynaqlarının müəyyənləşdirilməsi,
fərdi poetik tapıntıları, bədii-fəlsəfi
fikir tarixinə gətirdiyi yeni humanist ideyaların təqdimi
özünəməxsusluqlarını araşdıran elmi əsərlər
meydana gəlmişdir. Bu baxımdan institutun görkəmli
nizamişünaslarından olan AMEA-nın müxbir
üzvü R.Azadənin “Nizami Gəncəvi: həyatı və
sənəti”, “Nizaminin poeziya sələfləri” kitabları,
N.Araslının “Nizaminin poetikası” və bu qəbildən
olan kitablar daha səciyyəvidir.
Bütün bunlar aydın göstərir ki, Azərbaycan
nizamişünaslıq elminin yaranması və
inkişafında şairin adını daşıyan Ədəbiyyat
İnstitutunun xidməti az olmamışdır. Bu müqəddəs
elm ocağında görkəmli nizamişünas alimlər fəaliyyət
göstərmişdir. Onların əsərləri Nizami
irsinin respublikada daha yaxından tanınması və təbliğində
mühüm rol oynamış, Azərbaycandan kənarda Nizami
ilə bağlı aparılan tədqiqatlara da müsbət təsir
göstərmişdir.
* * *
Mənəvi sərvətimizin özəl bir
nümunəsini təşkil edən Nizami irsinin əhəmiyyəti
Azərbaycan müstəqillik qazandıqdan sonra daha yüksək
qiymətləndirilməyə başladı. Ümummilli lider
H.Əliyevin şəxsi təşəbbüsü ilə
1993-cü ildə böyük Nizami Gəncəvinin poetik irsi
ilə bağlı tarixi qərar qəbul edildi. Müstəqillik
illərində fəaliyyətinin yeni bir mərhələsinə
qədəm qoyan Nizami adına Ədəbiyyat İnstitutunda
bütövlükdə klassik irsin tədqiqində olduğu
kimi, Azərbaycanın mütəfəkkir şairi Nizami
poeziyasının öyrənilməsində də əsaslı
dəyişikliklər yarandı. Nizami irsi daha dərindən
günün mənəvi tələbləri səviyyəsində
də genişliyi ilə ümumislam mədəniyyəti zəminində
araşdırılmağa başlandı.
Nizamişünaslığın müxtəlif sahələri,
tərcümeyi-halının bəzi qaranlıq məqamları,
yaradıcılığının toxunulmamış, yaxud az
öyrənilmiş məsələləri, poetik üslubi
özəllikləri, orijinal istiqamətdə və yeni təfəkkür
işığında öyrənilməsi aktuallaşdı.
Şairin öz türk soykökünə,
doğma xalqına olan məhəbbəti ilə bağlı
mülahizələrə hakim ideologiyanın təzyiqindən
gələn məhdudiyyətlər aradan qalxdı. Vətənpərvər
şairin sənətinin bir zamanlar anılması belə az
qala yasaq olan “türk dünyası”, “türk mədəniyyəti”,
“qədim türk abidələri” ilə birləşdirən
cəhətlər aşkar edilərək oxucuya
çatdırıldı. Nizami poemalarının çox vaxt
tədqiqatlarda rəsmi hissələr adlandırılaraq
geniş araşdırmadan kənarda qalan ilahiyyat və ithaf
bölmələri müfəssəl təhlilə cəlb
olundu.
Şairi yetirən ədəbi mühit, əsaslandığı
fikri-mənəvi və estetik qaynaqlar içərisində
Quranın yeri doğru müəyyənləşdirildi.
İslam dünyasının ali düşüncələri, əxlaq
və hikmət məsələlərinin Nizami sənətində
təqdimi özəllikləri, Nizami əsərlərində
Quran motivləri, ayə və hədislərin poetik əksinin
tədqiqi nizamişünaslığa yeni bir ab-hava gətirdi.
Nizami sektorunun əməkdaşı fil.e.d. Xanəli Babayevin
“Quranda qadına münasibət”, Nizami “Xəmsə”sində
Quran ayələri və qissə motivləri, Siracəddinin
Hacının “Həzrət Nizami Gəncəvinin
yaradıcılığında peyğəmbərlik
anlayışı və Həzrət Məhəmməd”
adlı altı cildlik kitabları nizamişünaslığın
yeni mərhələsinin uğurları
sayılmalıdır.
Sonrakı nəslin nümayəndələri
olan Vəfa Hacıyeva, Abuzər Bağırov, Zəhra
Allahverdiyeva və Gülçin Hüseynova öz tədqiqatları
ilə Nizami irsini öyrənməkdə iştirak etmişlər.
Ancaq bu nailiyyətlər hələ
nizamişünaslığın bütün problemlərinin həlli
demək deyildir. Hər şeydən əvvəl qeyd etməliyik
ki, Nizaminin lirik irsi və poemalarının həm orijinalda, həm
də Azərbaycan və rus dillərinə edilən tərcümələrdə
geniş oxucu kütləsinə çatdırılması qənaətbəxş
səviyyədə deyil. Şairin həyat və
yaradıcılığının bir çox zəruri
problemi tədqiqata cəlb edilməmiş, ya da dövrün mənəvi
tələbatı ilə səsləşəcək səviyyədə
araşdırılmamışdır. Hələ də Nizami
yaradıcılığına həsr olunmuş zəif,
özündən əvvəl deyilənləri yeni biçimdə
təkrar etməkdən irəli getməyən tədqiqatlara
rast gəlmək olur.
Nizami yaradıcılığında türk
ruhunun mövcudluğu, şairin əsərlərində
geniş yer alan türk mənşəli sözlər, Azərbaycan
atalar sözləri və xalq məsəllərinin işlənməsindən
bəhs edən araşdırıcılar keçən əsrin
40-cı illərindən nizamişünaslığa məlum
olan mülahizələri və Nizami əsərlərindən
gətirilən bədii nümunələri olduğu kimi (bəzən
də cüzi dəyişikliklə) təqdim etməklə
kifayətlənirlər.
* * *
Keçən
əsrin 70-ci illərdə klassik mədəni irsin öyrənilməsində
başlanmış mərhələ ölkəmizdə
müstəqillik illərində möhtərəm Prezident
İlham Əliyevin respublikada rəhbərliyi dövründə
davam etdirilir. 2011-ci ildə bəşər bədii fikrinin
nadir hadisəsi olan Nizami yaradıcılığının əhəmiyyətini
nümayiş etdirmək məqsədilə şairin 870
illiyini qeyd etmək qərara alındı. Qərardan irəli
gələn tədbirlərin yerinə yetirilməsində fəallıq
göstərən Ədəbiyyat İnstitutunun alimləri bu
münasibətlə təşkil edilmiş beynəlxalq
konfranslarda fəal iştirak etmiş, elmi-tədqiqat
işlərinin siqlətini artırmağa başlamışlar.
Nizami
İnstitutu qarşısında
nizamişünaslığın tam həllini tapa bilməyən
problemlər də durur ki, bunlardan Nizami ensiklopediyasının
yaradılması, şairə həsr olunan respublika və beynəlxalq
miqyasda elmi konfransların müntəzəm keçirilməsi
və almanaxların nəşri ənənəsinin bərpası,
Nizaminin həyatının bəzi qaranlıq məqamlarını
işıqlandıran və onun milli mənsubiyyəti ilə
bağlı elmilikdən uzaq və qərəzli təhriflərə
və yersiz mübahisələrə son qoyan, elmi əsaslara
söykənən tərcümeyi-halının
yazılması kimi təxirəsalınmaz vəzifələri
xüsusi vurğulamaq istəyirik.
Ancaq bütün
bunlarla yanaşı, bu da bir həqiqətdir ki,
nizamişünaslıq elmimiz yeni-yeni sanballı elmi-tədqiqat
əsərləri ilə zənginləşməkdədir. Hazırda Nizami İnstitutunda şair haqqında
respublika və xaricdə aparılan tədqiqatları izləyib
münasibət bildirməyə qadir ərəb, fars və
Avropa dillərini bilən yeni nizamişünaslar nəsli
öz sələflərinin şərəfli işlərini ləyaqətlə
davam etdirirlər. Nizami İnstitutunun Qədim dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin nəzdində hələlik
4 əməkdaşı olan nizamişünaslıq sektoru
yaradılmışdır. Sektorun müdiri prof. Nüşabə
Araslıdır.
Sonralar şöbə
statusu alacaq nizamişünaslıq sektorunun yaradılması təşəbbüsü
Ədəbiyyat İnstitutunun direktoru akademik İ.Həbibbəyliyə
məxsusdur. Dahi Nizami irsinin öyrənilməsi
və təbliği ilə bağlı İsa müəllimin
planları genişdir: ölkə
nizamişünaslarının iştirakı ilə Nizami
ensiklopediyası hazırlamaq, xarici ölkə alimlərinin
Nizami haqqında tədqiqatlarını yenidən dəyərləndirmək,
Nizami və Azərbaycan və b. Böyük
enerji və həvəslə institutda işləyən alimlərin
elmi potensialını səfərbər edən İ.Həbibbəyli
sələflərinin Nizami irsinin öyrənilməsi sahəsində
fəaliyyətlərinin ənənələrini müstəqil
ölkəmizdə yaranmış yeni imkanlar daxilində
böyük mütəfəkkirə layiq şəkildə
davam etdirmək əzmindədir. Sektorun üzvləri
yaxın gələcəkdə respublika
nizamişünasları ilə birlikdə şairin lirik əsərləri
və “Xəmsə”yə daxil olan poemaları, yeni aşkar
edilmiş qədim əlyazmaları ilə tutuşdurub Nizami
irsinin yeni elmi tənqidi mətnini yaratmağı, şairin əsərlərinin
filoloji və poetik tərcümələrini orijinalla
müqayisə edib dəqiqləşdirməyi planlaşdırır.
Ədəbiyyat İnstitutu öz ənənəsinə
bu gün də sadiq qalaraq respublikada və ondan xaricdə Nizami
irsi ilə bağlı aparılan tədqiqatları istiqamətləndirməkdə
davam edir. Böyük şairin adını daşıyan bu
elmi-ədəbi müəssisə respublikada və ondan kənarda
Nizami əsərlərinin digər dillərə tərcüməsi
və öyrənilməsində iştirakı ilə də
vəzifəsini icra edir, dünya nizamişünaslıq elmini
yanlış mülahizələrin təsirindən
qurtarmağa çalışaraq dahi şairin zəngin irsinin
dərin bəşəri məna və poetik gözəllikləri
ilə tanınmasında aparıcı mövqe tutur.
Nüşabə
ARASLI
İmamverdi
HƏMİDOV
Ədəbiyyat
qəzeti.- 2014.- 28 fevral.- S.4.