Şairin dərdi

 

2014-cü il Şevçenko ilidir

     

Böyük şairlər xalqın vicdanıdır.

İ.Franko

 

Bir gün axşam bizə o, “Kor qadın” poemasını oxudu... Ah, bu zaman nələr keçirdiyimi sizə deyə bilsəydim! Necə hisslər keçirdim, fikirlərə düşdüm, qəlbim ağrıdı. Üz-gözümü tamam göz yaşları yumuşdu... Poema oxunub qurtarandan sonra haçandan-haçana özümə gəlib dedim: “Qlafira mənə söz verib ki, özünün ilk şəklini satanda pulunu mənə versin. O, sözünə əməl edən kimi mən həmin pula qızıl pero sifariş edib, onu sizə bağışlayacağam”.

Bu söhbəti “Kor qadın” poemasının ilk dinləyicilərindən biridekabrist S.Q. Volkonskinin yaxın qohumu V.N. Repnina Taras Şevçenko haqqındakı xatirələrində söyləyir. Onun şairə “qızıl pero” verib-vermədiyi məlum deyil, lakin Şevçenko qələminin qüdrəti bütün dünyaya bəllidir.

XIX əsr Ukraynası əzabları və arzuları ilə birlikdə bu böyük övladının — Şevçenkonun ölməz sənətində yaşayır. Dahi kobzar doğma xalqının müsibətlərini — onun əzəmətini də, miskinliyinigörür və ürək ağrısı ilə qələmə alırdı. Qələm onun yeganə təsəllisi idi. Bu həqiqəti şairin düşmənləri də bilirdi. Təsadüfi deyil ki, yazmaq və şəkil çəkmək sürgün zamanı Şevçenkoya qadağan edilmişdi. Dostlarına yazdığı məktublarda şair bu hökmü ən ağır cəza adlandırırdı.

“Mən bütün ruhum və canımla bu bədbəxt xalqın oğluyam...” deyən Şevçenkonun mövqeyi aydın idi. O, xalqın ən müqəddəs keyfiyyətlərini sadə adamların — yoxsulların zəngin mənəvi dünyasında axtarıb tapır və kövrək bir ürəklə də tərənnüm edirdi. Mənəvi paklıq onun sadə qəhrəmanlarının yeganə sərvəti, varı-dövlətidir, həm də təsəllisidir. Ancaq neyləyəsən ki, panlar Ukraynasında bu yeganə təsəlliyə də qəsd olunur. ŞevçenkoKor qadın” poemasında elə məhz həmin faciəni qələmə alır. Şairin bir sıra başqa əsərləri üçün də səciyyəvi olan bu mövzu təhqir edilən, alçaldılan xalqın dərdi idi.

Kor qadının taleyi onun qızı Oksananı da izləyir: ilkson təsəllisi — isməti təhqir olunurbu dəhşətdən qızın başına hava gəlir. “Havalı” Oksana birdən-birə tanınmaz olur; yerə, göyə, hətta Allahın özünə belə meydan oxuyur; Oksana ittiham edir. Qızın küfrləri ananı çaşdırır:

 

Nə deyirsən, aman, qızım?

Dua elə, canım-gözüm!..

 

Dua nədir, Oksana intiqam tələb edir; Oksana haqsızlığı külə döndərmək ehtirası ilə od tutub yanır, doğrudan-doğruya alovlanır və əbədiyyətə qovuşur.

Maraqlıdır ki, son səhifələrdə Oksana Şərqin Məcnunu kimi danışır. Məşhur Kəbə ziyarətini xatırlayın. Füzulinin Məcnunu qəlbində eşq binasının “daim” və “qaim” olmasını Kəbədən sidq ilə iltimas edir:

 

Çoxdur bəni-adəm içrə bidad,

Et könlümü vəhşət ilə mötad!

Bir mülkdə ver mənə qərarı

Kim, yetməyə adəmi qübarı!

 

Deməli: insanlar arasında zülm çoxdur, könlümü vəhşilərə bağla; mənə elə yerdə qərar tutdur ki, ora insanın izi-tozu belə yetməsin...

Zəmanə Oksananı da eyni nəticəyə gətirib çıxarmışdır. O, kimsəsiz anasına insanlardan uzağa — meşələrə getməyi, heyvanlara pənah aparmağı məsləhət görür:

 

Meşələrə gedək, ana! —

Canavarlar sevər bizi;

İnsana yox, tək heyvana

Danışarıq dərdimizi!..

 

Bu yaxınlığın səbəbi məlumdur. Dövr, şərait və milliyyət müxtəlif olsa da, hər iki faciə qəhrəmanını bir ümumi cəhət yaxınlaşdırır: ədalətsiz cəmiyyətə güclü nifrət, azad məhəbbət arzusu!.. Heyvanlardan kömək ummaq ümidi də bu duyğuların sarsıdıcı təsiri ilə yaranır və passiv şəkildə olsa da, cəmiyyətə etiraz kimi səslənirdi.

Ədəbiyyatlar arasında qədimdən bəri və çox müxtəlif variantlarda yaranan, yaşayan əlaqələri tədqiq baxımından bu cür paralelləri öyrənmək şübhəsiz ki, əhəmiyyətlidir.

Şevçenko şerinin təkcə məzmunu deyil, forması da Ukrayna xalqının ürəyindən qopan nəğmələrlə səsləşirdi. Şairin müasirləri el mahnılarını eşidərkən onun uşaq kimi kövrəldiyini, hətta gözləri yaşardığını xatırlayırlar. Bu məhəbbət Şevçenko poeziyasının canına-qanına hopmuş, bir xalq nəğməsi qədər həzin, təsirli qanadlı edib dillərə salmışdı. Böyük kobzarın az qala hər sətrində bu nadir məziyyət duyulmaqdadır. Şevçenkonun rusca yazdığı əsərləri , o cümlədənKor qadınpoeması da belə dərin bir xəlqiliklə yoğrulmuşdur onlarda elə məhz Ukrayna şairinin nəfəsi açıq-aşkar hiss olunur.

Şevçenko böyük bir xalqın dərdini yazmalı oldu. O, özü əsərlərinigöz yaşıadlandırırdı: “Ehtiyac məni məcbur etdi ki, çap olunmuş olunmamış bütün əsərlərimi satım. Onları alan başlayacaq çap eləməyə. Allah eləsin ki, heç olmasa bir yerə toplanmış göz yaşlarımı görə bilim”.

Kor qadın”ı da oxuyanda dahi Şevçenkonun — “bir xalqın vicdanınınağrılarını duyur, acı göz yaşlarını hiss edirik.

Dneprin suyu onun gözlərindən axırdı.

 

AyazFALI

 

Ədəbiyyat qəzeti.- 2014.- 28 fevral.- S.2.