Kor qadın
Poema
“Kim böləcək
mənimlə, kim —
Sinəmdəki dərdi-səri?
Yad ellərdə kimə
deyim
Mən bu doğma nəğmələri?..
Əsarətdə
yanıb şamtək
Sönürəm mən
bəxtiqara,
Həsrətimi burda gərək
Deyəm o lal divarlara.
Əsən külək,
nə olaydı
Söndürəydi
bu odumu;
Vətənimə yol
alaydı —
Aparaydı fəryadımı.
Aparaydı bu nəğməni
Sükut dolu evimizə;
Orda atam-anam məni
Oxşayıb can üzə-üzə.
Aman Allah, aman Allah!
Yer üzünün pənahısan!
Bir mərhəmət istərəm, ah! —
Bağışla hər günahı sən...”
Bu sözləri oxuyardı
Bir dilənçi — bir kor qadın;
Dünyalarca közü vardı
Ürəyinə düşən odun.
Mülkədarın axşamadək
Qapısını kəsirdi o;
Tək olurdu aylarla, tək —
Taleyindən küsürdü o.
Nə biləsən bu kənddə sən
Kim haraya baş alıbdır;
Nə gələn var, nə də gedən —
Gen otaqlar boşalıbdır.
Yola düşmür təzə bir iz;
Unudulan, unudan çox.
Günlər keçir səs-səmirsiz,
Bu sükutu pozan da yox.
Evlər oxşar qəbristana;
Qapıları başdaşıdır.
Sıxılıbdır ora ana,
Güvəndiyi göz yaşıdır.
Oxuyur o... kirpiyi nəm...
Dərd əlindən olub xəstə.
Cavan qızı — o bəxtikəm
Yatır onun dizi üstə.
Yatır sakit, həm də rahat;
Gözlərində bu dünya — sirr.
Ağlatmayıb onu həyat,
Hələ qəmdən xəbərsizdir.
Günəş qızıl səpə-səpə
Ərzə yayır öz adını;
Ukraynam da öpə-öpə
Əzizləyir övladını.
Doğrudanmı gilə-gilə
Yaş tökəcək gözü onun?
Ömrün ötən günlərilə
Gülməyəcək üzü onun?
O — gözəldir, anası — kor;
Kim baxacaq yazıq qıza?
Sevgi çağı hansı nankor
Güləcək bu günahsıza.
...................
Oksananı tutub yuxu,
Kəsilibdir həzin səsi.
Anasını üzür qorxu,
Dayanmayır zümzüməsi.
Külək vurur, budaq əsir,
Yarpaq düşür yerə tək-tək.
Ana qəlbi zağ-zağ əsir,
Qucaqlayır qızı bərk-bərk.
Onun-bunun bucağında
İtən ömrün barıdır o;
Xatirələr qucağında
Ötən ömrün barıdır o.
Adamları il uzunu
Sınayıbdır qəmli ana:
Ölüm alsa tək qızını,
Rəhm eləməz kimsə ona.
Yetişəndə kömək dəmi
Ayaqlarlar onu, heyhat!..
Anaların hicran qəmi,
Övlad eşqi onlara yad!..
Sözlərinə qulaq asın,
Dedikləri budur yalnız:
“Sədəqəylə dolanmasın
Yetim qalan bir gözəl qız.
Gərək təzə olsun donu;
Nimdaş hara, gözəl hara?!
Qızıllara tutub onu
Apararıq saraylara.
Nə dərd bilər orda, nə qəm;
Hüzurunda çökərik diz.
Özgə dünya özgə aləm
Göstərərik ona da biz.
Sonra... sonra...”
Sonra da ki,
Ətirlərdən məst olar, məst;
Fürsət ələ düşən təki
Edərsiniz eşqinə qəsd.
Qucağına atarsınız
Ovuc-ovuc qızılı da —
Gözlərini tutarsınız;
Dirigözlü düşər oda.
Sizin ötən dövrünüzün
Xəyalıyla içər, yaşar;
Dediyiniz olar bir gün:
Axır o da pozğunlaşar...
Ürəyini əzər nəsə...
Müqəssir ki, odur;
siz yox!..
Aşnaya nə verirlərsə
Verərsiniz; bəlkə də çox...
Lakin təmiz eşqi necə?
Saf qalarmı? — deyin barı?
Qayıdarmı bircə gecə
Onun qızlıq yuxuları?..
Bir zaman saf axan qanı
Durularmı yenə az-çox?
O səxavət sizdə hanı? —
Əlinizdən gələrmi? — yox!..
Adı ilə orda-burda
Oda-közə atıldığı,
Qürbətdə qan uda-uda
Heç neçəyə satıldığı
Əziz, doğma balasına
Nəzər sala bilərmi? — yox!..
Hər dərdinə, bəlasına
Şərik ola bilərmi? — yox!..
Onu əzəl eşqi ilə
Yaşamağa qoymazsınız;
Həsrətini bilə-bilə
Duymazsınız, duymazsınız.
Tək qalar o bəxtiqara,
Göz yaşından göllər olar;
Atarsınız səhralara —
Son məskəni çöllər olar.
Ana qəlbi dağlı qalar —
Balasını görən olmaz;
Yollar sanki bağlı qalar,
Xəbər-ətər verən olmaz
Əcəl gələr... ana ağlar...
Son mənzilə ötürərlər;
Tabutunu yad uşaqlar
Tənə ilə götürərlər.
Büküb zəif dizlərini
Can alanda ondan əcəl,
Yuxulayan gözlərini
Qapasaydı doğma bir əl
Balasını görə-görə
Yetişərdi ömrü sona;
Sallananda nəmli yerə
Dar gələrdi məzar ona.
Dünya da ki, ölüm-itim —
Ürək gərək dərdə
dözə.
Ağlayardı körpə yetim
Atasını gəzə-gəzə.
Payız fəsli... gün günorta...
Ah, torpağım... ah, vətənim...
Dərdim, qəmim arta-arta
Günüm səndə keçib mənim.
Ürəyimdə bəsləyirəm
Səni
ötən illər ilə;
Əzizləyir, səsləyirəm
Şirin-şirin dillər ilə.
Axtarıram... elə bil ki,
Qaranlıqda itən izsən;
Sən ki, məsum uşaq təki
Bu dünyadan xəbərsizsən.
Mən isə yox... axı bir az
Həyat ilə döyüşmüşəm
Görən olsa heç tanımaz —
Tamam-kamal dəyişmişəm.
Almayıram dərdi satın,
Üzülmüşəm fikirlərdən;
İnsanların və həyatın
Öyrənmişəm sirrini mən.
Yürüş edib üstümə qəm,
Könlümə də min qəsd olub.
İndi daha sevməyirəm —
Qəlbim, eşqim şikəst olub.
Ürəyimi dondurubdur
Qürbət elin buzu, qarı;
Lakin yaxıb-yandırıbdır.
Ukraynamın sədaları.
O səslərdə duyuram mən
Baharlı, xoş günlərimi;
İntizarla sayıram mən
Ağır və boş günlərimi.
Ukraynamla görüşürəm —
O, yarama məlhəm olur;
Həsrətimi bölüşürəm —
Kirpiklərim hey nəm olur.
Çağırıram... hay verən yox...
Vətənimdə hamı kardır.
Sevdiyimi bir görən yox —
Nə özü, nə səsi vardır.
Yatıb orda hamı, yatıb —
Ürəklər də pis olub, pis;
Mən onları bir-bir atıb
Qalmışam tək və kimsəsiz.
Günortadır... payız fəsli.
Çölü-düzü günəş
döyür.
Yarpaqların üzü paslı —
Yerə düşür... nəsə
deyir.
İnsanlara nəsə deyir
Ötüb keçən illər haqda.
Kor qadınsa qızıyla bir
Oturubdur bir bucaqda.
Uşaq yatır lap yanında.
İnildəyir könül simi —
Nəmli Misir zindanında
Dustaq qalan Yusif kimi.
Odur onun başı üstə
Lay buludlar örtür qara;
Ukraynadan dəstə-dəstə
Durna köçür uzaqlara.
Quşlar uçur, uçur... doymur;
Gəzir pərvaz edə-edə,
O qadını bəs nə qoymur
Burdan yaxşı yerə gedə?..
Ah... görəsən nədir bu sirr?
Niyə çıxmır qəmxanadan?
Qızına da bir söz demir;
Dərd içində qan udur, qan.
Düşür yada qızlıq vaxtı,
Gülümsəyir hərdən
üzü.
Qaraldıqca qara baxtı
Əriyir o işıq izi.
Qovaqlar da pıçıldaşır
Ötənlərin şahidi tək;
Sarmaşıqlar aşıb-daşır
Bir kötüyü bürüyərək...
Onlardan ki, yığın-yığın
Atıb zaman çoxdan bəri;
Bunlarmıdır o yazığın
Unudulmuş şahidləri?
Hər şey susur... o oxuyur
Həzin-həzin, yavaş-yavaş;
Qəlbində min ağrı duyur,
Gilələnir gözündə yaş.
Keçən günün sevinc dəmi
Nə xoş imiş, nə müqəddəs...
Ötənləri nəğmə kimi
Yada salır bu qəmli səs.
Bu səs — onun könül varı,
Ürəyindən sızır, gəlir;
Bu səs — əvvəl olanları
İndi bir-bir yazır, gəlir.
Yazıq qadın neçə kərə
Dodağında dua-səna
Gözlərini dikib yerə
Başlayıbdı mahnısına:
“Nəğmə, nəğmə, qəm nəğməsi!..
Həmdəmisən könlümün ah!..
Qopur ömrün tufan səsi;
Sən sakitsən... sənə pənah!..
Gecə-gündüz aram-aram
Ağlayıb mən bəxtiqara
Səni... səni oxuyuram —
Ötürürəm uzaqlara.
Amma külək... o bərk külək
İndi əsir asta-asta;
Elə bil ki, bir insantək
Yas saxlayır itən dosta.
Elə bil ki, öyrətdilər —
Eşitməyir o da məni;
Aman Allah, nə etdilər? —
Kim aparsın bu nəğməni?..
Ürəyimdən keçib qanlar
Dərdə tənha dözə-dözə;
Ay insanlar, ay insanlar,
Neyləmişəm, axı, sizə?
Sevdim... sonra doydum cana...
Sizdən nələr çəkdi başım?..
Çox yalvardım yaradana;
Yanağımı yudu yaşım.
Möhnət ilə, qəhər ilə
Parçalandı canım mənim.
O siz verən zəhər ilə
Zəhərləndi qanım mənim.
Sızıldadım için-için;
Bala dərdi ürək yaxır.
Duam üçün, sevgim üçün
Təhqir oldu haqqım axır.
Bağışladım yenə sizi...
Pozulmadı köhnə andım.
İllər keçdi... körpəmizi
Sədəqəylə dolandırdım”. —
Bunu deyib axıtdı yaş;
Hıçqırdı son sözlərini.
Oksana da yavaş-yavaş
Açdı qara gözlərini.
Ana baxdı... yaş ələndi;
Həqiqətmi yoxsa bu da?
Göyə çıxdı, yerə endi
Cavan qızın yuxusu da...
Sonra yenə yorğun-yorğun
Gözlərini ovuşdurdu;
Yuxu gəlib oğrun-oğrun
Kirpiyini qovuşdurdu:
“Nə qəribə yuxudur bu —
Həm gülməli, həm də canlı...”
Sardı qızı bu saf duyğu —
Qızartılı, həyəcanlı...
“Hava soyuq... qarışır şər..
Az qalır ki, adam dona.
Bir az keçər, axşam
düşər.
Dərdini de mənə, ana!..
Qoy bilim ki, nədir bu sirr,
Bir eşidim sözlərini,
Yaş axıdım səninlə bir!” —
Deyib sıxır gözlərini.
“Ağlayırsan... bağışla ki,
Sənə heç nə deməmişəm.
Çoxdan yağan yağış təki
Qurudar qan-yaşımı qəm.
O acı su — könül varı,
Bal yuxunu pozmaz, qızım;
Bəxtini də başqaları
Deyər sənə körpə quzum!..
Ötər aylar, ötər illər,
Min ehtiyac tutar səni;
Pis adamlar, yaman dillər.
Dərd içinə atar səni.
Nə biləsən hiylə nədir,
Eşqi necə itirərlər?
Ürəyindən
sevginlə bir
Yaxşı nə var götürərlər.
Ağlama yox, Oskana, yox!” —
Deyə ana sızıldayır;
Ürəyində yarası çox,
Bir ah çəkir, gizildəyir,
Oksananı tutur dilə:
“Ağlama, yox... yat, ay bala;
Ağlamağın tezdir hələ,
Yat, yuxuya bat, ay bala.
Gələr ömrün bahar çağı
Anlayarsan onda məni.
Gözdən axar ürək yağı —
Həyat deməz sən deyəni”.
“İndi niyə deməyirsən?
Ana, ana, nədir yenə?
Səninlə bir olanda mən
Şirin gəlir dərd də mənə!..
Dolu könül, dolu sinə...
Yükü vardır zindan kimi.
Səndən başqa özgəsinə
Boşaltmaram ürəyimi.
Amma bircə ağlama sən;
Yalvarıram, ağlama tək.
Dağsan, nəsən? — üzülərsən;
Həsrətini gəl bölüşək.
Düşünmə ki, azdır yaşım;
Bir köməkdir, işdir bu da.
Ah, qulaq as, qoy danışım —
Nə görmüşəm mən yuxuda:
Görürəm ki, biz bir anlıq
Meşədəyik... sıx meşədə.
Gah işıqdır, gah qaranlıq.
Sən yox oldun bir guşədə.
Tənha qalıb qaçıram mən,
Ağlayıram: “ana, ana!”
Yolum düşür kənd içindən —
İnləyirəm yana-yana.
Hicran yükü ağır gəlir,
Büdrəyirəm, yıxılıram.
Camaat da baxır gülür;
Gülür...
yanıb-yaxılıram.
Necə baxım üzlərinə?
Utanıram günahkartək.
Ataman da dönə-dönə
Hədələyir məni bərk-bərk.
Amma oğlu... cavan oğlu
Əl eləyir... gedirəm mən.
Başındanmı çıxır
ağlı? —
Birdən tutur biləyimdən.
Nələr deyir, görün nələr:
“Böyümədin çöldə niyə?
Niyə səni göy meşələr
Səsləmədi “qızım” deyə?
Ürəyimdə solacaqdır
Gizli, təmiz məhəbbətin.
Demək çətin olacaqdır,
Evlənməksə daha çətin.
Yoxsa hamı gülər bizə
Bir əskik iş tutmuş təki.
Oğul gərək buna dözə!” —
Deyib elə bərk öpdü ki...
Öpdü... həm də sən kimi yox...
Tez ayıldım, baxdım yana.
Bu nə təhər yuxuydu, ox...
Yaxşıdır, ya pisdir, ana?..
İstəyirəm biləm bunu;
Ah çəikrsən amma yenə.
Demirsən nə olduğunu —
Qorxursanmı? Söylə mənə...
Pisdirsə bu, neyləməli,
Məskənimiz olar meşə;
Uzananda dərdin əli
Bir sıxarıq biz həmişə.
Hə, nə oldu, danışırsan?”
— Danışıram, — dedi ana, —
Qan ağladım, nə qədər qan!..
Yığılmışam daha cana.
On beş olub indi yaşın;
Qabaqdadır ömrün çoxu.
Nə çəkəcək,
qızım, başın? —
Dəhşətlidir o bəd yuxu...
Çöllərə bax, düzlərə bax;
Unut məni bircə kərə.
Mənim kimi sən də ancaq
Dərdini de küləklərə.
Gecəm qara, günüm qara;
Gözüm yaşla doldu mənim
Tək onlara... tək onlara
Etibarım oldu mənim.
Onlar da ki, əl tutmayır;
Könül yaxır gözüm
yaşı.
Göz yaşımı qurutmayır,
Parçalanır bağrım
başı.
Oksana, gəl dinlə yenə —
Sidq ürəklə indən belə
Bir özünə, bir də mənə
Dar ayaqda dua elə.
Camaatın güzəranı
Keçir indi yalan ilə.
Bir ədalət varmı, hanı? —
Uyma, qızım, yalan dilə.
Dilə-dişə salar məni,
Öldürər o... öldürər o...
Hər gələni, hər gedəni
Gülüm, sənə güldürər
o.
Axtararsan həqiqəti:
Haqqın nədir, günahın nə?..
Tapmayınca bu hikməti
Yaş tökərsən gilə-gilə.
Gəl danışım olanları —
Sevinci var, əzabı var;
Gördüyümü eşit barı
—
O sənə də bir dərs olar...
Ata-ana görmədim mən,
Bir yad evdə doldum yaşa.
Özgə məni əzəl gündən
Övladıyla tutdu qoşa.
Anamın da, deyirlər ki,
Son arzusu bu imiş, bu:
O evi bir övlad təki
Tərk etməyim ömrüm boyu.
Yazıq arvad
gözü məndə
Bu dünyadan eləyib köç.
Uşaq idim o öləndə,
Adını da bilmədim heç.
İllər ötdü, böyüdüm mən,
Gözəlləşdim gündən-günə.
Elə oldu neçə yerdən
Elçi gəldi dönə-dönə.
Nə biləydim qismətimi?..
Düşdüm dilə, düşdüm dilə...
Əzizləyib ismətimi —
Fəxr elədim hüsnüm ilə.
İstəmədi bunu heç kim
Min iztirab qaldı mənə;
Ucuz şeyə sevinməyim
Baha tamam oldu mənə.
Əriyirdi çölün qarı.
Təbiət o ağır ayda
Aldı qoca mülkədarı;
Bir cavanı gəldi yayda.
Cavan ikən düşdüm oda,
Həyat verdi öz
hökmünü.
Lənət ilə saldım yada
Doğulduğum o nəs günü.
Bilirsənmi niyə, gülüm?
...Biçin idi... getdik çölə.
İşdən sonra, ömrüm-günüm,
Qayıdırdıq deyə-gülə.
Yeriyirdim qabaqda mən:
Yeriyirdim kəndə sarı.
Tac hörmüşdüm sünbüllərdən;
Gördük cavan mülkədarı.
Dözərdimi onu görən?
Baxdı mənə gülə-gülə.
Titrədim mən, vuruldum mən —
Bir könüldən min könülə.
Nələr duydum sevən zaman?
Sevgi mənə gör neylədi...
Rahatlığım getdi, aman!..
O da məni tərk eylədi.
Sevdim...
gördüm
üçüncü gün
Qəsrdəyəm, hökmüm də
var.
Bir müddət də mənim üçün
Əldən getdi qulluqçular.
Bir səhər nə gördüm?..
bəli,
Otaq bomboş... otaq bumbuz.
Elə bil ki, qışın əli
Ürəyimə duz tökdü, duz.
Nökər-naib qovdu məni;
Allah bilsin, onlar bilsin.
Çəkib qapı-pəncərəni
Güldülər də
xısın-xısın.
...Of, Oksana... mən bu dərdə
Necə dözüm?.. Aman,
qızım!..
Yaxşı paltar geyənlər də
Yaman olur, yaman, qızım!..
Ömrü-günü heç eylədim;
Yaş axıtdım... can əridi.
Eldən-elə köç eylədim —
Qabağımca dərd yeridi.
Neçə kəndi ayaqladım,
Üstümə də
çığırdılar.
Onlar güldü... mən ağladım.
“Dəli” deyib çağırdılar.
Gəzdim, gördüm... düşdüm oda;
Yoxa çıxsın yoxsul adı.
Ah... bu doğma Ukraynada
Mənə bir yer tapılmadı.
Meşədə, ya çöldə
gecə
Qalsa idim, nəydi dərdim?..
Barı orda istəyimcə
Oxuyardım, inləyərdim.
Axı, özü qəmlisə də
Qəm azaldır nəğmə yenə.
Oxumağı, hər nəsə də,
Öyrətdi bir qadın mənə.
O da kordu, dərdi-səri
Artıq idi məndən betər.
O dediyi nəğmələri
Deyəcəyəm qəbrə qədər.
Eşit, qızım, eşit məni,
Düşəcəyəm dildən,
axı.
Yadda saxla bu nəğməni;
Oxu, mənim kimi oxu...
Yaz da gəldi bizim yerə;
Pay gətirdi dərdi mənə:
Sevincini özgələrə,
Göz yaşını verdi mənə.
Yavaş-yavaş, ağır-ağır
Gəlib çıxdım bir xutora.
Sən dünyaya gəldin axır...
Düşdün yerə —
düşdün tora.
Sən ağladın... gəldi səsin,
Sevindim ki, qızım oldu.
Allah bilir, saf nəfəsin
Eşqim oldu, arzum oldu.
O fərəhi necə deyim;
Az qalır ki, ağlım çaşa.
Analardan özgə heç kim
Elə sirri düşməz başa.
Yazıqlar o qadına ki,
Söyüd kimi barsız olur.
Gülüm, səni görən təki
Könlümə min arzu dolur.
Küsüb gedən səadətim
Sən gələndə gəldi mənə,
Qayıtdı hər xoş adətim,
Günəşlə bir durdum yenə.
Getdin şirin yuxuya sən
Döşümdən süd əmə-əmə;
Gül yığdım ki, hərdən-hərdən
Batmayasan dərdə-qəmə.
...Mahnı dedim dönə-dönə,
Öpdüm səni, öpdüm səni.
Nə oslun ki... bəxtim yenə
Demədi ki, mən deyəni.
Fəxr eyləyə bilmədim heç,
Gözəl balam, hüsnünlə mən;
Günahımdan sən özün keç,
Xəbərin var təkliyimdən.
“Ana!” dedin ilk dəfə sən;
Dodağında gəzdi adım.
Böyüsən də, səni bəzən
Kənd içinə
çıxarmadım.
Məni elə görsəydi kim
Çəkinməzdim əsla belə.
Dəyişmişdim... dəyişmişdim
Utanmağı sevgi ilə.
Amma, gülüm, eşit barı,
Niyə qəmli baxırdım mən:
Deyib-gülən uşaqları
Göstərməyə qorxurdum mən...
Of, Oksana, düzü budur,
İsmətin də, hüsnün də var;
Amma məni çox qorxudur
O gördüyün pis yuxular.
Oksana
Ana, məgər yuxum mənim
Fəlakətdən verir xəbər?..
Kor qadın
O yuxudur qorxum mənim;
Ağır nə var onun qədər?..
Sən də, gülüm, adamlara
Bir az yaxın olan kimi —
Varlığını çəkib dara
Çalacaqlar ilan kimi.
Tutub onlar gedən izi
Gedəcəksən — getdiyimtək;
Mən öz doğma evimizi
Bir zaman tərk etdiyimtək.
Oksana
Axı sən ki, bilməyirdin
Belə günlər gələcəkdir;
Pis adamlar qəlbində kin
Sənə baxıb güləcəkdir.
Bilmirdin ki, səni sevən
Atacaqdır eşqinlə bir...
Ana, ana, qorxuram mən,
Bu nə təhər faciədir?..
Hanı mənim nankor atam?
Deyirdin ki, burdadır o?
Gözləyirəm gözümdə kam;
Hardadır o, hardadır o?
Səni atıb çıxıb gedib,
Görünür ki, gəlməyəcək.
Bir könülü yıxıb gedib,
Onun üzü gülməyəcək...
Vəfası yox, ilqarı yox...
Onu niyə sevdin, ana?
Dayanmayaq bu yerdə çox —
Gedək, gedək lap o yana...
Kor qadın
Of, Oksana!.. hara
qaçaq
Adamların əlindən biz?
Atan gələr... yollara bax.
Gələr... gələr o,
şübhəsiz,
Gələr axır, bir görərəm;
Gözləyirəm onu mən də...
Sakit, rahat can verərəm
O gələndə, o gələndə...
Ana susdu... o günahsız
Baxdı yola xəstə-xəstə.
Qəmli-qəmli baş qoydu qız
Onun isti dizi üstə.
“Yat, ay bala, — dedi ana, —
Həzin nəğmə deyim sənə.
Mən oxuyum yana-yana,
Sən də məni dinləsənə!
Təbiət də budur, yatıb;
Ağlamağın at daşını.
Qoy danışım necə satıb
Doğma qardaş, qardaşını”.
Xumarlandı körpə sona,
Kirpiyindən asıldı daş.
Üz-gözündən öpüb ana
Belə dedi yavaş-yavaş:
“Muğayat ol, gözəl mələk,
Sən qurbanı olma şərin;
Uzaq olsun hiylə, kələk...
Şirin olsun yuxun, şirin.
Könlüm qədər gün saf deyil,
Yaradanın tək gözəli;
İnsaf deyil, insaf deyil
Sənə dəyə düşmən əli.
Gül üzündən muğayat ol,
Soldurmasın zaman, qızım;
Gəl özündən muğayat ol,
Öldürməsin yaman, qızım!”.
Axır gəlib keçdi günlər;
Yenə gəldi kəndə bahar.
Nə xəbərsiz köçdü günlər...
Yandı günəş, əridi qar.
Gəldi... qışı ötürdü yaz;
Həyat qaynar oldu yenə.
Gedənləri gətirdi yaz —
Boş imarət doldu yenə
Mülkədar da döndü geri;
Döndü ki, bir fəsil qala.
Yerlər də ki, onun yeri...
Ayrı düşdü ana-bala...
Evdə qaldı Oksana tək,
Özü yandı öz oduna.
“Getsin gərək... getsin gərək!—
Dedilər o kor qadına. —
Getsin... burda dolanmasın;
Eşitməyək ahu-zarın.
Səhər-axşam dilənməsin
Qapısında mülkədarın”.
Bu xəbərə, sözün düzü,
Sevindi o yazıq ana.
Düşündü ki: “Balam özü
Rahat olar...
Of, Oksana!..
Çölə çıxsa izlənər
o.
Qalar evdə, qalar... qalar.
Yaman gözdən gizlənər o;
Xoşbəxt olar, xoşbəxt olar...”
Belə deyib durdu daha,
Durdu yola çıxdı qadın
Gedə-gedə tək Allaha
Tapşırdı o tək övladın.
.......................
Çil-çıraqlı bir gen otaq;
Oturubdur Oksana tək.
Geyindiyi parçaya bax:
Üstü gül-gül, çiçək-çiçək.
Amma qızın gülmür üzü;
Güzgüyə də baxmayır
heç.
O nökəri... o kənizi...
Aylar belə eləyir köç.
Mülkədarı qan tutur, qan;
Daş-qaş verir, ah çəkir o:
“Nə “ata” de, nə də ki, “pan” —
Deyib qıza diz çökür o.
.........................
“Niyə belə oldu, axı?” —
Deyib qız da hey ağlayır.
Bülbül, oxu; bülbül, oxu;
Yer ağlayır, göy ağlayır.
...Kor qadınsa düşüb qalıb
Uzaqlarda səs-soraqsız.
Bilməyir ki, çaşıb qalıb
Pis adamlar içində qız.
Aylar ötdü, arzuları
Ürəyində oldu tələf.
Düşdü yerə qışın qarı;
Ana döndü kəndə tərəf.
Yorğun-yorğun yeriyirdi,
Dərdi vardı yüzlər ilə.
Oğrun-oğrun yeriyirdi
Köhnə, tanış izlər ilə.
Burdan gedib o, keçən yaz;
Sinəsində nə qədər sirr.
Bir səs gəlir... Durur bir az,
“Of, Oksana!..” — deyib
əsir.
O yerdə ki, neçə illər
Yaş axıdıb yazıq ana —
İndi orda qalıb inlər
Tək Oksana... tək Oksana...
Uşaq alıb qucağına,
Elə bil, o qaragünlü.
Baxıb qanlı bıçağına
Pıçıldayır kinli-kinli:
“Bala, aram ol, aram;
İndi kökə yaparam.
Bişər... balla yeyərik,
Pana “əhsən” deyərik.
Kor qadın
Hayandasan, Oksana?
Oksana
Suss!..
Oğlum yatır; ah, ana, suss!..
(Oxuyur)
“Layla, layla...
Yat, ay bala,
Qalın meşə içində;
Gedim çöldən
Pay alım mən,
Gülüm, sənin üçün də.
Layla, layla...
Yat, ay bala,
Yoldan bir az kənar yat;
O əl-ayaq
Olsa da ağ,
Sındırar bu camaat.”
Aha, yatdı... bir bax ora,
Qapqaradır, lap qapqara!..
Kor qadın
Hayandasan, of, Oksana?
Nə üz verib, qızım, sənə?
Oksana
(Cəld ona yaxınlaşır)
Sən hardasan? Buna bax a...
Pan ziyafət qurur yenə.
Yox, pan orda olmayacaq;
Ölüb... ondan gözünü
çək.
Mən yandırdım onu ancaq;
Gedək, gedək rəqs eləyək...
(Oxuyur və oynayır)
“Ay dərmanım, ay dərdim —
Gözəl qızlar, a qızlar!
Bir gül əkdim, “Vay!” — dərdim;
Yaram sızlar, a qızlar!
Qulağımda sırğa var,
Xatirədir kazakdan.
İlan kimi, sırğalar
Fışıldayır uzaqdan.”
Kor qadın
Oksana!.. Ox, yazıq qızım!
Belə sözlər demə daha.
Qorxuludur onlar, quzum! —
Dua elə sən Allaha...
Oksana
(Oxuyur və oynayır)
“Kazak, getmə meşəyə;
Getmə, əzizim, mənim.
Düşərsən əndişəyə,
Ay canım, gözüm mənim.
Cadugərlə nəyin var? —
Bərk ayaqda itər o;
Qonur gözü yandırar,
Qara qaşı ütər o...”
Kor qadın
Aman, qızım, düşün barı,
Oxuduğun sözlər nədir?
Gedək qonşu kəndə sarı;
Burda məni qorxu didir.
Oksana
Burda, sanki od içində
Ayaqyalın gəzirəm mən.
Kəndə gedək... kənd üçün də
Nələr üzüb-düzürəm
mən.
Gedək orda gecələyək;
Orda harda gecələyək?
Evə bizi kim buraxar,
Qorxmayırmı bizdən hamı?..
Qorxsun... nə çox canavar var —
Onlar tutar ilticamı.
Meşələrə gedək, ana;
Canavarlar sevər bizi.
İnsana yox, tək heyvana
Danışarıq dərdimizi.
Yadındamı, dedin mənə...
Nə deyirdim?.. Unutdum, ax...
Xəyalımdan keçdi yenə;
Qonur gözlü kazak... kazak...
Sevdim onu ...sevdi məni...
Gecə gəzdik göy bağları;
Unutmaram o gecəni,
Unutmaram o çağları.
Taleyimə deyim, nə?
Yoluma gül səpirdi o;
Oxşayırdı sevə-sevə,
Oxşayırdı... öpürdü o.
Bir sehirli könül simi
Bağlamışdı ona məni;
İndiyədək onun kimi
Öpməmisən ana, məni...
Kor qadın
Apar məni tez bir yana!..
Oksana
Dayan, dayan... hara gedək?
Bataqlığa, ya ormana?
Bir yer varmı ora gedək?..
Kəndə gedək...
o kəndə ki,
Kol-kosları pöhrə atır;
Məzarında könlüm təki,
Sevgim yatır, eşqim yatır.
Kor qadın
Gedək, tez ol. Xaç çək,
bala...
Oksana
Xaç da çəkdim dönə-dönə.
Qaldım gözü dola-dola;
Eşitmədi Allah yenə.
Unutmusan bəlkə də sən...
Bilirsənmi, söylə, nəyi? —
Yadındamı körpə ikən
Öyrədərdin qan əmməyi?..
Kor qadın
Nə deyirsən, aman, qızım?!
Dua elə, canım-gözüm!..
Oksana
Hə... bilirəm nə deyirəm.
Yadındamı gözündə qəm
İyirmi il üşənmədən
Yatdın hasar dibində sən?
Gedək ora... səs-səmirsiz.
Üfüq qana boyanmamış;
Gedək orda oxuyaq biz
El yuxudan oyanmamış,
Oxuyaq ki, neçə-neçə
Döyüşlərə gedib kazak;
Təzə eşqə düşüb necə,
Köhnəni tərk edib kazak.
Xoşdur axı, töküb oda
Eşq ətirli gülləri sən
Dolanasan pay-piyada
Özgə, uzaq elləri sən.
(Astadan oxuyur)
“Keç Dunayı, keç Dunayı,
qayığım;
Saf suların sinəsində üzüm mən.
Kazakların gülüşündən pay
yığım,
Ölənlərin meyitiylə gəzim mən!..”
Bura bax bir, mənə!.. mənə!..
Tez ol gedək!.. Getmə yox, dur!..
Aman Allah, qaldım yenə;
Başmaqlarım hanı? — yoxdur.
Çox bahadır onlar, baha...
İtib itsin... nə eybi var.
Məzara ki, şükr Allaha,
Onlarsız da getmək olar.
(Oxuyur)
“Bir quşcuğaz qanad çaldı,
Uçdu çaydan o taya;
Qanad çaldı,
lələk saldı
Bizim sakit Dunaya.
Sular axır düz, ay lələk,
Üz, ay lələk, üz ay lələk!..”
Dayanmışdım lal kimi mən,
Nəsə dedi, öpdü oğlan;
Of, əzizim, bilirmisən
Necə dillər tökdü oğlan...
Gəl, gəl, ana, gedək çaya;
Çimək, bir az sakitləşək.
Günümüzü saya-saya
Üzək suda bir durna tək.
“Xoşdur quşa
səmalarda
Uçduqca hey uça yenə;
Lakin ömrü belə darda
Keçirməyim xoşdur mənə.
Məhv oluram yana-yana —
Günahımmı çoxdur mənim?
Yox, bilirsən, ana, ana! —
Bir təqsirim yoxdur mənim.
İnanmışdım mən hamıya;
İllər keçdi... heç kəs amma
Bu sidqimi duya-duya
İnanmadı inamıma...
İndi daha keçmiş ola!..
Bax, bax, odur, ilan uçur...
Uçur, uçur sağa, sola;
İnsanları çalan uçur.
Öldürərəm onu!..
Aha...
Öldü... oldu sonu...
Ha!.. ha!..
Bunu deyib gözəl pəri
Əldə bıçaq qanadlandı.
Dalğalandı hörükləri;
Oda düşdü... yandı, yandı...
Alov tutdu, yerə çökdü;
Qışqırığı
çıxdı göyə.
Ana qorxdu, xaç da çəkdi
— “Amin, amin, amin!” — deyə.
Gurultular baş apardı;
Divar uçdu birdən-birə.
Ağlar gözü yaş apardı —
Uğuldadı, susdu dərə.
Üzə vurdu tüstü və qar,
Alov oldu dilim-dilim;
Yazıq ana qaldı naçar
Sızıldadı
zülüm-zülüm.
Gəlmədi qız... gəlmədi qız...
Dözmədi tək qalınca o;
Nəsə dedi ixtiyarsız
Yaradanın dalınca o.
Kəndi qoydu yana-yana;
Getdi gözü nəmli-nəmli.
Dayanmadı... getdi ana...
Pıçıldadı qəmli-qəmli:
“Kim böləcək mənimlə, kim —
Sinəmdəki dərdi-səri?
Yad ellərdə kimə deyim
Mən bu doğma nəğmələri?..”
Taras
Şevçenko
Tərcümə
edəni:
Ayaz
VƏFALI
Ədəbiyyat
qəzeti.- 2014.- 28 fevral.- S.3.