Bircə sən bilirsən

 

Tanrı, unudulmaq - o bəxt işidi,

Kim bələd deyil ki, sənin gücünə.

Məni ağrıların əlindən alıb

Atma xumarlanan ömür küncünə.

 

Onsuz da qanlıdı mənlə xatirə…

İşıq axtarıram kölgə içində.

Alın qırışlarım sual xətləri,

Cavabı döyünür bəlkə içində.

 

Küsülər uzanır hələ arada,

Bağışla, özümlə yola getmirəm.

Bircə sən bilirsən barışıq yolu,

Dərdlə yerisəm , yolla getmirəm.

 

Dünya dediyimiz yer

 

Dünya dediyimiz yer,

Dar imiş bu köynəyə

Qara gündə bəxtə bax,

Ölüm durmur yiyə

 

Düşdüm dumana, düşdüm,

Bir təbəssüm doğmadı.

Nədən doğma sözündən

Ögey sözü doğmadı?

 

Gözlər qürbət içində

Boylanıb baxsın hara?

Hər dərdimdə Araz var,

Bilir ki, axsın hara?

 

Hamı köz ovçusudu,

Tüstülər udanı kim?

Canı ağrıyan Vətən,

Unutmur bu canı kim?

 

Dünya dediyimiz yer,

Ana qəbri göynədir.

Təzələnir günahı,

Xasiyyəti köhnədir

 

«Sim-sim» desəm

 

«Sim-sim» desəm açılmaz

Daha nağıl qapısı

Ovcunda torpaq tutub

Dərdlərimin hamısı

 

Hansı sirrin üzünə

Adam qorxusu düşüb?

Mürgü döyən yolların

Yatmazyuxusu düşüb.

 

Qapanan gözlərdimi

Açılmayır günahı?

Qaranlıqda azdırır

Yenə kimsə sabahı

 

İndi qanın oyanan,

Qanın fürsət vaxtıdı.

Buludları küsdürən,

Bu bəxt Şuşa bəxtidi.

 

…«Sim-sim» desəm açılmaz

Daha nağıl qapısı

Ovcunda torpaq tutub

Dərdlərimin hamısı

 

İnqilab İsaq

 

Ədəbiyyat qəzeti.- 2014.- 28 fevral.- S.7.