Tofiq Abdin
Azərbaycan ədəbi
ictimaiyyətinə ağır itki üz vermişdir.
İstedadlı publisist, şair
və jurnalist, əməkdar mədəniyyət
işçisi, Beynəlxalq Rəsul Rza Mükafatçısı Tofiq
Abdin qəflətən
dünyasını dəyişmişdir.
Tofiq Məhərrəm oğlu
Abdinov 1941-ci il sentyabrın
1-də Salyan rayonunun
Qırmızıkənd kəndində anadan
olmuşdur. Orta məktəbi
bitirdikdən sonra "Bolşevik"
kolxozunda sıravi işçi,
kənd kitabxanasının müdiri vəzifəsində
çalışmışdır.
1960-cı ildən başlayaraq onun həyat və
yaradıcılığı Bakı ilə bağlı olmuşdur. O, 1960-1966-cı illər
Bakı Komvol fabrikində usta
köməkçisi vəzifəsində
çalışmış, eyni zamanda Azərbaycan Dövlət İncəsənət
Universitetinin Teatrşünaslıq
fakültəsində qiyabi təhsil
almışdır. 1967-ci ildə qiyabi təhsilini
başa vuran Tofiq Abdin Azərbaycan Sovet Ensiklopediyasında korrektor,
kiçik redaktor
vəzifələrində işləmişdir.
1968-ci ildən isə
Tofiq Abdin "Qobustan" jurnalında
çalışır. Həmin illər onun
yaradıcılığının ən məhsuldar dövrü idi. Burada teatr və kino redaksiyasının müdiri
vəzifəsində böyük işlər
görür. Səriştəli mütəxəssislərlə
yanaşı, jurnalın ətrafına istedadlı gəncləri
yığır. O, istedadlı jurnalist və
sair kimi nüfuz qazanır. Həmin illərdə
"Etüd", "Nəğməli
gecələr", "Ata sevgisi", "Bəlkə bir
də görüşdük", "Sahilsiz dünya",
"Bəşir Səfəroğlu", "Səhərimiz
ayaq açır" və s. bu kimi
ədəbi, publisist kitabları
işıq üzü görür.
Naxçıvan Poeziya Teatrında Rəsul
Rzanın şeirləri əsasında
hazırladığı “Bir gün də insan ömrüdür” kompozisiyası tamaşaya qoyulur.
Bir müddət Türkiyədə
çalışan Tofiq 2001-ci ildən doğma jurnalı olan
"Qobustan"a
qayıdır. Burada 2005-ci ilə kimi məsul katib vəzifəsində
işləyir, həmin jurnalda maraqlı
yazılarla çıxış edir.
Sonrakı illər Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyində
aparıcı məsləhətçi, "Mədəniyyət"
qəzetində baş redaktorun
müavini, "Xəzər"
jurnalında baş redaktor
müavini işləyir.
Bütün bu vəzifələrdə
çalışmaqla yanaşı, istedadlı qələm sahibi respublika mətbuatında
bir-birindən maraqlı yazılarla çıxış edir, cəmiyyətdə, ədəbi ictimaiyyətdə
gedən proseslərə biganə qala bilmir. Eyni zamanda
"Poeziya", "Proza"
adlı kitablarını nəşr etdirir.
O, Türkiyədə
çalışarkən "Orta doğu" və "Asiya"
qəzetləri ilə əməkdaşlıq etmiş,
son zamanlar isə
"Ədalət" qəzetində Türkiyə ədəbiyyatını
təbliğ edirdi.
Tofiq Abdin gözəl ailə
başçısı, sədaqətli dost
idi. Bütün bu keyfiyyətlərinə görə o, cəmiyyətdə böyük
nüfuz qazanmışdı.
İstedadlı qələm
sahibi, səmimi və təvazökar insan Tofiq Abdinin
xoş xatirəsi onu
tanıyanların və ədəbi ictimaiyyətin qəlbində
daim yaşayacaq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2014.- 28 fevral.- S.8.