Haqdan qaça bilmərik
Düz iki həftə əvvəl
- cümə axşamı gün batanda zəng etmişdi. Həyəcanlı
idi. Səsində inilti
vardı.
- Aslan
Qəhrəmanlı rəhmətə getib.
Sənə demək yadımdan çıxıb. Üçünü verdik.
Səhər qəzetiniz çıxır. Bilirəm gecdir. Başına dönüm,
gör neyləyirsən? Bir
yazı ver.
Həmişə ərklə,
zarafatla danışdığım Tofiq Abdin idi.
Heç zaman
bir-birimizdən bu tərzdə xahiş etməmişdik. Sözümüzü
bir-birimizə ərkyana, amiranə demişdik.
Həmişəki kimi, ərkyana dinlədim.
- Nə olub, Aslan Qəhrəmanlını
məgər tək sən istəyirsən? Onun televiziyada gedən trilogiyası aləmə səs salıb.
- Vaxt gedir, yubanarsan. Qadan alım, qalan
söhbətləri sonra
danışarıq. Bir şey
hazırla.
- Fikrət Qoca ilə səhər
danışdım. Nekroloq da səhifədədir.
Hazırlamışam. Ayaz müəllim də
oxuyub. İstəsən bir vida sözü yaz, Ayaz Vəfalıya deyərəm, qırxı
üçün çap
olunar.
- Yazaram. Qırxında sənə də xəbər edərəm.
Nə
biləydim bu son söhbətimiz olacaq. Dünən qəzetin operatoru internetdə oxuyub xəbər verdi: "Tofiq
Abdin vəfat edib".
Qırx
illik dostum haqqında xatirələr
yada düşdü. O, tək mənim dostum deyildi. Çünki onunla ünsiyyətdə olan, düzlüyü sevən
hər adam
Tofiqi sevirdi. Tofiq həyatda özünə
yaxın olan nadir insanlardan biri idi. Müdriklərin dediyi kimi, olduğu kimi görünürdü. Yeri gəldi-gəlmədi
düşündüyünü, ürəyindən keçəni
deyirdi. İstədiyini, xoşladığını geyirdi. Yüz yol öcəşsən
də, xoşluqla desən də, onu yolundan döndərmək
çətin idi.
Dostlarımızın birinin dediyi
kimi, nə yazılarının, nə
də özünün
nöqtə-vergülü vardı.
Ütülənmiş həyatı da,
yazıları da sevmirdi. Ona görə də
onun hələ sovet dövründəki yazılarında həmişə
gözlənilməzlik vardı.
Hadisələrə dövrün tələb
etdiyi rakursdan deyil, istədiyi nöqtədən baxırdı.
Sanki hamımızın qəlbində köks salan sovet dövrünün
təlqin etdiyi senzuradan xəbərsiz idi. Bu səbəbdən
yazıları bəzən
səs-küyə səbəb
olurdu.
Qırx il əvvəl "Qobustan" jurnalında dostlaşmışdıq. Sərvər Məmmədzadə, Yusif Əliyev, Azər Abdulla, Əliağa Sədirov, Arif Həsənov, Simax Şeyda. Bu siyahı o zaman
"Qobustan" jurnalında
və Azərbaycan Teatr Cəmiyyətində
işləyən həmyaşları
birləşdirirdi. İlk yazılarımıza,
kitablarımıza sevinir,
bir-birimizi təbrik edirdik. Deyirdik, gülürdük… "Bilməz
idik, ayrılıq var, ölüm var…"
Tofiq
naharı hər gün bizimlə Teatr cəmiyyətində
edirdi. O anı
elə gözləyirdik
ki… Yemək üçün yox, bir-birimizlə fikirlərimizi bölüşmək,
bəzən zarafatlaşmaq,
ocəşmək üçün.
Kaş zaman o xoş xatirələrə
kədər notları
qatmayaydı…
İlk
"xəyanəti" Əliağa
Sədirov etdi. Tetarşünas kimi tanınmağa
başladığı anda
doğma elinə - İsmayıllıya yüksək
vəzifədə işləməyə
dəvət etdilər.
Bir gün… Hə, bir gün Tofiqin
maşınında dağ
kimi igidlər ağlaya-ağlaya İsmayıllıya
- onun atasının yanına yola düşdük. Təsəlli vermək üçün.
Artıq əlimizdən
nə gələcəkdi
ki… Sonra Yusif Əliyev
itkin düşdü.
Daha sonra "Qobustan" Teatr cəmiyyətindən
köçdü. Ölkədə hərc-mərclik başladı.
Biz özümüz də hərəmiz bir tərəfə səpələndik. Tofiqin sədası
Türkiyədən gəldi.
Qayıdan kimi də bizi tapdı.
Adama
uyuşmaz Tofiq, səbirsiz Tofiq bizim dar günlərimizdə
necə zühur edirdi, xəbər tutmurduq. Yenə bir gün zəng etdi.
- Arif Həsənov
rəhmətə gedib. Anası deyir, dostlarına de gəlsinlər, heç olmasa onları görüm.
- Tofiq, gəl bir yerdə gedək.
Yenə ərkyana
dilləndi:
- Canınız çıxsın,
özünüz gedin.
Görün ki, mən anasının üzünə
baxanda nə zülm çəkmişəm.
İndi isə
Tofiq o zülmü bizə verdi.
Deyirlər Yer kürəmiz
elə də böyük deyil. Tofiqə baxanda da bunu
duymaq olardı. Sanki o, yerə-göyə, bu dünyaya sığmırdı. Bir anın
içində yanından
yox olurdu. Sonra axtar görüm hardadır. İndi olduğu kimi…
Elə
bilmə ki, bizdən ayrıldın, Tofiq. Yadında var, 1984-cü ildə
sənin Anar müəllimin ön sözü ilə "Bəlkə bir də görüşdük"
adlı kitabın çıxmışdı. Mən də ona "Azərbaycan gəncləri"
qəzetində resenziya
yazmışdım.
Kitabına
niyə belə bir ad qoymuşdun bilmirəm. Bu da taleyin işidir.
Onun mənasını indi anladım. 30 il sonra gec də olsa
tənqidi fikrimi bildirirəm. O, kitabın adında "bəlkə"
sözü artıqdır.
Bəlkəsiz də mütləq
görüşəcəyik. Lap şah da
olsaq. Bu haqdır. Haqdan isə heç kim qaça
bilməz.
Atababa İsmayıloğlu
Ədəbiyyat
qəzeti.- 2014.- 28 fevral.- S.8.