Həmin gecə
Xocalının
şəhid uşaqlarına ithaf edirəm
Söyüdlü kəndi də mühasirədəydi. Kəndin
başıpapaqlıları Söyüdlüdən
arvad-uşağını çıxartsalar da,
özləri nadir hallarda
döyüş bölgələrindən
gəlib hərdən evlərinə baş
çəkirdilər. Beş-altı evin
bacasından tüstü
çıxırdı. İki aydan çox idi ki, mühasirədə
qalan kənd tez-tez qrad qurğulu toplardan atəşə tutulsa
da, neçə gün
idi ki, sakitlik
idi. Elə bu sakitlik də Bənövşəni qorxudurdu. Ürəyinə nəsə
dammışdı. Uçuna-uçuna gəzirdi.
Onsuz da ərinin meyiti qapıya gətirilən gündən
havalı kimi gəzirdi. Könüllü
sərhəd bölgələrində əsgərlərə
qoşulan Kərəm bir
il idi ki,
döyüşdə həlak olmuşdu.
O gündən Bənövşənin üzü
gülməsə də, yetim
qalmış üç
uşağını qanadının altına alıb
pis-yaxşı böyüdürdü.
Gecə kənd yenidən
atəşə tutuldu, ancaq
bu gecəki atəş o
biri atəşlərə
oxşamırdı. Bənövşənin uşaqları Arazla Həcər elə paltarlı-paltarlı
yerdəcə salınmış döşəklərin
üstündə yatırdılar. Ocağın kərməsi
qurtarmışdı. Ev get-gedə soyuyurdu. Bənövşə
qucağındakı körpəsini birtəhər
yatızdırıb yerinə saldı. Ağlı çox şeyi kəsən
Araz tez-tez ayılır,
çölü, atışma səsini
dinləyir, anasının üzündəki vahiməni görüb xoflanırdı. Qız
vaxtlarından qorxu-hürkü bilməyən,
boylu-buxunlu Bənövşənin
qabağında heç kəs dura bilməzdi. Bu
qadını qorxudan balaca
tifilləri idi. Onları vəhşi ermənilərdən
qoruya biləcəkdimi? Arazın yuxusu tamam qaçdı. Yerin içində oturub:
- Nənə, - dedi, - nəysə
yatmırsan?
Söyüdlüdə
uşaqların çoxu analarına nənə
deyirdi.
- İndi
yatacam, sən yat.
- Yuxum
gəlmir axı. İt hürür
ey. Görən, kimin itidir?
Səhərdən səksəkəli
halda gəzən Bənövşənin
rəngi lap ağardı. “Birdən
qansızlar kəndə girər ha!”.. Araz döyükə-döyükə pəncərədən
boylandı. Bənövşə: - Səhər
açılsaydı... - dedi, - gedib Tanrıverdi əmiyə deyərdim bizim də köçümüzə kömək
eləyərdi. Çıxardıq kənddən. Meşədən
gedən yol, deyillər, açıqdı.
- Atışma səsi
Xocalı tərəfdən gəlir, nənə.
- Kaş
kəsəydi. “Qansızlar qana
yerikləyirlər, təzədən qan
tökməsələr yaxşıdı. Bənövşə
öz-özünə pıçıldadı. Kənddən
uzaqlarda atışma səsinə
qapını açıb həyətə sarı
boylandı. Dan yeri yavaş-yavaş sökülür.
Uzaqdan işıq seli
qaranlığı yarırdı. Hava
açılırdı. Maşın səsi lap
yaxından eşidildi. Bənövşə
hövlnak eyvana
çıxdı: damın dirəyinə keçirdiyi
iti bıçağı götürüb
qalıncasının altında gizlətdi, döyüşdə
həlak olan əri bu
bıçaqla qonaq-qara gələndə
heyvan kəsərdi. Evə keçəndə
qarmaqarışıq uğultular lap aydın eşidildi. Balaca Leyla
oyanmışdı. Araz
bacısını qucağına götürüb
gəzdirsə də, qız ovunmur,
qıyya çəkib ağlayır, anasını istəyirdi,
deyəsən acmışdı. Bənövşə sinəsini
açıb uşağı əmizdirdi. Leyla
qarnı doyandan sonra sakitləşdi.
Anasının döşünün giləsini
ağzından çıxardıb qığıldamağa
başladı. Bənövşəninsə vahimə
qarışıq qorxu hissi
bütün vücudunu
bürümüşdü. Üzünü oğluna
sarı çevirdi. Arazın qanı qurumuş dodaqları, ağarmış bənizi
gözündən yayınmadı:
- Araz,
bala, - dedi, - sənə
nə demişəm, yadında saxla ha, işdi-şayətdi o
qansızlar, o vəhşilər kəndə
girsələr, bacını da götürüb tövləyə qaçarsan!.. Tövləyə!
- Bilirəm, nənə,
- demisən. - Həyətdəki qazma
daxmanın qapısı kol-kosla örtüldüyü üçün
yerin altı qazıldığı hiss olunmurdu. Heç kəsin ağlına gəlməzdi ki, bura daxma
ola bilər. Yayda
qış azuqələrini burada
saxlayırdılar.
Bacından muğayat ol, bacını
sənə tapşırıram. Onu o dinsizlərin əlinə vermə: - Bənövşə
ayağa qalxdı. - Gedim
inəyi sağım. İndi
qayıdıram. Uşağı yerə qoymaq
istədi. Balaca Leyla
anasının yaxasından yapışıb buraxmırdı,
qarnı doysa da təzədən
ağlayır, qucaq istəyirdi.
Bənövşə
məcbur olub qalıncasını
açdı, uşağı belinə səriyib
bıçağı yenidən qalıncasının
altına keçirtdi. Sonra evin
küncündə hazır qoyduğu mis sərinci götürüb
evdən çıxdı. Uşaq belində
inəyi sağdı. Buzovu inəyin
altına salıb yerindən qalxanda gözü təpədən düşən on-on beş adamın
qaraltısını aldı. Get-gedə qaraltılar darvazaya yaxınlaşırdı. Onlar Bənövşəni əlində
sərinc müqəvva kimi
dayandığını gördülər. Demək bu həyətin adamları köçməmişdi.
Arxadan gələn yük
maşının uğultusu eşidildi. Bənövşə uçuna-uçuna özünü
evə saldı. Onu görməsəydilər
uşaqlarıyla birgə o da özünü tövləyə
sala bilərdi. İndi
isə gec idi. Gizlənsəydi,
ev-eşiyi, həyət-bacanı ələk-vələk
eləyib uşaqları da tapacaqdılar. Araz həyətə doluşan
erməniləri görüb
bacısını oyatmışdı. İkisi
də bir-birinə sıxılmış halda
anasına baxırdı.
- Tez,
bala, qaçın tövləyə! - Bənövşə
cəld evin arxa pəncərəsini
açıb uşaqları bir-bir həyətə
saldı.
- Nənə, bəs
sən? Bəs sən?! - Arazın səsi öz
səsinə oxşamırdı: - Anasının qolundan tutub
buraxmırdı, yalvarırdı ki, o da gizlənsin.
- Burax
qolumu! Burax, Araz! Tövləyə! Tövləyə
qaçın! Çıxmayın ordan!
Bənövşəni
ağlamaq tutdu. Son dəfə Həcərlə Arazın
arxasınca baxdı. - Həcəri sənə
tapşırıram, Araz, - dedi. - Bənövşə izi
azdırmaq üçün pəncərəni
çəkib örtəndə həyətdə erməni
dilində danışıq səslərini eşitdi.
İstədi uşağı belindən açıb evdə yükün dalında gizlətsin. Artıq gec idi. Saqqallılardan biri evə girdi. - Küçük! Hara
qaçıb gizlənirsən? - Bənövşə kürəyində
uşaq geri çəkildi.
Saqqalı Bənövşənin al
yanaqlarını, gözəl üzünü
sanki indi gördü. Yaxınlaşıb
qadının yaxasına əl atdı. Bənövşənin
üzündən bayaqkı qorxu, vahimə
çəkilmişdi. Qəzəb qarışıq kin, nifrət üzünü
bürüdü. Bu alçaqlar düşmən olmaqla
yanaşı, həm də ərinin qatilləri idi.
- Yaxın gəlmə,
əclaf!
- Puf, it qızı.
Sizin kökünüzü kəsəcəyik.
Bənövşə
qapıya sarı boylandı.
- Sənə dedim
yaxın gəlmə!- Bənövşə əlini qalınçasının
altında gizlətdiyi
bıçaqda gəzdirdi:
- Yaxın gəlmə!..
- Xox, qorxduq türk arvadından, hanı kişin? Qaçıp. Sizi niyə tək
qoyup?
Saqqallı
tüklü əllərini
uzadıb Bənövşənin
çənəsindən yapışdı. Üzünü qadının lap üzünə yaxınlaşdırdı.
Bənövşənin əli
yenə də bıçaqda gəzdi: -
Çəkil, köpək
oğlu. Sizin arvadlardan döyüləm,
kişilərin üzünə
irişəm.
Saqqallı
pis bir söyüş
söydü, sonra bədheybət kişidən
qorxaraq anasının
çiyinlərindən yapışıb
ağlayan uşağa
əl atdı. Kobudcasına
uşağı anasının
kürəyindən- qalıncasının
altından çəkib
çıxartdı.
- Balamı ver,
ay nakişi, - Bənövşə
qışqırdı. - Onun
nə taxsırı var?! Ver balamı!
Bənövşə
bir an elə bil saqqallının niyyətini başa düşüb qıy çəkdi. Uşağı kişinin əlindən almaq istədi. Saqqallı uşağın qundağından
yapışıb var gücüylə evin küncünə atdı.
Körpəni atmağıyla onun
səsinin kəsilməyi
bir oldu. Görünür, uşağın başı qapının ağzındakı hananın
dirəyinə dəymişdi.
Bənövşə bəxtəvər vaxtlarında bu hanada evi üçün
xalça toxuyardı.
- Can bala!
Bənövşə
özünü uşağına
sarı atmaq istədi. Lakin saqqallı
buna imkan vermədi və qadının arxadan hörüklərindən yapışıb
özünə tərıf
çəkdi. Ərinin
ölümündən sonra
havalı kimi gəzən, özünü-sözünü
bilməyən Bənövşə
çevrilib bir an kişiyə nəzər saldı və özü də bilmədən bıçağı qalıncasının
altından çıxartdı.
Sonra geri çəkilib qəfildən kişiyə
yaxınlaşdı və
əlindəki bıçağı
saqqallının gözünə
soxdu və dəlicəsinə uşağına
sarı atıldı.
Elə bu vaxt içəri
girən qana susamışlar Bənövşəni
itələyib həyətə
saldılar. Araz bacısıyla
qapısı kol-kos basmış tövlədəydi.
Titrəyə-titrəyə saqqallıların səsinə qulaq asır, anasının onların əhatəsində
əl-qol ata-ata qışqırdığını eşidir və göz yaşlarını
boğa-boğa səssiz-səssiz
ağlayırdı. Araz bir istədi bacısını
tövlədə qoyub
anasının yanına
qaçsın. Ancaq
anasının tapşırığı
yadına düşdü:
“Bacını ermənilərin
əlinə vermə,
Araz. Həcəri it südü əmənlər
aparsa neylərik, Araz? Bacını sənə tapşırıram”.
Bacı-qardaş ikisi də bir-birilərinə sıxılmışdılar.
Analarına
həyətdə işgəncə
verilirdi, ana qıy çəkirdi, çabalayırdı. Araz onların danışıqlarını
başa düşməsə
də, adda-budda erməni ləhcəsiylə
Azərbaycan sözləri
də qulağına çatırdı. Demək evlərini
yandırmaq istəyirdilər.
Sonra evlərinin dörd tərəfini bürüyən
yanıq iyi burnuna dəydi. Həcər qardaşına
sıxıldı: - Evimizi
yandırırlar, qağa?
Evdəki
qiymətli şeylər
- xalça, palaz çıxarılmışdı. Çəpərdən, evdən qalxan
alovun dilimləri get-gedə artırdı.
Sonra saqqallılardan biri həyətin ortasında əl-qolu bağlanmış
Bənövşənin üstünə
benzin töküb ləzzətlə hırıldadı
və kibriti qadının üstünə
atdı.
Tövlənin
kol-kos basmış qapısının deşiyindən
həyət güclə
görünürdü. Həcər deşikdən
çölə baxdısa
da, həyətin ortasında alovdan savayı heç nə görmədi: - Orda nə yanır
elə, qağa?
Araz
key-key Həcərə baxıb
qışqırdı və
hönkürərək bacısının
gözünü tutdu.
***
Bir
azdan kənd sükuta qərq oldu. Nə ermənilərin səsi, nə maşın uğultusu, nə də qarət olunan mal-qaranın, qoyun-quzuların
səsi eşidilirdi.
Kəndin bir neçə
evində yanan ocağın da közü sönmüşdü.
Əsir aparılanlar aparılmış,
yandırılanlar yanmışdı.
Kənddə ins-cins görünmürdü.
Görünür, kəndin yeganə
sakinləri bu bacı-qardaş idi.
Analarını görmək ümidi
ilə tövlədən
çıxanda gördükləri
Bənövşənin yanmış
ətəyi, bir də yanıb külə dönmüş
evlərinin küncündə
körpə bacılarının
yanğından təsadüfən
salamat qalmış cəsədi idi. Araz ağlaya-ağlaya gömgöy
göyərmiş bacısını
qucağına götürüb
tövlənin qapısının
yanına gətirdi və uşağın qundağını açıb
üzünə çəkdi.
Bacı-qardaş
təklikdən xoflansalar
da, gecəni tövlədə keçirtdilər. İkinci gün maşın səsi eşidildi. Əsgərlər idi. Sərhəd kəndlərində əlsiz-ayaqsızlar
düşmən əlinə
keçməsin deyə
köməyə gəlmişdilər.
Yolun qırağında oturub döyükə-döyükə ora-bura baxan Həcər maşını
görüb evlərinə
sarı qaçdı.
Maşındakılardan biri Azərbaycan
dilində - Qorxma, qızım, - dedi, - gəl min maşına.
Həcər
hürkə-hürkə dayanıb
əsgərlərə baxdı.
Qızı
qaldırıb maşına
qoydular. Həcər maşının
tərpəndiyini görüb
ağlayır və əlini evlərinə sarı uzadırdı.
Əsgərlər qızı sakitləşdirmək
istəyirdilərsə də,
Həcər ovunmaq bilmirdi. Sonra qızcığazın hıçqıra-hıçqıra dediyi sözləri güclə ayırd etdilər.
- Qağam, qağam
qalıb orda!
Əsgərlərdən biri kabinəni döyəclədi: - Saxla!
Sürücü
maşını əylədi.
- Nolub?
- Kənddə uşaq
qalıb. Geri sür.
- Nə bilirsən?
- Sənə dedim geri sür!
Maşını
geri döndərdilər. Uzaqdan yanmış evlərin sütunları qaralırdı.
Evə yaxınlaşdılar. Əsgərlərdən ikisi Həcəri düşürüb həyətə
girdilər. Qız əsgərləri
evin arxasına apardı. Doqquz yaşlı Araz
tövlənin yanında
yumşaq yer tapıb qan-tər içində bacısına
qəbir qazırdı.
Qəbir
yarıya qədər
qazılmışdı. Əsgərləri ağlamaq tutdu.
Yavaşca Arazın qolundan
tutub onu qəbirin yanından uzaqlaşdırdılar. Sonra balaca
Leylanın meyitini qucaqlarına götürüb
qəbrə saldılar
və üstünü
torpaqladılar.
Həmin
gün əsgərlər
yetim qalmış bu bacı-qardaşı kənddən çıxartdılar. Buz kimi soyuq çadır
şəhərciyi onların
yolunu gözləyirdi.
Yandırılmış, talan edilmiş
doğma kəndləri,
yəqin ki, onların uşaq yaddaşından heç zaman silinməyəcək.
Bu ikicə günün
ərzində görüb
yaşadıqları vəhşiliklərdən
onların körpə
gözlərinə adamı
sarsıdan qorxu, vahimə, bir də nifrət hissi çökmüşdü.
Bu hiss də onların
ürkək, ağrılı
baxışlarında, görünür,
heç vədə əriyib-itməyəcəkdir.
Əhvalatın sonu:
Qarabağ müharibəsində
yeganə ciyərparasını
- Azərini itirmiş
ağbirçək bir
ana var. Nizami adına Ədəbiyyat
İnstitutunun alimi Şövkət Şuşalı.
Bu ana həmin
uşaqları çadır
şəhərciyindən götürüb
öz qanadı altına aldı. Ana üçün çox çətin idi. Amma ana ürəyi
onu geri çəkilməyə qoymadı.
İnanırdı ki, anasının,
Azərin, vəhşi
ermənilərin gülləsinə
tuş gələn insanların intiqamını
alanlardan biri də Araz olacaq.
Mənzər Niyarlı
Ədəbiyyat qəzeti.- 2014.-
28 fevral.- S.7.