«…Mənim ölümüm yeri dolmayan
bir boşluq deyil…»
Bir əsr əvvəl Yevlax qəsəbəsində
poçt-teleqraf qulluqçusu ailəsində dünyaya
göz açan Ənvər Yusifoğlunun həyatı
keşməkeşli olmuşdur. Atası
əslən naxçıvanlı, anası isə şair
Əliqulu Qəmküsarın doğma bacısı Xanım
idi. O, ibtidai təhsilini Şuşa şəhərində
N. Nərimanov adına məktəbdə almış, sonra
atasının xidməti işi ilə əlaqədar Tiflisə
köçmüş, daha sonra isə yenidən Bakıya
qayıtmışdır.
1926-1930-cu illərdə Tiflisdə təsis
edilmiş Pedaqoji texnikumda oxuyan Ənvər 1931-1932-ci illərdə
Moskvada Kinematoqraflar İnstitutunun ssenari şöbəsində
natamam təhsil alıb Bakıya qayıdır və
özünün yazdığı kimi, bu illərdən həyatını
doğma Bakı ilə, ictimai-ədəbi mühitlə
bağlayır.
1932-1937-ci illərdə Azərbaycan KP MK-nın və
Nazirlər Sovetinin orqanı olan Kommunist qəzetində ədəbi
işçi, Azərbaycan komsomolunun orqanı olan «Gənc
bolşevik» jurnalında məsul katib, az sonra Gəncədə
«Kirovabad bolşeviki» qəzetində şöbə müdiri
vəzifəsində çalışmışdır. Qəflətən qara buludlar onun da
başının üstünü almış, 1938-ci ilin
yanvar ayından 1939-cu ilin aprelinə qədər həbsdə
olmuş, 1942-ci ilin avqust ayından 1947-ci ilin avqustuna qədər
sürgündə yaşamışdır. Ənvər Yusifoğlu sürgündən
qayıtdıqdan sonra pasport rejimi ilə əlaqədar olaraq
Bakıda yaşamaq hüququndan məhrum edilib, Balakən
rayonuna göndərilmiş və oradakı meşə
materialları emal olunan zavodda əvvəlcə fəhlə,
sonra da podratçı mühəndis vəzifəsində
işləyir. Nəhayət, 1955-ci il
sentyabr ayında Azərbaycan SSR Ali Məhkəməsi onun
işinə yenidən baxaraq verilən imtahanları əsassız
saymış və ona bəraət vermişdir. O, bir neçə
ay Azərbaycan Radio Verilişləri Komitəsində, 1957-ci
ilin yanvar ayından «Ədəbiyyat və incəsənət»
qəzetində əvvəlcə ədəbi işçi,
sonra isə təsviri sənət şöbəsinin
müdiri, 1966-cı ildən isə «Azərbaycan» jurnalında
ədəbi işçi vəzifəsində
çalışmışdır.
1976-cı ilə qədər bu vəzifədə
fəaliyyət göstərən Ənvər müəllim
elə bu ildən də təqaüdə
çıxmışdır. O, 1971-ci ildə xəstəliyilə
əlaqədar təqaüdə getmək istəyirmiş. Lakin şair Qabil onun ərizəsinə belə dərkənar
yazmışdır.
Pensiyaya buraxmayın
Ənvəri,
Sənətindən
giley olub şakəri.
...1964-cü
ildə xəstəliyi ilə əlaqədar Yesentukidə
müalicə olunan yazıçı orada övladlarına
yazmağa başladığı vəsiyyəti Bakıda
tamamlayır. Ənvər müəllimin ömrünün
çətin anlarında da ruhdan düşmür, «həyat
bizə ömrün baharı təki şirin gəlir» -
deyirdi.
...Ənvər
Yusifoğlu yazdığı tərcümeyi-halında ədəbi
aləmə gəlməyini belə təsvir edir: «İlk qələm
təcrübəm iyirminci illərin sonunda Tiflisdə nəşr
edilən «Yeni fikir», «Yeni kənd» qəzetlərində,
«Qızıl şəfəq», «Yeni qüvvə», «Dan
yıldızı» jurnallarında xəbərlər, kiçik məqalələr,
oçerk və kiçik hekayələr kimi çap
edilmişdir. Bakı mətbuatında ilk dəfə
Azərbaycan Proletar Yazıçılar İttifaqının
orqanı «Ədəbiyyat cəbhəsində»
jurnalının 1930-cu il 7-8-ci nömrəsində «Bir matrosun
xatirələri» adlı hekayəm çap olundu. 1939-1942-ci
illərdə «Ədəbiyyat qəzeti»ndə müxtəlif
mövzularda hekayələrini dərc etdirən Ənvər müəllim, «İnqilab və mədəniyyət»
jurnalının 1940-cı il 6-7-ci saylarında «Ucalın
anası» povestini də dərc etdirir. Ənvər Yusif
oğlu tərcümeyi-halında təsviri sənətimiz,
xüsusən onun tarixi haqqında düşüncələrini
belə ifadə etmişdir:
«…1939-1942-ci
illərdə məni təsviri sənətimiz, xüsusən
onun tarixi maraqlandırdı. Respublika İncəsənət
işləri idarəsinin (rəisi xalq
yazıçısı Mirzə İbrahimov idi)
tapşırığı ilə «Azərbaycan təsviri və
tətbiqi incəsənət tarixi oçerkləri»
kitabının orta əsrlər bölməsini yazırdım. Bu məqsədlə
dəfələrlə Moskva və Leninqrad şəhərlərinə
ezam edilmiş, «Şərq incəsənəti» muzeyində və
Ermitajda qədim milli sərvətimizə dair materiallarla
tanış olmuşam.
XVI əsrdə «Təbriz
miniatür məktəbi» barədə yazılmış bəhsin
bir hissəsinin bir qismi «Ədəbiyyat qəzeti»nin 1940-cı
il yay nömrələrinin birində dərc edilmişdi. Sənətşünas-müəllim
Rəfibəyov, Orucəli Həsənovla birlikdə
yazdığımız həmin oçerklər toplusu Azərbaycan
Rəssamlar İttifaqında indi də saxlanılır.
...Ə.Yusifoğlunun
1970-1980-ci illərdəki yaradıcılığı
xüsusilə diqqəti çəkir. Onun «Cərrahlar»,
«Düşmənimin düşməni», «Vətəndaş»,
«Veysel və dostları» və bu kimi əsərləri
müasirliyini indi də saxlayır.
Ənvər
Yusifoğlunun şəxsi fondundakı materiallardan bir neçəsini
oxuculara təqdim edirik.
Maarif Teymur
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Bəxtiyar Vahabzadənin
məktubu
Bir günlük rayona
getmişdim. Gəlib sizin məktubunuzu gördüm. Dərhal
oxudum. Geniş və izahlı məktubunuza görə
çox təşəkkür! Xeyli vaxt sərf etmiş, diqqətlə
oxumuş və diqqətlə analiz etmisiniz. Mən bilirəm
ki, müasir şair və yazıçılar içərisində
Füzulini nəinki bilən, hiss edən,
hətta heç olmasa onu sevməyə, başa düşməyə
səy edən də çox azdır. Buna görə də həmin
məqaləni sizin oxumanızı və öz fikrinizi mənə
çatdırmanızı istədim. O ki qaldı mənə,
mən füzulini tam başa düşürəm
iddiasında deyiləm. Bu məqaləni mən Türkiyə ədəbiyyat
cəmiyyətində mühazirə oxumaq üçün
yazmışdım. Məsələ belə olub: Mənim
«Ədəbiyyat və incəsənət» qəzetində dərc
olunan «Yel qayadan nə aparar» adlı məqaləm Türkiyədə
müəyyən əks-səda doğurdu. Həmin məqaləni
«Varlıq» dərgisi çap etdi. Ətrafında müzakirələr
başlandı (Yəqin ki, oxumusunuz. 1972-ci ildə dərc
olunmuşdu. Füzulini
ölü şair hesab edən türk aliminə cavab idi).
Bilirsiniz ki, Türkiyədə «Bütləri yıkalım»
şüarı ilə divan ədəbiyyatı nümayəndələrinə
böyük hücumlar olub və bu tendensiya indi də davam
edir. Lakin Türkiyədə bu tendensiyanın əleyhdarları
da var. Bunlardan biri də «İstanbul» ədəbiyyat cəmiyyətinin
sədri Əhməd bəy Kabaklıdır. Bu adam mənim məqaləmdən
çox xoşlanmış və bundan sonra redaktoru olduğu
«Türk ədəbiyyatı» dərgisində mənim bir
çox şeir və məqalələrimi qəzet və
jurnallardan götürüb çap etmişdir.
Türkiyə səfərim
ləngidi deyə, mən həmin cəmiyyətdə oxumaq
üçün yazdığım məruzəmi bir qədər
işləyib redaksiyamıza təqdim etdim.
Məqalə
haqqında dediklərinizin çoxu ilə razıyam. Bir
qisminin mənə çatmadığından gərək bir
yerdə oxuyaq, danışaq. Mən sizin Füzulini sevdiyinizi və onun hissləri
ilə yaşadığınızı bilirdim. Lakin sizin Füzuliyə
bu qədər aludə olduğunuzu və bu qədər dərindən
bildiyinizi bilmirdim. Fikirləriniz,
xüsusən Füzulinin
«Nola xəm olsa qəddin, səndən artıqdır mənim
yaşım» misrasının yeni yazılışı, «Leyli
və Məcnun»un əvvəlindəki «Saqinaməyə» yeni
münasibət və «düşünən biosferi»
haqqındakı mülahizələriniz məni Füzuliyə yenidən baxmağa, bir də
düşünməyə vadar etdi.
Əziz dost, bildiyiniz
kimi, Füzuliyə hansı tərəfdən
baxsan onda təzə bir dünya kəşf etmiş olursan.
Düzünü deyim ki, söz tanrısı, məni dəli
eyləyib. Mən onu oxuduqca və dərinliyinə getdikcə
sehirlənirəm. Əlimdən qələm düşür
və aylarla yazı masama baxa bilmirəm. O zaman balaca bir
yaradıcı kimi öz kiçikliyimi və eybəcərliyimi
(sənətdəki) görür və yazdıqlarımın
xəcalətini çəkirəm. Bu, yalançı təvazökarlıq
deyil. Bu, Füzuli sənətini
dərindən bilən bir qələm sahibinin
qarşısındakı təbii və aydın
etirafımdır. Bu etirafı Füzulini bilməyənin
qarşısında etmək yalançı təvazökarlıq
ola bilərdi. Amma sizin qarşınızda cəsarətlə
deyirəm. Çünki siz məni yaxşı başa
düşərsiniz. Onu demək, istəyirəm ki, çətindir.
Çox çətin! Qəlbimdəkiləri və sizin də
ora əlavə etdiklərinizi tam aydınlığı ilə
bir məqaləyə sığışdırmaq
müşküldür. Həmin məqalədə dediyin kimi,
toxunduğum məsələlərin hər birinin tam izahı
və təhlili üçün çilidlər bağlamaq
olar. Hər halda imkanım daxilində dediklərinizi mütləq
nəzərə alacağam.
Sonda yalnız sizə
təşəkkür və minnətdarlığım
qalır. Sağ olun, var olun, zəhmətinizə görə
min təşəkkür!
Hələlik,
Bəxtiyar
25.IX.74
İmamverdi Əbilovun
məktubu
Möhtərəm
Ənvər müəllim!
Əsrin dörddə
üçünü yola saldığınızı bu mənalı
günlərdə sizi dərin səmimiyyət duyğusu ilə
təbrik edirəm. Sizin pak, büllur təbiətiniz
öz-özlüyündə yazılmamış mənəvi
ləyaqət romanıdır. Sizi şəxsən
tanıyanlar, əda və rəftarınızı diqqətlə
müşahidə edənlər, həlim söhbətinizi
dinləyənlər bu mənəvi ömür
kitabını qiyabi səhifələyirlər…
Əzabkeşlərin qayğı ilə süslənmiş
istirahətə daha çox haqqı var! Ona da
inanıram ki, siz istirahəti yaradıcılıq əzablarında
tapan sənətkarlardansınız.
Bədii nəsrimizi,
zənginləşdirən istedadınızın
işığında hasilə gələcək yeni-yeni əsərləri
xəyalən görür, bu münasibətlə sizə uzun
və sağlam ömür, ailə səadəti
arzulayıram.
İmamverdi Əbilov
20.02.1989
Ənvər Yusifoğlunun Rəşid
Mahmudova məktubu
Hörmətli Rəşid
Mahmudov yoldaş!
Son
vaxtlarda hamının sevimli qəzeti «Kommunist»in səhifələrində
əmək adamlarının qabaqcıl iş təcrübəsini
yayan, mədəniyyətimizin müxtəlif sahələrini
işıqlandıran oxunaqlı, canlı dil ilə
yazılmış məqalə və materialların müntəzəm
surətdə çap olunması bir oxucu kimi məni sevindirir. Xüsusi
müxbirlərin gecikmiş xarici, eləcə də ittifaq xəbərləri
çap etməyə son qoyulduğu da hiss olunur.
«Kommunist»in səhifələrində
ədəbi prosesə, rəsssamların işinə dair
yazıların müntəzəm surətdə dərc
olunması da təqdirəlayiqdir.
İctimai
həyatımızın güzgüsü olan bütün bu
məsələlər barədə yeni-yeni
yazılarınızı oxuyacağıma əminəm
Respublikamızın həyatına az-çox bələd olan
bir ziyalı kimi böyüyüb iri şəhərlərə
çevrilən rayon mərkəzləri barədə müntəzəm
yazılarla çıxışlarınızı
arzulayardım. Məsələn, vaxtilə qəsəbə
sayılan Bərdə, Ağdam, Əli Bayramlı (indiki
Şirvan - M.T.), Balakən kimi məskun yerlərin
indi günbəgün genişlənməsi, böyüməsi,
əsl şəhərə çevrilməsi prosesi
başlanmışdır. Əhalinin artması yeni-yeni təsərrüfat
sənaye və mədəniyyət obyektlərinin tikilməsi,
ictimai və xüsusi yaşayış evlərinin geniş
miqyasda salınması şəraitində bu şəhərciklərin
hər birinin özünəməxsus xüsusiyyəti, tələbləri
və qayğıları vardır. Yəqin ki,
memarlarımızı daima artan, genişlənən şəhərlərimizin
orijinal üslub xüsusiyyətləri, həmçinin
içməli su və işıqlı təchizi və
ümdəsi yaşıllıqla bəzənməsi də
düşündürür. Bütün bunlar barədə, yəni
təzə, həmçinin köhnə şəhərlərin
gələcək inkişafı barədə xüsusi rubrika
(hər halda siz bilən məsləhətdir, bu bir oxucu təklifidir)
açmanızı xahiş edirəm.
«Kommunist»in
yaradıcı kollektivinə və sizə hörmət və
ehtiramımı bildirirəm.
Ənvər Yusifoğlu
Ənvər Yusifoğlunun
Müzəffər Nəsirliyə məktubu
Hörmətli Müzəffər Nəsirli!
Sənin anadan
olmağının 60 illiyinin bayram ediləcəyi xəbərini
bu gün poçta ilə gətirilən məktubdan bildim. Təəssüf
ki, mənim sənə yazdığım bu məktub qeyd-mübarək
günündən, yəni noyabrın 11-dən sonra
çatacaq. Bu günsə ayın 12-sidir. Məktub
Naxçıvandan ayın 9-da yola salınmışdır.
Lakin mən iclaslıq məktubu yazmıram, bu sözləri
şəxsən sənin özünə, bir qələm əhli
həmyerli, ictimai xadim olan M.Nəsirliyə, otuz, bəlkə
də qırx ildən bəri tanıdığım dostuma
yazıram; altmış illik şərəfli bir ömür
başa vurmuş yoldaşa yazıram.
Hər zaddan əvvəl
sənə cansağlığı, gümrahlıq,
könül xoşluğu arzu edir,
yaradıcılığında yeni əsərlər
yazıb, yeni kitablar nəşr edəcəyinə ümid bəsləyirəm.
Sənin uzun illərdən bəri
başçılıq etdiyin Naxçıvan
yazıçıları kollektivinə - istər cavanına,
istər qocasına müvəffəqiyyətlər, şənliklər,
yubileylər arzulayıram. Özün bilirsən ki, mən də
naxçıvanlıyam, Naxçıva-nın torpağı
mənim üçün müqəddəsdir.
Dayılarım Qəmküsarın, Rzaqulunun vətəni mənim
behiştimdir. Lakin mən Azərbaycanın hər
qarışından bir çimdik torpaq götürüb
üstümə atana - mənə ovuc-ovuc ləl-cəvahir
bağışladı, - deyərdim. Vətənimin hər
qarışı mənim üçün müqəddəsdir,
mənim qibləmdir.
Əziz
dost, sənin bu şən günündə bir iki şikayətimi,
daha doğrusu, arzularımı çatdırmaq istəyirəm.
Əvvəla, budur ki, biz bu əziz torpağın gözəl,
canlı, təravətli iş və söz pəhləvanlarının
həyatından az yazmışıq və az yazırıq. Biz Bakı fəhlələrinə,
Muğan pambıqçılarına borclu olduğumuz kimi,
Naxçıvan zəhmətkeşlərinə - quran, yaradan
qeyrət təpərli həmvətənlərimizə də
borcluyuq. Nəimi, Əcəmi vətəninin bədii tarixi,
elecə də Araz üstündə nəhəng qurğular
yaradan müasirlərimizin həyatı ədəbiyyatda nə
zaman öz əslini tapacaq?! Biz şirin və bol meyvəli
bağçamızdan, dolu süfrəmizdən doyunca yeməyə
qıymayan xəsislərə bənzəyirik.
Ətrafımız
romanlar, povestlər, poemalara layiq qəhrəmanlarla doludur, biz
isə xəcalət içində onların üzünə
baxa bilmirik. Çünki onlardan yazmırıq, onların
bahar təravətli ömürlərini, min bir hadisələrlə
dolu zəngin həyatını qələmə
almırıq.
Mənim gözüm
yoldadır - hey gözləyirəm ki, indicə dostum Müzəffər
Nəsirlinin gözəl, əla bir rəyi ilə
naxçıvanlılarının həyatından budur, bir
povest gətirdilər. Amma hey gözləyirəm təzə
bir şey gəlib çıxmır. Görəsən
Əlixan məhəlləsinin tarixini yazan, ziddiyyətlər
içindən, nadanlıq nəticəsindən qurtarıb
öz xalqına nicat qapılarını göstərən Məmmədtağı
Sidqiləri, Qurbanəli Şərifovları, Qəmküsarları,
Bəhruzları qələmə alan əsl qələm nə
zaman meydana çıxacaq?! Naxçıvan ərlər
məkanıdır. Naxçıvan Şeyx Nəimini yetirib,
o Şeyx Nəimini ki, Nəsimi onun hikmət bulağından
doyunca su içib. Naxçıvan bütün Orta Şərqə
təsir göstərmiş, memarlıq məktəbinin
cahanşümul abidələrini qoynunda bizə töhfə
saxlamış şanlı tariximizdir.
Vaxtilə mən
Naxçıvan haqqında roman yazmaq istəyirdim, amma indi
qocalıq, xəstəlik arzularımı gözümdə
qoymaqdadır. Heç ümidim yoxdur ki, müqəddəs vətənimi
gəlib görəm. Bircə ümidim sənədir, rəhbərlik
elədiyin gənc yazıçılar kollektivinədir.
Naxçıvanda
oturub Məhsəti haqqında əsər yazmaq olar, nə eybi
var? Mirzə Cəlil demişkən, yaxşı olar, yeməli
olar. Amma Naxçıvanda oturub Heyran xanım haqqında
yazmamaq, təbliğat aparmamaq - vallah, günahdır. Naxçıvanda oturub hələ inqilabdan əvvəl
Münəvvər xanımın bir dəstə qızlarla
bütün bir tamaşanı səhnədə
canlandırmasını, Naxçıvan zəhmətkeş
ziyalıları içərisindən çıxan ilk
hümmətçilər, sosialistlər, inqilabçılar
haqqında yazmamaq günahdır. Duz mədəni
haqqında yazmamaq günahdır. Naxçıvan dəryaçası
haqqında poema yazmamaq günahdır. Yeni tikilən, yenidən
gəncləşən Naxçıvan haqqında dastan
bağlamamaq vallah, günahdır.
Əziz dost, gəl bu
qədər günaha batmayaq. Lakin bütün bu
arzularımı şikayət şəklində dediyimdən
incimə.
Mən əminəm ki,
gec-tez belə əsərlər yazılacaq, onların
içindən elələri olacaq ki, ədəbiyyatımızın
qızıl fonduna daxil olacaq. Ancaq mən tələsirəm,
mənim bu vəfasız ürəyim tələsir…
Sənin bayram
günündə, başını çox ağrıtmaq istəmirəm.
Əgər mənim bu məktubum, sənin gözəl və
vəfalı gəlbini dilləndirsə, özümü
xoşbəxt sanaram. Səni və dostlarımı xoş
arzular, xoş diləklərlə dönə-dönə təbrik
edirəm.
Hörmətlə,
Ənvər Yusifoğlu
Bakı - 12 noyabr 1971-ci il
-----------------------------
Vəsiyyət
Yesentuki, 05.VIII.64
Əcəlin günbəgün
mənə yaxınlaşdığını hiss edirəm.
Doktorlar, qohum-qardaş nə qədər təskinlik versələr
də, mən içimdəki illərin necə dövr
etdiyini, məni haldan salıb bədənimin
gücünü, taqətini apardığını aşkar
duyuram.
Mənim
ölümümlə dünyada heç nə dəyişməyəcək.
Bəlkə bir neçə nəfər əbləh sevinsin,
yaxın qohumlarımdan qəlbən kədərlənsinlər.
Bilirəm ki, mənim ölümüm bacılarımın,
ailəmin ürəyinə dağ çəkəcək.
Onlar uzun müddət məni unutmayacaqlar.
İki balamın
gözü ağlar qalacaq. Yusifimin, Nərgizimin kamala
çatana qədər nə kimi çətinliklərə,
işkəncələrə, ehtiyaca dözəcəklərini
yadıma salanda ölüm əzabı ikibaşlı əjdaha
kimi canıma lərzə salır.
Mən balalarıma
heç olmasa orta təhsil alana qədər yaşamaq
ümidində idim. Tale bu ümidi də əlimdən
aldı. İndi görsəniz - Yusif balam səkkiz il məktəbə
yetim gedəcək, qızım ata fərəhi görməyəcək.
Mən və mənim kimi vaxtsız həyatdan
gedən ataların ən böyük dərdi kama
çatmamış qara arzuları budur ki,
övladlarını atalı uşaqlardan fərqli olaraq,
sözün əsl mənasında yetim qoyub gedirlər. Əgər
bizdən sonra cəmiyyət balalarımızı tam
hüquqlu, mənəvi və maddi cəhətdən
fərqlənməyən bir şəraitdə böyütsə
idi və buna bir tam mənası ilə hal-həyatda ikən əmin
olub inansaydıq, ölümün üzü bu qədər
amansız olmazdı. Bu gün ölən sabah ölmək zəhmətindən
xilas olur, - deyiblər. Hamımız öləcəyik. Ancaq dərd burasındadır ki, bəziləri
ölüm döşəyində də dili söz tuta-tutmaya
pulunu, malını, dövlətini fərzəndlərinin
arasında bölüb-bölüşdürür, bəziləri
də mənim kimi, ölümü ilə ailəsinə maddi
zərbə vurur və bu zərbə mənəvi məhrumiyyətlə
birləşib ailəni dağıdır.
Nə isə…
ölümə qalib gəlmək mümkün deyil və onun
nəticələrini də islah etməyə güc
çatmayacaq. İndi sözlərim oğluma - Əziz Yusifimə,
Nərgizimə aiddir.
Sizə pasiban
ananız qalır. Ananız savadsız bir qadındır. Ancaq
aciz deyil, çalışın onun elə ağıllı,
savadlı bacarıqlı balaları olun ki, yazıq qüssə-dən
dilgün düşməsin, sizinlə fəxr eləsin. Buna
görə yaxşı oxuyun. Dərs-lərinizdə əlaçı
olun, tərbiyəli olun, məktəbinizi sevin, müəllimlərinizə
hörmət edin.
Bibilərinizi,
xalalarınızı sevin. Bilirəm ki, bibiləriniz sizi
çox istəyirlər. Ancaq məndən sonra bu istəyin
azalıb çoxalacağını, necə
olacağını deyə bilmərəm. Hər halda bibi və
xalalarınıza onların övladlarına olan münasi-bətinizdə
namusu, mərdliyi və öz mənliyinizi unutmayın. Bir
sözlə, məğrur olun. Sizə verilən bir tikə
çörəyin arxasından tənə eşitsəniz,
üzünüzü onlardan elə çöndərin ki, bir
də dönüb baxmayasınız. Bu xasiyyəti qoy
ananız sizdə tərbiyə etsin! Bu, gələcəkdə
də sizin xasiyyətinizin məhək daşı
olmalıdır. Böyüyüb müstəqil
yaşayanda özünüzdən zəif olana kömək əlinizi
uzatmağı, bir insan kimi ürəkdən, səmim-qəlbdən
eyləyin. Özünüzün səadətinizi
qohumlarınıza, yoldaşlarınıza, məktəbinizə,
doğma şəhərinizə, doğma xalqımıza xidmətdə
görün.
Zəhmət həyatına
tez atılın. Bu, həm ananızın iztirablarını
yüngülləşdirər, həm də sizi
hamının gözündə yüksəldər,
şöhrətə çatdırar.
Ananızı sevin,
ona hörmət edin, o bədbəxt və nakam qadını
nalayiq hərəkətiniz, yersiz sözünüzlə incitməyin.
Bəzən, məni
- ömrü məşəqqət və əzabla
keçmiş bədbəxti də yada salın.
Gələcəkdə
əgər ikinizdən biriniz ədəbiyyatımız, mətbuatımızla
maraqlansanız, atanızın bəzi-bəzi yazılarına
rast gələcəksiniz. Bu yazılarda bəzi həqiqətlər
vardır. Onları saf-çürük edin. Mənim
ölümüm yeri dolmayan bir boşluq deyil, sizə, məni
istəyənlərə təbiətiniz, əxlaqınız,
ağlınız-kamalınızla məndən qat-qat yüksəklərə
ucaltmağımızı Allah təaladan istəyirəm.
Atanız Ənvər Yusifoğlu Qasımov
Bakı
- 29.VIII.64-cü il
Ədəbiyyat
qəzeti.- 2014.- 28 fevral.- S.6.