Mirzə Şəfi Vazeh

  

Mirzə Şəfi Vazeh (1792-1852) Azərbaycan ədəbiyyatı tarixinə istedadlı lirik şair kimi daxil olmuşdur. Onun aşiqanə - lirik, fəlsəfi və satirik şeirlərində insanın zəngin mənəvi aləmi və ictimai həyatın ziddiyyətləri əksini tapmışdır.

Maarifçi realist ədəbiyyatın ilkin görkəmli nümayəndələrindən olan mütəfəkkir şairin nikbin əhval-ruhiyyəli şeirləri Qərbi Avropa ölkələrində və Rusiyada geniş yayılmışdır.

Mirzə Məhəmməd Şəfi Vazeh Kərbəlayi Sadıq oğlu 1792-ci ildə Gəncədə anadan olmuşdur. Onun atası öz dövrünün mahir memarı idi. El arasında usta Sadıq adı ilə tanınmışdı. Əslən gəncəli olan usta Sadıq Gəncə hakimi Cavad xanın sarayında memarlıq edirdi. O, böyük oğlu Əbdüləliyə də öz sənətini öyrətmişdi. Lakin kiçik oğlu Məhəmməd Şəfinin elmə meylini görüb onu ruhani etmək istəyirdi. Bu məqsədlə onu şah Abbas məscidi yanında olan mədrəsəyə qoymuşdu. Məhəmməd Şəfi isə molla olmaq fikrində deyildi, ancaq atasının sözündən çıxa bilmədiyindən mədrəsədə oxumaq məcburiyyətində qalmışdı. Burada ərəb, fars dilləri, şəriət elmləri və hüsn-xətt keçilirdi.

Azərbaycanın Rusiya tərkibinə daxil olması Gəncə xanlığına son qoyur. Bu dövrdə usta Sadığın var-yoxu əldən çıxır, ağır xəstələnir, təxminən bir il sonra ölür.

Məhəmməd Şəfi çox çəkmir ki, mədrəsədən uzaqlaşır, Şərq ədəbiyyatı ilə maraqlanır. O, ilk şeirlərini qələmə alır. 1824-cü ildə uzun müddət Bağdad və Təbrizdə yaşayan tacir Hacı Abdulla doğma yurduna qayıdır. Şərq poeziyasına dərin bələd olan, açıqfikirli Hacı Abdulla Şah Abbas məscidində gənc Məhəmməd Şəfi ilə tanış olur: onun hazırcavablığı, ağıllı və səmimi söhbətləri Hacı Abdullanın diqqətini cəlb edir. O, Məhəmməd Şəfinin taleyi ilə maraqlanır, təhsilini başa vurması üçün ona maddi yardım göstərir. Eyni zamanda, Məhəmməd Şəfiyə dini ehkamların uydurma, ruhanilərin riyakar və yalançı olduqlarını başa salır, təbii elmlərə, maarifə, mədəniyyətə coşqun həvəs oyadır.

Hacı Abdulla ilə yaxın dostluq ünsiyyəti onun həyatında dönüş yaradır. Şərqşünas Adolf Berje yazır ki, "Gəncə mədrəsəsinin ruhaniləri gənc Şəfinin fikrindəki dəyişikliyi gördükdə ona dərs deməkdən imtina etdilər və beləliklə, o, mədrəsəni tərk etməyə və öz gələcək taleyinin qayğısını çəkməyə məcbur oldu. Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrət və mənfi münasibətin oyanması da buradan başladı". Onun poemasında ictimai motivlər güclənir.

1820-ci ildə Mirzə Şəfi "Divani-hikmət" (Hikmət evi) ədəbi məclisini təşkil edir. Bura dünyagörüşü və yaradıcılığı cəhətdən bir-birinə yaxın olan Gəncə şairləri, eyni zamanda ədəbiyyat həvəskarları toplaşır, şeir və sənət barədə qızğın söhbətlər, mübahisələr olur, yeni şeirlər oxunub müzakirə edilir. Ədəbi məclisin Mirzə Məhəmmədtağı, Mirzə Mehdi Naci, Şeyx İbrahim Naseh (Qüdsi), Hacı Abdulla, Hacı Yusif, Qane, Ağa İsmayıl Zəbih, Hacı Seyid Ziyadxanzadə və b. kimi fəal üzvləri vardı.

"Divani-hikmət" ədəbi məclisi Azərbaycanın bir sıra əyalət şairləri ilə sıx əlaqə saxlayır, onların şeirlərini müzakirə edir, cavab göndərirdilər.

Bu dövrdə Mirzə Şəfi aşiqanə şeirlərlə yanaşı, feodal-patriarxal həyatın ağır, sıxıntılı mühitində din xadimlərinin, hakimlərin, dövlət məmurlarının özbaşınalığını ifşa edən satirik şeirlərini qələmə alır.

1825-ci ildə Hacı Abdullanın məsləhəti ilə Məhəmməd Şəfi Gəncənin son hakimi Cavad xanın qızı Püstə xanımın mülkünü, iki kiçik kəndini idarə etmək və yazı-pozu işlərini görmək üçün onun yanında qulluğa girir. Bu zamandan ona Məhəmməd Şəfi deyil, Mirzə Şəfi deyə müraciət edirlər.

1826-cı ildə İran qoşunları Zaqafqaziyaya hücum edir, bir sıra ərazini tutur. Gəncə Cavad xanın böyük oğlu Uğurlu xanın itaətinə verilir. Şəmkir altında Aslanduz döyüşlərində məğlubiyyətə uğrayan İran qoşunları geri çəkilir. Uğurlu xan bacısı Püstə xanımı da özü ilə mühacirətə aparır.

Bundan sonra Mirzə Şəfi işsiz qalır, xəttatlıqla - kitab köçürməklə, İran mətbəələrini üçün hazırlanan kitabların titul səhifələrini yazmaqla güzəranını keçirməli olur.

Mirzə Şəfi xoşnəvis xəttat, lirik şair kimi tanınır. O, 1830-cu ildə şah Abbas məscidi yanında xüsusi məktəb açır, burada nəstəliq xətti ilə yazıb-oxumağı, xəttatlıq sənətini təlim edirdi.

1832-ci ildə Mirzə Şəfi Molla Hüseyn Pişnamazzadənin yanında məntiq və fiqh elmlərini öyrənən M.F.Axundzadə kalliqrafiyadan dərs verir, ona nəstəliq yazısını təlim edirdi. Mirzə Şəfi dərs zamanı iyirmi yaşlı, ciddi, zəkalı və mehriban gəncin gözü önündən qəflət pərdəsini götürür, dini fanatizmin mahiyyətini başa salır, onun mənəvi aləmində böyük təbəddülat yaradır.

M.F.Axundzadə öz tərcümeyi-halında sonralar yazırdı: "Gəncə məscidinin hücrələrinin birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı: bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı. Bu adam Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən ikinci atamın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib nəstəliq yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: "Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?" Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: "Sən də onlar kimi, riyakar və şarlatanmı olmaq istəyirsən?" Təəccüb və heyrət etdim ki, bu nə sözdür?.. Mirzə Şəfi mənim halıma baxıb dedi: "Mirzə Fətəli öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!"

Onun ruhanilikdən nifrət etməsinin səbəbini soruşduqda, o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı. İkinci atamın həcdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi-irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı".

M.F.Axundzadə onun gələcək həyat yoluna yeni istiqamət verən Mirzə Şəfinin məsləhəti ilə özünə ayrı bir peşə axtardı: o, hökumət qulluğuna girmək məqsədilə rus-tatar məktəbinə daxil oldu. Burada rus dilini öyrənməyə ciddi diqqət yetirdi. 1834-cü ildə M.F.Axundzadə atalığı Axund Hacı Ələsgərin köməyi ilə Tiflisdə Qafqaz canişinliyi dəftərxanasında Şərq dilləri mütərcimliyinə işə düzəldi. Bu müddət ərzində M.F.Axundzadə öz müəllimi Mirzə Şəfi ilə əlaqə saxlayırdı. Gəncənin mürtəce din xadimləri mühitində onun çəkdiyi mənəvi sıxıntıdan xəbərsiz deyildi. Ona görə də M.F.Axundzadə 1840-cı il martın 20-də Tiflis qəza məktəbində tutduğu Azərbaycan dili müəllimi vəzifəsindən çıxarkən öz yerinə "qabiliyyətli müəllim kimi" Mirzə Şəfini məsləhət görmüşdü.

Tiflis qəza məktəbinin ştatlı nəzarətçisi, 1840-cı il mayın 3-də Zaqafqaziya məktəbləri müdirinə yazdığı raportunda "Yelizavetpol müsəlmanlarından" olan Mirzə Şəfinin müəllimlik vəzifəsinə namizədliyini təqdir edir, "yerli yüksək ruhani rütbəli mömin şəxslərin, eləcə də hörmətli tatarların (yəni azərbaycanlıların--T.Ə.) hamısı ən yaxşı fikirlər" söylədiklərini xəbər verirdi. Sonda yazırdı: "Mən özüm şəxsən həmin Mirzənin bu xüsusiyyətlərinə bir neçə dəfə inanaraq və məktəbə verə biləcəyi mənfəəti irəlicədən görərək onun ərizəsini zati-alinizə təqdim etməyi özümə şərəf hesab edir və həmin vəzifəni ona təhvil vermək haqqında sərəncam vermənizi xahiş edirəm". Mirzə Şəfi 1840-cı ilin yazında Tiflisə köçsə də, qəza məktəbində müəllimlik vəzifəsinə təyinatı birdən-birə verilməmişdir. O, xüsusi komissiya qarşısında "ərəb, fars və Azərbaycan dillərində tamamilə qənaətləndirici" sınaq imtahanı vermiş, andiçmə mərasimindən keçmiş, nəhayət, 1840-cı il noyabr ayının 24-də öz vəzifəsini yerinə yetirmək hüququ almışdır.

Mirzə Şəfi Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi idi. O, eyni zamanda fərdi dərs verirdi.

Tiflis mühiti Mirzə Şəfinin həyatında dönüş yaratdı: dövrün qabaqcıl ziyalıları - A.Bakıxanov, M.F.Axundzadə, L.Budaqova, İ.İ.Qriqoryev, Fr.Bodenştedt və başqaları ilə yaxın tanışlıq, sıx dostluq əlaqəsi onun səmərəli yaradıcılıq fəaliyyətinə imkan yaratdı.

Mirzə Şəfinin M.F.Axundovla birlikdə Azərbaycan dilində ədəbiyyat nəşr etmək üçün mətbəə yaratmaq cəhdi bu dövrə təsadüf olunur.

1841-ci ilin yayında Daxili İşlər Nazirliyi mətbəə açmağa icazə versə də, bir sıra ciddi maneə və çətinliklər üzündən bu nəcib, faydalı iş həyata keçmədi.

1840-1841-ci illərdə Mirzə Şəfinin Tiflisdə təşkil etdiyi "Divani-hikmət" ədəbi məclisi Zaqafqaziyada yeganə yüksək səviyyəli, beynəlmiləl tərkibli ədəbi cəmiyyət idi. Mirzə Şəfinin rəhbərlik etdiyi bu ədəbi məclisdə - A.Bakıxanov, M.F.Axundzadə, L.S.Budaqov, İ.İ.Qriqoryev, İ.A.Slivski, F. Bodenştedt, Mirzə Yusif Vidadi, Mirzə Həsən Ordubadi, Hacı Yəhya Müztər və b. kimi həmfikir qələm sahibləri toplaşmışdı. Rus, gürcü, alman, tatar, azərbaycanlı ədəbiyyat xadimləri "Divani-hikmət"də ədəbi, fəlsəfi, ictimai-siyasi problemlər ətrafında qızğın mübahisələr aparır, şeir oxuyurdular. Bu ədəbi məclisin sorağı Zaqafqaziya hüdudlarını aşmışdı: Təbriz, Ərdəbil, Bakı, Şamaxı, Naxçıvan şairləri "Divani-hikmət"in üzvlərinə şeirlər həsr edir, Tiflisə yolu düşəndə cəmiyyətin yığıncağında iştirak etməyi özlərinə borc bilirdilər.

Məlumdur ki, A.Bakıxanov uzun illər axtarışın və böyük zəhmətin bəhrəsi olan, farsca yazdığı tədqiqatını - "Gülüstani-İrəm"i (1841) rus dilində çap etdirmək üçün tez-tez Tiflisə gəldiyi vaxtlarda "Divani-hikmət" ədəbi məclisin yığıncaqlarında fəal iştirak edirdi. Bu görüşlərində Mirzə Şəfi ilə A.Bakıxanov arasında qızğın mübahisə getdiyini F.Bodenştedt "Şərqdə min bir gün" əsərində qələmə almışdır: "Onların arasında cərəyan edən bollu və qızğın mübahisələr hər ikisini sevincli bir hala gətirirdi. Hər biri Qurandan, Sədidən, Hafizdən, Füzulidən misallar gətirərək bunların üzündəki bütün hikmətlərin canlı timsalı olduğunu o birisinə isbat etməyə çalışırdı. Heyif ki, onların arasında mübahisə o qədər sürətlə gedirdi ki, mən ondan rabitəli bir şey yaza bilmirdim. Mən Abbasqulu xandan xatirə olmaq üçün bir şeir yazmağı xahiş etdim... O, "Fatma tar çalırkən" şerini yazdı. Mirzə Şəfi şerin gözəlliyini tərifləyib "bu şeir öz müəllifinə yüksək bir şərəf və şöhrət qazandıracaqdır" sözlərini dedi. Abbasqulu xan ayağa qalxdı və özünün tərtib etdiyi "fars dilinin sərfi" - kitabını ertəsi gün gətirəcəyini vəd etdi".

Məlum olduğu kimi, alman səyyahı və şairi Fridrix fon Bodenştedt 1844-cü ilin fevral ayında Tiflisə gəlir, gimnaziyada fransız dili müəllimi vəzifəsinə işə düzəlir.

1845-ci ilin aprel ayınadək Tiflisdə yaşayan F.Bodenştedt Zaqafqaziya xalqlarının həyatı, məişəti, tarixi keçmişi və mədəniyyəti ilə ciddi maraqlanır.

"Şərqdə min bir gün" əsəri F.Bodenştedtin aldığı zəngin təəssüratın bəhrəsidir. Burada "şair, nəğməkar və alim" kimi təqdim olunan Mirzə Şəfinin lirik şeirləri verilmişdir.

F. Bodenştedt Tiflisdə Mirzə Şəfi ilə tanış olur, ondan Azərbaycan və fars dilini öyrənir. Eyni zamanda "Müdrik gəncəli"ni Avropa ədəbiyyatı ilə tanış edir: "Dərs qurtardıqdan sonra Mirzə Şəfini alman şairlərindən Höte, Heyne və Şillerin, ingilis yazıçılarından Tomas Mor və Corc Bayronun əsərləri ilə tanış edirdim. Bayron onun daha artıq xoşuna gəlirdi. O, bunlara heç bir kommentariya tələb etmirdi. Mirzəyə E.Volfun bir gözəl şeri çox gözəl təsir etmişdi. Mirzə onları təfsizsiz başa düşərdi".

Mirzə Şəfini tanınmış xəttat, incə ruhlu şair, alimlərin rəğbət bəslədiyi "çox təmkinli və sakit adam" kimi səciyyələndirən F. Bodenştedt etiraf edir ki, müdrik gəncəli dərs zamanı şagirdlərinə öz şeirlərini əzbərdən oxuyardı. Mirzə Şəfi öz əli ilə yazdığı, "Ağılların açarı" adlandırdığı şeir dəftərçəsini F. Bodenştedtlə dostluq xatirəsi olaraq bağışlamışdır. Bu münasibətlə Mirzə Şəfi şeirlər məcmuəsinin üstündə yazmışdır: "...Şagirdim və dostum Bodenştedt əfəndinin mükərrər rica və iltimasına görə, mən Mirzə Şəfi ona qəsidə, qəzəl, mürəbbat, müqəttəat və məsnəvilərdən ibarət olan öz məcmueyi-asarımı hədiyyə edirəm".

1846-cı ilin noyabrında Mirzə Şəfi Gəncəyə köçməyə məcbur olur. Din xadimləri "öz laməzhəb şeirləri ilə cavanların əxlaqını pozan" şairi hədələyir, insanları həyata, gözəlliyə səsləyən nikbin şeirlər və ruhanilərə qarşı çevrilmiş satira yazmağı ona qadağan edirlər. Ehtimal ki, Mirzə Şəfinin Tiflisi tərk etməsinin başlıca səbəbi din xadimlərinin münasibəti olmuşdur.

Mirzə Şəfi "Tiflislə əlvida" farsca şerini bu dövrdə qələmə almışdır. Burada şair Kür vadisində məskən salmış gözəl şəhəri, onun mərd, əməksevər adamlarını vəsf edir. Mirzə Şəfi Susanna adlı gürcü qızı ilə sevişmiş, ancaq evlənə bilməmişdir. Lakin onun Tiflisdə Hafizə adlı bir qızla evlənməsi güman edilir. Şairin Susanna və Hafizəyə həsr etdiyi məhəbbət şeirləri vardır.

Mirzə Şəfi Gəncəyə dostlarının mühitinə düşür. O, 1846-cı il noyabr ayının 14-dən Gəncə qəza məktəbində Azərbaycan dili müəllimi işləyir. Mirzə Şəfi vaxtını çox zaman dostları - Mirzə Mehdi Nacı, Şeyx İbrahim Naseh və b. ilə bir yerdə keçirir, onlara öz yeni şeirlərini oxuyur. Bu dövrdə Seyid Yəhyanın qızı Seyid Nisə ilə evlənir: lakin bu nigah uğurlu olmur. Mirzə Şəfi yenidən Tiflisə qayıtmalı olur. 1850-ci il yanvar ayının 1-dən Tiflis gimnaziyasında Azərbaycan dili müəllimi təyin edilir.

Bu dövrdə Mirzə Şəfi dərsliyə böyük ehtiyacı görüb yaxın həmkarı, Tiflis gimnaziyasının fars dili müəllimi İ. Qriqoryevlə birlikdə müntəxəbat tərtib etməyi qərara alır. Onlar 1852-ci ilin aprelində "Kitabi-türki" (Tatarskaə Xrestomatiə Azerbaydjanskoqo nareçiə) dərsliyinin tərtibini başa çatdırırlar. Müntəxəbatın birinci hissəsinə Azərbaycan, ərəb və fars ədəbiyyatından hikmətli, nəsihətamiz səslər, lətifə və məzhəkələr, tərbiyəvi təmsillər, hekayələrlə yanaşı, füzulinin seçmə lirik şeirləri (qəzəl, qəsidə), "Leyli və Məcnun" poemasından müəyyən parçalar daxil edirlər. Şərq tarixi, "Qarabağnamə" və "Dərbəndnamə"dən parçalar da müntəxəbatda özünə yer tapır. Bütün materiallar sadə, anlaşıqlı dildə, şagirdlərin yaşına. bilik səviyyəsinə, zövqünə və marağına uyğun seçilir.

Kitabın ikinci hissəsində şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək məqsədi ilə "Tatar-rus lüğəti" verilmişdir.

Müntəxəbatın əlyazması Mirzə Şəfinin nəsx, nəstəliq, şikəstə-nəstəliq və şikəstə xətti ilə yazılmışdı. Bu kitab Mirzə Şəfinin sağlığında dərc olunmadı. Mirzə Şəfi 1852-ci il noyabr ayının 16-da Tiflisdə qəflətən vəfat etdi, onu müsəlman qəbiristanlığında dəfn etdilər.

İ. Qriqoryev 1855-ci ildə müntəxəbatın bir hissəsini Təbrizdə daş basması üsulu ilə çap etdirdi. Kitab Tiflis gimnaziyasının aşağı sinifləri və qəza məktəblərində qiymətli təlim-tədris vəsaiti oldu. "Kitabi-türki"nin tam geniş variantı 1856-cı ilin axırlarında nəşr elilsə də, ondan məktəblərdə dərslik kimi istifadə etməyə icazə vermədilər.

Lakin buna baxmayaraq, "Kitabi-türkü" müntəxəbatı keçən əsrdə A.Bakıxanovun, Mirzə Kazım bəyin dərslikləri istisna olunarsa, Azərbaycan dilində ilk kamil dərs vəsaiti olmuşdur.

***

Mirzə Şəfinin zəngin ədəbi irsinin taleyi onun şəxsi həyatı kimi keçmiş mürəkkəb hadisələri burulğanında anlaşılmaz qalmışdır. Bu gün də şairin külliyyatı tapılmamışdır. fridrix Bodenştedtin arxivində mühafizə olunan Mirzə Şəfinin əlyazmaları hələlik əldə edilmədiyinə görə onun poeziyası ilə bağlı mübahisələr davam edir.

Mirzə Şəfinin poetik irsini bütövlükdə tədqiq etmək imkan xaricində olsa da, ayrı-ayrı mənbələrdə şairin əlyazmasının tapılması bəzi mülahizələr söyləməyə imkan verir.

Ədəbiyyatşünas-alim Salman Mümtaz ilk dəfə Mirzə Şəfinin Azərbaycan və fars dillərində yazdığı şeirləri aşkara çıxarmış, onun istedadlı lirik şair olduğunu sübut etmişdir. O, "Mirzə Şəfi Vazeh" (1926) kitabçasında müxəmməs, qitə və qəzəlləri əlyazması ilə birlikdə nəşr etdirməklə, şairin həyatı və yaradıcılığı haqqında dumanlı təsəvvürü dağıtmışdı.

1964-cü ildə filologiya elmləri doktoru, professor Həmid Məmmədzadənin "Şeir məcmuəsi" adlı cüngdə farsca yeni əlyazmalarını (iki qəzəl, iki beyt və bir lirik poema) aşkara çıxarması Mirzə Şəfinin poetik aləminə bilavasitə nüfuz etməyə imkanı artırdı.

Hələlik əldə olan orijinal əsərlər də Mirzə Şəfini incə təbə və həssas qəlbə malik lirik şair kimi səciyyələndirir. Onun poeziyasının leytmotivi məhəbbət lirikasıdır. Mirzə Şəfinin qəzəl, müxəmməs və rübailərində eşq, hicran əzabı, məşuqun gözəlliyi, vüsal həsrəti başlıca yer tutur. Şairin "Var" rədifli qəzəlində lirik qəhrəmanın saf məhəbbəti, hicran möhnəti, eşq yolunda çəkdiyi əzablar ənənəvi klassik formada qələmə alınmışdır:

 

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakda kövkəb görünən çərxi-bülənd,

Oluban didə, sərapa sənə nəzzərasi var.

Ruzigarı qara, daim gecəsi tar keçir,

Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahu-fəğan?

Könlümün dideyi-giryan kimi fəvvarəsi var.

Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,

Zahirən lalə otağında qonaq-qarəsi var.

 

"Səsəni" rədifli müxəmməsində şair gürcü qızı Susannaya dərin məhəbbətini təsvir edir. Mirzə Şəfi klassik şerin ənənəvi şəklindən, bədii təsvir vasitələrindən (məcaz, təşbeh, cinas, istiarə və sairə) istifadə edərək, gözəlin romantik dumana bürünmüş heyranedici, canlı surətini yaratmışdır.

Süsəni-gözəllər sultanı, bir baxışla yüz can alır, onun davranışı, "türreyi-zülfü", ətri aşiqini məst edir. Şair Süsəninin gözəlliyini müsəlman fanatizminə, dini etiqada qarşı qoyur:

 

Ey mələk, əbr yüzün gündümü, ya bədri-tamam?

Kim ki, ruyindən olur məst, ona badə həram,

Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,

Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram.

Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

 

Şair həyatverici sözü-söhbəti, xoş ülfəti və gözəlliyi ilə hamını heyran edən Süsənini hər cür xoşbəxtliyə, səadətə layiq bilir. Məsum, lətafətli gözəlin ülvi məhəbbəti, eşqi sevdalı aşiqin qəlbində insanları bir-birindən ayrı salan dini baxışlara, qaydalara qarşı kəskin etiraz, üsyankarlıq hissi oyadır:

 

Gün ki, hər gün ki çıxar, dərgəhinə səcdə edər,

Sora rəftara gəlür, qılsə qədin bağəgüzər,

Qönçə gər ağzın ilə qarşu dura, boynun əyər,

Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,

Desələr Vazehə böhtandı, müsəlman Süsəni.

 

Akademik Feyzulla Qasımzadənin mülahizəsinə görə Mirzə Şəfinin Azərbaycan və fars dillərində nəzm və nəsrlə yazdığı aşiqanə məktubu -"Həsb-hal" da xristian qızına--Susannaya həsr edilmişdir.

Susannanı öz istəklisindən ayırıb zorla varlı bir adama ərə verəndən sonra aşiqin qəlbini sıxan hicran möhnəti və vüsal həsrəti aşiqanə məktubda əksini tapmışdır. "Həsb-hal" farsca lirik beyt və mənsur şeirlə (səcili-qafiyəli nəsrlə) başlayır.

Aşiq Hicran fəraqında çırpınır. Onun ay üzlüsü səfərə çıxdığına görə aşiqin ürəyi dərdli, gözü yaşlıdır. Lakin o, vüsal həsrətindədir. Ömrün səadətini istəklisi ilə qovuşmaqda görür. Bu ülvi, nəcib bəşəri duyğunu eşqi-məhəbbəti, vüsal zövqünü dini əfsanədən, şəriətdən üstün tutur:

 

Hicran gecəsin möhnətini gər görə kafir,

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.

Gər zahidi xudbin bilə zövqini vüsalin

Cənnət tələbindən nə bulur qeyri-nidamət?

 

Aşiq öz məşuqəsinin--"Bədrlənmiş ayın xəbərsiz uzaqlaşmasından "Hilalə" dönməsindən gileylənsə də, xəyalən ondan ayrılmazdır. Onu düşünür: "O hansı yolun torpağıdır ki, sənin atının nalının tozundan başını göylərə qaldırmış, o hansı mənzildir ki, müşkin saçlarının nəsimi ilə Çin səhrasını qısqanırmış?"

 

...Göz ağlar kim, səni görməz, könül xud

səndən ayrılmaz

Məgər cismi-lətifin nazəninim, sərbəsər

candır?

 

Aşiqin könlünə hakim kəsilən gözəlin sehrkar hüsnü, camalı, vüqarı qarşısında aləm səcdə edir: fələk cilvələnən gözəlliyin önündə "qulağı halqalı qul" olur. Hicrana dözə bilməyən aşiq heç bir şeylə təsəlli tapa bilmir. Onun "xəyal qasidi" belə məşuqənin "vəsl otağına" yol tapmaqdan acizdir. Səbri-qərarı tükənmiş aşiqin canı dodaqda, gözü yolda qalmışdır. Ona həyat bəxş etmək üçün istəklisi qayıtmalıdır: "Qayıt gəl, qayıt gəl, günəş üzünü göstər, camalını pərdədən çıxart, ariflərin məclisini zinətləndir".

Göründüyü kimi, "Həsb-hal"da ülvi məhəbbət, qadın azadlığı dini fanatizmə, şəriət qayda-qanunlarına qarşı qoyulmuşdur.

A.Bakıxanovun "Göstərir" rədifli qəzəli əsasında Naci və Nasehlə keçirdiyi şeirləşmədə də Mirzə Şəfi eşqi, məhəbbəti hər cür dini təsəvvürdən yüksək tutur:

 

Səbzpuş olmuş qədin rüxsari-atəşgunilə,

Musiyi-İmranə guya, Tur şəklin göstərür.

 

Məşuqun sərv qəddi, gözəl camalı onun od saçan yanaqlarının şövqündən, müqəddəs haləsindən al-yaşılı rəngə boyanmışdır. Bu da şairə bir hədisi-dini rəvayəti xatırladır: guya, peyğəmbər Turisina dağında danışıq zamanı Allahı od şəklində görmüşdür. Bu müqayisə, dini təsəvvürə, etiqada qarşı çevrilmişdir.

Mirzə Şəfi ayrı-ayrı beytlərində də şəriət ehkamlarının puçluğunu, din xadimlərinin riyakarlığını və özbaşınalığını ifşa edirdi:

 

Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb, yetmək üçün pərvərdigarə.

 

Mirzə Şəfinin fars dilində əldə olan aşiqanə lirik poeması, qəzəl və rübailəri də ictimai fəlsəfi məzmunu ilə diqqəti cəlb edir. Bu əsərdə klassik şerin mütərəqqi ənənələrinin davamı olmaqla yanaşı, ideya və bədii üslub xüsusiyyətləri cəhətdən yeni və təravətlidir. Mirzə Şəfi yüksək sənətkarlıq bacarığı ilə yaratdığı poeziyasında saf məhəbbəti, dünyəvi eşqi dövrün hakim qayda-qanunlarına, şəriət ehkamlarına və dini təsəvvürlərə qarşı qoyur.

Mirzə Şəfinin poeziyası ənənəyə sıx bağlıdır. Füzuli yaradıcılığının təsiri onun qəzəllərində daha aydın nəzərə çarpır. Mirzə Şəfinin dolğun məzmunlu lirik şeirlərində eşq, məhəbbət tərənnüm olunur. Bu əsərlərin lirik qəhrəmanı romantik şairin insan münasibətləri haqqında fikir və düşüncələrini, arzularını ifadə edir. Onun ideya-estetik amalı azadlıq, səadət, ülvi məhəbbətdir. Mirzə Şəfinin poetik əsərlərində dünyəvi eşq, məhəbbət dövrün etik qayda-qanunlarına, dini baxışlara qarşı çevrilmişdir.

Şair "Xoş olsun ol könül, eşqə məkandır" misrası ilə başlayan qəzəlində eşq sevdasını ən ülvi, nəcib hiss kimi hər şeydən yüksək tutur.

Gül üzlü yarın bir baxışına "iki dünya"dan keçən aşiqin fikrincə, eşqin qəm-qüssə və iztirablarından uzaq olan ürək "kor quyu"nu--susuz çeşməni xatırladır. O, ülfəti eşqin şeydası olan pərvanə və bülbüldən öyrənməyi tövsiyə edir. Sevdalı fikri, "eşqin məkanı" olan könlü alqışlayır. Mirzə Şəfi qəzəllərindən birində xeymədə əyləşmiş nazənin gözəlin qara zülfünü üzündən çəkməsi ilə "həqiqət nuru parla"masını, məşuqla aşiqin xoş ülfətini təsvir edir.

 

Teymur ƏHMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2014.- 28 fevral.- S.5.